Məhkəmə qərarları › İş №2(103)-11121/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11121/2021

15.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11121/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “evdən istifadəyə maneənin cavabdehə və qeyrilərinə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında ümumi ərazisi 0,0443 ha olan torpaq sahəsində yerləşən sahəsi 36 kv.m olan bir yaşayış otağından, bir şüşəbənddən və ayaqyolundan ibarət ayrıca tikili olan “A” tikili adlanan fərdi evdən və həmin tikiliyə aid alaqapıdan ayaqaltı adlanan sahəyə qədər olan məsafədə ümumi sahəsi 50 kv.m olan həyətyanı sahədən istifadəsinə maneənin cavabdehə və qeyrilərinə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə, iş № 2(001)-5576/21) iddia qismən təmin edilərək ünvan 1 ünvanında yerləşən yaşayış otağı, bağlı eyvan və girişdən ibarət “A” tikilisindən (ümumi sahə 22,1 kv.m, tikinti altı sahə 31,1 kv.m) və həmin tikilinin həyətyanı sahəsindən İddiaçı istifadə hüququna maneələrin yaradılmasının Cavabdeh qadağan edilməsi qət olunmuş, qalan hissədə iddia təmin edilməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh əvvəllər ona qarşı mülkiyyətində olan ünvan 1 ünvanında 0,0443 ha ərazidə yerləşən fərdi yaşayış evinin “A” tikilisindən əşyaları ilə birlikdə çıxarılması barədə iddia qaldırmış və Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. O isə öz növbəsində Cavabdeh və qeyrisinə qarşı ümumi sahəsi 50 kv.m olan həyətyanı sahədən ibarət “A” tikili adlanan ayrı tikilinin ona satılması ilə əlaqədar Cavabdeh və mərhum əri X4 ilə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia qaldırmış və Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Onun hər iki qətnamədən verdiyi apellyasiya şikayətləri bir icraatda birləşdirilmiş və ünvan 4əsi Mülki Kollegiyasının 05.02.2021-ci il tarixli qətnaməsi ilə 16.12.2019-cu il tarixli qətnamə ləğv edilərək Cavabdeh iddiası rədd olunmuş, 31 avqust 2020-ci il tarixli qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəməsi həmin iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh mərhum X4 ilə ər-arvad olmuşdur; iddiaçı Cavabdeh mərhum əri X4 və alıcı İddiaçı arasında 03 aprel 2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqısına dair beh müqaviləsi bağlanmışdır; tərəflərin dəyərini 2500 ABŞ dolları müəyyən etdikləri mənzilə görə alıcı satıcıya 3 gün müddətində 2000 ABŞ dolları beh vermiş, alıcı tərəfindən razılaşma pozulduğu halda behin geri qaytarılmadığı, satıcı tərəfindən razılaşma pozulduğu halda isə behin ikiqat geri qaytarılması barədə tərəflər razılığa gəlmişlər; X1 rayonu, Qarayev küçəsi, ev 38 ünvanında yerləşən 1 otaq, 1 şüşəbənd, tualet və arxa qapıdan şüşəbəndin ayaqaltısına qədər həyətyanı sahəni İddiaçı 2500 ABŞ dollarına satmış, həmin məbləğin 2000 ABŞ dollarını 03 aprel 2004-cü ildə, qalan 500 ABŞ dollarını isə 24 sentyabr 2004-cü il tarixdə almışdır; cavabdeh İddiaçı həmin vaxtdan Cavabdeh və onun mərhum əri M.Rzayevin razılığı ilə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsində 0,0443 ha ərazidə yerləşən 38 saylı fərdi yaşayış evinin “A” tikilisinə köçərək orada yaşamışdır; cavabdeh İddiaçı 2008-ci ildə həmin evdə qızı anadan olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsi ilə həmçinin müəyyən edilmişdir ki, 03 aprel 2004-cü ildə evin alqı-satqısına dair müqavilə bağlandıqdan sonra Cavabdeh, eləcə də mərhum əri X2, yəni bu ailənin, ər-arvadın razılığı əsasında İddiaçı həmin fərdi yaşayış evinə, “A” tikilisinə köçərək orada yaşamış, bununla da, həmin yaşayış sahəsinə onun istifadə hüququ yaranmışdır. Birinci instansiya məhkəməsində cavabdehin etibarnamə əsasında nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının ərizədə və izahatında qeyd etdikləri tamamilə yalandır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı bir ev satılmamışdır. Mübahisəli ev iddiaçıya yalnız kirayə məqsədi ilə verilmiş, iddiaçı həmin evdə 5 il kirayə yaşamış, daha sonra özü çıxıb getmiş, əşyaları isə qalmışdır. Mübahisəli ev cavabdehə nənə və babasından vərəsəlik qaydasında keçmişdir. İddiaçının mübahisəli evə hər hansı bir istifadə hüququ yoxdur ki, həmin evdən də istifadə etsin. Ona görə də, iddiaçı mübahisəli evdən hər hansı qaydada istifadə edə bilməz, evin yeganə mülkiyyətçisi cavabdehdir, istifadə hüququ da cavabdehə məxsusdur. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisəli evin həyətində “A” və “B” tikilisi olsa da, evin çıxarışı ümumidir. Tərəflər arasında mübahisəli evlə bağlı alqı-satqı müqaviləsi yoxdur, ümumiyyətlə evin satılması barədə hər hansı razılaşma olmamışdır. İddiaçı cavabdehə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddiası əsassız olduğundan təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilsə də, Bakı Apelyasiya Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmişdir. Həmin qətnamə də qanuni qüvvəyə minmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, evin mülkiyyətçisi olan Cavabdeh öz mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəs, Q.Qarayev küç 38 ünvanında yerləşən yaşayış otağı, bağlı eyvan və girişdən ibarət “A” tikilisinə (ümumi sahə 22.1 kv.m, tikinti altı sahə 31.1 kv.m) və həmin tikilinin həyətyanı sahəsinə ailə üzvü olmayan digər şəxslər (İddiaçı) tərəfindən həmin evdən istədiyi kimi istifadə edilməsi yolverilməzdir. Cavabdeh anası 2003-cü ildə xəstələndiyindən o da ona baxacaq adam axtarmış, mərhum əri İddiaçı gəlib onlarda kirayəçi kimi qalacağını bildirmiş, o da buna razılaşmışdır. Ev 5 il müddətinə kirayə verilmişdir. İddiaçı 2009-cu ildən həmin mübahisəli evdə yaşamışdır. Ev cavabdehə nənə və babasından vərəsəlik qaydasında keçmişdir. Ona görə də iddiaçının mübahisəli evə hər hansı bir istifadə hüququ yoxdur. Tərəflər arasında mübahisəli evlə bağlı alqı-satqı müqaviləsi olmamış və evin satılması barədə hər hansı bir razılaşma olmamışdır. Hətta hesab edilsə ki, həmin mübahisəli evlə bağlı razılaşma olubsa, həmin razılaşma İddiaçı ilə 2004-cü ildə dövlət reyestrində qeydə alınmayan evə və torpaq sahəsinə dair, həmin evə və torpaq sahəsinə hüququ qeydə alınmayan Məmmədağa Rzayevlə olmuş və bu səbəbdən həmin razılaşma alqı-satqı müqaviləsi kimi qiymətləndirilə bilməz. Mübahisəli ev M.Rzayevin yox, Cavabdeh mülkiyyətində olmuş və İddiaçı həmin evə və torpaq sahəsinə hüququ qeydə alınayan M.Rzayevlə razılaşması qanuna zidd olmuşdur. Bundan başqa, mübahisəli tikilinin özgəninkiləşdirilməsinin, həmin torpaq sahəsində hər hansı tikinti-söküntü işlərinin aparılması və bununla bağlı hər hansı hərəkətlərin edilməsi ilə əlaqədar Cavabdeh və qeyrilərinə edilmiş qadağanın götürülməsi qərara alınmış və həmin qərardad qanuni qüvvədədir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 02 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 5 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Həmin ünvanda “A” və “B” adlanan iki tikili mövcuddur. ünvan 4əsinin qanuni qüvvəyə minmiş 05 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçının qeyd olunan ünvanda yerləşən 1 otaq, 1 şüşəbənd, tualet və arxa qapıdan şüşəbəndin ayaqaltısına qədər həyətyanı sahəyə, yəni “A” tikilisinə istifadə hüququnun olması müəyyən edilmişdir. Hazırda iddiaçı mübahisəli ünvanda yerləşən ümumi sahəsi 36 kv.m olan bir yaşayış otağından, bir şüşəbənddən və ayaqyolundan ibarət ayrıca tikili olan “A” tikili adlanan fərdi evdən və həmin tikiliyə aid alaqapıdan ayaqaltı adlanan sahəyə qədər olan məsafədə ümumi sahəsi 50 kv.m olan həyətyanı sahədən istifadəsinə maneənin cavabdehə və qeyrilərinə qadağan olunmasını xahiş edir, cavabdeh tərəf isə iddianı qəbul etməyərək mübahisəli evin çıxarışla bütövlükdə Cavabdeh məxsus olduğunu bildirir və iddiaçının həmin ünvana ümumiyyətlə istifadə hüququnun olmadığını qeyd edir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı saymış və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ünvan 5 ünvanında yerləşən “A” tikilisinə istifadə hüququnun olması və cavabdeh tərəfindən iddiaçının qeyd olunan ünvandan istifadə hüquqununa yaratdığı maneələr işin mübahisəsiz hallarıdır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, ünvan 5 ünvanında yerləşən yaşayış otağı, bağlı eyvan və girişdən ibarət “A” tikilisinə (ümumi sahə 22,1 kv.m, tikinti altı sahə 31,1 kv.m) və həmin tikilinin həyətyanı sahəsinə İddiaçı istifadə hüququna maneələrin yaradılması Cavabdeh qadağan edilməli, iddia digər hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı ünvan 5 ünvanında yerləşən sahəsi 36 kv.m “A” tikilisinə və həmin tikiliyə aid olan ümumi sahəsi 50 kv.m olan həyətyanı sahəyə istifadə hüququna maneələrin yaradılmasının qadağan edilməsini xahiş etsə də, lakin iş materiallarında olan texniki pasportdan müəyyən olunur ki, “A” tikilinin ümumi sahəsi 22,1 kv.m (11,9+10,2), tikintinin alt sahəsi 31,1 kv.m-dir. “A” tikilisi birmərtəbəlidir və tikili 11,9 kv.m yaşayış otağı, 8,5 kv.m bağlı eyvan və 1,7 kv.m girişdən ibarətdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM maddə 14.2). Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin bu hissəsinin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.3, 152.5-ci və MPM-nin 82.3, 217.4cü maddələri ilə əsaslandırmışdır. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Şikayətin əsas dəlillərindən biri iddiaçının mübahisəli evdən istifadə hüququnun olmaması, həmin evə dair hər hansı alqı-satqı müqaviləsinin və razılaşmanın olmaması barədədir. Məhkəmə kollegiyası həmin dəlili əsassız sayır və qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, X1 rayonu, Qarayev küçəsi, ev 38 ünvanında yerləşən 1 otaq, 1 şüşəbənd, tualet və arxa qapıdan şüşəbəndin ayaqaltısına qədər həyətyanı sahəni İddiaçı 2500 ABŞ dollarına satmış və həmin məbləğin 2000 ABŞ dollarını 03 aprel 2004-cü ildə, qalan 500 ABŞ dollarını isə 24 sentyabr 2004-cü il tarixdə almışdır. İddiaçı həmin vaxtdan Cavabdeh və onun mərhum əri M.Rzayevin razılığı ilə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsində 0,0443 ha ərazidə yerləşən 38 saylı fərdi yaşayış evinin “A” tikilisinə köçərək orada yaşamış və bununla da, həmin yaşayış sahəsinə onun istifadə hüququ yaranmışdır. Göründüyü kimi, iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququ olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə aktı ilə iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququ olduğu müəyyən edildiyindən və həmin hal preyudisial əhəmiyyət kəsb etdiyindən, onun əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Apellyasiya şikayətinin digər dəlilinə görə mübahisəli evin özgəninkiləşdirilməsinə, tikinti-söküntü işləri aparılmasına müvəqqəti təminat tədbiri kimi qoyulmuş qadağan Binəqədi Rayon Məhkəməsinin müvafiq qərardadı ilə artıq götürüldüyündən iddiaçının mübahisəli evdən istifadəsinə maneənin cavabdehə qadağan edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və qeyd edir ki, hazırkı qətnamə ilə istifadəyə maneənin qadağan edilməsi ilə müvəqqəti təminat tədbiri kimi mübahisəli evin özgəninkiləşdirilməsinə, tikinti-söküntü işləri aparılmasına qoyulmuş qadağan fərqli anlayışlardır və biri digərini istisna eləmir. Apellyasiya şikayətinin məzmunundan da müəyyən olunur ki, cavabdeh iddiaçının evdən istifadəsinə maneə yaradır, onun evdən sərbəst istifadəsinin yolverilməz olduğunu nümayişkaranə şəkildə apellyasiya şikayətində gostərir və bu hərəkətini əsaslı hesab edir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdehin bununla bağlı hərəkətləri qanunsuz olduğundan birinci instansiya məhkəməsi həmin hərəkətləri, yəni istifadəyə maneəni cavabdehə qadağan etməkdə haqlı olmuşdur. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 158.1.2-ci maddəsi mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququnu da əmlak hüququ sayır. Həmin Məcəllənin 158.4-cü maddəsinin tələbinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur. Apellyasiya şikayətinin son dəlili işə cavabdehin iştirakı olmadan baxılması, məhkəmə iclasının təxirə salınması barədə göndərilmiş teleqramın nəzərə alınmaması barədədir. Məhkəmə kollegiyası iş materialları ilə təkzib olunduğundan həmin dəlili də əsassız sayır və ilk növbədə qeyd edir ki, iş materiallarında məhkəmə iclasının təxirə salınması barədə hər hansı teleqram müəyyən edilmədi. Digər tərəfdən, işdən göründüyü kimi, birinci instansiya məhkəməsində iş üzrə cəmi 3 məhkəmə iclası keçirilmişdir. 05 iyul 2021ci il tarixli məhkəmə hazırlıq iclası və 28 iyul 2021-ci oil tarixli məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı ilə keçirilmiş, cavabdehin nümayəndəsi sübutlar təqdim etmiş və sübutların tədqiqində iştirak etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin nümayəndəsinə məhkəmə bildirişi təqdim olunmuş, o, həmin qəbzə imza etməklə bunu təsdiq etmiş, lakin təyin olunmuş vaxtda, yəni 02.09.2021-ci il tarixdə məhkəmə iclasına gəlməmişdir. Gəlməməyin səbəbi haqqında məhkəməyə hər hansı məlumat verilmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 02 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində ünvan 4əsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar