Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11238/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh 5 saylı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə qarşı "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “icra qeydinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(007)-2897/2021 saylı qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh 5 saylı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinin 8326 nömrəli 08.04.2021-ci il tarixli icra qeydinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19.04.2019-cu ildə “Bank Respublika" ASC ilə arasında 19006-S059302/715311 saylı kredit xətti müqaviləsi bağlanmış, müqaviləyə əsasən kreditverən ona 200000 manat məbləğində 120 ay müddətinə 19.04.2029-cu il tarixinədək kredit limiti ayırır və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma imzalamaqla kredit verməyi öhdəsinə götürmüş, 26.04.2019-cu ildə kreditverənlə arasında 1 nömrəli razılaşma bağlanmış, razılaşmanın 1-ci bəndinə əsasən kreditverən illik 22 faiz dərəcəsi ilə 25.04.2022-ci il tarixinədək 0 ay güzəşt olmaqla 40000 manat məbləğində borc pul vəsaitini borcalanın mülkiyyətinə vermişdir. 25 aprel 2019-cu ildə anası X1 mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ev 6, 61 saylı mənzil 19.04.2019-cu il tarixli kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin təmin edilməsi məqsədilə ipoteka saxlayanın qarşısında ipoteka ilə yüklü edilmişdir. 28 oktyabr 2019-cu ildə iddiaçı 1 illik həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə çağırılmış, onun ailə üzvləri müqavilə üzrə aylıq məbləği 2020-ci ilin mart ayına qədər vaxtı-vaxtında ödəmişdir. Ancaq həmin aydan etibarən, bütün dünyada, o cümlədən Azərbaycanda başlayan Covid-19 (koronavirus) pandemiyası ilə əlaqədar sərtləşdirilmiş karantin rejimində ailə üzvləri aylıq ödənişləri etmək imkanından məhrum olmuşdur. 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük 2-ci Qarabağ müharibəsi zamanı o, müharibənin ən qaynar nöqtələrində - Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətlərində gedən döyüşlərdə aktiv iştirak etmiş, müharibə başa çatandan sonra da o, hərbi xidmətini davam etdirmiş və 2021-ci ilin yanvar ayının əvvəlindən etibarən Dövlət Sərhəd Xidmətinə təhkim edilərək işğaldan azad edilmiş Zəngilan rayonundakı sərhəd xidməti zastavasında, Füzuli və Qubadlı rayonlarında hərbi xidmət göstərmişdir. 29 aprel 2021-ci ildə hərbi xidmətdən təxris edilib. 2021-ci ilin may ayında onun və ailə üzvlərinin yaşadığı ünvan 1 ünvanına Nizami rayon İcra şöbəsinin əməkdaşları gələrək, mənzilə qiymətləndiricinin dəvət ediləcəyini bildirmişlər. Banka şifahi müraciəti əsasında məlum olmuşdur ki, 26.04.2019-cu il tarixli 1 saylı Razılaşma üzrə bankın müraciəti əsasında 5 saylı Bakı ‘'Asan xidmət” Mərkəzində Notariat Ofisi 8326 nömrəli, 08.04.2021-ci il tarixli icra sənədi verilmişdir. İcra qeydinin verilməsi proseduru pozulmuşdur. İcra qeydinə əlavə edilmiş sənədlərdən məlum olur ki, guya tələbkar "Bank Respublika” ASC 04.03.2021-ci il tarixdə icra qeydinin aparılacağı və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında onun və anasının ünvanına iki bildiriş göndərmişdir. Halbuki, belə bir bildiriş onun qeydiyyatda olduğu və faktiki yaşadığı ünvana daxil olmamışdır. Tələbkar bankın icra qeydinə əlavə etdiyi “Mega Press” məktub və bağlamaların daşınması xidmətinin 05.03.2021-ci il tarixli qəbzində bildirişlərin guya borclu tərəfindər qəbul etməkdən imtina olunduğu qeyd edilsə də, imtina edənin məhz kim olduğu və onun imzası əks olunmamışdır. Tələbkar qarşısında borcu əslində həm bildirişlərdə, həm də icra qeydində göstəriləndən azdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(007)- 2897/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri 5 saylı "ASAN Xidmət" Mərkəzinin Notariat ofisində təsdiq edilmiş 25 aprel 2019-cu il tarixli, 3M-304 reyestr nömrəli ipoteka müqaviləsi üzrə verilmiş 08 aprel 2021-ci il tarixli 8İ-8326 reyestr nömrəli icra qeydinin ləğv edilməsi, məhkəmə xərclərinin İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh və üçüncü şəxs tərəfindən apelyasiya şikayəti verilmişdir. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək, göstərmişdir ki, məhkəmə tərəfindən “Notariat haqqında” Qanunun 76-cı maddəsi düzgün tətbiq edilməmişdir, həmin maddədə borcludan pul məbləğlərini tutmaq və əmlakı tələb edib almaq üçün aparılan icra qeydlərini nəzərdə tutur, hazırda isə mübahisələndirilən icra qeydi ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlıdır. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydinin aparılması üçün borcluya forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilməsi tələb olunmur. Buna baxmayaraq bank həmin bildirişi də borcalana və ipoteka qoyana göndərmişdir. İş materiallarında olan qaimələrdən görünür ki, borcalana və ipotekaqoyana göndərilən bildirişlərin ünvanda qəbul edilməsindən imtina olunmuşdur. Üçüncü şəxs apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin əsasları cavabdehin apelyasiya şikayəti ilə eynilik təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apelyasiya şikayətində qeyd olunanlara uyğun izahat verib, onu müdafiə edərək, təmin olunmasını xahiş etdi. Qeyd etdi ki, iddiaçı ilə razılığa gəlməyə çalışaraq müxtəlif güzəştlərin edilməsi barədə təkliflər edilsə də, iddiaçı razılaşmamışdır. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, təmin olunmamasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, izahatları dinləyib, apelyasiya şikayətlərini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin faktiki halları ilə aşağıdakılar müəyyən olunur. 19.04.2019-cu il tarixli “Kredit Limiti” müqaviləsindən görünür ki, kredit verən “Bank Respublika" ASC ilə borcalan qismində olan İddiaçı arasında 19006-S059302/715311 sayli kredit xətti müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən kreditverən borcalana 200000 manat məbləğində 120 ay müddətinə 19.04.2029-cu il tarixinədək kredit limiti ayırır va kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razışlaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürür. İş materiallarında olan 26.04.2019-cu il tarixli “Razılaşma №1”-dən görünür ki, kreditverənlə borcalan arasında razılaşma bağlanmış, razılaşmanın 1-ci bəndinə əsasən kreditverən illik 22 faiz dərəcəsi ilə 25.04.2022-ci il tarixinədək 0 ay güzəşt olmaqla 40000 manat məbləğində borc pul vəsaitini borcalanın mülkiyyətinə vermişdir. Razılaşmanın 3-cü bəndinə əsasən kredit dövriyyə vəsaitlərinin artırılması məqsədilə verilmişdir. 25 aprel 2019-cu il tarixli 19006-S059302/715345 saylı “İpoteka müqaviləsi”dən görünür ki, İddiaçı anası X1 mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ev 6, 61 saylı mənzili 19.04.2019-cu il tarixli kredit limiti müqaviləsi və müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin təmin edilməsi məqsədilə ipoteka saxlayan (“Bank Respublika" ASC) qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 09.02.2021-ci il tarixli “Borc haqqında arayış”dan görünür ki, İddiaçı "xxxx"ASC-yə 19.04.2019-cu il tarixli kredit limit müqaviləsi üzrə cəmi 37058.37 manat borcu vardır. İş materiallarında olan SX ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı 28.10.2019-cu il tarixdə hərbi xidmətə getmiş, 27.09.2020-ci ildən 10.11.2020-ci ilədək Füzuli, Xocavəd, Cəbrayıl rayonları uğrunda döyüşlərdə iştirak etmiş, 29.04.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan 04.03.2021-ci il tarixli “Bildiriş”lərin məzmunundan görünür ki, "xxxx" ASC tərəfindən ünvan 1 ünvanına - İddiaçı və X3 məlumat verilərək banka ödənilməli olan kredit və faiz borclarının ödəmə müddətlərini pozduqları üçün icranı təmin etmək üçün tutmanın notariusun icra qeydi əsasında ipoteka predmetinə yönəldilməsi haqqında prosedur başlandığı bildirilmişdir. İş materiallarında olan 05.03.2021-ci il tarixli 231905 və 231906 nömrəli “Qaimə”lərdən görünür ki, icra qeydi və tutma yönəldilmə bidirişi ünvan 1 ünvanında olan İddiaçı və X5 tərəfindən alınmaqdan imtina edilmişdir. İş materiallarında olan reyestrdə 8İ-8326 nömrə ilə qeyd edilmiş 08 aprel 2021-ci il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra Qeydi”dən görünür ki, 5 saylı Bakı "Asan xidmət” mərkəzində xüsusi notarius X4 ipoteka saxlayan "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan X2 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.3 kv.m olan mənzilə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş) 31366.56 manat əsas borc, 5461.95 manat faiz borcu olmaqla, cəmi 36828.51 manat üzrə tutma yönəldilmişdir. Göründüyü kimi, işin mübahisəsiz hallarına əsasən, iddiaçı tərəfindən "xxxx" ASCdən kredit götürülmüş və həmin öhdəliyin təminatı kimi anasının mülkiyyətində olan yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə müəyyən edilmiş ödəniş cədvəlində qeyd olunan məbləğ kredit alan, yəni iddiaçı tərəfindən müəyyən müddət ödənilməmişdir. Bankın tələbi ilə ipoteka predmetinə tutma yönəldilməsi haqqında icra qeydi verilmişdir. Hazırda iddiaçı icra qeydinin verilməsi prosedurunun pozulduğunu və onlara məlumat verilmədiyini iddia edərək həmin icra qeydinin ləğvini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə qənaətini belə əsaslandırmışdır ki, borclunun, yəni iddiaçının onun əmlakına tutmanın yönəldilməsi barədə icra qeydinin aparılmasından xəbəri olmamışdır. “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra qeydi” tərtib olunarkən borculunun bu qeyd aparılması prosedurundan xəbərinin olub-olmaması yoxlanılmamışdır. “İcra Qeydi” qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikası “Notariat haqqında” Qanununun 76-cı maddəsində göstərilir ki, İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 169-1 bəndində İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydinin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparıldığı hallar sırasında göstərilmişdir ki, ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci bəndinin b) yarımbəndində göstərilmişdir ki, icra qeydi almaq üçün ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli” təqdim olunur. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Qanunun 36.1-ci maddəsinə görə İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Qeyd olunan normanın məzmunundan görünür ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş ipoteka qoyanın və müqavilədə qeyd olunan digər şəxsin ünvanına göndəriməlidir (Qanunda açıqlama verilməsə də, ehtimal oluna bilər ki, «digər şəxs» dedikdə borc alan nəzərdə tutulmuşdur, çünki əvvəlki redaksiyada Qanunun 36.1-ci maddəsində «digər şəxs» nəzərdə tutulmamışdır). Təminatlı kredit müqavilələri üzrə icra qeydinin verilməsi ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi ilə başlanılır. Hazırki iş üzrə bank tərəfindən belə bildiriş əsas ipoteka qoyana və müqavilədə göstərilən «digər şəxs» qismində nəzərə alınaraq iddiaçıya göndərilmiş, iddiaçı hərbi xidmətdə olsa da, bu hal banka məlum olmamışdır. Onlar tərəfindən bildirişin alınıb-alınmaması ilə bağlı isə Kollegiya bildirir ki, baxmayaraq ki, baxılan iş üzrə bildirişlərin qəbul edilməsindən imtina edilmişdir, qeyd edilən normadan aydın olur ki, bildiriş poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır, bu hal sonrakı addımların atılmasına imkan verir. Bildirişin alınıb-alınmamasından asılı olmayaraq, bu halda bankın icra qeydinin verilməsi üçün notariusa müraciət etmək hüququ yaranmış olur. Qanunun 38.1-ci maddəsinə görə Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Göründüyü kimi, məhkəmənin icra qeydinin aparılmasından borclunun xəbərinin olmaması barədə qənaəti düzgün olmamışdır. İcra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir, onun ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Kollegiya onu da xüsusi olaraq vurğulamaq istəyir k, iddiaçının hərbi xidmət dövründə İİ Qarabağ Müharibəsinin iştirakçısı olmaqla vətən uğrunda gedən döyüşlərdə iştirak etməsini nəzərə alaraq güzəşt edilməsi barədə Banka etdiyi təklif nəticəsində sonuncu tərəfindən real addımlar atılaraq iddiaçı ilə barışıq əldə edilməsi məqsədilə borcun restruktrizasiyası barədə müqavilə layihəsi təqdim edilmiş, həmin müqavilə ilə heç bir əlavə faiz tətbiq edilmədən ilkin ödəniş kimi 1500 manat, 18 ay müddətində hər ayın 5dən gec olmayaraq ayda 1500 manat, müddətin sonunda isə 5139 manat ödənilməsi, bu müddətlərdə borc vaxtında ödənildikdə borcun qalan 3189,51 manat hissəsinin güzəşt edilməsi və s. şərtlərlə razılıq təklif edilməsinə baxmayaraq, iddiaçı heç bir şəkildə Bankla razılıq əldə etməyə cəhd göstərməmiş, icra qeydinin ləğv edilməsində israrlı olduğunu bildirmişdir. Yuxarıda sadananlara əsasən Kollegiya qeyd edir ki, iddiaçının tələbi əsassız olduğu üçün rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2897/2021 saylı iş üzrə 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh 5 saylı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11238/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11238/2021
13.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver