Məhkəmə qərarları › İş №2(103)-1117/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1117/2025

28.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1117/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Maraqlı şəxs QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (hüquqi varis) qismində cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: daşınmaz əmlakın bərpa olunması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 618 saylı Sərəncamı ilə Nəsimi rayonu, Bakıxanov, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrinin kəsişməsində yaşayış binalarının tikintisi məqsədilə "xxxx" MMC-yə İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 126 saylı Sərəncamı əsasında icarə üzrə ayrılmış 0,5495 ha torpaq sahəsinin 0,3071 ha hissəsi yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsinin müvafiq qanunvericiliyə uyğun olaraq həll edilməsi "xxxx" MMC-yə tapşırılmış, "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin ölçüləri dəqiqləşdirilərək, 0,2424 ha müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 188 saylı Sərəncamı ilə "xxxx" MMC-yə dair xx.xx.2014-cü il tarixli, 618 saylı Sərəncam Cavabdeh adına keçirilmişdir. "xxxx" MMC Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 188 saylı Sərəncamının ləğvini tələb etsə də, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə onun iddiası təmin edilməmişdir. İddiaçı həmin sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddiası isə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mümkün sayılmamış və həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır (sözügedən qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir). Bakı şəhəri Nəsimi rayonu MKTB 59 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubla müəyyən edilir ki, İlqar İsmayılov (keçmiş Qabışev) küçəsi 58 saylı ünvanda yerləşən mənzillər Bakı şəhər İcra Hakimiyyəti Başçısının 323 saylı xx.xx.2004-cü il tarixli və 618 saylı xx.xx.2014-cü il tarixli sərəncamlarına əsasən, təqribən 2015-2016-cı illər ərzində sökülmüş, MKİS tərəfindən hesabatların dayandırılması haqqında məktub xx.xx.2017-ci il tarixdə MKTB-yə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, Nəcəf bəy Vəzirov və İlqar İsmayılov (keçmiş Qabışev) və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsi ünvanında yerləşən daşınmaz əmlaklar məhv olduğundan, onlara dair dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş, həmin qərar qanuni qüvvəsini aldığından, müvafiq İdarə tərəfindən icra olunaraq daşınmaz əmlakın dövlət reyestrində bu barədə müvafiq qeydiyyat aparılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (Maraqlı şəxs QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (hüquqi varis) qismində cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün ayrılmış 0,3071 ha torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli, 15/38 saylı Ayrıc Aktının əhatə etdiyi torpaq sahəsində, N.Vəzirov küçəsi 1, 3, 5 və 7 ünvanlarında, həmçinin, İ.İsmayılov (keçmiş Qabışev) küçəsi 58 ünvanında mövcud olmuş daşınmaz əmlakların bərpa edilərək, İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-nin adına keçirilmiş Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq Cavabdeh MMC tərəfindən həll edilməli idi. Cavabdehin törətdiyi qanunsuz əməllər nəticəsində Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş hüquqları pozulmuşdur.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Abidova, iş № 2(006)-537/24) iddia rədd edilmişdir.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının yalnız əvvəllər onun mülkiyyətində olduğu müəyyən edilən ünvan 2 ünvanında yerləşən 4 nömrəli mənzilin 2 otaqdan ibarət payı və Vəzirov küçəsi, ev 7 ünvanında X1 adına qeydiyyatda qalmaqla, notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən ona satılmış paylar (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir) ilə bağlı iddia irəli sürməyə subyektiv hüququ olmuş, digər əmlaklarla bağlı isə rəsmiləşdirmə müvafiq qaydada aparılmadığından, yəni əmlaklara dair notariat qaydasında təsdiq edilmiş yazılı əqdlər olmadığından və həmin əmlaklar daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmadığından, onun N.Vəzirov küçəsi 1, 3, 5 və 7 ünvanlarında və İ.İsmayılov (keçmiş Qabışev) küçəsi, 58 ünvanında mövcud olmuş digər daşınmaz əmlaklarla bağlı hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır

6. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan əmlak müvafiq Sərəncamın cavabdehin adına keçirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli Sərəncamından əvvəl sökülmüş, yəni əmlakı cavabdeh sökməmiş, barəsində notariat qaydasında müqavilə olan əmlak isə Sərəncamdan sonra sökülmüşdür. Lakin qeyd edilməlidir ki, hazırda mübahisəli ərazidə tikintinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilməsinə dair müvafiq Sərəncamın cavabdehin adına keçirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli, 188 saylı Sərəncamı qüvvədədir, deməli, ərazidə tikinti işlərini aparmağa məsul şəxs məhz cavabdeh MMC-dir. Ərazidəki əmlakların müxtəlif vaxtlarda sökülməsi və həmin ərazinin boş olması, əmlaklar məhv olduğundan, dövlət reyestrindəki qeydlərinin məhkəmə qərarı əsasında ləğv edilməsi hazırkı iş üzrə müəyyən edilmiş mübahisəsiz hallar olduğundan məhkəmə hesab etmişdir ki, iddiaçının əvvəlki vəziyyətin bərpa edilməsinə dair tələbinin təmin edilməsi mümkün deyildir. Çünki, yuxarıda da qeyd edildiyi kimi, müvafiq Sərəncam qüvvədədir və ərazi hazırda boşdur. Bu, o deməkdir ki, gec-tez qeyd olunan ərazidə yeni tipli yaşayış və qeyri-yaşayış binaları tikilməlidir (İcra Hakimiyyəti tərəfindən verilmiş belə sərəncamların məqsədi Bakı şəhərinin abadlaşdırılması üçün şəhərin görünüşünə xələl gətirən köhnə tipli binaların sökülərək, yeni tipli binaların tikilməsi olur). Məhkəmə hesab etmişdir ki, cavabdehin üzərinə əvvəllər bir hissəsi iddiaçıya məxsus olmuş mənzilin və barəsində iddiaçının sahiblik və istifadə hüququ olmuş digər mənzilin bərpa edilməsi barədə öhdəliyin qoyulması ilə bağlı qərarın qəbul edilməsi hüququn ədalət, mütənasiblik, vicdanlılıq və başqa şəxslərin hüquqlarına hörmət prinsiplərinə uyğun gəlmir. Çünki həmin ərazidən köçürülmüş çoxsaylı vətəndaşların (sakinlərin), eləcə də gələcəkdə inşa ediləcək binalarda mənzillər almış (əldə etmiş) digər şəxslərin yeni inşa ediləcək binalardakı mənzillərinə sahiblənmək kimi qanuni gözləntiləri mövcuddur.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 55.5, 139.1, 139.3, 146.1-146.2, 150.1, 459.5-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

9. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, idiaçının cavabdehin özbaşınalığı nəticəsində sökülmüş və iddiaçının hazırda bərpa edilməsini tələb etdiyi daşınmaz əmlaklar üzərində ən azından sahiblik və istifadə hüquqları olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 55.5. Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. Maddə 139.1, 139.3. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 146.1-146.2. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.

13. “M.Bağırovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

19. İş materialları əsasında yalnız ünvan 2 ünvanında yerləşən 4 nömrəli mənzilin 2 otaqdan ibarət payının xx.xx.2009-cu il tarixdə iddiaçının adına qeydiyyata alınması, iddiaçı ilə X3 arasında Vəzirov küçəsi, ev 7-də Mənsurə Əliyevaya məxsus olan payların iddiaçıya satılmasına dair notariat qaydasında təsdiq edilmiş daşınmaz əmlakın xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi olsa da, əmlakın müvafiq reyestrdə iddiaçının adına qeydiyyata alınmaması, iddia tələbində göstərilən digər əmlakların da sökülənədək başqa şəxslərin adında qeydiyyatda olması, belə ki, 2006-cı ildə Vəzirov küçəsi, ev 3 ünvanı üzrə müxtəlif şəxslərin iddiaçıdan kompensasiya almasına və həmin ünvanların sökülməsinə razı olmalarına dair ərizələri olsa da, həmin əmlakın iddiaçının adına qanuna müvafiq qaydada rəsmiləşdirilməməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının yalnız əvvəllər onun mülkiyyətində olduğu müəyyən edilən ünvan 2 ünvanında yerləşən 4 nömrəli mənzilin 2 otaqdan ibarət payı və Vəzirov küçəsi, ev 7 ünvanında X1 adına qeydiyyatda qalmaqla, notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən ona satılmış paylar (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir) ilə bağlı iddia irəli sürməyə subyektiv hüququ olmuş, digər əmlaklarla bağlı isə rəsmiləşdirmə müvafiq qaydada aparılmadığından, yəni əmlaklara dair notariat qaydasında təsdiq edilmiş yazılı əqdlər olmadığından və həmin əmlaklar daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmadığından, onun N.Vəzirov küçəsi 1, 3, 5 və 7 ünvanlarında və İ.İsmayılov (keçmiş Qabışev) küçəsi, 58 ünvanında mövcud olmuş digər daşınmaz əmlaklarla bağlı hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır.

20. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan əmlak müvafiq Sərəncamın cavabdehin adına keçirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli Sərəncamından əvvəl sökülmüş, yəni əmlakı cavabdeh sökməmiş, barəsində notariat qaydasında müqavilə olan əmlak isə Sərəncamdan sonra sökülmüşdür. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırda mübahisəli ərazidə tikintinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilməsinə dair müvafiq Sərəncamın cavabdehin adına keçirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2017-ci il tarixli, 188 saylı Sərəncamı qüvvədədir, deməli, ərazidə tikinti işlərini aparmağa məsul şəxs məhz cavabdeh MMC-dir. Ərazidəki əmlakların müxtəlif vaxtlarda sökülməsi və həmin ərazinin boş olması, əmlaklar məhv olduğundan, dövlət reyestrindəki qeydlərinin məhkəmə qərarı əsasında ləğv edilməsi hazırkı iş üzrə müəyyən edilmiş mübahisəsiz hallar olduğundan iddiaçının əvvəlki vəziyyətin bərpa edilməsinə dair tələbinin təmin edilməsi mümkün deyildir. Çünki, yuxarıda da qeyd edildiyi kimi, müvafiq Sərəncam qüvvədədir və ərazi hazırda boşdur. Bu, o deməkdir ki, gec-tez qeyd olunan ərazidə yeni tipli yaşayış və qeyri-yaşayış binaları tikilməlidir (İcra Hakimiyyəti tərəfindən verilmiş belə sərəncamların məqsədi Bakı şəhərinin abadlaşdırılması üçün şəhərin görünüşünə xələl gətirən köhnə tipli binaların sökülərək, yeni tipli binaların tikilməsi olur). Məhkəmə hesab etmişdir ki, cavabdehin üzərinə əvvəllər bir hissəsi iddiaçıya məxsus olmuş mənzilin və barəsində iddiaçının sahiblik və istifadə hüququ olmuş digər mənzilin bərpa edilməsi barədə öhdəliyin qoyulması ilə bağlı qərarın qəbul edilməsi hüququn ədalət, mütənasiblik, vicdanlılıq və başqa şəxslərin hüquqlarına hörmət prinsiplərinə uyğun gəlmir. Çünki həmin ərazidən köçürülmüş çoxsaylı vətəndaşların (sakinlərin), eləcə də gələcəkdə inşa ediləcək binalarda mənzillər almış (əldə etmiş) digər şəxslərin yeni inşa ediləcək binalardakı mənzillərinə sahiblənmək kimi qanuni gözləntiləri mövcuddur.

21. Birinci instansiya məhkəməsi göstərilənlərə əsasən iddianı əsassız saymış və rədd etmişdir.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış dəlillərini formal mülahizə xarakterli dəlillər sayır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən müfəssəl hüquqi qiymət verildiyindən bu dəlillər üzrə yenidən hər hansı araşdırma aparılmasına və onlara qiymət verilməsinə prosessual baxımdan ehtiyac yoxdur.

23. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

25. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 22 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar