Məhkəmə qərarları › İş №2(103)-1122/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1122/2022

01.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1122/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi Vəkil2, Qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs və onun nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(001)-3855/2021 saylı qətnaməsindən maraqlarına toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması və maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcun əvəzi kimi 140000 ABŞ dolları, faiz borcu kimi 32200 ABŞ dolları, dəymiş ziyanın əvəzi kimi 25000 ABŞ dolları, hüquqi xidmətə görə 1000 manat və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı tanışı Cavabdeh 2013-cü ilin ortalarında ümumi dəyəri 140000 ABŞ dolları olan beş vaqon hazır taxta materialını 5 il müddətinə pulunu ödəmək şərtilə nisyə satmış, cavabdeh isə 5 ildən sonra məbləği tam şəkildə və 1 il güzəşt edilməklə hər il üçün 12% faiz gəlirlə qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya bildirmişdir ki, həmin taxta materialının əvəzində tikinti şirkəti ona 120 kvadrat metr ölçüdə mənzil verir. Bundan bir neçə gün sonra cavabdeh ona "xxxx" MTK tərəfindən Bakı şəhəri S.Rüstəm küçəsində inşa edilən yaşayış binasının 16cı mərtəbəsində yerləşən sahəsi 124 m2 olan 2 otaqlı mənzilin ona verilməsini, mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən sənədlərin şəklini çəkib göndərmişdir. Tərəflər arasında razılaşdırılan 5 illik müddət 2018-ci ilin avqust ayında tamam olduqdan sonra cavabdeh həmin ilin noyabr ayında 20000 ABŞ dolları, 2019-cu ilin may ayında 5000 ABŞ dolları, dekabr ayında 10000 ABŞ dolları olmaqla cəmi 35000 ABŞ dollarını iddiaçıya qaytarmışdır. Bundan sonra cavabdeh pandemiyanı bəhanə edib borcunu qaytarmamışdır. Nəticədə cavabdehin iddiaçıya 140000 ABŞ dolları məbləğində əsas borc, vəd olunan 67200 ABŞ dolları gəlirdən 32200 ABŞ dolları olmaqla cəmi 172200 ABŞ dolları borcu qalmışdır. Cavabdeh iki il ərzində borcunu qaytarmadığı üçün iddiaçıya 7,5 % bank uçot dərəcəsi ilə hesablanmaqla 25000 ABŞ dolları məbləğində maddi ziyanın əvəzini ödəməlidir. İddiaçı ona göstərilən hüquqi xidmətə görə 1000 manatın, dövlət rüsumuna görə 30 manatın da cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(001)- 3855/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh nisyə alqı-satqı müqaviləsinə görə 92000 ABŞ dolları məbləğində pulun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə dövlət rüsumuna görə 30 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında nisyə alqısatqı müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, cavabdeh iddiaçıdan aldığı taxtanın dəyərini müəyyən olunmuş vaxtda ödəməmişdir. Cavabdeh isə iddia tələbini qismən etiraf etdiyindən iddia tələbi qismən təmin edilmişdir. Qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qaldırılmış iddia saxta və uydurma borc mübahisəsinə əsaslanır. Belə ki, Maraqlı şəxs keçmiş əri olan Cavabdeh dostu İddiaçı uydurma iddiasını etiraf edib guya aldığı borc hesabına birgə nikah dövründə Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsində yerləşən 18 saylı evin 44 saylı mənzilini aldığını bildirmiş, məhkəmə qətnaməsini əldə etdikdən sonra mediatora müraciət edərək saxta borcun aralarında bölünməsi barədə məsələ qaldırmışdır. Birinci instansiya məhkəməsi yalnız cavabdehin iddianı etiraf etməsinə əsaslanıb başqa sübutlar olmadığı halda, iddianı qismən təmin etmiş, bununla da maddi və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən işin faktiki hallarını araşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərdi ki, Maraqlı şəxs ilə Cavabdeh əvvəllər rəsmi nikahda olmuş, nikah məhkəmə qaydasında pozulmuş, tərəflər arasında əmlak mübahisəsi məhkəmə qaydasında həllini tapmışdır. O cümlədən Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsində yerləşən 18 saylı evin 44 saylı mənzili üzərində tərəflərin ½ hissədə payları müəyyən olunmuş, qətnamə qanuni qüvvəyə minmişdir. Tərəflər arasında digər əmlak mübahisələri də Maraqlı şəxs xeyrinə həll olunmuşdur. Məhkəmə mübahisələrində uduzan Cavabdeh Maraqlı şəxs qisas almaq məqsədilə İddiaçı uydurma iddiasını etiraf etmiş, guya aldığı borcu yuxarıda qeyd olunan mənzilin alınmasına sərf etdiyini göstərmişdir. Halbuki, həmin mənzil əvvəllər tərəflər arasında məhkəmə mübahisəsinin predmeti olaraq bölünmüş, bu barədə işə baxılarkən Cavabdeh heç vaxt həmin mənzilin borc hesabına alınmasını bildirməmişdir. Bundan əlavə, o, mənzilə tutma yönəldilməsi üçün mənzil üzərinə məhkəmə tərəfindən həbs qoyularkən susmuş, mənzilin onlar arasında bölünməsini bildirməmişdir. Birinci instansiya məhkəməsi yalnız cavabdehin iddianı qismən etiraf etməsinə əsaslanmış, işdə başqa sübut olmadığı halda, iddianı qismən təmin etmişdir. Halbuki, tərəflər arasında uydurma borcun 2013-cü ildə yaranması göstərilmiş, ötən 8 ildə iddiaçının öz borcunu tələb etməməsi araşdırılmamışdır. İddia ərizəsinin məhkəməyə iddia müddəti buraxılmaqla verilməsi və qətnamədən heç bir tərəfin şikayət verməməsi iddianın saxta və uydurma olmasına şübhələri daha da artırır. İddia ərizəsində borcun hazır taxta məhsullarının satışı nəticəsində yaranması qeyd olunsa da, taxta məhsullarının Rusiyadan ölkəmizə gətirilməsini, habelə mənzil əvəzinə "xxxx" MTK-ya verilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. İddia ərizəsində və cavabdehin etirafedici izahatında İddiaçı alınmış taxta məhsullarının "xxxx" MTK-dan Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsində yerləşən 18 saylı evin 44 saylı mənzilinin alınması müqabilində verildiyi göstərilsə də, faktiki olaraq Cavabdeh həmin mənzili Mustafa Mustafayev adlı şəxsə pul ödəyərək almışdır ki, bu faktı Cavabdeh 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verdiyi iddia ərizəsi əsasında çıxarılmış məhkəmə qərarı da təsdiq edir. İddianın qurama olmasını o fakt da təsdiq edir ki, cavabdehin məcburi köçkün kimi Bakı şəhəri Binəqədi rayonunda məskunlaşması barədə arayış Cavabdeh ilə Maraqlı şəxs arasında Binəqədi Rayon Məhkəməsində baxılmış başqa bir mülki iş üzrə məhkəmənin sorğusu əsasında Qaçqınların və X2 Üzrə Dövlət Komitəsindən alınmış və həmin mülki işin materiallarında olmuşdur. Həmin arayışın İddiaçı tərəfindən hazırkı iş üzrə iddia ərizəsinə əlavə olunması onlar arasında sövdələşmədən şübhələnməyə əsas verir. Cavabdeh qətnaməni aldıqdan sonra mediatora müraciət edib qət olunmuş borcun Maraqlı şəxs ilə aralarında bölünməsinə cəhd etməsi bir daha təsdiq edir ki, iddia saxta və uydurma olmaqla Cavabdeh Maraqlı şəxs ilə əmlak mübahisəsindən daha çox fayda götürmək məqsədi daşıyır. İzahatının sonunda Vəkil3 məhkəmədən apellyasiya şikayətinin təmin olunub qətnamənin ləğv olunmasını və iddianın rədd olunmasını xahiş etdi. Qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs nümayəndəsinin izahatı ilə razı olduğunu bildirərək məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi Vəkil1 izahatında iddianın əsaslı, apellyasiya şikayətinin isə əsassız olduğunu bildirərək məhkəmədən şikayətin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Vəkil1 izahatında göstərdi ki, təmsil etdiyi İddiaçı Cavabdeh ilə keçmiş arvadı Maraqlı şəxs arasında olan əmlak mübahisələrindən xəbərsiz olmuş, cavabdehin ona borcu olduğuna görə hazırkı iddianı qaldırmışdır. Cavabdeh nümayəndəsi Vəkil2 da izahatında məhkəmədən şikayətin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. İş materiallarından görünür ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməsə də, Cavabdeh iddia tələbini 92000 ABŞ dolları məbləğində olan hissədə etiraf etmiş, birinci instansiya məhkəməsi yalnız cavabdehin etirafına əsaslanaraq və iddiaçını sübut etmək vəzifəsindən azad edərək iddianı qismən təmin etməklə işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, Maraqlı şəxs ilə Cavabdeh 19 sentyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 07 iyun 2009-cu il təvəllüdlü X4, 08 avqust 2010-cu il təvəllüdlü X5 və 06 yanvar 2012-ci il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(001)-151/2020 saylı qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2(103)-6285/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar ananın yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 170 manat məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(001)-151/2020 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Cavabdeh arasında nikahın pozulması və aliment məsələləri ilə yanaşı, əmlak bölgüsü də həll edilmiş, Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsində yerləşən 18 saylı evin 44 saylı mənzilinin, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının və “X9” markalı Az ** HP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində tərəflərin ½ hissədə paylı mülkiyyət hüquqları tanınmışdır. Həmin qətnamənin əmlakların bölgüsü hissəsindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsi həmin hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsində yerləşən 18 saylı evin 44 saylı mənzili Maraqlı şəxs ilə Cavabdeh arasında məhkəmə mübahisəsinin predmeti olmuş, Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(001)-151/2020 saylı qətnaməsinə əsasən həmin mənzil üzərində onların ½ hissədə paylı mülkiyyət hüquqları tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 24 avqust 2020-ci il tarixli 2(103)-6285/2020 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı ilə mübahisə predmeti olan əmlaklar üzərində tərəflərin ½ hissədə paylı mülkiyyət hüququ təsdiq olunmuşdur. Məhkəmə qərarlarının məzmunundan görünür ki, Cavabdeh izahatlarında Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsində yerləşən 18 saylı evin 44 saylı mənzilinin İddiaçı borc alınmış taxta materiallarının hesabına əldə olunmasını bildirməmişdir. Bundan başqa, apellyatorun məhkəməyə təqdim etdiyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2013-cü il tarixli qərarından görünür ki, həmin mənzil əvvəllər X1 məxsus olmuş, məhkəmə qərarına əsasən həmin mənzilə dair Mustafa Mustafayevə verilmiş 07 aprel 2009-cu il tarixli orderin ləğv edilib həmin mənzilin Cavabdeh adına sənədləşdirilməsi Bakı Şəhər İcra hakimiyyətinə (Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə) həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 14 noyabr 2013-cü il tarixli 36 saylı sərəncamı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2013-cü il tarixli qərarı icra edilmişdir. Apellyasiya şikayətinə əlavə olunmuş 19 noyabr 2021-ci il tarixli mediasiyaya dəvət məktubundan və mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, Cavabdeh birgə nikah dövründə əldə olunmuş borcun bölünməsi üçün Maraqlı şəxs mediasiya prosesinə dəvət etmişdir. İş materiallarında olan iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sorğusuna verilmiş Maraqlı şəxs və Cavabdeh məcburi köçkün kimi ünvan 2 ünvanında müvəqqəti məskunlaşmaları barədə 22 aprel 2019-cu il tarixli cavab məktubu həmin məhkəmədə baxılmış 2(001)-2202/2019 saylı mülki işdə istifadə olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi də həmin məktubun cavabdehin özü tərəfindən iddiaçıya təqdim edildiyini təsdiq etmişdir. Göründüyü kimi cavabdeh iddiaçının iddia tələbinin təmin edilməsində maraqlı tərəf kimi çıxış edərək zəruri sənədlərin əldə edilməsinə köməklik göstərmişdir. Halbuki MPMnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax: Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Cavabdeh işdə hər hansı sübutlar olmadığı halda iddianı qismən etiraf etməsi, yuxarıda qeyd olunan mənzilin tərəflər arasında məhkəmə qətnaməsinə əsasən bölündüyünü bilə-bilə bu barədə məhkəməyə məlumat verməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(001)-3855/2021 saylı qətnaməsini əldə etdikdən sonra borcun bölünməsi üçün mediatora müraciət etməsi onun məqsədyönlü şəkildə iddianı etiraf etməsini təsdiq edir. Kollegiya həmçinin qeyd edir ki, Cavabdeh İddiaçı olan borcunu qaytarması üçün məhkəmədən kənar qaydada tədbirlər görülməsi, o cümlədən Cavabdeh müraciət olunması barədə iş materiallarında heç bir sübut yoxdur. Belə olan halda, Cavabdeh məhkəmədən kənar qaydada da borcunu etiraf edə bilər və İddiaçı məhkəməyə müraciət etməsinə ehtiyac qalmazdı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə iddianı qismən təmin edərkən birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5 və 106-cı maddələrində nəzərdə tutulmuş prosessual hüquq normalarını pozaraq Cavabdeh izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirməmiş, iddianın cavabdeh tərəfindən etiraf edilməsi Maraqlı şəxs hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu halda, iddianın etiraf olunmasını qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Buna görə də apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(001)-3855/2021 saylı qətnaməsi ləğv olunmalı və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunduğundan və iddia rədd olunduğundan, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat pul iddiaçıya aid edilməli, apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi iddiaçıdan tutulub Maraqlı şəxs ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6, 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(001)- 3855/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat pul iddiaçıya aid edilsin, apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi iddiaçıdan tutulub Maraqlı şəxs ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar