Məhkəmə qərarları › İş №2(103)-11249/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11249/2021

08.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11249/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun vəkili X5, Cavabdeh nümayəndəsi X7 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-770/2021 saylı iş üzrə qəbul etdiyi 03 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi zərər qismində 157 000 (yüz əlli yeddi min) manat, 18 800 (on səkkiz min səkkiz yüz) ABŞ dolları və mənəvi zərər qismində 25 000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qardaşı oğludur. Onun əsas iş yeri Rusiya Federasiyasında olduğuna görə o, daimi Rusiyaya gedib-gəlir, Bakı şəhərində çox qısa müddətdə olur, Bakı şəhərinə gələndə qızının evində qalırdı. 2005-ci ildə o, Rusiya Federasiyasında olduğu zaman cavabdeh ona Sabunçu Bələdiyyəsi tərəfindən Anaşkin küçəsində torpaq sahələrinin satılmasını bildirmiş və ona həmin ərazidə özləri üçün torpaq sahəsi almalarını demişdir. O, o zaman onun da torpaq almaq istədiyini bildirmiş və onun üçün də torpaq almasını tapşırmışdı. Cavabdeh bu məqsədlə Sabunçu Bələdiyyəsinin 20 iyun 2005-ci il tarixli sərəncamı ilə onun üçün öz adına 4 sot torpaq sahəsi almış və həmin torpaq sahəsinin bir sotuna görə ondan 4700 ABŞ dolları, ümumilikdə 18 800 ABŞ dolları almışdır. O, həmin torpaq sahəsi üçün 18 800 ABŞ dolları pul vəsaitini cavabdehə ödəmiş, bundan sonra cavabdeh həmin torpaq sahəsinə dair Sabunçu Bələdiyyəsinin 20 iyun 2005-ci il tarixli sərəncamını və ayrıca aktını ona təqdim etmişdir. Həmin sənədlər ona təqdim edildikdən sonra o, həmin torpaq ərazisini mişar daşı ilə hasara aldırmış, həyətdə bir qaraj tikdirmiş, sonra isə tikilmiş həmin qarajı yaşayış sahəsinə çevirərək, həyətdə hamam, ayaqyolu və mətbəx tikdirmişdir. Qaz, su və işıq çəkdirərək kirayə vermişdir. 2012-ci ildə o, həmin torpaq sahəsi üzərində özünə fərdi yaşayış evi tikdirmək qərarına gəlmiş və həmin ildə də orada iki mərtəbəli, ümumi sahəsi 270 kv.m olan bir fərdi yaşayış evi inşa etdirmişdir. Həmin dövrdə o, Rusiya Federasiyasında olduğu üçün burada onun tikinti işlərini onun tapşırığı ilə qohumu X8 həyata keçirmişdir. X8 onun bütün işlərini Bakı şəhərində yerinə yetirmiş, evi tikdirib başa çatdırmış, təmir etdirmiş, yaşayış üçün yararlı hala gətirmişdir. Ümumilikdə torpaq sahəsi üzərində hasar çəkilmiş, darvaza qoyulmuş, həyətdə qaraj, hamam-tualet, mətbəx və iki mərtəbəli fərdi yaşayış evi inşa edilmiş, bu tikinti işlərinin aparılması üçün isə onun 150 000 manat xərci çıxmışdır. Həmin ev inşa edilib başa çatdıqdan sonra o, 7000 manata ev üçün bütün zəruri mebel dəstlərini almış, evi mebellə təchiz etmişdir. Həmin ev hazır olsa da, o, həmin evdə yaşamadığına görə 2016-cı ildə evi satmaq qərarına gəlmişdir. Həmin dövrdə o, Rusiya Federasiyasında yaşadığına görə, cavabdeh Moskva şəhərinə gəlib həmin torpaq sahəsinə dair 30 may 2016-cı il tarixdə ona 40 illik etibarnamə vermişdir. Bundan sonra o, həmin torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə Dövlət Reyestrində qeydə aldırmaq istəsə də, bu mümkün olmamış, həmin sərəncamla torpaq sahələrinin reyestrdə qeydə alınmamasını ona bildirilmişdir. Həmin dövrlərdə 2017-2019-cu il tarixlərdə o, Bakı şəhərinə gələ bilməmiş, torpaq sahəsinin sənədlərini İlqar adlı tanışına verib, torpaq sahəsi və tikilmiş ev üçün Çıxarış almasını ona tapşırmışdır. Cavabdeh torpaq sahəsinin sənədlərinin İlqarda olmasını bilib, 2017-ci ilin payızında ondan sənədləri almış, torpaq sahəsi üçün Çıxarış almaqda ona kömək edəcəyini İlqara demişdir. Bundan sonra isə cavabdeh onun xəbəri olmadan torpaq sahəsini və evi satmışdır. 2020-ci ilin mart ayında o, Bakı şəhərinə gəlib öz evinə getmək istədikdə isə həmin evdə başqa şəxsin yaşamasını görmüş, evdə yaşayan şəxslərə evin ona məxsus olmasını bildirmişdir. Lakin həmin şəxslər ona evi İlham adlı şəxsdən 53 000 manata almasını bildirib, evi tərk etməkdən imtina etdilər. O, bu barədə cavabdehdən soruşduqda cavabdeh ona həmin evi satdığını, borcu olduğu üçün pulu xərclədiyini bildirmişdir. Cavabdehin atası X11 da bilirdi ki, həmin torpaq sahəsi və ev ona məxsusdur. Bu barədə soruşduqda ona dedi ki, Raulun borcu olduğuna görə evi satıb borcunu ödəyib. O, cavabdehdən evdə olan mebellərin ona qaytarılmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirib, həmin mebellərin hansısa qarajda yığılmasını ona bildirdi, lakin həmin mebelləri də ona qaytarmadı. O, pulu tələb etsə də, cavabdeh pulu ona verməkdən imtina etdiyinə görə o, ilk dəfə onun barəsində şikayət etmək üçün Sabunçu rayon məhkəməsinə getdi, lakin həmin zamanlar karantin rejimi ilə əlaqədar məhkəmlər işləmədiyinə görə ondan ərizəni qəbul etmədilər. Bundan sonra isə o, Raul barəsində Polis Şöbəsinə müraciət etmişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-nin 20 avqust 2020-ci il tarixli məktubu ilə ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Göründüyü kimi onun, cavabdehin adına aldığı torpaq sahəsi üzərində apardığı tikinti işlərinə 150 000 manat, həmin evi mebellə təchiz etməsi üçün 7000 manat, torpaq sahəsinin alınması üçün isə 18 800 ABŞ dolları məbləğində xərci çıxmışdır ki, cavabdeh öz əməlləri ilə ona həmin məbləğdə zərər vurmuşdur. Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-770/2021 saylı iş üzrə qəbul etdiyi 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 13800 manat məbləğində vəsaitin tutulması, iddia tələbi qalan hissədə təmin edilməməsi və İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən - iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Cavabdeh onun xeyrinə 13800 manat pul vəsaitinin tutulması qənaətinə gəlmişdir, belə ki, məhkəmə cavabdeh tərəfin ifadələrini, habelə cavabdeh tərəfin təqdim etdiyi şahidlərin ifadələrinin iddia tələbinin tam təmin edilməməsi üçün sübut kimi qəbul edir. Lakin onların dediklərini təsdiq edən heç bir sübut yoxdur. Məhkəmədə iştirak edən cavabdeh Raul və onun nümayəndəsi olan qardaşı Tural, habelə şahidlik edən şəxslərdən bəziləri (X6, X11 və X12, ərizəsi elan olunmuş X2) əlbir olub onun razılığı olmadan torpağını və evini sataraq pullarını mənimsəyən şəxslər olmuşlar. Ona görə də onların ifadələri sübut kimi qəbul oluna bilməzdi. O, nə cavabdehə, nə də məhkəmə iclasında ifadə vermiş digər şəxslərə torpağını və evini ev əşyaları ilə birlikdə 53000 manata satmalarını və həmin puldan borclarına çıxılmasını deməmişdir. Onun heç kimə, o cümlədən də qardaşı Raufa (12600 manat əmək haqqı borcu), nə də Əliyullah adlı şəxsə borcu (7600 manat) olmamış, evin satışından kiməsə olan borcunu ödəmələrini heç kimə deməmişdir. Eləcə də əgər onun kiməsə borcu olsa belə, həmin borcların silinməsi üçün faktiki olaraq ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən 4 sot torpaq sahəsini və orada tikdirdidiyi 2 mərtəbəli, ümumi sahəsi 70 kv.metr olan evinin satılmasına razılıq verməmişdir. Bu barədə nə cavabdeh, nə də onun tərəfini saxlayan şahidlər məhkəməyə heç bir yazılı sübut təqdim etməmişlər. Onun yalnız İlqar Hacıyevə 8000 ABŞ dolları (13600 manat) borcu olmuşdur ki, həmin məbləğin əşyaları ilə birlikdə 157000 manat məbləğində olan 2 mərtəbəli evinin dəyərindən çıxılmasına məhkəmə iclasında razılıq vermişdir, qalan 143400 manat məbləği, torpağın alınması üçün cavabdeh Raula verdiyi 18800 ABŞ dollarını və mənəvi ziyana görə 25000 manat məbləğində pulu məhkəmədə cavabdehdən onun xeyrinə olaraq alınmasını tələb etmişdir. Lakin məhkəmə qərəzli olaraq adları qeyd olunan şəxslərin ifadələrini iddia tələbini qismən rədd edən sübut kimi qəbul etmişdir. Bundan başqa, əgər cavabdeh Raulun atası və onun qardaşı Raufa əmək haqqı borcu olmuşsa, qardaşı Rauf ona qarşı iddia qaldıra bilərdi. Həmçinin də, qardaşı Rauf Azərbaycanda deyil, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində fəaliyyət göstərən "xxxx" MMC-də işləmişdir. Belə olan halda qardaşı Rauf ona qarşı deyil, "xxxx" MMC-yə qarşı Moskva şəhərində iddia qaldıra bilərdi. Məhkəmə iddia tələbindən kənara çıxaraq rəsmi qaydada ona qarşı iddia olmadığı halda onun evinin bazar qiymətindən dəfələrlə ucuz qiymətə satışından əldə olunmuş cüzi məbləğdə pulu (53000 manat) qanunsuz və əsassız olaraq daha da azaldır. Hətta məhkəmədə əmək haqqının alınması ilə əlaqədar olaraq qardaşı Raufun ona qarşı iddiası olmadığı halda, həmin məbləğdən əmək haqqı ödənişini silir. Bundan başqa məhkəmə iddia tələbini maddi ziyan hissədə qismən təmin etdiyi halda, habelə məhkəmə iclasında da cavabdeh tərəfindən get-gələ salınması, əsəb sarsıntıları keçirməsi, polisə, məhkəməyə müraciət etməsi təsdiq olunsa da, ona dəymiş mənəvi ziyanı tam rədd etmişdir. Halbuki, çəkdiyi mənəvi sarsıntılar, iztirablar səbəbli əlaqə olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Məhkəmə tərəfindən işin faktiki hallarına və məhkəmədə araşdırılan sübutlara düzgün hüquqi qiymət verilməmiş, iddia tələbi tam (həm maddi, həm də mənəvi) təmin olunmalı olduğu halda, qismən təmin edilmişdir. Qeyd olunan qətnamədən cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilərək, həmin hissədə də iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin adına torpaq sahəsi almışdır. İddiaçının qardaşı, cavabdehin isə atası olan X11 iddiaçının yanında işləmişdir. İddiaçının Cavabdeh 11.000 ABŞ dolları məbləğində əmək haqqı borcu olmuşdur. Cavabdeh bazardan mal almış iddiaçıya vermiş, həmin malın pulunu iddiaçının göstərişi ilə həmin borclar ödənilmişdir. Cavabdeh şəkər xəstəsi olduğu üçün Bakıya qayıtmış, iddiaçının da qeyd etdiyi kimi onların ortaq tanışları İlqar adlı şəxs iddiaçı ilə danışıb sonra da cavabdehə zəng eləmiş ki, iddiaçı deyir evi satın. O, sonra iddiaçıya zəng etmiş ki, bəs İlqar deyir evi satsınlar. İddiaçı “evi satın sizə aid olan borcu götürün” demişdir. O, iddiaçıya evin 53000 manata satılması barədə məlumat vermişdir. İlqarla evi satandan sonra onlara olan borcu 25800 manatı götürmüşlər. Həmin məbləğə daxil idi 11.000 ABŞ dolları (yəni 18700 manat) və bazara olan borcun əvəzi olaraq 7100 manat) Yerdə qalan puldan makler və vasitəçilərin pulu ödənilmiş, İddiaçıya 6700 manat pul qaytarılmışdır. Məhkəmənin qətnamədə 13800 manat pulun qalması ilə bağlı gəlmiş olduğu nəticə qeyri-müəyyən olaraq qalmışdır. Çünki həmin məbləğin necə hesablanması qətnamədə öz əksini tapmamışdır. İşin halarında göstərilən xüsusatlar birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında tam olaraq sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak etmiş şahidlər öz ifadələri ilə bunları təsdiq etmişlər. Məhkəmə bütün qeyd edilən hallara düzgün yanaşsa da nəticə etibarı ilə müəyyən etdiyi 13800 manat vəsaitin necə əmələ gəlməsini əsaslandırmamışdır. Belə ki, məhkəmədə şahid kimi ifadə vermiş Rauf Əkbərov ona iddiaçınını 11.000 ABŞ dolları borcu olduğunu bildirsə də, məhkəmə həmin məbləği 12.000 manat kimi qəbul etmişdir. Halbuki göstərilən rəqəmlər arasında 7700 manat fərq vardır. Belə olan halda məhkəmənin Mülki Məcəllənin 386, 433, 1091-ci maddələrinə istinad etməsi, mübahisəinin həlli baxımından düzgün deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, evi neçəyə satmaqlarının ona aidiyyatı yoxdur. Burada ona vurulan zərər həmin evi və torpağı bərpa etmək üçün çəkəcəyi xərclərdir. Bu məbləğ 150000 manatdan çox təşkil edir. İşlədiyi müddətdə onun cavabdehə borcu yox idi. Uzun müddət Azərbaycana gələ bilməmişdir. 2019-cu ildə gələ bilmişdir. Əvvəlcə Sabunçu rayon Məhkəməsinə müraciət etsə də onlar da polisə verdilər. Sonra orada da dedilər ki, bu işə aidiyyatı üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsində baxılmalıdır. Pul tələbi olunmayıb. Onun İlqara 8000 dollar borcu olub. Bu gün həmin pul 13600 manat edir. Dolların kursu ilə bağlı fərq olar bilər, amma 8000 dollar borc idi. İşlərə ümumi rəhbərliyi dayısıoğlu Nağıyev Bəhram rəhbərlik edirdi. O, 3 aydan bir Azərbaycana gəlirdi. Sonra 2017-ci ildən sonra gəlməyində problem yarandı. Evin satılması ilə bağlı birinci dəfə Tural ona zəng elədi ki, borcları var, onun evini satmaq istəyirlər. O, demişdir ki, Raulun pul tələbi varsa gəlsin Moskvada pulu tələb etsin. Həmçinin evin satılmasına heç cür razılıq verməmişdir. Evin qiyməti barədə danışıq gedə bilməzdi. O, evi yaşamaq üçün tikmişdir, satmaq üçün tikməmişdir. Evin qiyməti əslində 200 000 manatdır. Ona dedilər ki, 47000 manata satıblar. Evi satdıqları şəxs isə dedi ki, 53000 manata satılıb. Sonra şahidlərdən İlham adlı şəxs izahatında qeyd etmişdi ki, 70 000 manata evi satılıb, onun yanında 2 sot torpaq 22 000 manata satılıb. 4 nəfər əlbir olub onun Azadlıq metrosunun yanında 3 otaqlı mənzili var idi. Sonra elə oldu ki, həmin mənzili satdım. Sonra həmin mənzildəki mebelləri aparıb həmin evə qoymuşdum. İndi elə izahat verilir ki, guya mən zibillikdən götürüb oraya qoymuşam. Bağdakı mebellər həm mebellərim idi, həm də baldızımın idi. Alqı-satqı olanda nə mənə xəbər ediblər, nə qızıma xəbər ediblər. Evə girib həmin mebelləri İlham adlı şəxsin evinə aparıblar. Sonra bir müddətdən baldızı xəbər tutub gedib öz mebellərini aparıb. Ona məxsus mebel yəqin ki oradadır. Mebellərin neçəyə alınması ilə bağlı onda sübut yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X13 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci iinstansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X14 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, əmisi Elxan qardaşı tələbə olanda onun adına torpaq sahəsi almışdır. Torpağın alınmasında qardaşı pul ödəməyib. Torpaq alındı. Məhkəmədə etiraf etmişdir ki, bu əmisinin torpağıdır. Atas da əmisinin yanında bazarda işləyib. Atası əmisinə mal alıb verib. Ev 53000 manata satılıb. Əgər mümkündürsə həmin danışıqları çıxarıb gətirə bilər. Əmisinin İlqara və onlara borcu olub. Əmisi özü İlqara deyib ki, apar evi sat. Ev yarımtikili olub. Mebellər olub, onlar da haradansa gəlmişdi. Döşəmə, parket olmayıb. O, evə gələn kimi orada nəyin olmasını bilməmişəm. Maklerlə birgə həmin evə getmişəm. Ev qardaşımın adına olub. Əmim İlhama zəng edib ki, evi qaytarmaq istəyir, daha baha satıla bilərdi. İlham da deyib ki, gözləyir. Əmisi İlqara bildirib ki, 6700 manat pulu Əliyula adlı şəxsə versin. Pul verilib. Bu proseslərdə o, iştirak etməmişdir. Pulu İlqar götürüb. Makleri İlqar tapmışdı. İlqara da demişdi ki, müştəri tapın. Bəhramgilə demişdi ki, oraya gedin. Əmim mənə demişdi ki, Bəhramdan evin açarını alım ki, müştəri gələndə evə baxsın. Bunu Bəhram məhkəmə iclasında təsdiq etdi. Əmisinin atasına maaş borcu olub. Qiymət barədə də əmisinin xəbəri olub. Bir neçə gün maklerlər müştəri axtardı. Qiyməti əmimə demişdik ki, dedi ki, daha artıq məbləğə satmaq olarmı, dedik ki, olmur. Yəni evin satıldığını qiymətdən əmisinin xəbəri var idi. Ev 2017-ci lin sentyabr ayında satılıb. 2019-cu ildən də əvvəl əmisi Azərbaycana gəlmişdir. Ev yarımtikili olub. Ona kimsə deyib ki, sən evi daha yüksək məbləğə sata bilərdin. Evi alan şəxs İlhamdır. Evdə işlənmiş paltaryuya idi, köhnə çarpayı var idi, işlənmiş soyuducu var idi. İlqara da zəng edib ki, gəlin əşyaları götürün. İlqar da qızına zəng edib. Çünki alan şəxs təmir etməli idi. Həmin şəxs bağ evinə aparılıb. Qızı da gəlib oradan götürüb. Rusiya Azərbaycan gediş-gəliş yox idi. Yollar bağlı olduğundan mal alınan şəxs ürəyindən əməliyyat olunmuşdu. Atasının aldığı mal, evin pulun qaytarılması ilə bağlı şahid var idi. Atası mal almışdı, evin satışından pulu ona qaytarmışdı. Torpaq qardaşının adına alınmışdı, amma evi əmisi tikmişdi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş X6 şahid qismində ifadə verərək bildirmişdir ki, o, evin indiki sahibidir və evi 53000 manata almışdır. O, evi alanda evdə əşyalar (paltaryuyan, taxt, divan dəsti və digər) olmuş, əşyalarını çıxarılmasına görə dəfələrlə İlqargillə telefon əlaqəsi saxlamış, telefona cavab vermədiklərinə görə o, əşyaları maşına yığdırmış və öz qızının qaynatasıgilin Ramanadakı evlərinə boşaltdırmışdır. Sonradan İlqar ona zəng edərək evin əşyalarının ev yiyəsinin qızının götürəcəyini bildirmişdir. Əşyalar 3 ay Ramanada qalmışdır. Elxanın qızı bir qadınla gəlmiş açarı onda götürmüşlər. Sonradan onlar Ramanaya gedərək əşyaları götürmüşlər. Onun açarını da ona qayrarmamışlar. Ev yarım tikili olmuş, evdə hamamda kafel olmamış, Elxan ona zəng etmişdir. O isə Elxana bildirmişdir ki, evin pulunu versələr o evi qaytarar. Sonra onlardan xəbər çıxmamış o, evi tamamlamış və 15-20 min xərc çəkərək evi satmışdır. Həmçinin 2 sot torpağı isə təxminən on iki minə satmışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş X11 şahid qismində ifadə verərək bildirdi ki, iddiaçı İlqara demişdir ki, evi satsınlar. Elxanın ona borcu olub. Bazardan mal alınması ilə bağlı 8500 manat. O, Elxanın işçisi olmuşdur. Onun yanında 3 il işləmiş, qardaşının ona 12000 manat əmək haqqı borcu olub, evin satışından onlar borc pullarını götürmüşlər. Evin satılması ilə bağlı o, Elxanla danışmamışdır. Elxanla İlqar və Tural arasında danışıq olmuşdur. Elxanın özünə demişlər ki, evi satırıq borcu götürək. Elxanın evin 53000 manata satılmasından xəbəri olmuşdur. Elxan İlqara 9000 manat verməli idi. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş X8 şahid qismində ifadə verərək bildirmişdir ki, Elxan onun bibisi nəvəsidi. Elxanın onun oğlunun evinin yanında Anaşkində torpağı olmuş, Elxan onu çağırmışdır ki, oğlu Elmara evin tikilişində ustaları gətirməkdə köməklik göstərsin. Elxan tikinti üçün pul oğluna göndərir, o, isə pul işinə qarışmırdı və o, da oğlu ilə bərabər lazım olan ustanı gətirirdi. Sonra Raufun oğlu gəldi ki, buranın açarı səndədir ver, o da demişdir ki, əmisinə zəng vursun sonra açarı versin. Sonra Elxan ona zəng eədərək açarı verməsini bildirmişdir. Həmçinin demişdir ki, o, özü gəlib məsələni aydınlaşdıracaqdır. O açarı verəndə evdə ev əşyaları, mebellər kondisioner olmuşdur. Sonradan o eşitmişdir ki, həmin ev satılmışdır. O, ev tikiləndə orda olmamışdır. O, sadəcə son işlərində, suvax işlərində iştirak etmişdir. Dəqiq deyə bilmir, həmin vaxt təqribən evin qiyməti 60-70 min olardı. Həmin vaxt orda torpağın sotu təxminən 10 min olardı. Onun yanında evin alqı-satqısı ilə bağlı Elxanla bunlar arasında söhbət olmamışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində dindirilmiş X12 şahid qismində ifadə verərək bildirmişdir ki, onun İddiaçıla qohumluğu yoxdur, Elxanın bacısı oğlu Nurlanın vasitəsi ilə onu tanımışdır. Elxanla onun heç bir problemi olmayıb. Həmin evin sənədlərini Elxan ona etibar etdiyi üçün sənədlər onda olub. Tural və qardaşı Raul əmisinin onlara borcu olmasını evin satılmalı olduğunu bildirmişlər. O da Elxanla telefon əlaqəsi saxlamış, Elxana, hətta ona olan borcunu da elə ordan götürəcəyini bildirmişdir. Elxan ona demişdir ki, öz qardaşının uşaqlarına etibar edir. Evin alqı-satqısında onlar da iştirak etsinlər. Evin 53000 manata satılmasından Elxanın məlumatı olmuşdur. Alqısatqıdan sonra Diaqnostikanın yanında 218 nömrəli qara çeşka markalı maşında pulun 25-26 minini Elxanın qardaşının uşaqları Raulla Tural götürmüş, o, 15600 mant ona olan borcunu götürmüş, 4000 manat maklere verilmiş, 4000 manatın 1200 manatı vasitəçiliyə görə o götürmüş, yerdə qalan 7600 manat pulu Elxanla danışdıqdan sonra onun göstərişi ilə Əliyulla adlı Zirə kəndində yaşayan şəxsə vermişdir. Həmin vəsait o da çay evində həmin adama vermişdir. Sonradan Elxan evin ucuz satıldığını ona bildirmiş. O, da evi alan İlhamla danışarq nəsə narahatçılıq olduğunu bildirmişdir. Elxan özü telefonda İlhamla danışmış, evin ucuz satıldığını və evi qaytarması üçün pulu verəcəyini bildirmişdir. Onların Elxanla evin satılması barədə danışıqları olmuş və Tural bu danışıqlarda iştirak etmişdir. Elxanla onun arasında evin satılmasına razılıq verilməsi ilə bağlı danışıq olmasaydı o, sənədi Turalgilə verməzdi. Evin 53000 manata satılmasından Elxanın xəbəri olmuşdur. Əgər Elxan deməsəydi yerdə qalan pulu ver Əliyullaha o, həmin pulu özündə saxlayacaqdı. Makler pulu 2-3 nəfər arasında bölünmüşdür. Etiraf edir ki, makler pulundan ona da 1200 manat ona çatmışdı. Elxanın bundan xəbəri var idi və o, Elxandan halallıq almışdı. İlham ona evdən mebellərin götürülməsini demiş, o da bunu Turala bildirmişdir. Sonra İlham ona əşyaları başqa evə aparıb yığmasını bildirmişdir. Sonra isə onlar əşyaların götürülməsini Elxanın qaynı Məğrura demişlər. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayonu Polis İdarəsinin İddiaçı ünvanlanmış 20.08.2020-ci il tarixli məktubunun surətindən görünür ki, onun 10.08.2020-ci il tarixli evinin satılması ilə bağlı müraciətinin xüsusatları mülki mübahisə predmeti olduğundan bu kimi xüsusatlar öz həllini mülki qaydada məhkəmədə tapmalıdır. İş materiallarında olan torpaq alqı-satqısı haqqında 20.06.2005-ci il tarixli aktın sürətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Anaşkin küçəsində Cavabdeh Bakı şəhəri Sabunçu qəsəbə bələdiyyəsi tərəfindən 0,04 h torpaq sahəsi ******* manata satılmışdır. İş materiallarında olan 77AВ ******* seriyalı etibarnamənin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Anaşkin küçəsində yerləşən əmlakına dair İddiaçı baş etibarnamə vermişdir. İş materiallarında olan X2 tərəfindən verilmiş və notarius tərəfindən təsdiq edilmiş 11.06.2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Anaşkin küçəsində evin tikintisinə görə İddiaçı 1800 manat almışdır. Həmin vəsait evin bünövrəsinə xərclənmişdir. Sonra Elxan onunla halallaşıb tikintinin davam etdirilməsi üçün qohumu Bəhramla görüşmüşdür. Bundan sonra o, Moskvaya getmişdir. Sonra da o Elxandan öyrənmişdir ki, Hacıyev İlqar və X10 rayonu Anaşkin küçəsində evin satılması ilə məşğul olmalarını istəmişdir. Ev 53.000 manata satılmış, bu puldan 9000 dollar İlqara, Raufa isə olan 25000 manat borcunu ödəmiş məbləğin qalanını o, Moskvada almışdır. Bütün bu vaxt ərzində o, Moskvada olmuşdur. İş materiallarında olan 13.09.2017-ci il tarixli 18 saylı notariat kontorunda verilmiş ərizənin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Anaşkin küçəsində 0,04 h torpaq sahəsini və həmin torpaqda tikilmiş 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evini 53000 manat X1 bildirmişdir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, 20.06.2005-ci il tarixdə İddiaçı 3.520.000 manata (təzə pulla (3520000:5000) 704) qardaşı oğlu Cavabdeh adına rəsmiləşdirilməklə Bakı şəhəri Sabunçu rayonu Anaşkin küçəsində 0,04 h torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində onun vəsaiti ilə 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi tikilmişdir. Evin tikintisi tam başa çatmamışdır. İddiaçı hazırki tələbində eləcə də apellyasiya şikayətində qeyd edir ki, onun vəsaiti hesabına alınan torpaq sahəsi və orada tikilən ev ondan xəbərsiz olaraq satılmışdır və iddiaçı hal-hazırda həmin torpaq sahəsi və ya evi tələb etmir, ona dəymiş maddi eləcə də mənəvi ziyanı tələb edir. Cavabdeh isə bildirir ki, sözügedən ev iddiaçının göstərişi ilə satılaraq əldə edilən vəsait hesabına məhz iddiaçının göstərdiyi şəxslərə olan borcları ödənmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda sözügedən evin iddiaçının göstərişi ilə satılıb-satılmaması işin faktiki halları ilə müəyyən edilməmişdir, bu barədə mötəbər sübutlar təqdim edilməmişdir, həmin halın təsdiq edilməməsi özü-özlüyündə iddia tələbinin əsassız olması demək deyil, çünki iddiaçı hal-hazırda ona dəymiş maddi və mənəvi ziyanı tələb edir. Hazırda işin mübahisə edilməyən halı ondan ibarət olmuşdur ki, evlə birlikdə torpaq sahəsi də ümumilikdə 53000 manata satılmışdır. Göründüyü kimi hal-hazırda iddiaçının sifarişi ilə alınan torpaq sahəsi və orada tikilən ev məhz 53000 manata satılmışdır. Belə olan halda iddiaçının iddia tələbində göstərdiyi kimi “cavabdehin adına aldığı torpaq sahəsi üzərində apardığı tikinti işlərinə 150 000 manat, həmin evi mebellə təchiz etməsi üçün 7000 manat, torpaq sahəsinin alınması üçün isə 18 800 ABŞ dolları məbləğində xərc çəkməsi” öz təsdiqini tapmamışdır. Halbuki Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Cavabdeh isə iddia tələbinə etirazda qeyd etmişdir ki, “O, iddiaçıya evin 53000 manata satılması barədə məlumat vermişdir. İlqarla evi satandan sonra onlara olan borcu 25800 manatı götürmüşlər. Həmin məbləğə daxil idi 11.000 ABŞ dolları (yəni 18700 manat) və bazara olan borcun əvəzi olaraq 7100 manat) Yerdə qalan puldan makler və vasitəçilərin pulu ödənilmiş, iddiaçıya 6700 manat pul qaytarılmışdır” apellyasiya şikayətində isə göstərmişdir ki, “məhkəmənin qətnamədə 13800 manat pulun qalması ilə bağlı gəlmiş olduğu nəticə qeyri-müəyyən olaraq qalmışdır”. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə münasibətdə təkrarən Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddələrinin tələblərinə istinad etməklə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf evin satılmasından əldə edilmiş 53000 manat vəsaitdən hansı məbləğd pulun iddiaçının borclarına ödəməsini sübut etməlidir. Lakin işin materiallarında iddiaçının Cavabdeh atasına əmək haqqı və digər borcunun olması müəyyən edilmir, eləcə də bu barədə sübutetmə yükü cavabdehin üzərinə düşsə də qeyd olunan hallara dair hər hansı mötəbər sübutlar təqdim edilməmişdir, bundan başqa cavabdeh makler və vasitəçilərə vəsait ödənilməsini də sübut edə bilməmişdir. Bunun əvəzində iddiaçı tərəf evin satılmasından əldə edilmiş 53000 manat vəsaitdən 15600 manat hissəsinin İlqar adlı şəxsə borcun ödənilməsi üçün verilməsini qəbul etmişdir (protokol iş v.122). Baxmayaraq ki, iddiaçı apelyasiya şikayətində bu məbləği dəyişdirərək 13800 manat olduğunu bildirsə də, kollegiya iddiaçının məhz birinci instansiya məhkəməsində verdiyi izahatındakı məbləğlə bağlı etirafını (iddiaçıya çatası puldan 15600 manat vəsaitin İlqar adlı şəxsə ödənilməsi) əsaslı hesab edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 53000 manat vəsaitdən cəmi 15600 manat vəsait iddiaçının göstərişi ilə başqa şəxsə verilmiş, qalan vəsaitin, yəni 37400 manatın isə yuxarıdakı əsaslandırma baxımından iddiaçının borclarına sərf edilməsi təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti üzrə əsaslı olması qənaətinə gəlsə də, cavabdehdən tutulmalı olan pul vəsaitinin məbləği hissəsini düzgün müəyyən etməmişdir. Digər tərəfdən iddiaçı tələbində cavabdehdən mənəvi zərərin də tutulmasını xahiş etmişdir. Kollegiya iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən kollegiya hesab edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmadığından həmin hissədə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Göstərilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən əsaslı olduğundan və cavabdehin apellyasiya şikayəti isə işin sadalanan faktiki halları ilə əsassız olması müəyyən edildiyindən, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan məbləğin müəyyən edilməsi hissəsində dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə 37400 manat məbləğində vəsait tutulmalı, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir, bu baxımdan apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-770/2021 saylı iş üzrə qəbul etdiyi 03 sentyabr 2021-ci il tarixli qətnaməsi – “cavabdehdən Cavabdeh tutulmalı olan məbləğin müəyyən edilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə tutulmalı məbləğ 37400 (otuz yeddi min dörd yüz) manat müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsinə dair dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar