Məhkəmə qərarları › İş №2(103)-1119/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1119/2023

12.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1119/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X3 ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 6912/2016 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada "xxxx" ASC-yə ödəməli olduğu 23.067 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası manatına məzənnəsi ilə hesablanmaqla, eyni zamanda məhkəmələrdə hüquqlarının müdafiə edilməsi üçün "xxxx" MMC-yə ödədiyi 500 manatın və dövlət rüsumu qismində ödədiyi 30 manatın cəmi 23.067 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası manatına məzənnəsi ilə və 530 manatın nəfinə tutulması, həmçinin “İnfiniti G 35” markalı, 2008-ci il buraxılışlı, ban nömrəsi JNKBV61E88M500546, mühərrik nömrəsi 643840C olan qara rəngli **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərdən alınaraq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan “İnfiniti G 35” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq ona verilməsi və hüquqi yardım üçün "xxxx" MMC-yə ödədiyi 500 manat məbləğində xərcin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(005)- 6912/2016 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı mülkiyyətində olan “İnfiniti G35” minik markalı (buraxılış ili 2008, Tip sedan, mühərrik 643840C, Ban JNKBV61E88M500546, rəngi qara) **-NE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili cavabdehlər Cavabdeh1, Cavabdeh2 Tahir oğlundan və Cavabdeh3 alınaraq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Tahir oğlundan və Cavabdeh3 müştərək qaydada hüquqi xidmətlərə görə ödənilmiş 500 (beş yüz) manat məbləğində pul, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1 20 may 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(005)-6912/2016 nömrəli qətnaməsindən apellyasiya şikayətlərini məhkəməyə təqdim etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 6912/2016 saylı qərardadı ilə Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(005)-6912/2016 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti müəyyən müddət keçdikdən sonra verildiyindən geri qaytarılmışdır. Daha sonra Cavabdeh1 26 noyabr 2021-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-6912/2016 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, müvafiq apellyasiya şikayətinin apellyasiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 6912/2016 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qeyd edilən qətnamə xx.xx.2016-cı il tarixdə tərəflərə göndərilmiş, xx.xx.2016- cı il tarixdə Yasamal rayon İcra Şöbəsinə icra edilməsi üçün göndərilmişdir. Yasamal rayon İcra Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədinin könüllü icrası üçün tərəflərə bildiriş göndərilmişdir. Göründüyü kimi, Cavabdeh1 apellyasiya şikayətini 5 ildən artıq müddət keçdikdən sonra vermişdir. Bundan başqa, Cavabdeh1 hazırda mübahisələndirdiyi qərardadın xx.xx.2022-ci ildə qəbul edilməsinə baxmayaraq, o, həmin qərardaddan şikayəti yalnız xx.xx.2022-ci ildə, yəni qərardadın qəbul edilməsindən təxminən 6 ay sonra vermişdir. Cavabdeh həm qətnamədən, həm də qərardaddan şikayəti gec verməsini həmin məhkəmə aktlarının ona gec təqdim edilməsi ilə izah etmişdir. Kollegiya şikayətin bu dəlilini əsaslı hesab etmir və öz qənaətini onunla izah edir ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. Bu mənada kollegiya hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin qəbul etmiş olduğu qərardaddan şikayət vermə müddəti onun təqdim edildiyi vaxtdan cəmi 10 gün ərzində müəyyən edildiyi halda, yalnız həmin qərardadın gec təqdim edilməsi səbəbi ilə onun qəbul edilməsindən 6 ay keçdikdən sonra mübahisələndirilməsi yuxarıda qeyd edilən prinsiplər baxımından üzrlü hesab edilə bilməz. Xüsuslə nəzərə alınmalıdır ki, cavabdeh işin bu mərhələsində vəkillə təmsil olunmuşdur və apellyasiya şikayəti də vəkil tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Belə olan halda, vəkilin hüquqi xidmətlərindən istifadə edən cavabdehin verdiyi şikayətlə bağlı məhkəmə tərəfindən hansı qərarın qəbul edilməsi ilə uzun müddət maraqlanmaması, bu qərardadın qəbul edilməsindən 6 ay ərzində xəbərsiz olması ağlabatan deyildir. Oxşar mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Belə ki, “Məhəmmədov və digərləri Rusiyaya qarşı” xx.xx.2017-ci il tarixli Qərarında Məhkəmə qeyd etmişdir ki, “məhkəməyə çatım hüququ ədaləti məhkəmə araşdırması hüququnun aspektlərindən biridir (bax X7rşı qərarına, xx.xx.1975-ci il, §36), mütləq deyil və xüsusilə şikayətin mahiyyəti üzrə baxılmasının qəbuledilənliyinə münasibətdə dolayı məhdudiyyətlərə məruz qala bilər (bax X2rşı qərarına, xx.xx.1985-ci il, §57). Lakin bu cür məhdudiyyətlər elə bir qaydada və ya həddə olmalıdır ki, hüququn özünə xələl gəlməsin. Məhdudiyyətlər qanuni məqsəd daşımalı, eləcə də istifadə edilmiş vasitələrlə nəzərdə tutulmuş məqsədlər arasında ağlabatan mütənasiblik olmalıdır (bax Guerin Fransaya qarşı qərarına, xx.xx.1998-ci il, §37; Lupeni X1rşı qərarına, №76943/12, §§84-89). Şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir (bax Pérez de X6rşı qərarına, xx.xx.1998-ci il, §45). Buna görə, müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6-cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər (bax: Ponomaryov Ukraynaya qarşı qərarına, §42). Baxmayaraq ki bur cür qərar yalnız yerli məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir, bu səlahiyyətlər məhdudiyyətsiz deyil. Apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə üzrə qərar qəbul edən məhkəmə, hər bir halda, qərarını əsaslandıran səbəbləri göstərməli, eləcə də, bu cür ərizəni əsaslandıran səbəblərin qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxilə, xüsusilə səlahiyyətləri nə müddət, nə də ki əsaslara görə daxili qanunvericiliklə məhdudlaşdırılmadığı hallarda haqq qazandırıb-qazandırmamasını yoxlamalıdır (bax Ponomaryov Ukraynaya qarşı qərarına, §34). Avropa Məhkəməsi daha sonra xatırladır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir (bax: Karen Pogosyan Ermənistana qarşı qərar, §47). Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax Raihani Belçikaya qarşı qərarına, §38) Göründüyü kimi, bu qərarlarında Məhkəmə prosessual müddəti ötürmüş şəxsin qərardan şikayət vermək üçün xüsusi diqqətlə, yəni qərarın mövcudluğundan xəbərdar olduğu andan dərhal hərəkət etməli olduğunu qeyd etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı mübahisə üzrə qəbul etdiyi qərardadda gəldiyi nəticə düzgün olmuşdur, həmin qərardaddan verilmiş şikayət əsassızdır və təmin edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qərardaddan verilmiş şikayəti əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 6912/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar