Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11107/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarova Layla Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “hasarın və qaz xəttinin bərpa olunması və maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 01.10.2021-ci il tarixli, 2(009)-2601/2021 nömrəli qərardadından iddiaçının verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “hasarın və qaz xəttinin bərpa olunması və maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus torpaq sahəsinə çəkilmiş dəmir armatur və dəmir torla düzəldilmiş hasarın və qaz xəttinin bərpa olunmasının Cavabdeh üzərinə qoyulması, onun mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən edilən müdaxiləyə son qoyulmasının onun üzərinə vəzifə kimi qoyulması və cavabdehdən 5000 manat maddi zərərin və 30000 manat mənəvi zərərin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 01.10.2021-ci il tarixli, 2(009)-2601/2021 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya iddia ərizəsinin qaytarılması qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Tovuz Rayon Məhkəməsinə müraciət etməsi izah olunmuşdur. İddiaçı şikayət verərək, 01.10.2021-ci il tarixli qərardadın ləğv edilməsini və işin icraata götürülərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus torpaq sahəsi Tovuz rayonunda yerləşsə də, cavabdehin rəsmi qeydiyyatı ünvan 1 ünvanıdır və irəli sürülmüş tələb maddi və mənəvi zərərin ödənilməsi ilə bağlıdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli, 2(008)-2601/2021 qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə kollegiyası iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddia tələbi ona məxsus torpaq sahəsinə çəkilmiş dəmir armatur və dəmir torla düzəldilmiş hasarın və qaz xəttinin bərpa olunmasının Cavabdeh üzərinə qoyulması, onun mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən edilən müdaxiləyə son qoyulmasının onun üzərinə vəzifə kimi qoyulması və cavabdehdən 5000 manat maddi zərərin və 30000 manat mənəvi zərərin tutularaq ona verilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi hazırki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin (Tovuz rayonu, Çatax kəndi) Tovuz rayonunun inzibati ərazisində yerləşdiyindən, iddiaçının mövcud iddia tələbi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə deyil, Tovuz Rayon Məhkəməsinə müraciət etməli olduğu qənaətinə gəlmiş və bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddiaçı isə şikayətində iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı olduğunu qeyd etmişdir. Kollegiya şikayətin dəlili ilə razılaşmır. Belə ki, maddi və mənəvi ziyan tələbi mübahisəli torpaq sahəsinə çəkilmiş dəmir armatur və dəmir torla düzəldilmiş hasarın və qaz xəttinin bərpa olunmasının, onun mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən edilən müdaxiləyə son qoyulmasının cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə əsas tələbdən törəmə tələbdir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 01.10.2021-ci il tarixli, 2(009)-2601/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11107/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11107/2021
16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver