Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1110/2020 14.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul vəsaitinin qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(007)-2531/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul vəsaitinin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh X2 32000 manat məbləğində borcun və 10000 manat mənəvi ziyan, həmçinin 10000 manat məbləğində maddi ziyan olmaqla, ümumilikdə 52000 manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini – cavabdehin onun qohumu olması, əvvəllər bankda işləməsi, həmin vaxtı onu aldadaraq depozitə qoymaq adı ilə pulunu ələ keçirməsi, nəticədə Bakışəhəri Səbail Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, lakin ondan alınmış pulun tam qaytarılmaması və s. kimi əsaslandırılmış, məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(007)- 2531/2019 saylı qətnaməsi ilə (hakim Babək Qasımov) iddia ərizəsi qismən təmin olunmış, cavabdehdən 24047 manat məbləğindən pulun, 1000 manat mənəvi ziyanın alınaraq iddiaçıya ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. İddiaçı və cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin iddianın təmin olunmayan hissəsində əsassız olmasını, maddi və prosessual hüqukq normalarının pozulmasını, iddianın tam təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin iddianın təmin olunan hissəsində qismən əsassız olması, iddiaçıya əlavə pul vəsaitlərinin də ödənilməsi, lakin onların nəzərə alınmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, həmçinin qarşı tərəfin apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, həmçinin qarşı tərəfin apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanmalıdır. İşdə olan Bakı şəhəri Səbayıl Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(009)-156/2018 saylı hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qeyd edilən hökmə əsasən - Cavabdeh xx xxxxxxxx 2014-cü il tarixdə 10.000 manat, xx xxxxxxxx 2014-cü il tarixdə 10000 manat, 2015-ci ilin fevral ayında 6000 manat, daha sonra 2015-ci ilin fevral ayından iyul ayına kimi ayrı-ayrı vaxtlarda 6000 manat olmaqla ümumilikdə 32000 manat məbləğində pul İddiaçı depozitə qəbul etmək adı ilə işlədiyi «xxxx» ASC-nin Xətai filialında almış, öz hərəkətlərinin qanuni olması görüntüsü yaratmaq üçün hər dəfə pul alan zaman «xxxx» ASC-nin İdarə Heyətinin sədri Nəbiyev Elmixan və Xətai filialının müdiri Bağırov Eldənizin əvəzinə imza etmiş, eləcə də möhürsüz mədaxil orderində xəzinadar Nəcəfov Əhədin imzasını oxşatmaqla çəkərək sənədləri saxtalaşdırmış və beləcə dələduzluq niyyətini həyata keçirmişdir. Cavabdeh depozitə pul qoymaq məqsədilə İddiaçı etibarından sui-istifadə edərək onun 32000 manat məbləğində pulunu mənimsəmiş, istintaq zamanı 7953 manatını qaytarsa da, 24047 manat məbləğində pulunu ələ keçirib, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, həmin əməllərinə görə onlar təqsirli bilinərək məhkum edilmişdir. MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması vəşəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilməlidir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Beləliklə, işin hallarından və qanuni qüvvədə olan məhkəmə hökmünə əsasən cavabdehin iddiaçıya həyata keçirdiyi ödənişlər nəzərə alınmaqla 24047 manat məbləğində pul qaytarmalı olması müəyyən olunur. İddiaçı cavabdehin ona daha artıq pul qaytarmalı olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Qeyd edilməldir ki, iddiaçının tələb etdiyi 32000 manat məhkəmə hökmü ilə cavabdehin iddiaçıya qarşı törətdiyi cinayət əməli nəticəsində ona vurulmuş ümumi ziyanı təşkil etmişdir ki, ondan da 7953 manat hissəsinin qaytarılması cinayət işinə baxılarkən məhkəmə istintaqı zamanı müəyyən edilmişdir. İddiaçı tələbindən ona, həmçinin 10000 manat maddi ziyan dəyməsini iddia etsə də həmin hissədə məhkəməyə mötəbər sübut təqdim etməmiş, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Eyni zamanda, cavabdeh apellyasiya şikayətində iddiaçıya daha az pul ödəməli olmasını, bütün ödənişlərinin nəzərə alınmamasını göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» işüzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslışübhədən kənar standartlar tətbiq olunur. Yalnız tərəflərin özlərinin bildirdikləri (birinci instansiya məhkəməsinin qətnaməsinə qarşı tələb və etirazlarında bildirdikləri) isə yetərli sübut kimi nəzərə alına bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görəişdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşüzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, işüzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti iləəlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddianı mənəvi ziyanın tutulması hissəsində qismən təmin edərkən işin hallarını düzgün nəzərə almışdır. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin iddiaçıya qarşı cinayət qanunvericiliyi ildə qadağan olunan əməli törətməsi nəticəsində iddiaçıya maddi ziyan vurulmuş, iddiaçı əmlakından məhrum olmaqla uzun müddət ərzində iztirablar və dərin sarsıntılar keçirmişdir (bu işin hallarından və məhkəmə hökmündan açıq-aydın görünür). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndinəəsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti iləəlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətə layiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası pozuntunun xarakterini və s. diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, mənəvi zərərin 1000 manat müəyyən olunması ağlabatan, ədalətli və qanunidir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Qeyd edilənlərə əsasən kollegiya hesabedir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul vəsaitinin qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(007)-2531/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(007)-2531/2019 saylı qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-1110/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1110/2020
14.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver