Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1107/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(007)-1012/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" MMC arasında bağlanmış 27 iyun 2016-cı il tarixli və 08 sentyabr 2016-cı il tarixli müqavilələrin ləğv edilməsi, 80 kv.m mənzilin əvəzinə hər 1 kv.m üçün 1800 manat hesablamaqla, cəmi 144000 manat və 38.5 kv.m fərq üçün ödənilən 19000 manat məbləğində maddi ziyanın, 50000 manat məbləğində mənəvi ziyanın, vəkilin göstərdiyi yardıma görə 500 (beş yüz) manat xərcin əvəzi və 30 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 09.06.2004-cü il tarixli ÖM seriyalı 190579 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsindəki 33 saylı evin 5 saylı, 2 otaqlı mənzilə onun xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və həmin mənzilin texniki pasportu tərtib edilmişdir. Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsindəki 33 saylı 5 mərtəbəli, 92 məzilli yaşayış binasının söküntüsü, bu səhədə yeni yaşayış binasının tikintisi nəzərdə tutulduğundan binada yaşayan sakinlərə təmirli mənzillərin verilməsi məqsədi ilə onunla cavabdeh arasında 27 iyun 2016-cı il tarixdə müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1 və 2.2.5-ci bəndlərinə əsasən, cavabdeh mənzilin faktiki yaşayış sahəsinə 25% əlavə etməklə 80 kv.m təmirsiz mənzili 16 ay müddətinə onun mülkiyyətinə təhvil verməyi öhdəlik götürmüşdür. Sonradan onunla cavabdeh arasında razılığa gəlinmişdir ki, ona təhvil veriləcək 80 kv.m mənzilin əvəzinə ümumi sahəsi 118,5 kv.m olan 3 (üç) otaqlı mənzil verilsin, bir şərtlə ki, 38.5 kv.m fərq üçün tərəfindən hər 1 kv.m görə 1000 manat ödəniş ediləcəkdir. Bu məqsədlə, onunla cavabdeh arasında 08.09.2016-cı il tarixli digər müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, ünvan 1 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 5-ci mərətəbə, ümumisahəsi 118,5 kv.m olan 3 (üç) otaqdan ibarət olan mənzil pay kimi ona verilməsi müəyyən edilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən, mənzilin dəyəri bir kv.m sahəsi üçün 1000 AZN təyin edilmişdir. Eyni müqavilənin 4.2-ci bəndinə əsasən, tərəfindən cavabdehə 38.5 kv.m fərq üçün 19000 manat ödənilmişdir. Qeyd edilən faktlara baxmayaraq cavabdeh bu günə qədər üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Belə ki, 3 ildən artıqdır ki, cavabdeh tikinti işlərini başa çatdırmaq iqtidarında deyil və bununla cavabdeh tərəfindən mənzilin ona təhvil verilməsi təmin edilmir.Dəfələrlə cavabdehə bu barədə müraciət etsə də, təəsüflər olsun ki, qeyd olunan müqavilələrin şərtləri cavabdeh tərəfindən nəinki yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir, hətta onların yerinə yetirilməsi və icra edilməsindən müxtəlif bəhanələr ilə boyun qaçırmışdır. 2016-cı ildən o ailəsi ilə birlikdə kirayə mənzildə yaşamaq məcburiyyətində qalaraq mülkiyyətindən, eləcə də layiqli həyat səviyyəsindən məhrum olmuşdur. Bütün bunların hamısı mənəvi sarsıntını keçirilməsi ilə nəticələnmişdir. Əldə etdiyi ekspert arayışından məlum olur ki, Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi ünvanında 1 kv.m yaşayış sahəsinin dəyəri 1800 manat təşkil edir. Bununla bildirir ki, cavabdeh tərəfindən ona təhvil veriləcək 80 kv.m mənzilin əvəzinə hər 1 kv.m üçün 1800 manat hesablamaqla cəmi 144000 manat və 38.5 kv.m fərq üçün ödədiyi 19000 manat məbləğində maddi ziyan və 50000 manat məbləğində mənəvi ziyan vurulmuşdur. Bundan əlavə, məhkəmədə mülki hüquqlanının müdafiə edilməsi üçün vəkilə müraciət etmək məcburiyyətində qalmış və vəkilin göstərdiyi yardıma görə tərəfidən 500 (beş yüz) manat məbləğində xərc çəkilmişdir. Qeyd olunanlara əsasən onunla cavabdeh "xxxx" MMC arasında bağlanmış 27 iyun 2016-cı il tarixli və 08 sentyabr 2016- cı il tarixli müqavilələrin ləğv edilməsi, 80 kv.m mənzilin əvəzinə hər 1 kv.m üçün 1800 manat hesablamaqla cəmi 144000 manat və 38.5 kv.m fərq üçün ödənilən 19000 manat məbləğində maddi ziyanın, 50000 manat məbləğində mənəvi ziyanın, vəkilin göstərdiyi yardıma görə 500 (beş yüz) manat xərcin əvəzi və 30 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1012/2020 saylı, 19 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 27 iyun 2016-cı il tarixli və 08 sentyabr 2016-cı il tarixli müqavilələrin ləğv edilməsi, "xxxx" MMC-dən 89000 (səksən doqquz min) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1012/2020 saylı, 19 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərlə əsaslandırılmış, eləcə də qeyd edilmişdir ki, məhkəməyə tərəfindən ekspert arayışı təqdim edilmiş, həmin arayışda Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsiində, “Kaktus” restoranının yaxın ətrafında “Yeni tikili” çoxmənzilli yaşayış binalarında tikinti şirkətləri tərəfindən satılan mənzillərin 1 kv.mnin dəyəri 1800 manat təşkil etdiyi göstərilsə də, məhkəmə ekspert tərəfindən verilmiş arayışa ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(007)- 1012/2020 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(007)-1012/2020 saylı qətnaməsinin dəyişdirilədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kolegiyasi hesab edir ki, apelyasiya sikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə yönəldildiyindən qətnamə tam yoxlanılmalıdir. Kollegiya apelyasiya şikayətinin dəlillərini işin materialları, tərəflərin apelyasiya icraatında verdikləri izahatlarla əlaqəli təhlil edib hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 24.07.2018-ci il tarixli 181 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli və 19 fevral 2018-ci il tarixli 56 nömrəli qərarlarını rəhbər tutulmaqla, "xxxx" MMC-nin 17.07.2018-ci il tarixli, 012 nömrəli müraciəti nəzərə alınmış, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələri, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 11 oktyabr 2017-ci il tarixli, 02/05-1749 nömrəli razılaşma məktubu, Yasamal Rayon icra Hakimiyyəti Başçısının 01.06.2016-cı il tarixli 167 nömrəli və 12.10.2017-ci il tarixli 293 nömrəli sərəncamları, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsinin 03.04.2018-ci il tarixli, 25085 nömrəli ekspertiza rəyi nəzərə alınmaqla ünvan 2 ünvanda sökülmüş qəzalı binanın yerində "xxxx" MMC-yə yaşayış binasının tikintisinə icazə verilmiş, Sərəncamın icrasına nəzarət rayon İcra Hakimiyyətinin memarına həvalə edilmişdir. İş materiallarında olan ÖM seriyalı 190579 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 30.0 kv.m yaşayıç sahəsindən ibarət olan 33 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüquqi ilə qeydiyyatdan keçmiş və bu barədə 1326 saylı reyestr kitabının 199129 səhifəsində 199129 nömrə ilə 09.06.2004-cü il tarixli qeydiyyat aparılmışdır. İş materiallarında olan İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 27.07.2016-cı il tarixli müqavilədən görünür ki, cavabdeh ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli, 92 məzilli yaşayış binasının söküntüsü ilə əlaqədar bu səhədə tikiləcək yeni yaşayış binasında təmirli mənzilin verilməsi məqsədi ilə mənzilin faktiki yaşayış sahəsinə 25% əlavə edilməklə 80 kv.m təmirsiz mənzilin 16 ay müddətinə İddiaçı mülkiyyətinə təhvil vermək barədə öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 08.09.2016-cı il tarixli müqavilədən görünür ki, MMC tərəfindən İddiaçı təhvil veriləcək 80 kv.m mənzilin əvəzinə ümumi sahəsi 118,5 kv.m olan 3 (üç) otaqlı mənzil verilməsi,38.5 kv.m fərq üçün İddiaçı tərəfindən hər 1 kv.m sahəyə görə 1000 manat ödəniş edilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, ünvan 1 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 5-ci mərətəbə, ümumi sahəsi 118,5 kv.m olan 3 (üç) otaqdan ibarət olan mənzilin bir pay kimi İddiaçı verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 4.1-ci bəndinə əsasən, mənzilin dəyəri bir kv.m sahə üçün 1000 AZN müəyyən edilmişdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, İddiaçı tərəfindən cavabdehə 38.5 kv.m fərq üçün 19000 manat hissəsi ödənilmişdir. İş materiallarında olan 22.01.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən hüquqi yardımın göstərilməsinə görə 500 (beş yüz) manat məbləğində ödəniş edilmişdir. İddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliyinin yerinə yetirilməməsinə əsaslanaraq, müqavilələrin ləğv edilməsi və müqavilələr üzrə ona verilməsi nəzərdə tutulmuş 80 kv.m mənzilin əvəzinə, hər 1 (bir) kv.m üçün 1800 manat hesablanmaqla, cəmi 144000 manat və onun tərəfindən 38.5 kv.m-lik fərq üçün ödənilən 19000 manat məbləğində maddi ziyanın, 50000 manat mənəvi ziyanın, vəkilin göstərdiyi yardıma görə 500 (beş) yüz manat xərcin cavabdehdən tutularaq, ona ödənilməsini tələb etmiş və tələbinin faktiki halları cavabdehlə bağlanmış müqavilələr və özü tərəfindən alınmış həmin ərazidə yeni tikilmiş binalarda olan mənzilin qiyməti barədə ekspert arayışı və hüquqi əsasını öhdəliklə bağlı hüquq münasibətlərini tənzimləyən mülki qanunvericiliyin normaları ilə əsaslandırmışdır. Cavabdeh iddia tələbi ilə qismən razılaşaraq, müqavilələrin ləğv edilməsinə etiraz etməyərək, iddiaçı ilə bağlanmış müqavilələrdə ona veriləcək mənzilin 1 (bir) kv.m üçün 1000 manat müəyyən edildiyinə əsaslanaraq, müqavilə ilə verilməsi nəzərdə tutulmuş 70 (yetmiş) kv.m təmirsiz mənzilin 1 (bir) kv.m-i 1000 manata hesablanmaqla, 70000 (yetmiş min) manat və əlavə sahəyə görə iddiaçının ödədiyi 19000 (on doqquz min) manatın ödənilməsi ilə razılaşmış, iddiaçının 1 (bir) kv.m mənzil sahəsi üçün 1800 manat tələb etməsini əsassız hesab etmiş, həmçinin müqavilədə mənzilin təhvil verilməsi müddətinin müəyyənləşdirilmədiyinə əsaslanaraq, iddiaçıya hər hansı mənəvi zərər vurulmadığını bildirərək, həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən hesab etmişdir ki, hər iki müqavilənin təhlilindən məlum olur ki, iddiaçının mülkiyyətində olmuş 30 kv.m.yaşayış sahəsinə görə ona bir kv.m-in dəyəri 1000 manat müəyyən olunmaqla 70 kv.m. sahəsi olan mənzilin verilməsi qərara alınmış, mənzil təmirsiz veriləcəyi təqdirdə əlavə olaraq 10 kv.m.artırılmışdır. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək əlavə 38,5 kv.m sahənin verilməsini xahiş etmiş,bunun müqabilində hər kv.m.1000 manat ödəmək barədə öhdəlik götürmüş, həmin məbləğdən isə cəmi 19000 manat ödəmişdir. Göründüyü kimi, hər iki müqavilə ilə mənzilin 1 kv.m.sahəsinə görə 1000 manat müəyyən olunmuşdur.Ona görə də müqavilələrin ləğv olunma tələbi ilə yanaşı hər kv.m sahəyə görə iddiaçının 1800 manat tələb etməsinin hüquqi əsası yoxdur. Bundan başqa, tərəflər arasında mövcud olan razılaşmanın məzmunundan görünür ki, əlavə 10 kv.m yaşayış sahəsi məhz yaşayış sahəsinin təmirsiz verilməsi səbəbi ilə artırılmışdır. Hal-hazırda iddiaçı müqavilələrin ləğvini tələb etdiyindən 10.kv.m.əlavə sahənin verilməsi ilə bağlı bənd də öz əhəmiyyətini itirir. Belə olan halda iddiaçı yalnız ona məxsus olan yaşayış sahəsinin söküntüsü ilə əlaqədar razılaşdırılmış məbləği, yəni 70 kv.m X 1000=70000 manat vəsaiti, eləcə də ödədiyi 19000 manat pulu tələb edə bilər. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrdə yaşayış binasının tikilməsinin və mənzilin iddiaçıya verilməsinin son müddəti göstərilmədiyindən, iddiaçı tərəfindən cavabdehə mənəvi zərər vurulmamışdır. Kollegiya hesab edir ki, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir və məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməklə, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımmca icra edilməməsi (vaxtmda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranın gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İşin mübahisələndirilməyən hallarına görə İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 27.07.2016-cı il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli, 92 məzilli yaşayış binasının söküntüsü ilə əlaqədar bu səhədə tikiləcək yeni yaşayış binasında təmirli mənzilin verilməsi məqsədi ilə mənzilin faktiki yaşayış sahəsinə 25% əlavə edilməklə 80 kv.m təmirsiz mənzilin 16 ay müddətinə İddiaçı mülkiyyətinə təhvil vermək barədə öhdəlik götürmüşdür. Sonradan tərəflər yeni müqavilə imzalamışlar. Belə ki, 08.09.2016-cı il tarixli müqaviləyə əsasən, MMC tərəfindən İddiaçı təhvil veriləcək 80 kv.m mənzilin əvəzinə ümumi sahəsi 118,5 kv.m olan 3 (üç) otaqlı mənzil verilməsi, 38.5 kv.m fərq üçün İddiaçı tərəfindən hər 1 kv.m sahəyə görə 1000 manat ödəniş edilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, ünvan 1 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 5-ci mərətəbə, ümumi sahəsi 118,5 kv.m olan 3 (üç) otaqdan ibarət olan mənzilin bir pay kimi İddiaçı verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 4.1-ci bəndinə əsasən, mənzilin dəyəri bir kv.m sahə üçün 1000 AZN müəyyən edilmişdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, İddiaçı tərəfindən cavabdehə 38.5 kv.m fərq üçün 19000 manat hissəsi ödənilmişdir. İşin mübahisələndirilən halı birincisi ondan ibarətdir ki, iddiaçı (apelyator) hesab edir ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyi üçün ona müqavilə ilə nəzərdə tutulmuş 80 (səksən) kv.m təmirsiz mənzilin 1 (bir) kv.m-nə görə 1800 manatdan hesablanmaqla ödəniş edilməli, cavabdeh isə müqavilələrə əsasən 70 (yetmiş) kv.m təmirsiz mənzilə görə 1 (bir) kv.m üçün 1000 manatdan ödəniş edilməsini bildirir. Kollegiya işin mübahisələndirilən bu halı ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış 27 iyul 2016-cı il tarixli müqavilədə cavabdeh 80 (səksən) kv.m təmirsiz mənzili 16 (on altı) ay müddətinə iddiaçıya təhvil verməyi öhdəsinə götürmüş, lakin cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı yuxarıda qeyd edilən mülki qanunvericiliyin normalarının tələblərinə əsasən, müqavilələrin ləğvini tələb etməkdə haqlı olmuşdur. Həmçinin cavabdehin də müqavilələrin ləğvinə razı olması iddiaçının tələblərinin əsaslı olmasını şərtləndirən hal hesab edilməlidir. Cavabdehin müqavilənin ləğvi ilə əlaqədar iddiaçıya 80 (səksən) kv.m deyil, 70 (yetmiş) kv.m təmirsiz mənzilə görə ödəniş edilməli olması ilə bağlı dəlilləri isə kollegiya əsassız sayaraq hesab edir ki, müqavilə şərtlərinə uyğun olaraq iddiaçıya 80 (səksən) kv.m təmirsiz mənzilə görə ödəniş edilməsi barədə iddia tələbi əsaslıdır. Kollegiya iddiaçıya 80 (səksən) kv.m təmirsiz mənzilə görə ödəniş edilməli olması qənaətinə gəldiyindən ödəniləcək məbləğin hansı qiymətlə müəyyənləşdirilməsi barədə tərəflər arasında fikir ayrılığı olmasını nəzərə alaraq və hər iki tərəfin vəsatəti əsasında apelyasiya icraatı zamanı keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmiş qiymətlər əsasında müəyyənləşdirilməsini ədalətli hesab edir. Belə ki, “xxxx” MMC-nin 02 aprel 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 1) Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yeni tikili binalarda ayrı-ayrı tikinti şirkətləri tərəfindən satılan təmirsiz mənzillərin 27.07.2016-cı il tarixinə 1 kvadrat metrinin qiyməti 1000 (bir min) manat - 1400 (bir min dörd yüz) manat arasında dəyişir. 2) Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yeni tikili binalarda ayrı-ayrı tikinti şirkətləri tərəfindən satılan təmirli mənzillərin 27.07.2016-cı il tarixinə 1 kvadrat metrinin qiyməti 1300 (bir min üç yüz) manat - 1600 (bir min altı yüz) manat arasında dəyişir. 3) Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yeni tikili binalarda ayrı-ayrı tikinti şirkətləri tərəfindən satılan təmirsiz mənzillərin 2020-ci ilin yanvar ayı tarixinə 1 kvadrat metrinin qiyməti 1200 (bir min iki yüz) manat - 1500 (bir min beş yüz) manat arasında dəyişir. 4) Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yeni tikili binalarda ayrı-ayrı tikinti şirkətləri tərəfindən satılan təmirli mənzillərin 2020-ci ilin yanvar ayı tarixinə 1 kvadrat metrinin qiyməti 1500 (bir min beş yüz) manat - 1800 (bir min səkkiz yüz) manat arasında dəyişir. Kollegiya qeyd edir ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən və iddiaçı 2020-ci il tarixində hazırki iddianı qaldırdığından, ekspert rəyinin 3-cü bəndində göstərilmiş qiymətlər nəzərə alınmaqla, cavabdehdən təmirsiz mənzilin 1 (bir) kv.m görə 1300 (min üç yüz) manat hesablanmaqla, 80 (səksən) kv.m təmirsiz mənzilə görə (80x1300) 104000 manat məbləğində pul tutulması ədalətli hesab edilir. Kollegiya müqavilələrin ləğv edilməsi barədə iddia tələbini əsaslı sayaraq hesab edir ki, iddiaçının 38,5 kv.m sahənin əlavə verilməsinə görə cavabdehə ödədiyi 19000 (on doqquz min) manat pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İşin mübahisələndirilən halı həmçinin ondan ibarətdir ki, iddiaçı cavabdehin müqavilə öhdəliyini pozmasının onun kirayələrdə qalması, layiqli həyat şəraitindən məhrum olması və bunun nəticəsində sarsıntılar keçirməklə, mənəvi ziyana məruz qalmasını bildirərək, 50000 manat mənəvi zərərin tutulmasını tələb edir. Cavabdeh isə iddiaçının bu tələbinin əsası kimi istinad etdiyi hallar barədə sübut təqdim etməməsinə əsaslanaraq, həmin hissədə iddia tələbini əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir.Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Həmçinin, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında deyilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Kollegiya qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin müqavilə öhdəliyini yerinə yetirməməsi öz təsdiqini tapdığından, iddiaçının gözlədiyi yaşayış sahəsini əldə edib layiqli yaşayış şəraitini təmin etməkdən məhrum olmaqla, mənəvi sarsıntı və iztirablar keçirmiş və bu da onun mənəvi zərər tələb etmək arqumentini əsaslı etmişdir. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntılarını, habelə məruz qaldığı mənəvi iztirabların təsirlərinin kompensasiyası olması etibarı ilə, heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği ağlabatan deyildir. Şərh olunanları qiymətləndirərək, kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin məbləği 2000 (iki min) manat məbləğində müəyyən edilərək ağlabatan olmaqla, ədalətli hesab edilir və həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin hallarından görünür ki, iddiaçı göstərdiyi hüquqi yardıma görə vəkil Nümayəndə1 500 (beş yüz) manat vəsait ödəmişdir. Eləcə də “xxxx” MMC tərəfindən verilmiş 02 aprel 2021-ci il tarixli, 099№-li hesab fakturadan görünür ki, onlar tərəfindən aparılmış qiymətləndirmə haqqı 200 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 2(007)-1012/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddiası qismən təmin edilsin. "xxxx" MMC-dən 80 (səksən) kv.m təmirsiz mənzilə görə (80x1300) 104000 manat, iddiaçının 38,5 kv.m sahənin əlavə verilməsinə görə cavabdehə ödədiyi 19000 (on doqquz min) manat, iddiaçıya dəymiş mənəvi zərərə görə 2000 (iki min) manat, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 125530 (yüz iyirmi beş min beş yüz otuz) manat pul alınaraq İddiaçı verilsin. Mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş 200 (iki yüz) manat cavabdeh "xxxx" MMC-dən alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin – VOEN:**********, “xxxx” ASC Abşeron filialı, VÖEN: **********, M/h: AZ03NABZ**********0000002944, Kodu: 805539, SWİFT. BİC: İBAZAZ2X H/h: AZ52İBAZ******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1107/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1107/2021
04.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver