Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1113/2024 22.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı "əcnəbi tələbənin ali təhsil müəssisəsindən xaric edilməsinə dair əmrin ləğv edilməsi və onun tələbələrin sırasına bərpa edilməsi barədə” iddiasına dair Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-754/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı onun universitetin tələbləri sırasından xaric edilməyinə dair cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin xx.xx.2023-cü il tarixli 141/4/2023 saylı əmrinin ləğv edilməsinə və onun aldığı ixtisas üzrə universitetin tələbələri sırasına bərpa edilməsinə dair iddiası Səbail Rayon Məhkəməsinin 2(009)-754/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (103)-4014/2023 saylı işi üzrə 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4074/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4014/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Qərarda “Təhsil haqqında” Qanunun 5.1, 26.2. 44.1, 44.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88. 261.0, 387.2. 407.2, 416.1, 416.2, 418.4. 418.4.10; İnzibati Prosessual Məcəllənin 2.1, 2.2.5ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “'Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nın 1.1, 1.6-ci bəndlərinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları"nın 1.1, 1.2, 3.1, 3.8-ci bəndlərinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli, 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi 1.3, 3.1, 3.4, 3.5-ci bəndlərinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 avqust tarixli 365 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Dövlət İqtisad Universitetinin Nizamnaməsi 1.1, 1.2-ci bəndlərinə istinadən qeyd edilmişdir ki, baxılan iş üzrə iddiaçı əcnəbi təhsilalan kimi Universitetlə bağlanmış təhsil müqaviləsinin ləğv olunması və onun Universitetdən xaric edilməsi barədə əmri mübahisələndirir və həmin təhsil müəssisəsinə bərpa olunmasını xahiş edir. İddiaçının həmin müqaviləni əcnəbi kimi bağladığı, sonradan onun Azərbaycan Respublikası vətəndaşlığının da olduğunun müəyyən edildiyi işin mübahisə olunmayan hallarıdır. Nəzərə alınmalıdır ki, Azərbaycanda daimi yaşayış yeri olmayan əcnəbilərin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbulu Azərbaycan Respublikası vətəndaşlarının, o cümlədən, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin belə müəssisələrə qəbulundan fərqli tənzimlənir. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən ali təhsil müəssisələrinə vətəndaşların qəbulu "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5-3-cü maddələrində göstərilən hallar istisna olmaqla, müsabiqə yolu ilə, abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının X3 tərəfindən həyata keçirilir (§ 30). Eyni qayda Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə də şamil edilmir (§ 32). Azərbaycan Respublikasında daimi yaşayış yeri olmayan əcnəbilər isə ali təhsil müəssisələrinə Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota əsasında; təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq proqramlar əsasında; dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında; təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr əsasında; təhsil müəssisəsinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında; təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında; habelə X3 tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında qəbul edilə bilərlər. Mövcud qaydalar ali təhsil müəssisəsinə qəbul edilmiş əcnəbilərin üzərinə belə müəssisəyə qəbulu rəsmiləşdirildiyi tarixdən 90 gün müddətində ölkə ərazisində yaşamalarını təsdiq edən sənədin surətini təqdim etmək vəzifəsi qoyur (§ 33-34). İstinad olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi vətəndaşların və əcnəbilərin ali təhsil müəssisələrinə qəbulu və həmin müəssisələrdən xaric edilməsi ilə bağlı yaranan hüquq münasibətləri dövlət tərəfindən həyata keçirilən təhsil siyasətinin tərkib hissəsi olmaqla publik hüquq münasibətlərinə aiddir. Bu münasibətlərdə hakimiyyət səlahiyyətlərinin icraçısı olan inzibati orqanlar qismində Təhsil Nazirliyi və onun tabeliyində olan qurumlar, o cümlədən ali təhsil müəssisələri çıxış edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 №li Qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı”nın V hissəsinə müvafiq olaraq qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də inzibati orqanlara aiddir. Baxılan iş üzrə cavabdeh dövlət tərəfindən Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusunda təsis edilmiş ali təhsil müəssisəsidir (§ 39). Cavabdehə qanunvericiliklə ali təhsil müəssisəsi kimi "Təhsil haqqında” Qanuna uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil proqramlarını həyata keçirmək səlahiyyəti, fəaliyyət istiqamətlərinə uyğun olaraq, digər vəzifələrlə yanaşı, ali təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri biliyə və həyati bacarıqlara yiyələnməsini təmin etmək; öz fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının "Vətəndaşların müraciətləri haqqında”, "İnzibati icraat haqqında” və "İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək vəzifələri də həvalə edilmişdir (§ 35-36). Nəzərə alınmalıdır ki, ölkədə ali təhsil proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələbləri Azərbaycan Respublikasının Nazirlər Kabineti ali təhsil pilləsi üzrə təsdiq edilən dövlət təhsil standartı ilə müəyyənləşdirir. Ali təhsil müəssisəsində tədris ali təhsil pilləsi üzrə təhsilin məzmununu və mənimsənilməsi qaydalarını müəyyən edən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi təhsil proqramları ilə həyata keçirilir (§ 37-38). Göründüyü kimi ali təhsil müəssisləri bir sıra məsələlər üzrə mülki dövriyyənin müstəqil subyekti kimi mülki hüquq münasibətlərinə iştirak etsə də, ali təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi, o cümlədən, tələblərin ali təhsil müəssisələrinə qəbul edilməsi və onların həmin müəssisələrdən xaric edilməsi ilə bağlı məsələlərdə inzibati hüquq münasibətlərinin subyekti kimi çıxış edirlər. " İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). "İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 31.1 -ci maddəsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qeyd olunmalıdır ki, iddia tələbi publik hüquq münasibətləri ilə tənzimlənən sahədə araşdırma aparılmasını və inzibati orqanların (yaxud inzibati səlahiyyətlərin daşıyıcısı olan fiziki və hüquqi şəxslərin) belə münasibətlərdən irəli gələn fəaliyyətinə qiymət verilməsini tələb edirsə, həmin mübahisəyə mahiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə olan halda, ilk növbədə hüquq münasibətinin inzibati və ya xüsusi hüquqa aid olduğu müəyyənləşdirilməli, əgər mübahisələndirilən münasibətin hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə müşayiət olunan publik hüquq sahəsindəki fəaliyyətlə bağlı olduğu müəyyən edilərsə, mübahisəyə MPM-in 261.0.1-ci maddəsinin tətbiqi məsələsi müzakirə olunmalıdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan məsələlər üzrə hər hansı hüquqi dəyərləndirmə aparmadan, hazırkı işə mahiyyəti üzrə baxmış və iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış təhsil müqaviləsinin müddəalarına da düzgün hüquqi qiymət verməmiş, mövqeyini həmçinin onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilədə də tələbənin Azərbaycan vətəndaşlığının olmaması şərti xüsusi olaraq göstərilməmiş, bu halın sonradan aşkar edilməsi müqavilənin ləğvinin əsası kimi nəzərdə tutulmamışdır. Halbuki tərəflər arasında müqavilədə onun məhz əcnəbi təhsilalanla bağlandığı xüsusi qeyd edilmiş, həmin müqavilə "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydalarının əlavəsi olan "Azərbaycan Respublikasının təhsil müəssisəsi ilə əcnəbi tələbə arasında ödənişli təhsil almaq haqqında” nümunəvi müqaviləyə uyğun olaraq tərtib edilmişdir. Tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuşdur ki, əcnəbi təhsilalan Universitetə əyani təhsilalana formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamasını təsdiq edən sənəd təqdim etməlidir (bənd 2.2.4) və təqdim etdiyi sənədlərin doğru olmadığı və mövcud qanunvericiliyinin tələblərinə cavab vermədiyi halda məsuliyyət daşıyır (bənd 2.2.5). Müqavilənin 2.2.6-cı bəndində isə nəzərdə tutulmuşdur ki, təhsil aldığı müddətdə əcnəbi təhsilalanın Universitetə qəbul zamanı Azərbaycan Respublikası vətəndaşlığının və ya Azərbaycan Respublikasında daimi yaşayış icazəsinin olduğu aşkarlanarsa, əcnəbi təhsilalan 5 iş günü müddətində məlumatlandırılır və Müqavilə birtərəfli qaydada ləğv olunaraq, Universitetin tələbələri sırasından xaric edilir. Müqaviləyə əsasən əcnəbi təhsilalan Azərbaycan Respublikası ərazisində yaşamasını təsdiq edən sənədin surətini bu Müqavilənin 2.2.4.-cü yarımbəndi ilə müəyyən edilmiş müddətdə təhsil müəssisəsinə təqdim etməkdə Universitet əcnəbi təhsilalanla bağlanmış Müqaviləni ləğv etmək hüququna malikdir (bənd 3.1.4). Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli qərarı ilə ləğv edilmiş və tərəflər arasında təhsil müqaviləsinin bağlandığı və xitam olduğu dövrdə artıq qüvvədə olmayan "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinə” istinad etmişdir. İşə baxmış apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etmiş və dəyişdirilmədən saxlamışdır. Halbuki MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas, Məcəllənin 387.2ci maddəsinə əsasən isə iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda işə mahiyyəti üzrə baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Ona görə də kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək, iş yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən birinci instansiya məhkəməsi tərəfindən buraxılmış maddi və prosessual hüquq normalarının pozuntusuna hüquqi qiymət verilməli və həmin normaların tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 mövqeyinin Ali Məhkəmənin mövqeyi ilə üst-üstə düşdüyünü bildirmişdir. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, ilk olaraq münasibətlərin səciyyəsini nəzərə alaraq, işin mülki icraat qaydasında baxılaraq məhkəmənin səlahiyyətlərinə aid olmasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən: İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən: Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən: İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1 və 24.2-ci maddələrinin tələblərinə əsasən: Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir; Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 4-№-li qərarına əsasən: “İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunda inzibati orqanların fiziki və ya hüquqi şəxslərlə münasibətlərindəki fəaliyyət formaları, eləcə də inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı fəaliyyəti həyata keçirərkən nəzərə almalı olduqları ümumi və prosedur prinsiplər, həmçinin inzibati orqanların qanunun tələblərinə ciddi şəkildə bağlı olduqları öz əksini tapmışdır. Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər.İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. ... 2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 15.4. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən: 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti. Həmin qanunun 20.1-ci maddəsinə əsasən: Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin qanunun 28-ci maddəsinə əsasən: 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Qanunun 71-ci maddəsinə əsasən: 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. 71.3. Yalnız aşağıdakı hallarla bağlı aralıq inzibati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana (bundan sonra - şikayət instansiyası) şikayət verilə bilər: 71.3.1. səlahiyyətlə bağlı; 71.3.2. etirazla bağlı; 71.3.3. icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı; 71.3.4. qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin İnzibati mübahisələrin məhkəmə aidiyyəti adlı 2-ci maddəsinə əsasən: 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla,normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. "Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən: 14.15. Təhsil müəssisəsi hüquqi şəxsdir və müstəqil balansa malikdir. Təhsil müəssisəsinin müvafiq qanunvericiliyə uyğun olaraq banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Təhsil müəssisəsi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir; 29.0.1. Təhsil sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək dövlətin vəzifəsidir; 33.3.1. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək təhsilverənlərin vəzifəsidir. Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 2.2. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır; 4.1. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən: iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icaata xitam verir. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən: apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (384.0.5.). Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli qərarı, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 10 nömrəli Qərarı, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən və kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq məhkəmə kollegiyası hesab edir ki, mübahisə tələbə yönəlik subyektiv tərkib baxımından cavab verməli olan və ya olmayan şəxsə qarşı verilməsindən asılı olmayaraq, münasibətlər mülki səciyyə daşımamaqla mülki icraat qaydasında baxılmalı olmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İzah edilməlidir ki, ilkin olaraq bu vəzifələrin icra edilməsi həvalə edilmiş təşkilata müraciət edilməli, məsələnin səbəbləri inzibati icraat qaydasında araşdırılmalı və vəzifələrin icrası ilə bağlı inzibati münasibətlərdə mübahisə yarandığı təqdirdə inzibati prosedur qaydasında müvafiq məhkəmə instansiyasına müraciət edilə bilər. Belə ki, "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bu münasibətlərdə hakimiyyət səlahiyyətlərinin icraçısı olan inzibati orqanlar qismində Təhsil Nazirliyi və onun tabeliyində olan qurumlar, o cümlədən ali təhsil müəssisələri çıxış edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 №li Qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı”nın V hissəsinə müvafiq olaraq qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də inzibati orqanlara aiddir. Baxılan iş üzrə cavabdehə dövlət tərəfindən Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusunda təsis edilmiş ali təhsil müəssisəsi öz fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının "Vətəndaşların müraciətləri haqqında”, "İnzibati icraat haqqında” və "İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək vəzifələri də həvalə edilmişdir. Qeyd edilənlərə və dövlətin təhsil siyasətinin həyata keçirilməsi vəzifəsinə əsasən mübahisənin mülki məhkəmə icraatı qaydasında baxılması istisna edilir. İzah edilməlidir ki, hüquqlarının pozulması ehtimal edilən şəxs inzibati icraat qaydasında, habelə nəticəsindən asılı olaraq inzibati prosessual qanunvericiliyə əsasən müvafiq araşdırmanın həyata keçirilməsi üçün inzibati səlahiyyəti həyata keçirən təşkilata və məhkəməyə müraciət etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261, 263- 264, 391, 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-754/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1113/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1113/2024
22.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver