Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1117/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı Süleyman Elçin oğlunun, Cavabdeh2 vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ülvi Mehralıyevin iştirakı ilə, İddiaçı Süleyman Elçin oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və dəymiş ziyanın ödənilməsi» tələbinə dair 2(001)-6809/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında bağlanmış 18 fevral 2020-ci il tarixli avtomobilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 MMC-dən ona dəymiş maddi ziyana görə 4200 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 18.02.2020-ci il tarixdə qonşusu və dostu X2 ona müraciət edərək bildirmişdir ki, ona təcili pul lazımdır. Xahiş etmişdir ki, özünə məxsus "xxxx" markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilini Yasamal rayonu ərazisində fəaliyyət göstərən Cavabdeh1 şirkətinə ipoteka girovu qoysunlar və oradan 1 illik 5000 manat, ayda 700 manat ödəməklə faizə pul götürsünlər. Maraqlı şəxs təklifinə razılıq vermiş və sonuncu ilə Cavabdeh1 MMC-yə getmişlər. Lakin krediti onun yox, Maraqlı şəxs adına rəsmiləşdirmişlər. Elə həmin gün, yəni 18.02.2020-ci il tarixdə Cavabdeh1 MMC şirkətinin Ağa adlı əməkdaşı ilə birlikdə DİN BDYPİ-nin Xırdalanda olan inzibati binasına getmişlər. Orada onu aldadaraq və guya prosedur qaydasının belə olması adı altında özünə məxsus **-CN-*** dövlət qeydiyyat nişanlı "xxxx" avtomobilini guya Cavabdeh2 satdığı barədə imza atdırmış, sonra isə avtomobilinə dair özünə ancaq sürmək üçün etibarnamə vermişdir. Sonra demişlər ki, taksi kimi işləyib, qalıq pulu onlara ödəyəcək. Lakin bildirir ki, həmin prosesin mahiyyətini anlamamışdır. Bunu isə girov qoyulmuş avtomobilinin dalınca gedəndə 2021-ci ilin fevral ayında bilmişdir. Cavabdeh1 MMC mart ayının əvvəlində onun avtomobilini 9-cu mikrorayondan profilaktoriyadan evakuator vasitəsilə aparmış və əlindən almışlar. Həmin Cavabdeh1 MMC-yə heç Ülvü Mehraliyevlə bağlanmış müqavilənin əslini belə verməmişlər. Bu hadisəyə qədər o, hər ay 700-800 manat pul qazanmışdır. Bununla bağlı o, Maraqlı şəxs dəfələrlə müraciət edərək bildirmişdir ki, onu ziyana salmışdır və polisə müraciət etməlidir. X4 DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarisə İdarəsinə ərizə vermiş, lakin ərizə araşdırılması üçün Nəsimi rayon Polis İdarəsinə göndərilmişdir. Lakin Polis İdarəsi bu işi araşdırmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, **-CN-*** dövlət qeydiyyat nişanlı «Nissan Tiida» minik markalı avtomobilə dair iddiaçı Süleyman Elçin oğlu ilə Cavabdeh2 arasında bağlanmış 18.02.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, **-CN-*** dövlət qeydiyyat nişanlı «Nissan Tiida» minik markalı avtomobilin Cavabdeh2 alınaraq iddiaçı Süleyman Elçin oğluna verilməsi qət edilmiş, iddia qalan hissədə, yəni Cavabdeh1 MMCdən 4200 manatın tutulması hissəsində rədd edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməsinə dair hissədə ləğv edilməsi, iddia tələblərinin tam şəkildə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının tələbləri pozulmuş, düzgün olmayan nəticəyə gəlinmişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Apellyasiya baxışı zamanı Cavabdeh2 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi və göstərdi ki, apellyasiya baxışı zamanı Cavabdeh2 məhkəmə iclasına gəlməsi zəruri hesab edilsədə Cavabdeh2 səhəti ilə əlaqədar məhkəmə iclasına gəlməyəcəyini ona bildirmişdir. Cavabdeh2 iş üzrə digər Cavabdeh1 MMC-in rəhbərinin qohumudur. Cavabdeh2 "xxxx" markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə getməyib və həmin alqı satqı müqaviləsi bağlanan zaman orada iştirak etməyib, müqaviləni özü imza etməyibdir. Həmin müqaviləni onun adından verdiyi etibarnamə əsasında Ağa Məmmədov adlı şəxs imzalamışdır. Apellyasiya baxışı zamanı iddiaçı Süleyman Elçin oğlu apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin göstərdi ki, özünə məxsus olan avtomobili dostu Ülvi Mehralıyevin Cavabdeh1 MMC-dən götürdüyü borcun əvəzində həmin MMC-yə girov qoymuş, o, Cavabdeh2 tanımamış, onunla avtomobilinin alq-satqısı barədə hər hansı razılığı olmamış, ona avtomobilini satmamış, həmin cavabdeh ona avtomobilə görə pul verməmişdir. 18.02.2020-ci il tarixdə Cavabdeh1 MMC şirkətinin Ağa adlı əməkdaşı ilə birlikdə DİN BDYPİ-nin Xırdalanda olan inzibati binasına getmişlər. Orada onu aldadaraq və guya prosedur qaydasının belə olması adı altında özünə məxsus **-CN-*** dövlət qeydiyyat nişanlı "xxxx" avtomobilini guya Cavabdeh2 satdığı barədə yalan olan müqaviləyə imza etdirmiş, sonra isə avtomobilinə dair ona etibarnamə vermişdir. Sonra demişlər ki, taksi kimi işləyib, qalıq pulu onlara ödəyəcək. Lakin bildirir ki, həmin prosesin mahiyyətini anlamamışdır. Bunu isə girov qoyulmuş avtomobilinin dalınca gedəndə 2021-ci ilin fevral ayında bilmişdir. Cavabdeh1 MMC mart ayının əvvəlində onun avtomobilini 9-cu mikrorayondan profilaktoriyadan evakuator vasitəsilə aparmış və əlindən almışlar. Apellyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ülvi Mehralıyev apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etdi və bildirdi ki, ona toy etməsi üçün pul lazım olmuş və ona tanışları məsləhət vermişlər ki, Cavabdeh1 MMC-dən borca pul almaq olar. Onun xahişi ilə dostu Süleyman Elçin oğlu **-CN-*** dövlət qeydiyyat nişanlı "xxxx" avtomobilini MMC-yə girov qoyduqdan sonra ona 5000 manat kredit verilmişdir. O, borcunu tam qaytarsa da Cavabdeh1 MMC ondan artıq cərimə hesablamaqla pul istəyir və maşını qaytarmaqdan əsassız olaraq imtina edirlər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədlərini Cavabdeh2 apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində əsaslığının və qanuniliyinin yoxlanılması təşkil edir. İş materiallarından görünür ki, Süleyman Elçin oğlu ilə Cavabdeh2 arasında 18 fevral 2020-ci il tarixdə "xxxx" markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin 12000 manata alqı-satqısına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsində müqavilə bağlanmışdır. Həmin müqaviləni satıcı Süleyman Elçin oğlunun və alıcı Cavabdeh2 imzaladıqları qeyd olunur. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanan 18 fevral 2020-ci il tarixdə Cavabdeh2 adından etibarnamə əsasında səlahiyyət verilmiş X5 tərəfindən həmin avtomobilin idarə edilməsinə dair Süleyman Elçin oğluna 3 ay müddətinə 18.05.2020-ci il tarixədək etibarnamə verilmişdir. AD seriyalı 737704 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki məlumatlara əsasən "xxxx" markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil 18.02.2020-ci il tarixdən Cavabdeh2 adına qeydiyyata alınmışdır. X3 tərəfindən imzalanan 18.02.2020-ci tarixli razılaşmaya əsasən o, qeyd edilən "xxxx" markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadəsinə qəbul etməklə, 12 ay müddətində hər ay 700 manat olmaqla hər ayın 18-nə kimi ödəniş etməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, hər iki tərəf aralarında faktiki olaraq borc münasibətinin olduğunu öz izahatları ilə təsdiq etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, Maraqlı şəxs 5000 manat məbləğində borc pul vermiş, qarşılığında isə Süleyman Elçin oğluna məxsus "xxxx" markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına rəsmiləşdirilmişdir. Yəni, faktiki olaraq "xxxx" markalı **-CN-*** dövlət qeydiyyat nömrəli avtomobil Maraqlı şəxs borcunun qarşılığında girov predmeti olmuşdur. Tərəflər arasında bağlanan alğı-satqı müqaviləsi isə əslində girov müqaviləsini pərdələmək məqsədilə bağlanmışdır. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, o, avtomobilini Cavabdeh2 satmaq niyyətində olmamış, dostunun borcunun qarşılığında avtomobilinin girov olaraq rəsmiləşdirildiyini düşünmüşdür. Bundan başqa, Cavabdeh2 məhkəməyə təqdim etdiyi sənədlərə əsaslanmaqla bildirmişdir ki, Maraqlı şəxs Nadir oğluna qarşı Şamaxı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Maraqlı şəxs 18.12.2020-ci il tarixdə özünə məxsus olan **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili 12 ay müddətinə ayda 700 manat ödəniş edilməsi şərtilə nisyə satdığını bildirmiş və ona 6386 manat borcunun qalıq qaldığını iddia edərək, Maraqlı şəxs maşınının ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki məhkəmə iclasında öz izahatında **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Maraqlı şəxs Nadir oğlunun ondan aldığı borcun qarşılığında Süleyman Elçin oğlu tərəfindən onun adına rəsmiləşdirildiyini bildirmişdir. Qeyd edilənlərdən göründüyü kimi, Cavabdeh2 ilə iddiaçı Süleyman Elçin oğlu arasında bağlanmış 18.02.2020-ci il tarixli alğı-satqı müqaviləsi başqa əqdi pərdələmək üçün bağlanmış yalan əqddir. Yalan əqd isə əhəmiyyətsiz olmaqla etibarsız əqdir. Bundan əlavə qeyd etmək lazımdır ki, apellyasiya baxışı zamanı Cavabdeh2 vəkili bildirmişdir ki, Cavabdeh2 "xxxx" markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsində alqı-satqı müqaviləsi bağlanan zaman iştirak etməmiş, həmin müqaviləni onun əvəzinə verdiyi etibarnamə əsasında Ağa Məmmədov adlı şəxs imzalamışdır. Lakin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin təqdim etdiyi həmin alqı-satqı müqaviləsinin surətindən görünür ki, mübahisələndirilən müqaviləni şəxsən alıcı qismində Cavabdeh2 imzalaması qeyd edilmişdir. Onun adından müqaviləni etibarnamə əsasında təmsil olunan hər hansı bir şəxs, o cümlədən X5 adlı şəxsin imzalaması barədə qeydiyyat aparılmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Mülki qanunvericilikdə etibarsızlığa səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlər də fərqli şəkildə tənzimlənir. Məsələn, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, **-CN-*** dövlət qeydiyyat nişanlı «Nissan Tiida» minik markalı avtomobilə dair iddiaçı Süleyman Elçin oğlu ilə Cavabdeh2 arasında bağlanmış 18.02.2020-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, **-CN-*** dövlət qeydiyyat nişanlı «Nissan Tiida» minik markalı avtomobil Cavabdeh2 alınaraq iddiaçı Süleyman Elçin oğluna verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd olunan maddələrin təfsirindən müəyyən olunur ki, etibarsız əqdlərin 2 növü vardır: mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər. Mübahisə edilən əqdin etibarsızlığını məhkəmə müəyyən edir. Əhəmiyyətsiz əqdlərin isə məhkəmə qaydasında etibarsızlığının müəyyən edilməsinə zərurət yoxdur. Yəni əgər əqd özü-özlüyündə əhəmiyyətsizdisə (məsələn, yalan və uydurma əqdlər) və bunun üçün əsaslar mövcuddursa, bu zaman həmin əqdin etibarsız hesab edilməsi ilə bağlı deyil, etibarsızlığın nəticələrinin tətbiqi haqqında iddia qaldırılmalıdır. Çünki, həmin əqd özü-özlüyündə etibarsızdır. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında qeyd olunur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.10.2021-ci il tarixli, 2(001)- 6809/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1117/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1117/2022
15.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver