Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11106/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-662/2021 saylı, 16.01.2021-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizə üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(004)-662/2021 saylı qərardadından cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-662/2021 saylı, 16.01.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “mənzilə qaz paylayıcısının hesabına sayğacın quraşdırılması tələbinə dair” iddiası təmin edilərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsi, ev 73, 17b saylı mənzilə qaz paylayıcısının hesabına sayğacın quraşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdehdən 10 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4028/2021 saylı, 05.04.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)662/2021 saylı, 16.01.2021-ci il tarixli icra sənədinin icrasında çətinlik yarandığından qətnaməyə izah verilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, iddiaçının mənzilinə sayğacın quraşdırılmasından imtina edilmir, lakin mənzilə sayğacın quraşdırılması texniki baxımdan mümkün deyil. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il, 2(004)-662/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-662/2021 saylı, 16.01.2021-ci il tarixli qətnaməsinə izah verilməsinə dair cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 ərizəsi təmin edilməmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 şikayət verərək qərardadın ləğv edilməsini və qətnaməyə izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır, belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-662/2021 saylı, 16.01.2021-ci il tarixli qətnaməsi ilə sayğacın quraşdırılması vəzifəsinin “Azəriqaz” İstehsalat Birliyinin hesabına həyata keçirilməsi qət olunsa da, layihələndirmənin kim tərəfindən həyata keçirilməsi göstərilmədiyindən icra vərəqəsinin icrası mümkün olmamışdır. Qətnaməyə izah verilməsinə dair ərizə təqdim etməkdə məqsəd layihələndirmənin “Azəriqaz” İstehsalat Birliyinin, yoxsa İddiaçı hesabına ödənilməli olduğunu müəyyən etməkdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(004)- 662/2021 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, sayğacın quraşdırılması üçün layihələndirmə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən deyil, "xxxx" QSC tərəfindən abonentin hesabına həyata keçirilir. Həmin qurum “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qərardadını qətnamənin kifayət qədər aydın yazılmış olması və “qət etdi” hissəsində heç bir anlaşılmazlığın olmaması ilə əsaslandırmışdır. Lakin apellyasiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, sayğacın quraşdırılması üçün layihələndirmənin kimin tərəfindən həyata keçirilməsi məsələsi qeyrimüəyyəndir. Bundan başqa, borclu tərəfin izahatında bildirdiyi kimi, layihələndirməni həyata keçirən qurumun borclu şəxsin tabeliyində olub-olmaması, əgər müstəqil qurum kimi fəaliyyət göstərirsə, “qaz paylayıcısının hesabına sayğacın quraşdırılması”na dair qətnamənin icrası zamanı layihələndirməyə görə xərcin kimin tərəfindən (borclu və ya tələbkar) çəkilməli olması qeyri-müəyyən olur. Kollegiyanın qənaətinə görə, məhkəmənin qətnaməsinin icrasını təmin etmək məqsədi ilə yuxarıda qeyd edilən hallar baxımından birinci instansiya məhkəməsinin qətnaməsinə izah verilməli, “mənzilə qaz paylayıcısının hesabına sayğacın quraşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi”nin qaz sayğacının quraşdırılması üçün layihələndirməni də əhatə edib-etməməsi məsələsinə aydınlıq gətirilməlidir. Əks yanaşma məhkəmənin qətnaməsinin icrasız qalmasına və ya qeyri-müəyyən müddətdə icra olunmamasına, bununla da tərəflərin hüquqlarının əsassız məhdudlaşmasına səbəb olardı. Kollegiya hesab edir ki, qətnaməyə onu qəbul etmiş hakim tərəfindən bu şəkildə izah verilməsi onun məzmunu dəyişdirmədən mümkündür. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə görə işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfındən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 230.3-cü maddəsinə görə qətnamə icra edilməmişsə, onun izahına yol verilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 14-cü bəndində göstərilmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Ona görə də qərardad ləğv olunmalı, iş qeyd edilən hallar araşdırılaraq qətnaməyə izah verilməsi məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(004)- 662/2021 saylı qərardadı ləğv edilsin və qətnaməyə izah verilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan qətidir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11106/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11106/2021
11.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver