Məhkəmə qərarları › İş №2(103)-1133/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1133/2025

28.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1133/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13.000 manat əsas borc, 4.500 manat əldən çıxmış fayda və 5.000 manat mənəvi ziyan və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 225 manat dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Nail Abbasov) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh verilmiş borca görə 7000 manat və iş üzrə ödənilmiş 90 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun qalan məbləğinin iddiaçının özünə aid edilməsi qərara alınmışdır.

3. İddiaçı qətnaməni mübahisələndirməmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir, belə ki, onunla iddiaçı arasında borc münaibətləri olsa da, o borcunu iddiaçıya ödəmişdir, ondan yenidən 7000 manat pulun tutulması ilə razı deyil, rayon məhkəməsinin istinad etdiyi polisdə verdiyi izahatı isə ona olan psixoloji təsir nəticəsində səhvən vermişdir. Rayon məhkəməsində iştirakı təmin olunsa idi, bu məsələlərlə bağlı izahatını verərdi. Odur ki, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, yalnız cavabdeh məhkəməyə teleqram göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iclasın başqa tarixə keçirilməsini xahiş etmişdir.

7. Cavabdeh tərəfindən vəsatətinə hər hansı sübut təqdim edilmədiyindən, vəsatət təmin edilməmiş, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi:

8. Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

9. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-dən təqdim edilmiş rədd materiallarında dindirilən Cavabdeh izahatında bildirmişdir ki, X1 barəsində yazdığı şikayət ərizəsi əsasında toplanılmış materialla tanış olmuşdur. Ərizə və izahatda yazılanlar qismən doğrudur. Belə ki, 2018-ci ildə Həqiqətlə təsadüfən tanış olmuşdur. Aralarında səmimi münasibət yarandığından yaxın münasibətləri yaranmışdır. Münasibətləri olarkən evini təmir etdirmək istəmişdir və borca pul axtarmışdır. Həqiqətdə bunu bilmiş və ona evində pulu olduğunu bildirmişdir. Daha sonra Həqiqət evində olan 17.000 manat pulu borca verəcəyini bildirmişdir. O, da borcunu pulu olanda qaytaracağını bildirmişdir. Həqiqətdə 17000 manat pulu ona borca vermiş və nə vaxt pulu olarsa hissəhissə qaytaracağını bildirmişdir. 2021- ci ilin noyabr ayından Həqiqət ondan borcunu istəyəndə, ona hissə-hissə ödəniş etməyə başlamışdır. 2022-ci ilin noyabr ayına qədər o, Həqiqətə hissə-hissə olmaqla ümumilikdə 10.000 manat pul ödəmişdir. Həmin vaxtdan Həqiqət borcdan qalan 7000 manat pulu tam ödəməsini istəmişdir. O, da Həqiqətə 7000 manat pulunun olmadığını və ancaq hissə-hissə ödəyə biləcəyini bildirmişdir. 2022-ci ilin noyabr ayında Həqiqətin borcu ilə bağlı ona tanımadığı bir kişi zəng edərək borcu qaytarmasını ondan tələb etmişdir. Belə olanda o, Həqiqətə bunu deyib münasibətini kəsmişdir. Onu da qeyd etmişdir ki, noyabr ayında o, sonuncu 500 manatı Həqiqətə verəndə, onunla birikdə gələn tanımadığı üç nəfər ona yaxınlaşıb pulu Həqiqətə qaytarmasını tələb etmişlər. Onlara 10.000 manatın artıq Həqiqətə verdiyini və 7000 manatıda hissə-hissə verəcəyini deyəndə, həmin şəxslər Həqiqətin onlara yalan danışdığı üçün bu işə qarışmayacaqlarını bildirdilər. Dekabr ayında o, Həqiqətə zəng edərək ona ödəniş etmək istədiyini bildirəndə, qəbul etməmiş və onunla əlaqəyə çıxmamışdır. Təsadüfən Həqiqəti görüb ona yaxınlaşmış və borcdan 1000 manat verib nahaq onun üzərinə kimlərisə göndərməsini bildirmişdir. Həqiqət pulu ondan almamış və onun barəsində şikayət edəcəyini bildirmişdir. Belə olanda ona “get hara istəyirsən şikayət et” demişdir. Sonradan məlum olmuşdur ki, Həqiqət onun barəsində şikayət etmişdir. Bir daha qeyd etmişdir ki, Həqiqət ona 17000 manat pulu özü qeyd etdiyi kimi də borca vermişdir və ona 10.000 manat pulu qaytarsa da, 7000 manat borcu qalmışdır. Həmin pul məbləğini də Həqiqətə hissə-hissə olmaqla qaytaracaqdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

12. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

14. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

15. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır.

16. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.

17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada)

19. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada).

20. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada)

21. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada)

22. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

28. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

31. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

32. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

36. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən - iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili onun iddiaçıya borcunu tam ödəməsi, işə onun iştirakı olmadan baxılması səbəbindən izahatlarını rayon məhkəməsinə verə bilməməsi, polisdə izahatı psixoloji təsir nəticəsində səhvən verməsidir.

40. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin borcu tam ödəməsi barədə dəlili üzrə qeyd edir ki, öhdəliyi icra etdiyini iddia edən borclu bunu özü sübut etməlidir. Hazırkı halda, iddiaçı borcu ödədiyini iddia etsə də, bunun təsdiqi kimi hər hansı sübut təqdim etmədiyindən, onun həmin dəlili əsassızdır.

41. Rayon məhkəməsində işə onun iştirakının təmin edilmədən baxılması barədə dəlili üzrə qeyd edilir ki, şikayətin həmin dəlil aşkar əsassızdır, çünki cavabdeh birinci instansiya məhkəməsində şəxsən iştirak etmişdir (i/v 49).

42. Şikayətin polisdə izahatını psixoloji təsir nəticəsində verməsi barədə dəlilinə gəldikdə isə Kollegiya qeyd edir ki, həmin dəlil də mülahizə xarakterlidir, çünki iddiaçı bununla bağlı da hər hansı sübut təqdim etməmişdir.

43. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi tərəflər arasında borc münasibətlərinin olması və cavabdehin iddiaçıya ödənilməmiş 7000 manat borcunun qalması barədə faktlar nöqyeyi- nəzərindən əsaslı və mahiyyəti üzrə düzgün qənaətə gəlmiş, cavabdeh borcu qaytardığını sübuta yetirə bilmədiyindən, apellyasiya şikayətinin dəlilləri mülahizə xarakterlidir və təmin edilə bilməz.

46. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

47. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

49. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar