Məhkəmə qərarları › İş №2(103)-11066/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11066/2021

16.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11066/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızının və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X2, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı hüquqi varisi X3 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, icarə müqaviləsinin ləğv edilməsi, icarə borcunun və əldən çıxmış faydanının tutulması” tələbinə dair ilk, həmçinin Cavabdeh X4 qarşı “qeyri-yaşayış sahəsindən istifadəyə maneçiliklərin aradan qaldırılması, dəymiş maddi zərərin və yaxşılaşdırmaların əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(009)-678/2021 saylı qərardadından ilk iddia Cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, icarə müqaviləsinin ləğv edilməsi, icarə borcunun və əldən çıxmış faydanının tutulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən ümumi sahəsi 476,6 m2 olan qeyri-yaşayış sahəsinin 175 m2 olan hissəsinə dair mərhum atası İddiaçı ilə cavabdeh arasında bağlanmış 08.05.2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması və tam boş vəziyyətdə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, son bir il ərzində olan icarə haqqı borcunun, mülki iş məhkəmənin icraatına qəbul edildiyi vaxtdan baxılıb yekun nəticə qəbul edilənədək aylıq icarə haqqı kimi 30.000 manat hesabı ilə əldən çıxmış faydanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh X4 qarşı “qeyri-yaşayış sahəsindən istifadəyə maneçiliklərin aradan qaldırılması, dəymiş maddi zərərin və yaxşılaşdırmaların əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia verərək, cavabdeh tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin 175 m2 olan hissəsində (mağaza) ticarət fəaliyyəti göstərməsinə törədilən maneçiliklərin aradan qaldırılması, bunun nəticəsində vurulmuş 70000 manat zərərin və icarə obyektində yenidənqurma, bərpa və yaxşılaşdırma işlərinə sərf etdiyi cəmi 202000 ABŞ dollarının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, həmçinin iddianın təmin tədbiri barədə ərizə verərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtarana kimi icarə müqaviləsi əsasında ticarət fəaliyyəti göstərdiyi qeyri-yaşayış sahəsinin 175 m2 olan hissəsində cavabdeh tərərfindən söküntü, tikinti-təmir işlərinin aparılmasının, təyinatının dəyişdirilməsinin dərhal dayandırılması və icarəsində olan qeyri-yaşayış sahəsindən hər hansı formada cavabdehin və üçüncü şəxslərin istifadəsinin qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2021 saylı, 27 may 2021-ci il tarixli qərardadı ilə (hakim Mədinə Bağırova) ərizə təmin edilərək, qarşılıqlı iddia tələbi ilə bağlı mübahisəyə mahiyyəti üzrə baxılıb qurtarana kimi Cavabdeh icarə müqaviləsi əsasında ticarət fəaliyyəti göstərdiyi ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 476,6 m2 olan qeyriyaşayış sahəsinin 175 m2 olan hissəsində söküntü, tikinti-təmir işlərinin aparılmasının və təyinatının dəyişdirilməsinin, həmin qeyri-yaşayış sahəsindən (mağazadan) hər hansı formada istifadə edilməsinin X4 və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə sözügedən qeyri-yaşayış sahəsinin 175 m2 olan hissəsinə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08.05.2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması və qeyri-yaşayış sahəsinin iddiaçıyaa qaytarılması, icarə müqaviləsi üzrə son bir il ərzində ödənilməmiş 72000 manat icarə haqqı borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın isə tam rədd olunması qət edilmiş, eyni zamanda həmin tarixli qərardadla Məhkəmənin 27 may 2021-ci il tarixli qərardadı ilə ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 476,6 m2 olan qeyri-yaşayış sahəsinin 175 m2 olan hissəsi üzərinə qoyulmuş qadağa ləğv edilmişdir. Qərardaddan narazı qalan cavabdeh ondan şikayət verərək, ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Cavabdeh şikayəti – qərardadın əsassız olması, məhkəmə iclasında müzakirə olunmadan prosessual hüquq normalarının pozulması ilə çıxarılması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamənin qanuni qüvvəyə minməməsi və. s kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) şikayəti müdafiə edərək, iddianın təmin tədbiri barədə ərizədə və şikayətdə göstərilənlərə uyğun izahat vermiş və məhkməə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) isə, şikayətə etiraz edərək, məhkəmə kollegiyasından təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və suala cavab olaraq bildirmişdir ki, hazırda mübahisəli qeyri-yaşayış sahəsi bağlıdır, heç kəs oradan istifadə etmir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni və izahatları dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı qismən – X3 və üçüncü şəxslərin mübahisəli qeyriyaşayış sahəsində söküntü, tikinti-təmir işlərinin aparmasına qoyulmuş qadağanın götürülməsi hissəsində ləğv olunmalı, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddianın təmini tədbiri barədə qərardadın qəbulu zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-in hazırda qüvvədə olan 162.1-ci və 162.2-ci maddələrinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. MPM-in 162.3-cü maddəsinə əsasən, iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Baxılan işdən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin icarədarı kimi mülkiyyətçi tərəfindən icarə obyektindən (mağaza) istifadəsinə yaradılmış maneələrin aradan qaldırılmasını, bunun nəticəsində ona dəymiş maddi zərərin və obyektdə etdiyi yaxşılaşdırmaların əvəzinin ödənilməsini tələb etmiş, eyni zamanda iddianın təmin tədbiri barədə (müvəqqəti təminat tədbiri) ərizə verərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qutaranadək qeyri-yaşayış sahəsində söküntü, tikinti-təmir işlərinin aparılmasının və təyinatının dəyişdirilməsinin, həmin qeyri-yaşayış sahəsindən (mağazadan) hər hansı formada istifadə edilməsinin mülkiyyətçiyə və üçüncü şəxslərə qadağan edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın təmin edilməsi bağlı gördüyü bütün təminat tədbirlərini ləğv edərkən, gəldiyi qənaəti tərəfindən həmin tarixdə qəbul edilmiş qətnamə ilə qarşılıqlı iddianın iddianı rədd olunması ilə əsaslandırmışdır. Qeyd olunmalıdır ki, qanunverici, iddia rədd edildiyi halda məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbirinin qətnamə qanuni qüvvəyə minənədək saxlanılmasını qayda kimi müəyyən etməklə yanaşı, məhkəmə tərəfindən qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra təminat tədbirini ləğv etmək haqqında qərardad çıxarılması imkanını da nəzərdə tutsa da, bu imkan məhkəmə tərəfindən şərtsiz olaraq bütün hallarda deyil, yalnız bunun üçün ciddi əsaslar olduqda, qətnamənin gələcəkdə icrasını çətinləşdirəcək çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların yaranıb-yaranmaması və s. kimi diqqətəlayiq hallar tarazlaşdırılmaqla tətbiq oluna bilər. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddianın təmin olunması üçün görülmüş mübahisəli qeyri-yaşayış sahəsindən hər hansı formda istifadənin mülkiyyətçiyə qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin ləğv edilməsi qanunvericinin bununla bağlı müəyyən etdiyi məqsədlərə zidd olmamaqla, əsaslıdır. Çünki, bu formada təminat tədbiri adekvat olmamaqla, mülkiyyətçinin öz əmlakı ilə bağlı sahib olduğu hüquqlardan bununla bağlı qanunun tələb etdiyi şəkildə ciddi əsaslar olmadan məhrum edilməsi demək olardı. Başqa sözlə, mülkiyyətçinin sözügedən qeyriyaşayış sahəsindən hər hansı formda istifadəsinin, minimal şəkildə oraya girib-çıxmasının təmin olunduğu halda qarşılıqlı iddianın icrasına nə kimi çətinlik yaradacağı və ya qeyrimümkün edəcəyi anlaşılan deyildir. Bununla belə, Kollegiyanın qənaətinə görə, hazırkı məqamda həmin qeyri-yaşayış sahəsində söküntü, tikinti-təmir işlərinin aparılmasının mülkiyyətçiyə və üçüncü şəxslərə qadağan olunması ilə bağlı görülmüş təminat tədbirinin ləğv edilməsi ilə bağlı hüquqi bir ehtiyac yoxdur, əksinə qarşılqlı iddianın həlli baxımından hüquqi zərurət onun saxlanılması yönündədir. Nəzərə alınmalıdır ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd, həmçinin tərəflərin əvvəlki vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarətdir. Belə olan halda, qeyd olunanlara əsasən sözügedən təminat tədbiri (qeyri-yaşayış sahəsində söküntü, tikinti-təmir işlərinin aparılmasının mülkiyyətçiyə və üçüncü şəxslərə qadağan olunması) məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanmalıdır. Bu qənaətə gələrkən, Kollegiya onu da vurğulyır ki, qeyri-yaşayış sahəsində söküntü, tikinti-təmir işlərinin aparılmasının qadağan olunması onun təyinatının dəyişdirilməsinin mümkünlüyü ehtimalını da aradan qaldırdığından, bu təminat təbirinin saxlanılmasına hər hansı zərurət yoxdur. MPM-in 398.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı qismən, yəni mübahisəli qeyri-yaşayış sahəsində söküntü, tikinti-təmir işlərinin aparmasına qoyulmuş qadağanın götürülməsi hissəsində ləğv olunmalı, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı hüquqi varisi X3 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, icarə müqaviləsinin ləğv edilməsi, icarə borcunun və əldən çıxmış faydanının tutulması” barədə ilk, Cavabdeh X4 qarşı “qeyri-yaşayış sahəsindən istifadəyə maneçiliklərin aradan qaldırılması, dəymiş maddi zərərin və yaxşılaşdırmaların əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(009)-678/2021 saylı qərardadından ilk iddia Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(009)- 678/2021 saylı qərardadı qismən - “Cavabdeh icarə müqaviləsi əsasında ticarət fəaliyyəti göstərdiyi ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 476,6 m2 olan qeyri-yaşayış sahəsinin 175 m2 olan hissəsində söküntü, tikinti-təmir işlərinin aparılması ilə bağlı X4 və üçüncü şəxslərə qoyulmuş qadağanın götürülməsi” hissəsində ləğv edilsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar