Məhkəmə qərarları › İş №2(103)-11183/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11183/2021

11.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11183/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Baş Polis İdarəsinin X1 İdarəsinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Cavabdeh Yasamal RM-nə vəsatət verərək xahiş edib ki, qətnamədən apellyasiya şikayəti verilməsi müddəti bərpa edilsin. Yasamal RM-nin 14.10.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, hazırkı iş üzrə Yasamal RM-nin 19.04.2021-ci il tarilxi qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti cavabdehə münasibətdə bərpa edilsin. İddiaçı şikayət verərək xahiş edib ki, qərardad ləğv olunsun. Şikayət təmin olunmalıdır. Belə ki, qətnamədən apellyasiya şikəyəti verilməsi müddəti 1 aydır, həmin müddət qətnamənin rəsmi qaydada verildiyi gündən hesablanır. Poçt göndərişlərinin reyestrinə (iş v. 56) əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, qətnamənin surəti 03.05.2021-ci il tarixdə cavabdehin ünvanına çatdırılıb. Apellyasiya şikayəti isə 4 aydan sonra – 27.09.2021-ci il tarixdə verilib. Göründüyü kimi, apellyasiya şikayəti verilməsi müddəti keçib. Mülki-Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin ötürülməsinin üzrlü səbəbi müəyyən edilmədi. Qətnamənin surətinin cavabdehə 2-ci dəfə verilməsi apellyasiya şikayəti verilməsi müddətinin yenidən hesablanmasına əsas deyil. Ona görə də qərardad ləğv edilməli, müddətin bərpasından imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı şikayəti təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli qərardadı ləğv olunsun. Cavabdeh Bakı Şəhəri Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən verilmiş “qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə” vəsatət təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar