Məhkəmə qərarları › İş №2(103)-112/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-112/2022

10.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-112/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X13 oğlunun iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-795/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh evə çəkdiyi xərcin- 80000(səksən min) manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiasında göstərir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Cavabdeh ilə qeyri-rəsmi nikahla evlənmişlər. Onunla nikahı rəsmiləşdirməmişdir. Dopova X11 rayonu Qullar kəndində yaşadığından onunla qeyri-rəsmi evli olduğu vaxtda torpaq sahəsi alaraq ev tikmək qərarına gəlmişdir. Bununla bağlı Balakən rayonu Qullar Bələdiyyəsinə müraciət edərək ona 0.10 ha. həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Balakən rayonu Qullar Bələdiyyəsinin sədri Ramazan Ömərov ona bildirmişdir ki, o, Balakən rayonu Qullar kənd sakini deyildir, Qullar kənd sakini olan yaxın adam tap, onun adına torpaq sataq, sonra ondan alarsan. Elə buna görə də Cavabdeh qardaşı X12 ilə danışıb onun adına 0.10 ha torpaq sahəsi götürmək qərarına gəlmişdir. 07 may 2014cü ildə ünvan 2i ünvanında yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin Balakən rayonu Qullar Bələdiyyəsinin sədri X4 tərəfindən X9 1000 (min) AZN pula satılması barədə alqısatqı müqaviləsi bağlanmışdır. 08 aprel 2015-ci ildə həmin torpaq sahəsinə X6 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. 12 may 2015-ci ildə isə ünvan 2i ünvanında yerləşən 0.10 ha həyətyanı torpaq sahəsini X12 bacısı Cavabdeh bağışlaması barədə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. 2015-ci ildə onun vəsaiti hesabına ümumi sahəsi 95.30 kvm, yaşayış sahəsi 63.40 kvm, köməkçi sahəsi 31.90 kvm olan fərdi yaşayış evi inşa etmişdir. Bundan əlavə orada qazanxana, ayaqyolu, hasar, talvar da tikdirmişdir. Yoldan giriş üçün darvaza qoydurmuşdur. 0.10 ha torpaq sahəsində 80 000 (səksən min) AZN xərc qoyaraq orada tikililər inşa etmişdir. Aşağıda qeyd etdiyi şahidlər çəkdiyi xərcləri təsdiq edə bilərlər. Belə ki, Balakən rayonu Poşbinə (Gərəkli) kənd sakini X16 evinin ustası olmuş, evin bünövrəsindən dam örtüyünün vurulmasınadək, eyni zamanda evin suvaq işlərini də görməklə orada işləmişdir. Həmin evdə tikinti işlərində 7 ay usta və fəhlələrlə işləmiş və ona zəhmət haqqı olaraq 18 000 (on səkkiz min) AZN pul ödəmişdir. Həmin evin tikilməsinə 1 ədədi 1 manatdan 3500 ədəd mişar daşı, 1 ədədi 0.40 manatdan 3000 ədəd kərpic, hasar tikilməsi üçün 1 ədədi 1 manatdan 2000 ədəd mişar daşı, orta qiyməti 0.80 manat olmaqla 2000 metr armatur, 1 kubu 330 manatdan olmaqla 14 kub taxta materialı, 1 maşını 80 manatdan 9 maşın qum, 1 tonu 130 manatdan 40 ton sement, evin üst tavanının örtülməsi üçün 1100 manat dəyərində dam örtüyü və aksessuar Ramiz Qardaşovun iştirakı ilə alınaraq sərf olunmuşdur. Bundan başqa Ramiz Qardaşov evin işıq sistemini çəkdirmiş və işıq sisteminin çəkilməsinə 1000 manat xərclənmişdir. Bundan əlavə 2016-2017-ci illərdə Balakən rayonu Qullar kənd sakini olan X7 həyətdə olan navesin tikilməsini, onun dam hissəsini, altının tavanını, divarlarını, altının betonunu, 10 metr hasar tikilməsini, tualetin damı, malyar işini, kafelini, həyətdəki su baseynini, həyətə 20 metr uzunluğunda 1 metr enində beton tökülməsini, hasara emulsiya vurulmasını, həyətin giriş qapısının arxasının dəmirdən işlənməsini, evin dam hissəsinə 95 kvm. penoplast döşənməsini, yol qapısının giriş hissəsinə 12 kv.m beton tökülməsini, döşəmə altına taxta vurulması işlərini gördürmüşdür. Həmin işlərin görülməsinə ona 1500 manat pul vermişdir. Evin tikilməsi ilə bağlı X5 ilə müəyyən məsləhətləşmələr aparmışdır. Evin istilik sistemini, hamam aksessuarlarını, evin və həyətin su xəttinin materiallarını Yusif Şərifovun mağazasından almışdır. Həmin materiallara 4000 manat pul ödəmişdir. Evdə və həyətdə apardığı bütün tikinti quraşdırma işlərinin materiallarını isə X8 məxsus olan tikinti materialları mağazasından almışdır. Oradan təxminən 35 000 manatdan çox material almışdır. Beləliklə, evə çəkdiyi xərc 80 000 (səksən min) manat civarındadır. Cavabdeh isə onun xərc çəkdiyi əmlakını ələ keçirdikdən sonra onunla münasibətlərini kəsmiş və onların qeyri-rəsmi nikah münasibətlərinə son qoymuşdur. Hazırda da o, həmin evə baxır, tez-tez ora baş çəkir. Lakin Cavabdeh onu evdən çıxartmaq istəyir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-795/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 77000 (yetmiş yeddi min) manat İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması, Cavabdeh ekspertiza tədqiqatı dəyəri olan 100 (bir yüz) manat pul "xxxx" MMC-nin (VÖEN: 100178711, "xxxx" ASC-nin Neftçilər filialı, Bankın kodu 507376, VÖEN: **********, M/h:AZ27NABZ********************, S.W.İ.F.T. BİC: JBBKAZ22, H/h: AZ82JBBK**********1147293A67) xeyrinə tutulması qət edilmişdir. X10 nümayəndəsi və vəkili X3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş edərək göstərmişdir ki; 1.İddiaçı fərdi evin tikilməsinə çəkilən xərcləri şahid ifadələrini əsas gətirərək sübuta yetirməyə çalışmışdır. İlk öncə tikinti materiallarının alqı-satqısını, ustalara ödənilən xidmət haqqını sübut edən heç bir yazılı sənəd yoxdur. İkincisi,ödənilən məbləğlərin iddiaçının vəsaiti olduğunu sübuta yetirən bir hal yoxdur. Üçüncüsü, şahidlərin həmin fəaliyyətlə məşğul olmasını heç yerdə göstərilməmişdir. Bu səbəblərdən evə çəkilən bütün xərclərin yazılı sənəd göstərilməli, ödənilmiş məbləğlərin iddiaçıya məxsusluğu sübuta yetirilməli və şahidlərin kommersiya fəaliyyətləri yoxlanılmalıdır; 2.İddiaçı evin onun tərəfindən tikilməsini sübut edən 07.12.2019-cu il tarixli Balakən rayon İNB-nin Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən arayış almışdır. Əsaslılığı şübhə doğuran bir arayış, hüquqi baxımdan əsassızdır və iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz.

3. 20.05.2020-ci il tarixli ekspert rəyinə əsasən, fərdi yaşayış evinin tikilməsi üçün tikinti materiallarına və və həmin evdə işləməiş ustalara 77000 manat xərc çəkilmişdir. Qətnamədə qeyd edilir ki, ekspert rəyi hazırki qiymətlər əsasında hesablanmışdır. Hesab edir ki, ekspertin gəldiyi nəticəyə əsasən, qiymətlər həmin dövrün bazar qiymətləri araşdırılaraq hesablanmalı idi. Buna görə də, yenidən ekspertiza keçirilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X13 oğlu apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı özünün bildirdiyinə görə yaxın münasibətdə olduğu Cavabdeh Balakən rayonu Qullar kəndində məxsus olan torpaq sahəsində öz vəsaiti ilə 95.30 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi tikdirmişdir. Cavabdeh həmin evin tikilib başa çatdırılması müqabilində onunla olan yaxın münasibətlərini davam etdirəcəyinə söz versə də əmlakı ələ keçirəndən sonra bu münasibətlərə son qoymuşdur. Hal-hazırda qeyd olunan yaşayış evi Cavabdeh mülkiyyətində olsa da faktiki olaraq iddiaçının istifadəsindədir. Evin İddiaçı tərəfindən tikilməsi Balakən rayon İHB-nın Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 07.12.2019-cu il tarixli arayışla və məhkəmə tapşırığına əsasən Balakən Rayon Məhkəməsində dindirilmiş şahid ifadələri ilə tam olaraq öz təsdiqini tapır. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, evin tikintisinə 77000 (yetmiş yeddi min) manat vəsait xərclənmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alıb yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, Cavabdeh iddiaçının ona olan münasibətindən sui-istifadə etməklə əsassız varlanmış və dəyəri 77000 ( yetmiş yeddi min) manat olan yaşayış evi əldə etmişdir. Hal-hazırda iddiaçı cavabdehin əsassız varlanma nəticəsində əldə etdiyi evə sərf olunmuş vəsaiti tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası mövcuddur. Bununla yanaşı, ekspert rəyinə əsasən evin tikintisinə sərf olunmuş vəsait iddiaçının bildirdiyi kimi 80000 manat deyil, 77000 manat müəyyən edildiyindən iddia qismən-77000 manat hissədə təmin olunmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün deyil dəyişdirilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi göstərilsə də, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız varlanmanın məbləği istisna olmaqla düzgün olmuşdur. Əvvəla, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi, Cavabdeh iddiaçının hesabına sonralar aradan qalxmış əsasa söykənən hüquqi əsas olmadan varlanması iş materialları ilə tam təsdiq olunur. Ona görə də öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün, yəni faktiki nikah münasibətlərinin saxlanılıb davam etdirilməsi üçün varlanmış şəxs olan cavabdehin hazırda xüsusi mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin tikilib başa çatdırılması üçün bütün xərcləri çəkmişdir. Lakin varlanmış şəxs olan cavabdehin əməli gözlənilən məqsədə uyğun olmadığından, yəni iddiaçı ilə faktiki nikah münasibətlərini kəsdiyindən məhrum olan iddiaçı da hazırda verdiyini geri tələb edir və bu tələbin əsası maddi hüquq normasının dispozisiya şərtləri ilə tam uzlaşdığından, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır. İkincisi, mübahisəli fərdi yaşayış evinin tikilməsinə çəkilən xərclərin şahid ifadələri ilə sübuta yetirilməsi mülki prosessual qanunvericiliyin tələblərinə tam uyğundur. Çünki, şahid ifadələri əhəmiyyətli, eləcə də məhz bu xarakterli iddialar üzrə mötəbər hesab edilən sübut növü sayılır. Nəzərə alınsa ki, şahidlər iddiaçının deyil, məhz cavabdehin yaşadığı ərazidə yaşayan şəxslərdir, başqa sözlə iddiaçıdan daha çox cavabdehin hüquqi mənafeyini qorumaqda “maraqlı” ola bilərdilər. Ancaq şahid ifadələrinin məzmunundan da aydın olur ki, onlar sübuta yetirilməli halları bilavasitə təsdiq etmiş, qərəzli olaraq hansısa tərəfin marağının müdafiə etməyə çalışmamışlar. Tikinti materiallarının alqı-satqısını, ustalara ödənilən xidmət haqqını sübut edən heç bir yazılı sənədin olmaması da iddianın əsassızlığına dəlalət etmir. Çünki, mülki dövriyyədə, o cümlədən regionlarda formalaşmış adətlərə görə tikinti materiallarının alqı-satqısını və ustalara verilən xidmət haqqını yazılı sənədlərlə rəsmiləşdirmək təcrübəsi bir qayda olaraq mövcud olmur. Başqa sözlə fərdi yaşayış evinin tikintisi ilə məşğul olan ustaların kommersiya fəaliyyəti də ola bilməz. Ödənilən məbləğlərin iddiaçının vəsaiti olduğunu sübuta yetirən bir hal olmadığını cavabdeh tərəf bəyan edirsə, onda mübahisəli evin tikintisinə sərf olunan vəsaitin kimə məxsus olduğunu sübuta yetirməlidir. Yəni, iddia tələbinə bu formada etiraz edirsə, istinad etdiyi halları sübuta yetirmək vəzifəsi artıq cavabdeh tərəfin üzərinə düşür. Ancaq cavabdeh tərəf bu dəlillərdən istifadə etsə də onları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Üçüncüsü, iddiaçı evin onun tərəfindən tikilməsini sübut edən 07.12.2019-cu il tarixli Balakən rayon İNB-nin Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən arayış almışdır. Cavabdeh bu arayışı əsaslılığı şübhə doğuran, hüquqi baxımdan əsassız hesab edir və iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməzliyini vurğulayır. Anca bu dəlillər də yalnız şəxsi mülahizəyə əsaslanan kəlmə olaraq istifadə olunur. Əks halda cavabdeh açıqlamalıdır ki, bu arayışın əsaslılığı niyə şübhə doğurur, niyə əsassızdır, nə üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Əlbətdə bu ritorik suallar olsa da, cavabdeh tərəf buna cavab verməyə də hazır olmalı idi. Ancaq apellyasiya baxışı zamanı da bu dəlillərinin əsaslı olduğuna dair heç bir arqument irəli sürmədi. Dördüncüsü, birinci instansiya məhkəməsi tərəfindən alınmış 20.05.2020-ci il tarixli qiymətləndirici rəyinə əsasən fərdi yaşayış evinin tikilməsi üçün tikinti materiallarına və həmin evdə işləmiş ustalara 77000 manat xərc çəkildiyi, apellyasiya baxışı zamanı "xxxx" MMC tərəfindən verilmiş mübahisəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə 13 iyun 2016-cı il tarixə hesablanmış bazar dəyəri 70000(yetmiş) manat, 03 noyabr 2020-ci hesablanmış bazar dəyərinin isə 73000(yetmiş üç min) və 75000(yetmiş beş min)manat təşkil etdiyi göstərilmişdir. Bununla yanaşı, məhkəmə tikinti texniki ekspertizasının 25 oktyabr 2021-ci il tarixli 10/2517 nömrəli rəyinə əsasən Cavabdeh xüsusi mülkiyyətində olan Balakən rayonu, Qullar kəndində yerləşən ümumi sahəsi 95,30 kv.metr, yaşayış sahəsi 63.40 kv.metr, yardımçı sahəsi 31.90 kv. metr olan 3 otaqlı fərdi yaşayış evinin tikilməsi və (tikinti materialları, usta xərci, və.s xərclər nəzərə alınmaqla)təmiri üçün görülməli işlərin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 38120 manat məbləğində olduğu müəyyən edilmişdir. Göründüyü kimi, birinci rəydə 77000 manatın tikinti materiallarına və ustalara sərf edilən ehtimal olunan məbləğ kimi qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş rəydə isə mübahisəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə dəyərinin 73000(yetmiş üç min) və 75000(yetmiş beş min)manat təşkil etdiyi müəyyən edilmişdir. Ancaq məhkəmə tikinti texniki ekspertizanın rəyi həm də iddia tələbinin məzmununa uyğundur. Yəni, iddiaçı evin dəyərini deyil, ona çəkilən xərcin əvəzini tələb edir. Bu xərcin də 38120 manat olduğu müəyyən edilmişdir. Ona görə də cavabdehdən evə çəkilən xərcin əvəzi kimi alınmalı olan məbləğin əvəzi 77000 manatdan azaldılaraq 38120 manat müəyyən edilməlidir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-795/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsi qismən, yəni əsassız varlanma obyektinin dəyəri olan 77000 manat hissəsində dəyişdirlməli və həmin məbləğ azaldılaraq 38120(otuz səkkiz min yüz iyirmi manat) manat müəyyən edilməli, qətnamə, mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-795/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsi qismən, yəni əsassız varlanma obyektinin dəyəri olan 77000(yetmiş yeddi min) manat hissəsində dəyişdirlsin və həmin məbləğ azaldılaraq 38120(otuz səkkiz min yüz iyirmi manat) manat müəyyən edilsin. Qətnamə, mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci -50(əlli) manatın 25(iyirmi beş)manatı İddiaçı, 25(iyirmi beş)manatı isə Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına, qiymətləndiricinin xidmət haqqı 300(üç yüz) manatın, 150(yüz əlli) manatı İddiaçı, 150(yüz əlli)manatı isə Cavabdeh alınaraq MBA LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: ********** H h № AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar