Məhkəmə qərarları › İş №2(103)-11196/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11196/2021

08.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11196/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(011)-4116/2021 nömrəli qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 Cavabdeh1 iddiaçıya vurulmuş maddi ziyana görə 10000 manat, mənəvi ziyana görə 5000 manat, Cavabdeh2 iddiaçıya vurulmuş maddi ziyana görə 10000 manat, mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X5 ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, İddiaçı 23.12.2019cu il tarixdə saat 19:00 radələrində Cavabdeh1 məxsus “Kia Sportage” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edən Cavabdeh2 tərəfindən idarə edilməsi zamanı avtomobil tərəfindən vurularaq qəzada ağır xəsarət almış və hazırda sərbəst hərəkət edə bilmədiyindən əmək qabiliyyəti məhduddur. Hazırda həm davam edən müəlicə, həç də işləyə bilmədiyinə görə maddi ziyana düşüb. O, aldığı fiziki və mənəvi iztirab çəkir. Odur ki, cavabdehlər tərəfindən ona mənəvi ziyan da yetirilmişdir. Hadisəni birbaşa törədən Cavabdeh2 olsa da, digər səbəbkar və əsl cavabdeh ona avtomobili vermiş Cavabdeh1dır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(011)-4116/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı vurulmuş maddi ziyanının əvəzi olaraq Cavabdeh1 1608 manat, mənəvi ziyanın əvəzi olaraq 1000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, İddiaçı vurulmuş maddi ziyanının əvəzi olaraq Cavabdeh2 1608 manat, mənəvi ziyanın əvəzi olaraq 1000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4116/2021 saylı iş üzrə 17.07.2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, Cavabdeh1 maddi ziyan 10000 manat, mənəvi ziyan 5000 manat olmaqla cəmi 15000 manat alınaraq ona ödənilməsini və Cavabdeh2 maddi ziyan 10.000 manat, mənəvi ziyan 5.000 manat olmaqla, cəmi 15.000 manat alınıb ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, 23.12.2019 tarixdə saat 19 radələrində Cavabdeh1 qızna məxsus “Kia Sportage” markalı ** NG *** nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edən Cavabdeh2 tərəfindən idarə edilməsi zamanı avtomobil tərəfindən vurularaq qəzada ağır xəsarət almış və hazırda hərəkəti məhduddur və əmək qabiliyyəti məhduddur. Hazırda həm davam edən müalicə, həm işləyə bilməməyi üçün maddi ziyanı davam edir, həm də aldığı xəsarət nəticəsində fiziki və mənəvi iztirab çəkir və nəticədə mənəvi ziyan çəkir. Hadisəni birbaşa törədən Cavabdeh2 olsa da, digər səbəbkar və əsl cavabdeh ona avtomobili vermiş Cavabdeh1dır. Lakin cinayət işi materiallarından göründüyü kimi, Cavabdeh1 sürücülük hüququ olmayan Cavabdeh2 hər hansı etibarnamə verməmişdir. Beləliklə müştərək mülki məsuliyyəti Cavabdeh1 daşıyır. Bütün bunları nəzərə alaraq və yuxarıda şadlanan qanunun normalarını əsas tutaraq Cavabdeh1 maddi ziyan 10.000 manat, mənəvi ziyan 5.000 manat olmaqla, cəmi 15.000 manat alınıb ona ödənməsi və digər Cavabdeh2 maddi ziyan 10.000 manat, mənəvi ziyan 5.000 manat olmaqla.cəmi 15.000 manat alınıb ona ödənməsi barədə qətnamə çıxarasılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh1 maddi ziyan 1.608 manat, mənəvi ziyan 1.000 manat olmaqla, cəmi 15.000 manat alınıb ona ödənməsi, Cavabdeh2 maddi ziyan 1.608 manat, mənəvi ziyan 1.000 manat olmaqla, alınıb ona ödənməsi barədə qətnamə çıxarılmışdır. Hesab edir ki, qətnamə mahiyyətcə doğru olsa da, Ali Məhkəmə Plenumunun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qərarlarına haqlı olaraq əsaslansa da, təyin olunmuş məbləğ ona dəymiş maddi və mənəvi ziyanı təmin etmir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4116/2021 saylı iş üzrə 17.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Məhkəmə qətnamə qəbul edərkən qeyd edilir ki, iddiaçıya dəymiş maddi ziyan ödənilməmişdir. Bununla əlaqədar olaraq qeyd edir ki, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə məhkəmə baxışı zamanı məhkəməyə iddiaçıya təzminatın ödənilməsini təsdiq edən sənədlər təqdim edilmişdir. Lakin Bakı şəhər Xətai rayon Məhkəməsi sübutlara qiymət verərkən iddiaçıya dəymiş ziyanın ödənilməsi barədə sübutlara qiymət verməmiş, yalnız iddiaçının marağını təqdim edən sübutları qiymətləndirmişdir. Məhkəmə tərəfindən prosessual hüquq normaları ilə bərabər maddi hüquq normalarının pozuntusuna da yol verilmişdir. Göründüyü kimi məhkəmə işin hallarını araşdırmadan yalnız iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsini təsdiq etməklə öz vəzifəsini bitmiş hesab etmişdir. Beləliklə də məhkəmə tərəfindən qətnamə qəbul edilərkən kobud şəkildə qanunvericilik pozulmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən kobud şəkildə maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməlidir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4116/2021 saylı iş üzrə 17.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, hazırkı mülki iş üzrə qəbul edilmiş qətnamə qəbul edilərkən maddi və prosessual qanunvericiliyin tələbləri pozulduğundan, Xətai Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ondan dəymiş maddi ziyana görə 1608 manatın, mənəvi zərərə görə 1000 manatın, cəmi 2608 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsinə aid hissədə ləğv edilməsinə, iddia tələblərinin dəymiş maddi ziyana görə ondan 716 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Qeyd edir ki, 23.12.2019-cu il tarixdə saat onunla eyni dükanda işləyən Cavabdeh1 məxsus “Kia Sportage” markalı **-NG-*** d/q nişanlı avtomaşını yolun hərəkət hissəsinin kənarında, səkinin yanında parklamaq istəyərkən ehtiyatsızlıqdan idarə etdiyi avtomaşının ön hissəsi ilə səkidə hərəkətdə olan İddiaçı vurmuş. Hadisə nəticəsində İddiaçı ağır dərəcəli bədən xəsarəti almışdır. Hadisə baş verən andan X6 bütün tibbi məsrəfləri ilə yanaşı digər tələbatlarını da maddi baxımdan qarşılamış. Təkcə İddiaçı mülaicəsi üçün 3725 manat xərc çəkəmişdir. Bakı şəhər Nəsimi rayon məhkəməsinin 02 sentyar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib, 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş. Bildirir ki, törədilən qeyd olunan cinayət nəticəsində İddiaçı dəymiş maddi və mənəvi ziyan tərəfindən ödənmişdir. İşə baxarkən birinci instansiya məhkəməsi tərəfindən yol verilən kobud qanun pozuntuları aşağıdakılardır. Qanunvericiliyin qeyd olunan tələbləri birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iddia tələblərini qismən təmin etsə də, tərəfindən İddiaçı müalicəsi üçün çəkdiyi xərclər nəzərə alınmamışdır. Dəymiş ziyanı qiymətləndirərkən 716 manat iddiaçı tərəfindən çəkilmiş mülaicə xərcləri təqdim edilmiş sübutlar(qəbz) əsasında dəqiqləşdirmiş, lakin iddiaçının 23.12.2019-cu il tarixdən 04.09.2020-ci ıl tarixədək olan dövr üzrə xəsarət almayacağı təqdirdə hər ay 250 manat gəlir əldə edəcəyi kimi gəldiyi qənaətlər tamamilə əsassızdır və ehtimallara söykənir. Belə ki, məhkəmə prosesində iddaçı İddiaçı hadisədən əvvəllki dövr ərzində aylıq gəlirini təsdiq edəcək hər hansı bir sübut təqdim etməmişdir. İkincisi də məhkəmə işə qərəzli yanaşaraq hərtərəfli araşdırmadan tərəfindən İddiaçı müalicəsi üçün çəkilmiş xərcin məbləğini 525 manat az qeyd etmişdir. Çünki, müalicəsi üçün iddiaçıya 3725,53 manat tərəfindən xərc çəkildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, Cavabdeh1 maddi ziyan 10000 manat, mənəvi ziyan 5000 manat olmaqla cəmi 15000 manat alınaraq ona ödənilməsini və Cavabdeh2 maddi ziyan 10.000 manat, mənəvi ziyan 5.000 manat olmaqla, cəmi 15.000 manat alınıb ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətlərinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli, 1(006)-181/2020 nömrəli Hökmün surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd edilən hökmdə göstərilmişdir ki, Cavabdeh2 23.12.2019-cu il tarixdə saat 19 radələrində “Yol hərəkət haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinin tələblərinə (mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini və digər sənədləri özündə saxlamalıdır) riayət etməyərək nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Kia Sportage” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanda 20 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun 36cı maddəsinin İ hissəsinin 3-cü bəndinin (Yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar) tələblərinə riayət etməklə hadisənin qarşısını almaq texniki cəhətdən imkanı olduğu halda, bu tələblərə riayət etməmiş və həmin ünvanda yerləşən “X-Small” geyim mağazasının qarşısında avtomobilin ön hissəsi ilə səkidən piyada keçən İddiaçı vuraraq ehtiyatsızlıqdan ona sağ dirsək sümüyünün bizvari çıxıntısının qapalı yerdəyişmiş sınığı, sağ qamış sümüyünün oynaq daxili qapalı çoxqəlpəli yerdəyişən sınıqları, sağ diz və sağ bud nahiyyələrinin qançırları kimi xəsarət ilə nəticələnən, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla (35 faiz) uzun müddətə itirilməsinə səbəb olan, sağlamlığına ağır zərər vurmaya aid edilən zərər vurmuşdur. Mülki iş materiallarında olan Azərbaycan Tibb Universitetinin X1 Epikrizindən görünür ki, İddiaçı politravma, sağ tərəfli qamış sümüyün oynaq səthinin və diafizin qapalı çoxparçalı və sağ dirsək sümüyünün bizvari çıxıntısının qapalı yerdəyişmiş sınığı diaqnozu qoyulmuşdur. Xəstənin deməsinə görə 23.12.2019-cu il tarixdə avtoqəza nəticəsində travma almışdır. İlkin tibbi yardım 1 saylı KTM-də göstərilmiş, sağ diz oynağının rentgen müayinəsində tibia plato sınığı diaqnozuna görə sağ aşağı ətrafa skelet dartması ilə yük asılmışdır və sağ yuxarı ətraf gips longetilə immobilizasiya olunmuşdur. Daha sonra xəstə 24.12.2019 tarixində müayinə və müalicə üçün ATU TCK-na köçürülmüşdür. Xəstə 01.01.2020-ci il tarixində ümumi anesteziya altın qoyulmuş diaqnozuna görə sağ qamış sümüyünün “İlizarov” üsulu ilə osteisintezi cərrahi əməliyyatı icra edildi. Xəstəyə 6 həftə sağ aşağı ətrafa yük salmaq məsləhət görülmür. Mülki iş materiallarında olan “X3” MMC tərəfindən təqdim edilmiş arayışdan görünür ki, 04.09.2020-ci il tarixində İddiaçı cərrahi əməliyyat olunmuşdur. Xəstəyə sağ qamış sümüyü kondilusunun çoxqəlpəli, oynaq daxili, bitişmiş sınığı, sağ diz oynağının açıcı kontrakturası diaqnozu qoyulmuşdur. İlizarov aparatı xaric edildi. Mülki iş materiallarında olan Azərbaycan Tibb Universitetinin X2 01.01.2020-ci il tarixli, 11.01.2020-ci il tarixli, 16.01.2020-ci il tarixli qəbzlərin surətlərindən görünür ki, İddiaçı tərəfindən, müvafiq olaraq, 84 manat, 200 manat, 299 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 16.09.2020-ci il tarixli qəbzindən görünür ki, İddiaçı diz MRT (sağ tərəf) müayinəsi üçün 140 manat məbləğində pul ödəmişdir. Beləliklə mülki işin birinci instansiya məhkəməsinin araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, H.B. Əliyev küçəsində yerləşən “XSmall” geyim dükanında satıcı işləyirdi. Həmin dükanda yerləşən kosmetika şöbəsində Cavabdeh1 fəaliyyət göstərirdi. 23.12.2019-cu il tarixində Cavabdeh1 ona məxsus olan “Kia Sportage” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobili düzgün yerdə saxlamaq üçün avtomobilin açarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Cavabdeh2 vermişdir. Cavabdeh2 riayət etməyərək nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Kia Sportage” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanda 20 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin (Yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar) tələblərinə riayət etməklə hadisənin qarşısını almaq texniki cəhətdən imkanı olduğu halda, bu tələblərə riayət etməmiş və həmin ünvanda yerləşən “X-Small” geyim mağazasının qarşısında avtomobilin ön hissəsi ilə səkidən piyada keçən İddiaçı vuraraq ehtiyatsızlıqdan ona sağ dirsək sümüyünün bizvari çıxıntısının qapalı yerdəyişmiş sınığı, sağ qamış sümüyünün oynaq daxili qapalı çoxqəlpəli yerdəyişən sınıqları, sağ diz və sağ bud nahiyyələrinin qançırları kimi xəsarət ilə nəticələnən, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla (35 faiz) uzun müddətə itirilməsinə səbəb olan, sağlamlığına ağır zərər vurmaya aid edilən zərər vurmuşdur. Hadisə nəticəsində aldığı xəsarətlərlə bağlı iddiaçı X7 01.01.2020-ci il tarixdə “İlizarov” üsulu ilə cərrahi əməliyyat olunmuşdur, “İlizarov” aparatı 04.09.2020-ci il tarixində çıxarılmışdır. Əməliyyat və digər xərcləri qarşılamaq məqsədi ilə Cavabdeh2 tərəfindən iddiaçıya 3200 manat məbləğində pul ödənilmişdir. Aldığı müalicə ilə əlaqədar iddiaçı tərəfində 716 manat məbləğində pul xərclənmişdir. Göstərilən hadisə nəticəsində iddiaçının sağ ayağına İlizarov aparatı bərkidilmişdir və o, 10 ay müddətinə hərəkət etmək və əmək fəaliyyəti ilə məşğul olmaq iqtidarında olmamışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (MM 21.1-ci maddəsi). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM 21.1-ci maddəsi). Həmin Məcəlləyə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (MM 1096.1-ci maddəsi).. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (MM 1096.2-ci maddəsi). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (MM 1097.1-ci maddəsi). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (MM 1108.1-ci maddəsi). Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər (MM 1108.2-ci maddəsi). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baş vermiş nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi ziyana görə nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə özünə məxsus nəqliyyat vasitəsinin açarlarını verərək, avtomobili başqa yerdə saxlamaq tapşırığını vermiş) və həmin nəqliyyat vasitəsini sonuncunun tapşırığı ilə hüququ olmadan idarə edən şəxs Cavabdeh2 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan avtomobillə ünvan 1 ünvanda 20 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət etməmiş və avtomobilin ön hissəsi ilə səkidən piyada keçən İddiaçı vuraraq ehtiyatsızlıqdan ona dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla (35 faiz) uzun müddətə itirilməsinə səbəb olan, sağlamlığına ağır zərər vurmaya aid edilən zərər vurmuşdur) məsuliyyət daşıyırlar. Belə ki, hər iki cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığına zərər yetirilmiş, sağlamlığını itirdiyinə görə iddiaçı maddi və mənəvi ziyan çəkmişdir. Məhkəmə kollegiyası zərərin məbləğinə qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən müalicəsi ilə bağlı ödənilmiş 716 manat məbləğ nəzərə alınmaqla, əmək fəaliyyəti ilə məşğul ola bilmədiyi dövr üzrə, yəni 23.12.2019-cu il tarixdən 04.09.2020-ci il tarixədək olan dövr üzrə, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürülməklə (250 manat) dəymiş ziyan 3216 (250x10+716=3216) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh1 1608 manat, Cavabdeh2 1608 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası iddianın mənəvi ziyanın ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddiaçıya vurulmuş mənəvi ziyanın məbləği 2000 manat məbləğində müəyyən edilməklə, Cavabdeh1 1000 manat, Cavabdeh2 1000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehlərin təqsiri üzündən mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stressləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, mənəvi zərərin həcmi 10000 manat məbləğində deyil, işin faktiki halları nəzərə alınmaqla 2000 manat məbləğində müəyyən edilməklə, Cavabdeh1 1000 manat, Cavabdeh2 1000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərarsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, İddiaçı vurulmuş maddi ziyanının əvəzi olaraq Cavabdeh1 1608 manat, mənəvi ziyanın əvəzi olaraq 1000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, İddiaçı vurulmuş maddi ziyanının əvəzi olaraq Cavabdeh2 1608 manat, mənəvi ziyanın əvəzi olaraq 1000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki,bu dəlillər qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir, həmin dəlillərə yuxarıda qiymət verilmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(011)-4116/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar