Məhkəmə qərarları › İş №2(103)-1127/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1127/2020

10.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1127/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi x3, Cavabdeh "Cavabdeh" İKB ASC-nin (indiki “xxxxxxxxx” ASC) nümayəndəsi x4 iştirakı ilə, İddiaçı "Cavabdeh" İKB ASC-yə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair ilk və "Cavabdeh" İKB ASC-nin İddiaçı qarşı borc tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və "Cavabdeh" İKB ASC tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "Cavabdeh" İKB x5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin adına verilmiş ünvan 1 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildə Cavabdeh İKB ASC ilə kredit müqaviləsi bağlayaraq 35000 ABŞ dolları məbləğində kredit götürmüş və həmin məbləğin üzərinə 15000 ABŞ dolları əlavə edərək, ünvan 1 ünvanında yerləşən sahəsi 25 kv.m-dən ibarət bir otaqlı mənzili almışdır. Həmin kredit müqaviləsinin təminatı kimi iddiaçı aldığı mənzili ipoteka ilə yüklü etmişdir. Lakin iddiaçının xəbəri olmadan Cavabdeh İKB ASC 2010-cu ildə əsassız olaraq iddiaçını məhkəməyə verərək məhkəmə qərarı əsasında iddiaçıya məxsus mənzili hərrac yolu ilə balansına keçirmişdir. Mənzil Cavabdeh İKB ASCnin balansına keçməsinə baxmayaraq, iddiaçı və ailə üzvlərini məhkəmə qaydasında mənzildən çıxara bilməmişlər. Sözügedən mənzildə iddiaçı ailəsi ilə birgə 2008-ci ildən 2019-cu ilə qədər yaşamışdır. Hazırda iddiaçı ailə üzvləri ilə birlikdə həmin evdə pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.02.2018-ci il tarixli 51 nömrəli qərarına uyğun olaraq Bakı şəhəri Yasamal rayonunda “Sovetski” adlanan ərazidə yerləşən bir sıra yaşayış və qeyri-yaşayış obyektləri, o cümlədən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzil plana düşərək sökülmüşdür. İddiaçının yaşayış sahəsinə uyğun hesablanmış 50000 manat kompensasiya dövlət tərəfindən iddiaçının hesabına köçürülmüşdür. Lakin iddiaçı həmin kompensasiyanı ala bilmir. Səbəb kimi də iddiaçıya bildirilir ki, Cavabdeh İKB ASC yenə növbəti dəfə iddiaçıya xəbər vermədən 24.06.2019cu il tarixində ona məxsus on ildən yuxarı istifadəsində olan ünvan 1 ünvanındakı mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən çıxarış almışdır. Cavabdeh İKB ASC-yə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən həmin mənzildə pasport qeydiyyatında olanların rəsmi razılığı olmamışdır. Bundan əlavə, həmin mənzil artıq bir ildən çoxdur ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüş, yəni faktiki mövcud olmayan mənzilə çıxarış verilmişdir. Bu baxımdan da, iddiaçıya məxsus ünvan 1 ünvanındakı mənzilə dair Cavabdeh İKB ASC-nin adına verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Cavabdeh "Cavabdeh" İKB ASC İddiaçı qarşı borc tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, İddiaçı “Cavabdeh İKB” ASC-nin xeyrinə 15 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə 16384,74 ABŞ dolları faiz borcu və 18,37 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 16403,11 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı 15.02.2008-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İKB ASC-dən illik 18 faizlə 240 ay müddətinə 35000 ABŞ dolları məbləğində kredit götürmüş, lakin müqavilə şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2019-cu il sentyabr ayının 13-dək İddiaçı banka 15.02.2008ci il tarixli kredit müqaviləsi üzrə 16384,74 ABŞ dolları faiz borcu və 18,37 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 16403,11 ABŞ dolları borcu vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(006)- 5490/2019 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddialar rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti ilk iddia tələbi ilə eyni məzmunlu olmaqla birinci instansiya məhkəməsi tərəfindən qətnamənin maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edilməsi ilə əsaslandırılmışdır. Qətnamədən narazı qalan "Cavabdeh" İKB ASC apelyasiya şikayəti ilə qətnamənin qarşılıqlı iddia tələbinə dair hissədə ləğv edilərək qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində qeyd olunur ki, borclu tərəfindən kredit borcu vaxtında ödənilmədiyindən ona əlavə faiz və cərimə borcu hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Rauf Dibirov apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı 2008-ci ildə evi almış, kredit borcuna görə evi bank qarşısında ipoteka ilə yüklü etmişdir. Borcla bağlı məhkəmə qətnaməsi icraya yönəlmişdir. Hərracın nəticəsi olaraq bank faktiki mövcud olmayan evə dair çıxarış almışdır. Əslində 2019-cu ilin yanvar ayında ev sökülmüşdür. Qeyd edilənlərə əsasən o, apelyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin isə apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Dinara Əliyeva ilk iddia üzrə iddiaçının apelyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, bankın apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, MPM-in 376.2-ci maddəsinə əsasən mülki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şıkayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(006)- 5490/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh İKB ASC ilə İddiaçı arasında bağlanmış 15 fevral 2008-ci il tarixli, 06/08(i) saylı kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədilə illik 18 faizlə 240 ay müddətinə 35000 ABŞ dolları məbləğində kredit verilmişdir. ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı mülkiyyət hüququ 13.03.2008-ci il tarixdə qeydə alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30.09.2010-ci il tarixli, 2(004)-3754/2010 saylı qətnaməsinə əsasən İddiaçı 34494,68 ABŞ dolları əsas borc, 5088,15 ABŞ dolları faiz borcu və 30 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 39612,83 ABŞ dolları məbləğində borcun və 19 manat dövlət rüsumunun tutularaq Cavabdeh İKB ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 3-yə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, həmin əmlakın satışından əldə olunan pul vəsaiti hesabına Dibirova x2 borcunun ödənilməsi, borcu ödənildikdən sonra vəsait qalarsa cavabdeh İddiaçı verilməsi qət edilmişdir. “Hərracın yekunları barədə” 10 may 2012-ci il tarixli, Y-1073 №-li protokol və “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” müqavilə ilə alıcı Cavabdeh İKB ASC ünvan 3-ni 15938 manata almış, 24.06.2019-cu il tarixdə ev üzərində bankın mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı cavabdeh “x1 Mərkəzi” MMC-yə, “xxxxxx” MMC-yə və Cavabdeh İKB ASC-yə qarşı qiymətləndirmə hesabatının ləğvi, qiymətləndirmənin nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə iddia tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10.11.2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İddiaçı 15.02.2008ci il tarixinə Banka 16384,74 ABŞ dolları faiz borcu, 18,37 ABŞ dolları cərimə borcu, cəmi 16403,11 ABŞ dolları borcu olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İlk iddiaçı mübahisələndirdiyi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qanunazidd olaraq verildiyini və mövcud olmayan evə dair verildiyini əsas gətirmişdir. Apelyasiya icraatı zamanı işə baxılarkən məhkəmənin sorğusuna cavab olaraq DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə göndərilmiş sənədlərin surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu A.Şaiq küçəsində yerləşən 18/20 saylı ev Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2010-cu il tarixli icra vərəqəsinə əsasən keçirilmiş 10 may 2012-ci il tarixli hərrac protokoluna və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh İKB ASC-nin mülkiyyətinə keçmiş və 24 iyun 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, evlə bağlı artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi var, ev həmin qətnamədə müəyyən edilən qaydada hərracda satılmış, bank evi alaraq mülkiyyət hüququ əldə etmişdir. İddiaçı keçirilmiş hərracı mübahisələndirmiş, iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Mübahisələndirilən çıxarışın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İKB ASC cavabdeh İddiaçı tələb etdiyi borcun yaranmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddianı da təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385.2, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı və "Cavabdeh" İKB ASC-nin apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(006)- 5490/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar