Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-112/2025 07.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilin satışından əldə olunmuş vəsaitin mənzildəki paylara mütənasib şəkildə tərəflər arasında bölünməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, Cavabdeh, onun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin satışından əldə olunmuş vəsaitin mənzildəki paylara mütənasib şəkildə tərəflər arasında bölünməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2023-ci il tarixli, 2(006)-156/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı adına 2 otaq və 2 otaqdan 1/2 hissədə, Cavabdeh adına 2 otaqdan 1/2 hissədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. 08 iyul 2023-cü il tarixli təklifdən görünür ki, İddiaçı ona məxsus payın alınmasını Cavabdeh təklif etməsi barədə bildiriş poçt rabitə orqanı vasitəsilə göndərilsə də, sonuncu həmin bildirişi almaqdan imtina etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 178, 17 saylı mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə olunmuş vəsaitin mənzildəki paylara mütənasib şəkildə (2 otaq və 2 otaqdan 1/2 hissə İddiaçı, 2 otaqdan və 1/2 hissə Cavabdeh) tərəflər arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
4. İddia onunla əsaslandırılmışdır ki, paylı mülkiyyətdə olan mənzilin ayrı-ayrılıqda iki qapısı, mənzildən kənarda ayrıca hamam və sanitar qovşağı mövcuddur. Cavabdeh iddiaçıya mənzilin naturada bölünməsinə cavabdehin qarşılıqlı razılığının və ya digər təklifinin olub-olmaması barədə təklif məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən təklifə cavab verilməmiş, yəni qarşılıqlı razılığa gəlmək mümkün olmamışdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2023-cü il tarixli 10/6996 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 178, 17 saylı mənzilin qərardadın sualında göstərilən qaydada (Cavabdeh məxsus 2 otaqdan 1/2 hissəsi və İddiaçı məxsus 2 otaq və 2 otaqdan 1/2 hissəsinin) bölünməsinin mənzilin planına görə, o cümlədən yaşayış və köməkçi sahələrdə otaqların ölçülərinin uyğunsuz olmasına görə tərəflərin paylarına uyğun olaraq İnşaat Norma və Qaydalarının 2.08.01.89* -nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2023-cü il tarixli 10/2793-9/2951 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən, 178 nömrəli binanın, 17 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 288000 manat məbləğində, likvid dəyəri isə təqribən 259000 manat məbləğində müəyyən edilmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2023-ci il tarixli, 2(006)- 156/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq ünvan 1 ünvanında yerləşən mənzil açıq hərracdan satılsın, həmin mənzilin bazar qiyməti 288000 manat məbləğində müəyyən edilməsi, mənzilin satışından əldə olunmuş vəsaitin mənzildəki paylara mütənasib şəkildə (2 otaq və 2 otaqdan 1/2 hissə İddiaçı, 2 otaqdan 1/2 hissə Cavabdeh) İddiaçı və Cavabdeh arasında bölüşdürülməsi qət edilmişdir.
8. Qətnamə onunla əsaslandırılmışdır ki, tərəflərin paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil tərəflərin paylarına uyğun olaraq naturada ayrılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6996 saylı ekspert rəyinə əsasən mümkün olmadığından, həmin mənzilin açıq hərracdan satılması ilə bağlı tələb tam əsaslıdır. Məhkəmə tərəflərə birbiriləri ilə aralarında şifahi olaraq kompensasiya və ya müəyyən pul məbləği qarşılığında hazırki iddia tələbi üzrə razılıq əldə edilməsi üçün vaxt versə də, tərəflər arasında heç bir kompensasiya ödənişi və mənzilin öz aralarında satılması barədə heç bir razılıq əldə edə bilməmişlər.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
11. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmlakın naturada bölünməsi, yaxud ondan payın ayrılması mümkün olmazsa onda məhkəmə tərəfindən əşyanın açıq hərracda satılması satış pulun mülkiyyətçilərin paylarına mütənasib surətdə bölünməsi barədə qərar qəbul edilə bilərdi. Lakin, hazırkı mülki işdən göründüyü kimi, məhkəmə qeyd olunan ardıcıllığa əməl etmədən, yalnız mənzilin naturada bölünə bilməməsi barədə ekspert rəyinə əsaslanaraq mənzlin açıq hərracdan satılması barədə qətnamə qəbul etmişdir. Cavabdeh onkoloji xəstəlikdən əziyyət çəkir, heç yerdə işləmir və yeganə yaşayış yeri hazırda açıq hərracda satılaraq paylarına uyğun məbləğin bölüşdürülməsi barədə qətnamə qəbul edilmiş evdir. Belə bir ağır xəstlikdən əziyyət çəkən şəxsin səhhəti imkan vermir ki, o yaşayış yerini dəyişə bilsin, yaxud ən yaxşı halda 4/1 hissəsi, yəni 72000 manata ev ala bilsin. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən qeyd olunan hallar araşdırılmamış və həmin hallara ümumiyyətlə qiymət verilməmişdir. Mənzilin naturada bölünə bilib – bilinməməsi, yaxud pay ayrılmasının mümkünsüzlüyü tərəflər üçün o halda məcburi qüvvəyə malik ola bilərdi ki, bu barədə məhkəmənin yekun qərarı olmuş olsun, lakin, hazırki işdə belə bir qərar mövcüd deyildir. Ekspert rəyində mənzilin naturada bölünməsinin texniki cəhətdən mümkün olmaması qeyd olunsa da, ev faktiki olaraq bölünmüş, qeyd olunan evdə hamam-tualet, mətbəx və hətta hər iki tərəfin mənzillərinə giriş qapıları ayrılmış iddiaçı ilə cavabdehin sənədlə payları naturada ayrılmasa da faktiki olaraq əmlaklarını ayrıb necə illərdir bu qaydada yaşamışlar, cavabdeh iddiaçını ümumiyyətlə görmür və ünsiyyət qurmur. Bununla belə, iddiaçı cavabdehin əmlakda payını ələ keçirmək üçün məhkəməyə əsassız olaraq ilkin iddia ilə əmlakın naturada bölünməsi sonra isə iddianı dəyişdirərək naturada bölünməsi mümkün olmadığından açıq hərracdan satılması barədə iddia qaldırmışdır. Çünki cavabdehin onun payını almağa maddi imkanı olmadığından əmindir. Ekspert tərəfindən də qeyd olunan mənzilə baxış keçirilmədən mənzilin naturada bölünməsinin mümkün olmaması barədə rəy verilmişdir. Belə ki, əgər ekspert tərəfindən mənzilə baxış keçirilmiş olsa idi mənzilin faktiki olaraq aramızda naturada bölünməsi ekspertə məlum olardı. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Cavabdeh və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdilər.
14. İş materiallarında olan ekspert rəyində tədqiqat aparılmış mənzilə baxış keçirildiyi göstərilsə də, cavadehin apellyasiya şikayətinin dəlillərindən birini tədiqat aparılmış mənzilə baxış keçirilməməsi və hal – hazırda istifadələrində olan formada naturada bölünməsinin mümkünlüyü təşkil etdiyindən, həmçinin, iddia ərizəsinin ilkin variantının məhz naturada bölünmə ilə bağlı olduğunu, cavabdehin də apellyasiya şikayətində buna etiraz etmədiyini nəzərə alaraq Bakı Apellyasiya Məkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 2(103)-511/2024 nömrəli qərardadına əsasən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək Ekspert (ekspertlər) qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 178, 17 saylı mənzildə Cavabdeh məxsus 2 otaqdan ½ hissəsi və İddiaçı məxsus 2 otaq və 2 otaqdan ½ hissəsinin naturada (real) bölünərək ayrılması texniki cəhətdən mümkündürmü, mümkündürsə, bu, necə həyata keçirilməlidir? - Mənzilin tərəflər arasında aparılmış faktiki bölgüsünə uyğun olaraq paylar naturada ayrıldığı təqdirdə həmin paylara uyğun olaraq mülkiyyət hüququnun qeydə alınması mümkündürmü?
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2024-cü il tarixli 10/1556 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 178,17 saylı mənzilin qərardadın sualında göstərilən qaydada (Cavabdeh məxsus 2 otaqdan 1/2 hissəsi və İddiaçı məxsus 2 otaq və 2 otaqdan 1/2 hissəsinin) bölünməsinin mənzilin planına görə, o cümlədən yaşayış və köməkçi sahələrdə otaqların ölçülərinin uyğunsuz olmasına görə tərəflərin paylarına uyğun olaraq İnşaat Norma və Qaydalarının 2.08.01,89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 06 dekabr 2024-cü il tarixli qərardadı: “Ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar. Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul etməlidirlər. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər.”
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
22. Apellyasiya şikayətinin dəlillərindən birini o təşkil edir ki, məhkəmə qanunvericiliklə müəyyən olunmuş ardıcıllığa əməl etmədən, yalnız mənzilin naturada bölünə bilməməsi barədə ekspert rəyinə əsaslanaraq mənzlin açıq hərracdan satılması barədə qətnamə çıxarmışdır.
23. Məhkəmə kollegiyası şikayətin bu dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəlləyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında əks etdirilmiş hüquqi mövqeyə uyğun olaraq Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra əmlakın hərracda satılması ilə bağlı yekun nəticəyə gəlinmişdir. Yəni, naturada bölgünün mümkün olmadığı ekspert rəyinə əsasən müəyyən olunmuş, təklif cavablandırılmamışdır.
24. Apellyasiya şikayətinin dəlillərindən birini o təşkil edir ki, ekspert rəyində mənzilin naturada bölünməsinin texniki cəhətdən mümkün olmaması qeyd olunsa da, ev faktiki olaraq bölünmüş, qeyd olunan evdə hamam-tualet, mətbəx və hətta hər iki tərəfin mənzillərinə giriş qapıları ayrılmış iddiaçı ilə cavabdehin sənədlə payları naturada ayrılmasa da faktiki olaraq əmlaklarını ayrıb necə illərdir bu qaydada yaşamışlar. Ekspert tərəfindən də qeyd olunan mənzilə baxış keçirilmədən mənzilin naturada bölünməsinin mümkün olmaması barədə rəy verilmişdir.
25. Qətnamənin 14-cü bəndində qeyd olunduğu kimi bu dəlilin araşdırılması məqsədilə əlavə ekspertiza keçirilərək əsaslandırılmış rəy alınmışdır. Rəyin nəticə hissəsi qətnamənin 15-ci bəndində göstərilmişdir. Həmin rəyin təsviri hissəsini nəzərdən keçirərkən görünür ki, rəy mənzilə baxış keçirilməklə tərtib olunmuşdur və naturada ayrılmamanın qeyri – mümkün olması otaqlar ayrılarkən “İnşaat norma və qaydaları”nın 2.4-cü bəndi (Yaşayış otaqlarının sahəsi 8 kv.m-dən az olmamalıdır.) pozulması ilə əsaslandırılır.
26. Yəni, hazırkı iddia rədd olunduğu və payların naturada ayrılması qənaətinə gəlinsə belə bu əmlak üzərində payların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün olmayacaqdır.
27. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən yekun nəticəyə gəlinərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 06 dekabr 2024-cü il qərardadı mövcud olmasa da, həmin qərardadda göstərilən hüquqi mövqeyə uyğun olaraq icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiyməti göstərilmişdir.
28. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2023-ci il tarixli, 2(006)- 156/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2023-ci il tarixli, 2(006)- 156/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov Günay Axundova
Xəyal Sarıyev