Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1124/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "əsassız varlanma" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1158/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma yolu ilə əldə etdiyi birinci devalvasiya ücün 1250 manat, ikinci devalvasiya ücün isə 3187 manat olmaqla, ümumilikdə 4450 manat pul vəsaitinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ilin yay aylarında "Turbo.az" saytında ağ rəngli "Kia Rio" markalı, ** SP *** dövlət nömrə nişanlı avtomaşının satışa qoyulduğunu görmüşlər. Həmin maşını çox bəyənmiş və onu almaq qərarına gəlmişlər. Maşının mülkiyyətçisi Cavabdehla telefon əlaqəsi saxlamış və onunla görüşmüşlər. Bu zaman maşının bütün texniki xüsusiyyətləri ilə maraqlanmışlar. Həmin maşın Nərimanov rayonu, Atatürk prospekti 50 A-da yerləşən "xxxx"da kreditdə idi. Onlar mülkiyyətçi ilə birlikdə "xxxx"nun ofisində olmuş və kredit barədə onlara məlumat verilmişdir. O,maşını Cavabdeh alanda maşına görə banka olanborc 7952 ABŞ dolları 16 ayına görə, son bir ayına görə isə 472,41 ABS dolları, cəmi olan borc 8424,41 ABŞ dolları təşkil edirdi. Həmin məbləği o, hər ay məzənnəyə uyğun olaraq onlara təqdim olunmuşqrafik əsasında öz adından manatla ödəniş edirdi. Avtomobil ipoteka predmeti olduğundan, özgəninkiləşdirilməsi mümkün olmadığından və Onların ailə üzvlərindən heç kimin sürücülük vəsiqəsi olmadığına görə qızı X3 adına xx.xx.2015-ci il tarixdə İbrahim X4 rayon 7 saylı notariat kontorunda mülki etibarnamə vermişdir. Maşını təhvil alan gündən, yəni xx.xx.2015-ci il tarixdə yaxın qohumu X1 üçün etibarnamə vermişlər ki, həyat yoldaşı sürücülük vəsiqəsi alanadək müvəqqəti olaraq ailəyə köməklik etsin. 2015-ci ilin dekabr ayının 21-də dollar valyutası yenidən qalxmış, ölkə ikinci devalvasiya yaşamışdır. Elə aylar olmuşdur ki, ödənişi etmək üçün evdə olan ailələrinə məxsus qızıl-zinət əşyalarını satmışdır ki, maşına olan aylıq borcunu vaxtında ödəniş etsin, heç vaxt da gecikmə etməmişdir. Hər ay həmin dövrdə gündən-günə dəyişən məzənnəyə uyğun manatla ödəniş etmişdir. Dollar məzənnəsi 2015-ci ilin dekabırında 1 manat 55 qəpik təşkil edirdi və hər ay qalxıb yuxarıya doğru istiqamət götürmüşdür. Bu isə o deməkdir ki, o dövrdə banka olan qalıq borcları demək olar ki, 50%dək qalxmışdır. Cavabdeh maşına görə ilk devalvasiya dövründə yalnız 4 ay pul ödəmişdir. Onlar İbrahimdən maşını 2015-ci ilin iyun ayında almış və İbrahimə maşına görə 5750 manat nağd pul vermişlər. Maşının pulunu ödəyəndə İbrahim onlara bildirmişdir ki, iyun ayının pulu bu pulun içindədir və onlar ödənişə iyul ayından başlayacaqlar. Amma ödənişin vaxtı çatanda ona zəng edərək bildirmişdir ki, "Solmaz xala, mənim pulum yoxdur, ödəniş edə bilməyəcəm, vəziyyətim çox pisdir." O, İbrahimə bildirmişdir ki, “Ay İbrahim, biz axı belə danışmamışıq." İbrahim isə ona cibində cəmi 100 manat olduğunu bildirmiş və yalnız 100 manat ödəyə biləcəyini demişdir. O, məcbur olub razılaşmışdır. Yerdə qalan iyun ayına olan borcu ödəmiş və bununla onlar ödəniş etməyə 2015-ci ilin iyun ayında başlamışlar. İbrahim iyun ayına görə yalnız 100 manat ödəmişdir. Beləliklə, İbrahim ümumi il devalvasiya dövründə cəmi 4 ay pul ödəmiş və iyun ayında 100 manat ödəmişdir. Orta hesabla İbrahimə kompensasiya məbləğindən ümumiyyətlə 5 aya görə cəmi 515 manat hesablana bilər. 2015-ci ilin iyun ayından müddətin sonunadək avtomobilə hər ay gecikmədən 17 ay (6 ay ilkin devalvasiya, 11 ay isə ikinci devalvasiya dövrü ucun) pul ödəmişlər. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanından irəli gələrək birinci devalvasiya ücün hər 100 ABŞ dolları ücün 25 manat, ikinci devalvasiya ücün isə hər 100 ABŞ dolları ücün 60 manat kompensasiya ödənilmişdir. Onlara çatan kompensasiyanın məbləği birinci devalvasiya ücün 1250 manat, ikinci devalvasiya ücün isə 3187 manat təşkil etmişdir. Banka ödəmələri onun həyata keçirməsinə baxmayaraq kompensasiyalar cavabdeh tərəfindən alınaraq mənimsənilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1158/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Solmaz Mustafayeva). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1158/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ilin may aylarında "Turbo.az" saytında ağ rəngli "Kia Rio" markalı, **-SP-*** dövlət nömrə nişanlı avtomobil satışa qoyulduğunu görmüş, həmin avtomobili bəyənərək almaq qərarına gəlmişdir. Bu səbəbdən avtomobilin mülkiyyətçisi iş üzrə Cavabdeh ilə telefon əlaqəsi saxlayaraq görüşmüşdür. Cavabdeh həmin atomobilin kredit borcuna görə "xxxx" ASC qarşısında yüklü olduğunu bildirmiş, bu səbəbdən mülkiyyətçi iş üzrə cavabdeh ilə birlikdə "xxxx" ASC nin Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 50 ünvanda yerləşən ofisinə gələrək avtomobilin kredit borcu barəda məlumat əldə etmişlər. Cavabdeh avtomobil alınarkən Bank qarşısnda 16 aylıq kredit borcu 7.952,00 (yeddi min doqquz yüz əlli iki) ABŞ dolları, son bir ayına görə 472,41 (dörd yüz yetmiş iki ABŞ dolları, 41 senti ABŞ dolları cəmi borcu isə 8.424,41 (səkkiz min dörd yüz iyirmi dörd ABŞ dolları, 41 sent) ABŞ dolları təşkil etmişdir. Həmin məbləğ iddiaçı tərəfindən hər ay məzənnəyə uyğun olaraq təqdim olunmuş qrafika uyğun olaraq manatla ödənilmişdir. Avtomobilin bank qarşısında yüklü olması, elə olan halda özgəninkiləşdirilməsinin həmin müddətdə qeyri-mümkün olması və ailə üzvləri arasında nəqliyyat vasitəsinin idarə etmak hüququ olan şəxsin olmaması səbəblərinə görə qızı X3 adına Cavabdeh tərəfindən xx xxxxxx 2015-ci il tarixdə Xəzər rayon 7 saylı Notariat kontorunda mülki etibarnamə verməklə almışdır. Bundan sonra avtomobil xx xxxxxx 2015-ci il tarixdə isə həyat yoldaşı nəqliyyat vasitəsinin idarə etmə hüququ əldə edənədək müvəqqəti olaraq ailəyə köməklik edilməsi məqsədi ilə yaxın qohumu X5 adına etibarnamə verilmişdir. 2015-ci ilin dekabr ayının 21-də ABŞ dolları valyutası yenidən qalxmış, ölkə üzrə ikinci devalvasiya yaşanmışdır. Bu səbəbdən elə aylar olmuşdur ki, evdə olan qızıl-zinət əşylarını satararaq, avtomobilin kredit borcunu bağlamış və heç vaxt gecikmə etməmişdir. Həmin müddətdə dəyişən məzənnəyə uyğun olaraq ödəniş etmişdir. Dollar məzənnəsi 2015-ci ilin dekabrından başlayaraq 1 manat 55 qəpik təşkil etmiş və hər ay ABŞ dolları valyutası yuxarı doğru istiqamət almışdır. Bu isə o deməkdir, o dövrdə banka olan qalıq borc 50 %-dək qalxmışdır. Cavabdeh avtomobilin kreditinə görə ilk devalvasiya dövründə 4 ayın kreditini ödəmişdir. İddiaçı Cavabdeh avtomobili alarkən yəni 2015-ci ilin iyun ayında ona 5.750,00 (beş min yeddi yüz əlli) manat nağd pul vermişdir. Cavabdeh razılamaya əsasən həmin ödənişin daxilində həm də avtomobilin 2015-ci ilin iyun ayının kreditidə daxil olmuşdur. İddiaçının ödənişləri isə 2015-ci ilin iyul ayından başlanmalı idi. Buna baxmayaraq, Cavabdeh avtomobilin 2015-ci ilin iyun ayını üçün yalnız 100,00 (bir yüz) manat ödəniş etsə də qalananı həmin ay üçün iddiaçı etmişdir. Bununla da Cavabdeh tərəfindən ilk devalvasiyanın 4 ayının krediti və 100,00 (bir yüz) manat ödənilmişdir. Beləliklə, həm qalan birinci devalvasiya, həm də ikinci devalvasiyası dövrü üzrə iddiaçının mülkiyyətində olan vəsait hesabına ödənilmiş, buna baxmayaraq Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli, 551 nörmrəli Fərmanına əsasən nəzərdə tutulan kompensasiya məbləğini isə bütövlüklə Cavabdeh tərəfindən götürülərək əsassız varlanmağa səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/385 saylı, xx xxxx 2020-ci il tarixli rəyindən də görünür ki, xx xxxxxxx 2013-c il tarixli AKGC05624U/13U saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən " xxxx" ASC-yə xx xxxxxx 2015-cı il tarixədək ümumilikdə 1.988,00 (bir min doqquz yüz səksən səkkiz) ABŞ dolları, 21 dekabı 2015-ci il tarixdən sonrakı dövrdə ümumilikdə 4.912,05 (dörd min doqquz yüz on iki ABŞ dolları 05 sent) ABŞ dolları məbləğində ödəniş aparılması müəyyən edilmiş və ekspert tərəfindən iddiaçıya ödənilməli olan kompensasiya məbləği 3.444,23 (üç min dörd yüz qırx dörd ABŞ dolları, 23 sent) ABŞ dolları təşkil etmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ilə məhkəmə hər hansı əsaslandırma olmadan hansı maddi hüquq normasına görə iddia ərizəsi rədd edilməsi qeyd olunamışdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili V.Məmmədov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən “xxxx” ASCnin hesabına xx.xx.2015-ci il tarixdə 497,00 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 497,00 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 497,00 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 497,00 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 318,00 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 317,00 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 300,82 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 269,24 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 266,03 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 214,76 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 202,19 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 288,20 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 266,43 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 26,89 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 288,20 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 177,09 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 1977,40 ABŞ dolları vəsait köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/385 saylı rəyindən görünür ki, xx.xx.2013- cü il tarixli AKGG05624U/13U saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən “xxxx” ASC-yə xx xxxxxx 2015-ci il tarixədək ümumilikdə 1.988,00 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixdən sonrakı dövrdə ümumilikdə 4.912,05 ABŞ dollar məbləğində ödəniş aparılmışdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ödənilməli olan kompensasiya məbləği 3.444,23 manat müəyyən edilir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrumolanın) hesabına əmlak əldə etsin; Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılırki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən:
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin...
8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: 8.1 fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; 8.3 bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.6 vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar. Kollegiya iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək müəyyən edilmişdir ki, cavabdeh mülkiyyətində olan "Kia Rio" markalı, ** SP *** dövlət nömrə nişanlı avtomaşını iddiaçıya satmış, satılan zaman həmin avtomaşın "xxxx" ASC-də kreditdə olmuşdur. Alıcı İddiaçı cavabdehdən aldığı avtomaşın üçün “xxxx” ASC-yə hər ay hissə-hissə ödənişlər etməklə xx xxxxxx 2015-ci il tarixədək ümumilikdə 1.988,00 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixdən sonrakı dövrdə ümumilikdə 4.912,05 ABŞ dollar məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq sonradan “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən dollarla götürülən kreditə görə kompensasiya hesablanmış və həmin kompensasiya məbləği Cavabdeh tərəfindən əldə edilmişdir. Kollegiya işin hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək və qeyd edilən normaların tələblərini rəhbər tutuaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, Mülki Məcəllənin 1091.1-ci maddəsi o şəxsi əsassız varlanan şəxs sayır ki, o hüquqi əsas (müqavilə əsası və ya qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Hazırki işdə isə iş üzrə cavabdeh Fərmana əsasən tərəfi olduğu problemli kredit müqaviləsi üzrə dövlətdən kompensasiya almışdır. Göründüyü kimi, baxılan iş üzrə cavabdehin əldə etdiyinin əsassız varlanma hesab edilməməsi üçün iki vacib şərt mövcuddur: 1) cavabdeh tələb olunan pulu iddiaçının əmlakı hesabına deyil, dövlət hesabına əldə etmişdir; 2) kompensasiya cavabdehə qanuna əsasən (Fərmana uyğun olaraq) ödənilmişdir. Şərh olunanlara əsasən, kollegiya hesab edir ki, cavabdehin mübahisəli pulu iddiaçının əmlakı hesabına əsassız varlanma üzrə əldə etməsi faktı öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsindən ibarət mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin mübahisəli pulu iddiaçının əmlakı hesabına əsassız varlanma üzrə əldə etməsi faktı öz təsdiqini tapmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1158/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.