Məhkəmə qərarları › İş №2(103)-112/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-112/2021

09.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-112/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-370/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsindən X2, Fahri Coşkun və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 və Fahri Coşkun Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin 66,66% təsis payına malik təsisçilər olaraq, iddiaçılara “xxxx” MMC-nin fəaliyyət göstərdiyi əraziyə daxil olmaq, sərbəst şəkildə giriş-çıxışına şərait yaratmaq, 23 və xx xxx 2018-ci il tarixli balans hesabatında göstərilən avadanlıq, avtomobil, xammalmateriallar və hazır məhsulların harada saxlanmasını əyani şəkildə göstərmək, mühasibat kitabları və digər sənədlərlə tanış olmaq hüququnun təmin edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(004)-370/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, “xxxx” MMC-nin 66,66% təsis payına malik təsisçilər olaraq, Fahri Coşkun və Alsaç Mustafaya “xxxx” MMC-nin fəaliyyət göstərdiyi əraziyə daxil olmaq, sərbəst şəkildə giriş-çıxışına şərait yaratmaq və balans hesabatında göstərilən avadanlıq, avtomobil, xammal-materiallar və hazır məhsulların harada saxlanmasını əyani şəkildə göstərmək, mühasibat kitabları və “xxxx” MMC-yə aid sənədlərlə tanış olmaq hüququnun təmin edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, iddiaçılar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçılara müştərək qaydada ödənilməsi qət edilmişdir. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və iddianın tam təmin olunmasını xahiş etmişlər. Cavabdeh da apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndələri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, “xxxx” MMC xx xxxxxx 2016-cı il tarixdə qeydiyyata alınmış və təsisçiləri Cavabdeh Tapdıq oğlu, Alsaç Mustafa, Coşkun Fahridir. Cəmiyyətin nizamnamə kapitalı 90 manat həcmində, hər birinin dəyəri 30 manat olmaqla 1 pay şəklində 3 paydan ibarətdir. İddiaçılar bildirir ki, onlar tərəfindən verilən xx.xx.2016-cı il tarixli etibarnamə əsasında cavabdehə bir çox səlahiyyətlərlə yanaşı “Cəmiyyətin rəhbərini təyin etmək” səlahiyyəti verilmiş və o, qanuni təmsilçi kimi vergi orqanında qeydiyyata alınmışdır. xx xxx 2018-ci il tarixdə cavabdeh onlarla telefon əlaqəsi saxlayaraq şirkətdən ayrılmaq istədiyini və artıq icraçı direktor olmaq istəmədiyini bildirmişdir. Belə olan halda, təsisçilər olaraq, onlar həmin gün cəmiyyətin mühasibi Əhəd Bünyadov ilə əlaqə saxlayaraq müəssisənin balansı barədə məlumat istəmiş, sonuncu isə 23 və xx xxx 2018-ci il tarixlərdə “xxxx” MMC-nin balans hesabatını onlara göndərmişdir. “xxxx” MMC-nin 66.66% təsis payına malik olsalar da, onlar müəssisənin harada fəaliyyət göstərməsini bilmir, avadanlıq və avtomobillərin, xammal və materialların harada olması barədə xəbərləri yoxdur. Hazırki vaxtda da cavabdeh MMC-yə məxsus avadanlıq və xammaldan istifadə etməklə məhsul istehsal edib satışını təşkil edir. Cəmiyyətin təsisçilərinin növbədənkənar ümumi yığıncağının keçirilməsi üçün x xxxxxx 2018-ci il tarixinə iclas təyin edilmiş və cavabdeh dəvət edilmiş, lakin o, ümumi yığıncaqda iştirakdan yayınmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçılara hər hansı bir maneə yaratmamışdır. Bundan başqa iddiaçıların istinad etdikləri 23 və xx xxx 2018-ci il tarixli balans hesabatları ümumiyyətlə mövcud deyildir. İddiaçıların təqdim etdiyi həmin sənəd isə imzalanmamış, möhürlənməmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiqlənməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 65.1-ci maddəsinə əsasən təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, ortaqlığın və ya cəmiyyətin işlərinin idarə olunmasında iştirak edə bilər; nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər; mənfəət bölgüsündə iştirak edə bilər; ortaqlığın və ya cəmiyyətin ləğv edildiyi halda, kreditorlar ilə hesablaşmalardan sonra əmlakdan qalan hissəni və ya onun dəyərini ala bilərlər. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən təsərrüfat ortaqlığı və ya cəmiyyəti iştirakçılarının bu Məcəllədə, ortaqlığın və ya cəmiyyətin nizamnaməsində nəzərdə tutulan başqa hüquqları da ola bilər. “xxxx” MMC-nin Nizamnaməsinin 4.6-cı bəndinə əsasən cəmiyyətin fəaliyyətinə rəhbərlik Cəmiyyətin kollegial icraedici orqanı tərəfindən həyata keçirilir. İcraedici orqan 3 üzvdən ibarətdir. Üzvlər direktorlar adlanır. Hər bir direktor Cəmiyyəti fərdi təmsil etməklə yanaşı, ayrı-ayrılıqda qanuni təmsilçilik səlahiyyətlərinə malikdir. Direktorların hər hansı birinin imzası ilə təsdiqlənən sənədlər hüquqi qüvvəyə malikdir. Göründüyü kimi iddiaçılar “xxxx” MMC-nin təsisçiləri və direktorları olmaqla, MMCnin fəaliyyətində geniş səlahiyyətlərə malikdirlər. Lakin cavabdeh tərəfindən iddiaçıların cəmiyyətin fəaliyyətində iştirak etmələrinə və idarəçiliyi həyata keçirmələrinə maneə yaradılmışdır. Sonuncu isə aşağıda göstərilənlərlə təsdiq olunur. Belə ki, cavabdeh onun tərəfindən iddiaçılara heç bir maneə yaradılmadığını bildirsə də, hazırki iddiaya etiraz edir və onun rədd edilməsini xahiş edir. Eyni zamanda iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-478/2019 nömrəli, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-3403/2019 nömrəli qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-826/2020 nömrəli qərarından görünür ki, Cavabdeh tərəfindən Mustafa Alsaç və Fahri Coşkuna qarşı onların MMC-dəki təsisçilik paylarına xitam verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Bütün bu hallar isə onu göstərir ki, həqiqətən də cavabdeh tərəfindən iddiaçıların “xxxx” MMC-nin fəaliyyətində iştirak etmələrinə maneə yaradılmışdır. İşin hallarını və Mülki Məcəllənin 65-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçılar haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişlər. Bununla yanaşı kollegiya hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçılar məhz 23 və xx xxx 2018-ci il tarixli balans hesabatına istinad etməklə həmin hesabatda göstərilən avadanlıq, avtomobil, xammal-materiallar və hazır məhsulların harada saxlanmasını əyani şəkildə göstərmək hüququnun təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşlər. Lakin iş materiallarından görünür ki, 23 və xx xxx 2018-ci il tarixli balans hesabatı qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməmiş, yəni səlahiyyətli şəxslər tərəfindən imzalanmamış və möhürlənməmişdir. Ona görə də, iddiaçıların məhz həmin tarixli balans hesabatına istinad etmələri əsassızdır. Birinci instansiya məhkəməsi də düzgün olaraq həmin hissədə iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: X2, Fahri Coşkun və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-370/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar