Məhkəmə qərarları › İş №2(103)-1107/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1107/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1107/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-6110/2021 saylı, 04.11.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 208,1 manat sığorta ödənişinin əvəzi və 20,4 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** NG *** dövlət qeydiyyat nişanlı MG350 markalı avtonəqliyyat vasitəsi ilə"xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış 99JX 239 dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinə 21.11.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Yol-nəqliyyat hadisəsi iləbağlı DYP əməkdaşı tərəfindən İXP 2957828saylı inzibati Xəta haqqında protokol vəqərar tərtib olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 208,10 (iki yüzsəkkiz manat on qəpik) manat məbləğində müəyyən edilmişdir. PAŞA Sığorta” ASC-nin 28.08.2020-ci il tarixli sığorta aktına əsasən, avtonəqliyyat vasitəsinin təmir olunması üçün 208,10 (iki yüzsəkkiz manat on qəpik) manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. İş üzrə dəymiş zərər məbləğinin "xxxx" ASCnin bank hesabına ödənilməsi barədə cavabdehə bildiriş göndərilmiş, lakin cavabdeh ödənilmiş sığorta məbləğini şirkətə ödəməkdən yayınmışdır.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-6110/2021 saylı, 04.11.2021ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (sədrlik edən: Təhminə Xəlilova).

4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarını araşdırarkən sübutları natamam araşdırmışdır. Hadisənin baş verməsi və nəqliyyat vasitəsinə dəymiş zərər mübahisələndirilməsədə iş materiallarına əlavə edilmiş Sığorta aktı, Sığorta müqaviləsi və Sığorta müqaviləsinin ayrılmaz hissəsi olan əlavələr qiymətləndirilməmişdir. Şirkət tərəfindən sığorta ödənişi edilərkən işin halları tam təsfilatı ilə aydınlaşdırılır və müqavilə üzrə üzərimizə düşən ödəlik yerinə yetirilir. Dəymiş zərərin ödənilməsini müqavilə üzrə öhdəlik götürülmüş, nəqliyyat vasitəsinə dəymiş zərər məbləği müəyyən edilmiş və zərərçəkmiş nəqliyyat vasitəsi təmir mərkəzində təmir olunmuşdur. Qətnamədə qeyd olunan azadolma məbləğinin tətbiqi halı mövcud olsa idi ümumilikdə sığorta ödənişindən imtina edilərdi. İş materiallarından göründüyü kimi, zərərvuran şəxs 3-cü şəxs olduğundan Müqavilənin əlavəsinin 4-cü bəndinə əsasən şərtsiz azadolma şirkət tərəfindən tətbiq olunmamışdır. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

8. Kollegiya iclasında iştirak edən Cavabdeh iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi dəyərləndirmə:

10. Kollegiya qeyd edir ki, iş materiallarına əsasən, cavabdeh tərəfindən idarə olunan ** NG *** dövlət qeydiyyat nişanlı MG 350 markalı avtonəqliyyat vasitəsi ilə 21.11.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” müqaviləsi üzrə sığortalanmış sığortalı "xxxx" MMC–yə məxsus ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. DYP əməkdaşları tərəfindən 21.11.2019-cu il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən sığortalı "xxxx" MMC –yə məxsus avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 208,1 manat məbləğində müəyyən edilmişdir. Sığorta şirkəti tərəfindən 28.08.2020ci il tarixli sığorta aktına əsasən avtonəqliyyat vasitəsinin təmir olunması üçün 208,1 manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi həyata keçirilmişdir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. (898.2)

12. İş materiallarından görünür ki, sığorta müqaviləsində şərtsiz azadolmanın məbləği 1000 manat müəyyən edilmişdir. Dəymiş zərərin məbləği isə 208,1 manat təşkil edir.

13. Qeyd edilən hallara əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, yuxarıda istinad olunan maddələrə əsasən zərər sığorta olunanın üzərində qalır və sığortaçı tərəfindən ödənilə bilməzdi. Sığortalı dəymiş zərəri hadisəni törətmiş şəxsdən – cavabdehdən tələb edə bilərdi. Bu da o halda mümkün olardı ki, cavabdeh barəsində 21.11.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olmasına və inzibti məsulyətə cəlb edilməsinə dair inzbati tənbeh vermə haqqında qərar çıxarılmış olardı. Belə bir qərar da iş materiallarında aşkar edilməmişdir.

14. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

16. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

18. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

"xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-6110/2021 saylı, 04.11.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar