Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1133/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik, istifadə və sərəncam vermək hüququnun tanınması, MTK-nın üzərinə mənzilin ona təhvil verilməsi və təmirlə bağlı maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması” tələblərinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “xx.xx.2021-ci il tarixli, mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, Xırdalan şəhəri, Bakı Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blok, 5-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 71,25 kv.m sahəsi olan mənzilə dair sahiblik, istifadə və sərəncam vermək hüququnun tanınması, Cavabdeh1 MTK-nın üzərinə həmin mənzilin ona təhvil verilməsi və təmirlə bağlı maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması” tələblərinə dair iddia ərizəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (məhkəmə) 14 dekabr 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmış, məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, iddiaçının əsas məqsədi Abşeron rayonunda yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması və mənzilin ona təhvil verilməsi ilə bağlı olduğundan, iddia tələbinə müstəsna aidiyyət qaydasında daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi şikayət verərək, işin aidiyyətinin müstəsna aidiyyət qaydalarına görə deyil, məhz ümumi aidiyyət qaydalarına uyğun müəyyən edilməli olduğunu irəli sürmüş, şikayətində vurğulamışdır ki, iddiaçının əsas tələbi Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində A blokunun 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, 71,25 kv.m. mənzilə dair mülkiyyət hüququnun tanınması deyil, cavabdehlər arasında bağlanmış müqavilənin etibarsızlığı barədədir, digər tələblər isə etibarsızlıqdan sonra həll olunmalı məsələlərdir. Cavabdehlərdən biri, yəni Cavabdeh1 MTK Nərimanov rayonu, İbrahimpaşa Dadaşov ev 57, m 180-də qeydiyyatdadır və aiddiyyət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 və 35.2-ci maddələrinə əsasən həmin cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə aiddir. Bundan başqa cavabdehlər arasında, yəni Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında “Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində, A blokunun 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, 71.25 kv.m ölçüdə mənzilin ona təhvil verilməsinin və mənzilindən istifadə etməsinə, giriş çıxışına törədilən maneələrə son qoyulmasının cavabdeh "Çinar-AN” MTK-ya həvalə edilməsi”nə dair Nərimanov Rayon Məhkəməsində mülki iş olmuş, iddiaçının iddiası xx.xx.2023-ci il tarixli saylı qətnamə ilə təmin edilmiş, həmin iş hazırda X1 apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya məhkəməsində hakim Fərrux Qasımovun icraatında baxılır. Nərimanov Rayon Məhkəməsi eyni işlər üzrə fərqli mövqe nümayiş etdirməklə ədalətsiz qərardad qəbul etmişdir. Məhkəmənin 21 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunaraq iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, qanunverici ədalət mühakiməsinin səmərəliyinin təmin edilməsi məqsədilə mülki işlər üzrə ümumi aidiyyət qaydaları ilə yanaşı, iddiaçının seçməsinə görə aidiyyət, müqavilə aidiyyəti, müstəsna aidiyyət və s. aidiyyət qaydalarını müəyyən etmişdir. Həmin qaydalardan biri də müstəsna aidiyyət qaydasıdır. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir ("Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərar). Qeyd olunan prosessual hüquq normasının məzmunundan (mənasından) göründüyü kimi, daşınmaz əşyalarla bağlı istənilən tələblər deyil, yalnız Mülki Məcəllənin 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə istinadən irəli sürülən tələblər müstəsna aidiyyət qaydasına tabedir – hansı ki, həmin maddi hüquq normalarında mülkiyyət hüququnun müdafıəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. İddia tələblərindən və onun əsaslandırıldığı hallardan görünür ki, iddiaçı, cavabdeh MTK ilə arasında bağlanmış müqavilənin predmeti olan əmlaka dair digər şəxslə bağlanmış müqavilənin etibarsız sayılmasını tələb edir – onun digər tələbləri isə, məhz MTK ilə özünün bağladığı müqavilə üzrə öhdəliklərin icra edilməsi ilə əlaqədardır. Başqa sözlə, iddia tələbləri mülkiyyət hüququnun subyektiv hüquq kimi müdafiəsinə deyil, MTK-nın iddiaçı qarşısında götürdüyü öhdəliklərin icrasının təmin edilməsinə istiqamətlənib və belə öhdəliklərin olub-olmadığı məsələsinin həlli “müqavilənin etibarsız sayılması” tələbinə veriləcək qiymətdən asılı olacaqdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri üzrə ərazi aidiyyəti baxımından müstəsna aidiyyat qaydaları tətbiq edilə bilməz və iddia ərizəsi düzgün olaraq ərazi aidiyyəti qaydalarına uyğun şəkildə Nərimanov Rayon Məhkəməsinə verilmişdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4903/2023 saylı iş üzrə 21 dekabr 2023-cü il tarixli qərardadı ləğv olunsun və iş, iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1133/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1133/2024
15.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver