Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11124/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Xəzər RPİ 3-cü Polis Şöbəsinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3947/2021 saylı 24 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Xəzər RPİ 3-cü Polis Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 maddi zərərə görə 3650,0 manat, mənəvi zərərə görə qiymətləndirdiyi 1000,0 manat, cavabdeh Xəzər RPİ-nin 3-cü Polis Şöbəsindən mənəvi zərər olaraq qiymətləndirdiyi 500,0 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3947/2021 saylı 24 sentyabr 2021ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır. Qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə məhkəmə baxışı təyin edilməsini xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, o, ilk növbədə Cavabdeh1 özünün də dediyi kimi 1200 manat məbləğin qarşılığında döşəməni şüşə kimi edib təhvil verəcəyini dediyi halda, işçiləri Anar və Talıbla birgə döşəməni təmir etmək əvəzinə ondan 1450 manat alaraq 2 dəfədən səliqəsiz qüsurlu “iş” görərək döşəməni daha da pis vəziyyətə gətirdikləri üçün Xəzər RPİ 3-cü Polis Şöbəsinə şikəyət etmiş, həmin şöbədə onun şikayətinə əhəmiyyətsiz kimi yanaşılıb, məhkəməyə müraciət etməsi tövsiyə olunaraq şikayəti araşdırılmadan bağlanıb. Xəzər RPİ 3-cü Polis şöbəsinin şikayətə əhəmiyyətsiz, laqeyd yanaşması X1 şikayət etdiyi ərəfədə tikilidə 2 dəfə olmuş oğlurluğun araşdırılmaması da öz əksini tapdı. Polis həmin ərəfədə Cavabdeh1 şikayətini əhəmiyyətsiz saydığı kimi oğurluq hadisələrini də əhəmiyyətsiz bilib araşdırmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3497/2021 saylı 11 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş və baxılması üçün şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin dəlillərinə uyğun izahat verməklə şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir, kollegiya cavabdehlərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını şikayət ilə birlikdə araşdırıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçının tələbi iki hissədən ibarət olmuşdur, belə ki, iddiaçı Cavabdeh1 ona dəymiş maddi və mənəvi ziyana görə pul tələb edir. Digər cavabdeh Xəzər RPİ-nin 3-cü şöbəsindən tələbi isə ona vurulmuş mənəvi ziyanla bağlı olmaqla həmin tələbini onunla əsaslandırmışdır ki, Xəzər RPİ-ni 3-cü şöbəsi ümumiyyətlə onun şikayətlərinə (Cavabdeh1 barəsində və ona məxsus tikilidə 2 dəfə oğurluq hadisəsi ilə bağlı) əhəmiyyətsiz yanaşmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi iddiaçının Cavabdeh1 tələbi onunla aralarında olan podrat müqaviləsində irəli gələn pul tələbi olmuş, digər cavabdeh Xəzər RPİ-nin 3-cü şöbəsindən isə ümumiyyətlə onun şikayətinə əhəmiyyətsiz yanaşdığı üçün mənəvi ziyan tələbidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən tələbləri bir-biri ilə bağlı olmayıb iddiaçı bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb tələbləri birləşdirdiyindən birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, mülki prosessual qanunvericilikdə iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır, lakin bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin birləşdirilməsinə yol verilmir, hazırki iş üzrə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, iddiaçının tələbi ayrıayrı cavabdehlərə qarşı yönəlməklə bir-biri ilə əlaqədar olmayan tələblərdən ibarət olmuşdur. Məhkəmə kollegiyası həmçinin iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500,0 manatdan çox olduqda 30,0 manat miqdarında dövlət rüsumu ödənilir. İş materiallarından müəyyən olunur ki, iddiaçı 10,0 manat rüsum ödəmişdir. Lakin iddianın qiyməti 500,0 manatdan çox olduqda 30,0 manat miqdarında dövlət rüsumu ödənilməlidir. İddiaçı şikayətində 24.08.2021-ci il tarixdə 10,0 manat, 14.09.2021-ci il tarixdə 20,0 manat dövlət rüsumunu ödənilməsini göstərsə də, iş materiallarından müəyyən olunur ki, hazır ki, iddia üzrə onun tərəfindən 24.08.2021-ci il tarixdə 10,0 manat dövlət rüsumu ödənilmiş, həmin qəbzində iş materillarına surəti əlavə olunmuşdur. Digər 20,0 manatın ödənilməsi ilə bağlı qəbzi isə iddia ərizəsinə, o cümlədən şikayətə də əlavə edilməmişdir. Göründüyü kimi iddiaçi qanunla müəyyən edilmiş dövlət rüsumunu lazımi məbləğdə ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən, “Dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur, şikayətin dəlilləri isə məhkəmə kollegiyası tərəfindən yoxlanılmış və şikayətin dəlillərinin əsassız olması müəyyən edilmişdir. Şikayətin dəlilləri əsassızdır. Barəsində şikayət verilmiş qərardad qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398 və 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3947/2021 saylı, 24 sentyabr 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-11124/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11124/2021
10.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver