Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1106/2024 18.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “X6 Kredit Təşkilatı” MMC və 51 saylı Notariat Ofisinə qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsinin ləğv edilmiş hesab edilməsi, icra qeydinin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və 51 saylı Notariat Ofisinə qarşı “kredit müqaviləsinin ləğv edilmiş hesab edilməsi, icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-3725/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/1924 nömrəli kredit müqaviləsinə əsasən borc verən borc alana şəxsi məqsədlər üçün 36 ay müddətinə illik 32% ödəmək şərtilə 70.000 manat məbləğində kredit vermiş, İddiaçı krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürmüşdür.
2. Kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 108.1 kv.m ümumi sahədən ibarət olan 71 nömrəli mənzil (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 4, m12) "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, 2022/1924-İ Ṗ nömrəli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən həmin əmlakın ilkin satış qiyməti 140.000 manat məbləğində müəyyən edilmişdir.
3. 28.10.2022-ci il tarixli, 952 nömrəli ipotekaya tutmanın yönəldilməsi barədə bildirişdən görünür ki, İddiaçı tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış 92.665,33 manat (əsas borc üzrə 67.604,19 manat, faiz borcu üzrə 9.591,14 manat və cərimə borcu 15.470 manat olmaqla) borc məbləği barədə notariusun icra qeydinin aparılacağı haqqında xəbərdar edilmişdir. Qeyd olunan bildiriş xx.xx.2022-ci il tarixdə iddiaçıya təqdim olunmuşdur.
4. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC xx.xx.2022-ci il tarixli, 965 nömrəli məktubla Daşınmaz Əmlakın Dövlət X3 Şəxsin 1 saylı Bakı ərazi idarəsinə müraciət edərək ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasını xahiş etmiş, bildiriş idarə tərəfindən qeydiyyata alınmışdır.
5. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC xx.xx.2022-ci il tarixli ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönəldilməsi barədə ərizə ilə 51 saylı Notariat Ofisinə müraciət etmiş, notarius tərəfindən xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı “kredit müqaviləsinin və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Sonradan iddiaçı cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və 51 saylı Notariat Ofisinə qarşı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 17 mart 2022-ci il tarixli, 2022/1924 saylı kredit müqaviləsinin ləğv edilmiş hesab edilməsi, icra qeydinin ləğv edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə qaydasında müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, 2022/1924 saylı kredit müqaviləsinə əsasən, "xxxx" BOKT MMC tərəfindən İddiaçı 70.000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuş, həmçinin, sözügedən kredit müqaviləsinin təminatı qismində xx.xx.2022-ci il tarixli, 2022/1924 saylı zaminlik müqaviləsi və xx.xx.2022-ci il tarixli, 2022/1924-İP saylı ipoteka müqaviləsi bağlanılmışdır. Daha sonra, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən xx.xx.2022-ci il tarixdə “İpoteka predmetinə tutmanın yönəldilməsinə haqqında” icra qeydi verilmiş və icra qeydi icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. İcra qeydi üzrə ipoteka predmetinə dair məbləğlər artırılmış və icra qeydi pozuntularla həyata keçirilmişdir.
9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 3725/2023 nömrəli qətnaməsi ilə (hakim F.A.Əlizadə) iddia təmin edilməmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, müvafiq kredit müqaviləsi üzrə müqavilə tərəfi İddiaçı müqavilə üzrə öhdəsinə düşən vəzifələrə əməl etməmiş və müqavilə şərtlərini pozmuşdur. Nəticədə, müqavilə öhdəliklərinin təmin olunması məqsədilə notarius tərəfindən müvafiq icra qeydi verilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Mübahisə predmeti olan müqavilələr üzrə etibarsızlıq xüsusatları mübahisə mövzusu olmamış, həmçinin məhkəmənin özü tərəfindən etibarsızlığa dair əsaslı hallar müəyyən edilməmişdir. Bundan əlavə, Bakı şəhəri 51 saylı Notariat ofisi tərəfindən ipoteka müqaviləsi üzrə icra qeydinin ləğv olunması ilə bağlı əsaslar iddia tələbi üzrə müəyyən edilmir.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddiaçı tərəfdən iddia tələbi üzrə aktiv prosessual fəaliyyət həyata keçirilməmiş, sübutetmə fəaliyyət zəif təşkil edilmiş, məhkəmə hazırlıq iclaslarının bir neçə dəfə təxirə salınmasına baxmayaraq tələb üzrə subutlar və ya hüquqi əsaslandırma, mülahizələr məhkəməyə təqdim edilməmiş, müdafiə formal əsaslarla həyata keçirilmişdir. İddiaçı tərəfindən bir neçə vəsatət verilsə də, vəsatətlər əsassızlığı səbəbindən məhkəmə tərəfindən təmin edilməmişdir.
13. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 373, 421, 421.2-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76cı maddəsinə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehin tutmanın ipoteka predmetinə yönəldilməsinə dair icra qeydinin verilməsi ilə əlaqədar notariat orqanına müraciət etməsi (borcun, hesablanmış faizlərin tələb edilməsi ilə kredit müqaviləsindən imtina edilməsi), o cümlədən, notariusun bu barədə icra qeydi verməsi, artıq sözügedən kredit müqaviləsinin ləğv edilmiş hesab edilməsinə əsas verir. Birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların tələbləri kobud surətdə pozulmuşdur və bu hallar mübahisəli qətnamənin ləğv edilməsi üçün əsasdır. "xxxx" BOKT MMC və Bakı şəhəri 51 saylı Notariat Kontoru tərəfindən icra qeydində qeyd olunan məbləğlər təhrif olunaraq, əsassız artırılmışdır. Bununla əlaqədar məhkəmə qaydasında mühasibatlıq ekspertizasının keçirilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması üçün müvafiq qaydada qiymətləndirilmənin həyata keçirilməsi zəruridir (birinci instansiya məhkəməsinə bu barədə müvafiq vəsatətlər verilmiş, lakin məhkəmə tərəfindən vəsatətlər təmin edilməmişdir). Bundan əlavə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələblərindən kənara çıxmışdır. Belə ki, ilkin iddia tələblərinin dəqiqləşdirilməsinə dair tərəfindən məhkəməyə (xx.xx.2023-cü il tarixli hazırlıq iclasında) ərizə təqdim edilmişdir. Lakin məhkəmə öz qətnaməsini ilkin iddia tələblərinə əsasən qəbul etmiş və müvafiq qaydada əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh tərəf ərizə ünvanlayaraq məhkəmə iclasında nümayəndəsinin iştirak edə bilməməsinin üzürlü hesab edilməsini və apellyasiya şikayətinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı: Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir... Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); – Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal).... Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir... Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir... Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər... Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir... Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər... Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
21. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.5 İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Maddə 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Maddə 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Maddə 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Qanuna uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. Maddə 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat: Maddə 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” Bənd 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.
24. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 149.4. İddia ərizəsində mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.
29. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmamış, birinci tələb üzrə işə baxılmış, bununla da maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
30. İşdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli, 2022/1924 nömrəli kredit müqaviləsi üzrə İddiaçı üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Nəticədə, cavabdeh "xxxx" BOKT MMC müqavilə üzrə yaranmış borcun tutulması məqsədilə digər cavabdeh 51 saylı Notariat Ofisinə müraciət etmiş, notarius tərəfindən bununla bağlı icra qeydi verilmişdir.
31. Hazırda iddiaçının tələblərindən biri “kredit müqaviləsinin ləğv edilmiş hesab edilməsi”dir. Göründüyü kimi, iddiaçı mübahisəli hüquqi hadisənin təsbiti barədə tələbə məhkəmədə baxılmasını xahiş edir və bununla bağlı qətnamə qəbul edilməsini xahiş edir.
32. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, cavabdeh "xxxx" BOKT MMC İddiaçı müqavilə üzrə öhdəliyini əhəmiyyətli dərəcədə pozması səbəbindən yaranmış bütün borcun tələb edilməsi məqsədilə xx.xx.2022-ci il tarixli ərizə ilə notariat ofisinə müraciət etməklə müqaviləyə xitam vermək niyyətini ifadə etmişdir.
33. Göstərilənlərə əsasən kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/1924 nömrəli kredit müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edilməlidir.
34. Məhkəmə kollegiyası iddiaçının “icra qeydinin ləğv edilməsi” tələbinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.
35. İşdən görünür ki, cavabdeh "xxxx" BOKT MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda göstərilən sənədləri - ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən çıxarışı, ipoteka müqaviləsini və ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişi və onun ipoteka qoyana göndərilməsini təsdiq edən poçt sənədini elektron qaydada iş üzrə digər cavabdeh olan notatiat ofisinə təqdim etmişdir.
36. Bundan öncə isə ipoteka saxlayan "xxxx" BOKT MMC “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı (müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası) əks etdirən bildirişi ipoteka qoyan iddiaçının ünvanına göndərmiş, iddiaçı həmin bildirişi xx.xx.2022-ci il tarixdə qəbul etmiş, bundan sonra ipoteka saxlayan 3 iş günü ərzində (xx.xx.2022-ci il tarixdə) ərizəsini ipotekanın dövlət qeydiyyatı orqanına təqdim etmiş, bununla da tutmanın yönəldilməsi proseduruna riayət etmişdir.
37. İddiaçı apellyasiya şikayətində icra qeydində qeyd olunan məbləğlərin əsassız artırıldığını, bununla əlaqədar məhkəmə qaydasında mühasibatlıq ekspertizasının keçirilməli olduğunu bildirsə də, məhkəmə kollegiyası bu dəlili əsassız sayaraq qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçı icra olunmalı öhdəlik, yəni kredit müqaviləsi üzrə ödənilməli olan məbləğ barədə məlumat da əks olunmuş bildirişi ipoteka saxlayan cavabdeh "xxxx" BOKT MMC-dən aldıqdan sonra 21 təqvim günü müddətində məhkəməyə şikayət edə bilərdi, lakin bunu etməmişdir.
38. Cavabdeh "xxxx" BOKT MMC isə həmin müddəti gözləmiş, müddət bitdikdən sonra xx.xx.2022-ci il tarixdə icra qeydinin verilməsi barədə ərizə ilə digər cavabdeh 51 saylı Notariat Ofisinə müraciət etmişdir.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" BOKT MMC tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə digər cavabdeh 51 saylı Notariat Ofisinə müraciət edilmiş, sonuncu tərəfindən də icra qeydinin aparılması zamanı qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Beləliklə, iddiaçının “icra qeydinin ləğv edilməsi” tələbi əsassızdır və təmin edilməməlidir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.4-cü maddəsinə əsasən iddia ərizəsində mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir.
41. Məhkəmə kollegiyası iddiaçının “ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə qaydasında müəyyən edilməsi” tələbinə prosessual qanunvericilik baxımından vəsatət kimi hüquqi qiymət verərək qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.5-ci maddəsinə əsasən ipoteka müqaviləsində digər məlumatlarla yanaşı ipotekanın predmeti, onun adı, olduğu yer, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər göstərilməlidir.
42. İddiaçı ilə cavabdeh "xxxx" BOKT MMC arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin razılaşması əsasında 140.000 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, yuxarıda da qeyd olunduğu kimi, iddiaçı ipotekaya tutmanın yönəldilməsi barədə bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində bildirişi məhkəmədə mübahisələndirməmişdir.
43. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı hazırda ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə qaydasında müəyyən edilməsi barədə xahiş irəli sürməklə icra qeydinin qanuniliyini dolayı yolla qəbul etmiş olur, lakin ipoteka predmetinin ilkin satış qiymətinin yenidən müəyyən edilməsini xahiş edir.
44. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydi qanuni hesab olunduğundan, ipoteka predmetinin ilkin satış qiyməti müqavilə tərəflərinin razılaşması əsasında müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiymətinin yenidən müəyyən olunması barədə iddiaçının xahişi təmin edilə bilməz.
45. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-3725/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 2022/1924 nömrəli kredit müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasmal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 3725/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 2022/1924 nömrəli kredit müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: