Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1110/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlakın evdən çıxarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 noyabr 2023-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək cavabdehə məxsus yataq dəstinin, şkafın, masa və stulların, paltaryuyan maşının, soyuducunun, uşaqların yataq dəstinin, divan və kreslonun cavabdeh tərəfindən onun mülkiyyətində olan və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 147 “Q” saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə iddia ərizəsinin, ona əlavə edilmiş sənədlər ilə birlikdə iddiaçıya qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 35.1-ci maddəsinə istinadən hesab etmişdir ki, fərdi yaşayış evindən çıxarılması tələb olunan əşyalar daşınar əşyalar olduğundan müstəsna aidiyyət qaydalarının tətbiqi hazırki halda istisna edilir. Odur ki, iddia ərizəsinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən deyil, cavabdehin rəsmi ünvanın aid olduğu məhkəmə tərəfindən baxılmalıdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə Xəzər Rayon Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin yaşayış yeri Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm qəsəbəsi olsa da, hazırki iddia başqasının qanunsuz sahibliyindən əmlakın tələb edilməsi və mülkiyyətdə olan əmlakdan başqasının istifadəsinin dayandırılması ilə bağlıdır. Belə olan halda, Rayon Məhkəməsi MPM-in 39.1ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmiş, əsassız olaraq ərizəni geri qaytarmışdır. Şikayətə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardada əsasən şikayəti təmin etməmiş və baxılması üçün şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardad ləğv olunmalı və iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı ona məxsus mənzildən cavabdehə məxsus əşyaların cavabdeh tərəfindən çıxarılmasını tələb edir. İddianın hüquqi əsası kimi mülkiyyətdən maneəsiz istifadə hüququnu ehtiva edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə istinad edilməsi onu deməyə əsas verir ki, iddiaçı, həmin əşyaların onun (evin mülkiyyətçisinin) iradəsinə zidd olaraq evində qalmasının onun mülkiyyətçi kimi öz hüquqlarını istədiyi kimi sərbəst həyata keçirməsinə mane olduğu, bu halın onun hüquqlarının pozulmasına səbəb olduğu qənaətindədir. Məhz bu baxımdan verilmiş iddia ərizəsinin müstəsna aidiyyət qaydalarını nəzərdə tutan MPM-in 39.1-ci maddəsinin təsiri altına düşüb-düşməməsi Rayon Məhkəməsi tərəfindən müzakirə edilməmiş, əşyaların iddiaçıya məxsus daşınmaz əmlakda olması nəzərə alınmamışdır. Rayon Məhkəməsi yalnız tələb edilən əşyaların daşınar əşyalar olması baxımından məsələyə yanaşmışdır ki, bu da araşdırmanın tam aparılması anlamına gəlmir. MPM-in 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. MPM-in 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla Rayon Məhkəməsi tərəfindən iddia ərizəsinin icraata qəbulu məsələsinə hərtərəfli və tam araşdırma aparmaqla yenidən qiymət verilməsi məqsədilə xx.xx.2023-cü il tarixli qərardad ləğv edilməli və iddia ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Odur ki, qeyd edilənləri nəzərə alan və 398, 400, 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 noyabr 2023-cü il tarixli qərardad ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “əmlakın mənzildən çıxarılması tələbləri barədə” iddia ərizəsinin mümkünlüyü və icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-1110/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1110/2024
09.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver