Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1131/2022 14.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı və onun vəkili Vəkil5, Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(005)-450/2020 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 68C saylı qeyri-yaşayış binasında və ünvan 3də yerləsən 10 saylı mənzildə iddiaçının 1/2 payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh 11 noyabr 1994-cü il tarixdə nikaha daxil olmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə ünvan 3də yerləsən 10 saylı mənzil və Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 68C saylı qeyri-yaşayış sahəsi ümumi birgə mülkiyyət olaraq, üzərində tərəflərin hər birinin 1/2 hissədə payları müəyyən edilmişdir. Ümumilikdə cavabdeh iddiaçıya qeyri-yaşayış sahəsindən istifadə edilməsinə imkan vermir. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasında və ünvan 2 ünvanda yerləşən mənzildə iddiaçının 1/2 paylarının naturada ayrılması, bu mümkün olmadıqda isə həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitinin ümumi paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına mütənasib surətdə, yəni bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(005)- 450/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi ünvanında yerləşən 68C saylı qeyriyaşayış binasının və ünvan 3də yerləşən 10 saylı mənzilin açıq hərracda satılması, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi ünvanında yerləşən 68C saylı qeyri-yaşayış binasının ilkin satış qiymətinin ******* manat, ünvan 3də yerləşən 10 saylı mənzilin ilkin satış qiymətinin 235000 manat müəyyən edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi ünvanında yerləşən 68C saylı qeyri-yaşayış binasının və ünvan 3də yerləşən 10 saylı mənzilinin satışından əldə edilən vəsaitin tərəflərin paylarına uyğun - yəni 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 220, 223-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına istinad edərək hesab etmişdir ki, tərəflərin paylı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 68C saylı qeyri-yaşayış binasının və ünvan 3də yerləsən 10 saylı mənzilin naturada bölünməsi və ondan pay ayrılması mümkün olmadığından, tərəflərin payına düşən hissəsinin digər tərəfə satması və ya həmin tərəflərdən birinin digər tərəfin payını alması məhkəmə araşdırması zamanı tərəflərə təklif olunmasına baxmayaraq, onlar razılaşmadıqlarından, tərəflərin birinin digərinə kompensasiya ilə bağlı konkret təklifi olmadığından, həmin daşınmaz əmlaklar açıq hərracda satılmaqla satışdan əldə olunan vəsait tərəflərin payına mütənasib surətdə bölünməlidir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(005)450/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2(103)-2579/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(005)450/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi iddiaçının mənzildə olan payının əvəzinə kompensasiya ödənilməsi təklifinin nəzərə alınmaması ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. İddiaçı ona payının əvəzinə pul kompensasiyasının ödənilməsi tələbini irəli sürməmişdir. Bundan əlavə apellyasiya mərhələsində də, tərəflərə təkliflər olunsa da, onlar arasında heç bir razılaşma olmamışdır. Bundan əlavə cavabdeh qeyd olunan dəlili irəli sürsə də, digər tərəfdən tərəflərin paylı mülkiyyətində olan qeyri-yaşayış binasının bölgüsü ilə bağlı həmin əmlakın heç bir vaxt nə onun, nə də ki, iddiaçının sahiblik və istifadəsində olmadığını bildirmişdir. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2(103)-2579/2021 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, Mülki Məcəllənin 220.3-cü maddəsinin tələbləri nəzərə alınmamışdır. Belə ki, həmin maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Cavabdeh mübahisələndirilən mənzilin müəyyən olunan dəyərinin 1/2 hissəsi olan 117500 manat məbləğində pulu Mülki Məcəllənin 220.3cü maddəsinə uyğun olaraq iddiaçıya ödənilməsini təklif etmiş, lakin apellyasiya məhkəməsi bu halı nəzərə almamışdır. Həmçinin tərəflərin paylı mülkiyyətində olan qeyriyaşayış sahəsinin dəyəri düzgün müəyyən olunmamış, məhkəmə həmin hissədə araşdırmanı tam aparmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 28 sentyabr 2021-ci il tarixli 2(102)-4303/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2(103)- 2579/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, apellyasiya sikayəti qətnamənin ləğvinə yönəldildiyindən cavabdehin apelyasiya şikayətinə əsasən qətnamə tam yoxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil4 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(005)-450/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil5 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(005)-450/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən sübutlarla aşağıdakılar müəyyən edilir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 04.10.2019-cu il tarixli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 21.10.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 53 saylı evin, 10 saylı mənzili ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh paylı mülkiyyətindədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, qərardadı ilə məhkəmə mühəndis-texniki və əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, Əmlak Ekspert Mərkəzinin 10 iyul 2020-ci il tarixli, ƏEM/M 09-218/20 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 10 iyul 2020-ci il tarixə olan bazar dəyəri ******* (bir milyon dörd yüz səkkiz min) manat, Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 53 saylı evin, 10 saylı mənzilin həmin tarixə bazar dəyəri 235 000 (iki yüz otuz beş min) manatdır. Həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin 07.08.2020-ci il tarixli, 31893 №-li rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binasının və ünvan 5-də yerələşən 10 saylı mənzilin naturada bölünməsi texniki cəhətdən mümkün olmamışdır. Kollegiya iş materiallarını, apelyasiya şikayətinin dəlillərini işin materialları, tərəflərin izahatları ilə əlaqələi yoxlayıb qiymətləndirərək və kassasiya məhkəməsinin hüquqi mövqeyində göstərilənləri nəzərə alıb hesab edir ki, apelyasiya şikayəti təmin edilib, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilk olaraq tərəflərin paylı mülkiyyətində olan daşınmaz əmlaklarda payının naturada ayrılması tələbini irəli sürmüş, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi ilə payların naturada ayrılmasının mümkün olmadığı müəyyən edildikdən sonra, iddiaçı tələbini dəyişdirərək, hər iki əmlakın açıq hərracdan satılması və əldə edilmiş pul vəsaitinin bölünməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı qeyd olunan qaydada təmin etmiş və iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220, 223-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli qərarında şərh edilmiş hüquqi mövqeyi ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəyə maddi hüquq normalarının tətbiq və təfsirində səhvə yol verdiyindən, iş üzrə gəldiyi nəticə qanuni olmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçı tərəfindən mülki Məcəllənin 220.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş iddiaçı, yəni öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçisi – cavabdeh tərəfindən ona ödənilməsi tələbini irəli sürməməsini nəzərə almamış, məhkəmə araşdırması zamanı məhkəmənin təşəbbüsü ilə tərəflərin payının alınmasının təklif olunmasına və tərəflərin bu təkliflə razılaşmasına əsaslanaraq gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur. Halbuki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə görə ... əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Qeyd edilən Qərarda hüquqi mövqe həmçinin ondan ibarətdir ki, payın həcmindən asılı olmayaraq, payın istənilən mülkiyyətçisi pul kompensasiyası ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə bir tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompesasiya ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin həddindən kənara çıxa bilməz. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(005)-450/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasında və ünvan 2 ünvanda yerləşən mənzildə iddiaçının ½ payının naturada ayrılması, bu mümkün olmadıqda isə həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitinin ümumi paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına mütənasib surətdə, yəni bərabər bölünməsi barədə iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-1131/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1131/2022
14.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver