Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11212/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6532/2021 saylı, 31 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 40000 ABŞ dolları borc aldığı pulun, borcun vaxtında ödənilməməsi nəticəsində dəymiş zərərin əvəzinin (əldən çıxmış fayda) 32000 ABŞ dollarının və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 72000 ABŞ dollarının və 30 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6532/2021 saylı, 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, əsas borca görə 40000 (qırx min) ABŞ dolları məbləğində və əldən çıxmış faydaya görə 7167 (yeddi min yüz altmış yeddi) ABŞ dolları məbləğində, cəmi 47167 (qırx yeddi min yüz altmış yeddi) ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edildiyini, tərəflər arasında uzun müddət biznes münasibətləri olduğunu, iddiaçıya on minlərlə xeyir verdiyini bildirmişdir. Eyni zamanda, hazırkı iddia tələbi ilə bağlı iddia müddəti bitmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə Kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı ilə aralarında uzun müddət biznes münasibətləri olduğunu, ona heç bir borcu olmadığını bildirdi, buna baxmayaraq öz razılığı ilə borcu olmasını təsdiq edən 19.10.2017-ci il tarixli iltizama şəxsən qol çəkdiyini qeyd etdi. Bunun səbəbini isə, iddiaçının öz valideynlərini sakitləşdirmək üçün ondan bu iltizama qol çəkməsini xahiş etməsi ilə izah etdi. Rayon məhkəməsində iclaslardan məlumatlı olduğunu, bildirişə şəxsən imza etdiyini təsdiq etdi. Həmçinin iddia müddətini tətbiq edərək, hazırkı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, apellyasiya şikayətinin yeganə dəlili iddia müddəti ilə bağlıdır. Cavabdehin rayon məhkəməsində hazırkı işlə bağlı məlumatlı olduğunu, buna baxmayaraq iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermədiyi qeyd etdi. Hazırkı mərhələdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməsinin mümkünsüz olduğunun bildirdi. Bundan əlavə, iddiaçının hazırkı iddia tələbi ilə bağlı daha əvvəl də məhkəməyə müraciət etdiyini, həmin iddia ərizəsinin Binəqədi Rayon Məhkəməsinin 2(001)-117/2020 saylı, 07.08.2020-ci il tarixli qərardadı ilə MPM-in 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlandığını qeyd etdi. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan 19.10.2017-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı 8 il öncə şərikinə biznes qurmaq məqsədilə 40000 ABŞ dolları məbləğində pul almış, həmin pulu bu günə kimi qaytara bilməmişdir. O, öhdəsinə götürür ki, 40000 ABŞ dolları pulu 20.12.2017-ci il tarixinədək İddiaçı qaytaracaqdır. Bu iltizamı o, şəxsən İddiaçı və onun vəkili X1 yanında heç bir fiziki və psixi təsirə məruz qalmadan özü yazmışdır və imzası ilə təsdiq edir. İddiaçı tərəfindən AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış 16.04.2018-ci il tarixli şikayət ərizəsindən görünür ki, o, 8 il bundan əvvəl tanışı Cavabdeh birlikdə şərikli biznes qurub gəlir götürmək məqsədilə 40000 ABŞ dolları məbləğində pul vermiş, Cavabdeh həmin məbləğdə pul və guya özünün də qoyacağı sərmayə ilə biznes quracağını və yaxşı gəlir götürəcəklərini bildirsə də, sonradan məlum olmuşdur ki, heç bir biznes qurulmayıb və onun pulunu mənimsəyib. O, pulunun qaytarılmasını bildirəndə Məmməd söz vermişdir ki, qısa zaman ərzində pulu qaytaracaq, lakin pul qaytarılmadı. Bu məsələ ilə bağlı onlar dəfələrlə görüşüb danışsalar da, heç bir xeyri olmamışdır. Bu məsələ ilə bağlı o, Məmmədin qayınatası Hüseyn Səfərovla dəfələrlə görüşüb danışmışdır. O da pulun qaytarılacağını bildirsə də, bu günə kimi pul ödənilməmişdir. Sonuncu dəfə 19.10.2017-ci il tarixdə Cavabdeh qaytarmalı olduğu 40000 ABŞ dollarını ona 20.12.2017-ci il tarixə kimi qaytaracağına dair onun və vəkili Ruhid Əkbərovun yanında yazılı iltizam yazıb versə də, bu günə kimi həmin məbləğdən heç bir ödəniş etməmişdir. Cavabdeh onun pulunu qaytarmaması onun üçün bir sıra maddi sıxıntılar yaratmışdır və ona dəfələrlə müraciət etməsinə baxmayaraq yalan vədlər verərək ödənişdən yayınmışdır. Göstərilənlərə əsasən o, Cavabdeh ondan aldığı və mənimsədiyi 40000 ABŞ dolları pul məbləğinin qaytarılması ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. Qeyd edilən tələblə daha əvvəl müraciət edilmiş və nəticədə baxılmamış saxlanılmış iş üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-9470/2018 saylı, 14.12.2018-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardaddan görünür ki, 19.10.2017-ci il tarixli iltizamdakı imzanın Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra edilməsi ekspert qarşısında sual olaraq qoyulmuş, ekspertizanın həyata keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 16222 nömrəli, 19.07.2019-cu il tarixli rəyi ilə ekspertizaya təqdim edilmiş, mülki işin 6-cı vərəqəsində Cavabdeh adına olan 19.10.2017-ci il tarixli iltizamın mətninin və iltizamın sonunda “Cavabdeh” yazılarının qarşısındakı imzanın Cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin halları ilə müəyyən olunur ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri vardır. Belə ki, cavabdeh iddiaçıdan şərikli biznes qurmaları adı altında 40000 ABŞ dolları borc pul almış, iddiaçıya pulunu qaytarmamışdır. Bundan sonra cavabdeh borcun etiraf edilməsi barədə öz əlyazması ilə iltizam tərtib etmiş, 40000 ABŞ dolları borcunu 20.12.2017-ci il tarixinə kimi qaytaracağını vəd etmişdir. Həmin əlyazmanın cavabdeh tərəfindən yazılması ekspert rəyi ilə müəyyən edilmişdir. Lakin o, vədinə əməl etməmiş, borcunu qaytarmamış, bu səbəbdən İddiaçı AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 16.04.2018-ci il tarixli şikayət ərizəsi ilə müraciət etmişdir. Keçən müddət ərzində də borc məbləği cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. İddiaçı həmin iltizama istinad edərək cavabdehdən əsas borca görə 40000 ABŞ dolları və bank uçot dərəcəsi ilə pul məbləğindən faydalana bilmədiyinə görə 32000 ABŞ dolları məbləğində pul tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Tərəflər arasında Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin apellyasiya şikayətində yeganə dəlili iddia müddətinin ötürülməsi ilə bağlı olmuşdur. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.). Qeyd olunan normanın tələbindən də aydın olur ki, iddia müddətinin tətbiqinə dair ərizə məhkəmə aktı – qətnaməsi çıxarılanadək verilməlidir. Bu isə o deməkdir ki, həmin ərizə birinci instansiya məhkəməsində təqdim olunmalıdır. Hazırkı halda, cavabdeh özü də rayon məhkəməsində məhkəmə iclası barədə xəbərdar olduğunu təsdiq etdiyindən, eləcə də bu hal eyni zamanda mülki işdə olan məhkəmə bildirişini və iddia ərizəsini cavabdehin şəxsən imza etməklə 23.08.2021-ci il tarixdə qəbul etməsi (i/v 24, 30) ilə bir daha təsdiq edildiyindən, cavabdehin apellyasiya icraatı mərhələsində iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsi və onun qəbul edilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6532/2021 saylı, 31 avqust 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-11212/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11212/2021
23.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver