Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11331/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 07 may 2021-ci il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ondan qanunsuz yolla əldə etdikləri pul məbləğinin əvəzinin ödənilməsi məqsədi ilə 24.500 manat, həmin məbləğə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 3.675 manat, cavabdehlərin ona vurduqları mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 2018-ci ilin avqust ayında fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq istəmişdir. Bu məqsədlə Xətai rayonu ərazisində yerləşən alğı-satqı ofisində işləyən Cavabdeh1 ona 0,15 ha ölçülü torpaq sahəsini göstərərək 25.000 manata satıldığını bildirmişdir. Torpaq sahəsi iddiaçıya uyğun olduğu üçün iddiaçı sahəni almaq qərarına gəlmişdir. Bununla əlaqədar olaraq Əfqan onu, torpağın sahibi kimi qələmə verilən Cavabdeh2la görüşdürmüşdür. İddiaçı ilə Zöhrab razılaşmışlar ki, Zöhrab torpaq sahəsini iddiaçıya 24.000 manata satacaq. Razılaşmanı rəsmiləşdirmək üçün Zöhrab ilə iddiaçı 11.08.2018-ci il tarixdə şifahi müqavilə bağlamışlar. Həmin şifahi müqaviləyə əsasən iddiaçı 24.000 manat məbləğində pulu Zöhraba, 500 manatı isə Əfqana vermişdir. Torpağın heç bir sənədi olmamışdır. Bir müddət sonra iddiaçı həmin torpaq sahəsində tikintiyə başlamaq istəmiş, lakin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ona tikintini davam etdirməyə icazə verməmişdir. İddiaçı bu barədə cavabdehlərə məlumat verəndə, cavabdehlər narahatçılığa əsas olmadığını, məsələyə aydınlıq gətirəcəklərini iddiaçıya bildirmişlər. Lakin sonra cavabdehlər məsələni nə həll etmiş, nə də 24.500 manat pulu iddiaçıya qaytarmamışlar. Cavabdehlərdən hüquqmühafizə orqanlarına şikayətlər etsə də, qeyd edilən məsələnin mülki xarakterli olduğu bildirilərək cinayət işinin başlanılması rədd edilmişdir. Bu səbəbdən də, iddiaçı, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 07.05.2021-ci il tarixli qətnamə ilə iddianın qismən edilməsini, Cavabdeh2 24.000 manat, Cavabdeh1 500 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsini, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Bakı şəhəri, Xətai rayonu İ.İsmayılov küçəsində yerləşən və onun yaşadığı 13 saylı binanın arxasında, ona məxsus mənzilin balkonunun qarşısında boş torpaq sahəsi olmuşdur. Cavabdeh2 atası X1 1983-cü ildə həmin torpaq sahəsini hasara almış və həmin torpaq sahəsində baxça salmışdır. Hazırda da həmin torpaq sahəsindən istifadə edirlər. Həmin torpaq sahəsinin yanında digər bir boş torpaq sahəsi var idi. Həmin torpaq sahəsindən də atası istifadə edirdi və gələcəkdə həmin torpaq sahəsində ev tikmək istəyirdi. Ev tikdirmək üçün maddi vəsaiti olmadığı üçün həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. Bu barədə Cavabdeh2 daşınmaz əmlakların alğı-satqısı ilə məşğul olan Cavabdeh1 məlumat vermişdir. 2018-ci ilin yay aylarında Cavabdeh1 Cavabdeh2 zəng edərək bir nəfərin – iş üzrə İddiaçı həmin torpaq sahəsi ilə maraqlandığını demişdir. Cavabdeh2 İddiaçı ilə görüşmüş və İddiaçı torpaq sahəsinə baxdıqdan sonra həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir, baxmayaraq ki, Cavabdeh2 İddiaçı bildirmişdir ki, torpaq sahəsinin hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Aralarında olan razılığa əsasən Cavabdeh2 torpaq sahəsini İddiaçı satmış və bununla bağlı olaraq onlar, şahidlərin iştirakı ilə öz aralarında sadə müqavilə bağlamışlar. Cavabdeh2 vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi. İş üzrə digər Cavabdeh1 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, iclasa gəlməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmışdır. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə hazırki iş üzrə apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayət verməmiş, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır. Cavabdeh1 də qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti Cavabdeh2 tərəfindən verilmişdir. Apellyasiya şikayətində Cavabdeh2 qətnamənin tamamilə ləğv edilməsini və iddianın tamamilə rədd edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. Bundan başqa nəzərə alınmalıdır ki, Cavabdeh2, qətnamənin Cavabdeh1 aid hissəsini mübahisələndirsə də, o, Cavabdeh1 adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. Cavabdeh2 digər Cavabdeh1 nə faktiki, nə də ki, qanuni nümayəndəsi deyil. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin əsaslılığını yalnız Cavabdeh2 aid və onun mübahisələndirdiyi hissədə yoxlamışdır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, “satıcı” qismində çıxış edən Cavabdeh2 ilə “alıcı” qismində çıxış edən İddiaçı arasında bağlanmış 11.08.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən və sənədsiz olan torpaq sahəsini 24.000 manata İddiaçı satmışdır. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 23.10.2020-ci il tarixli, 101-33999 saylı məktubundan görünür ki, X2 iddiaçının cavabdehlərin qanunsuz hərəkətləri barəsində etdiyi müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.7-ci maddəsinə əsasən rədd edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23.10.2020-ci il tarixli qərardan görünür ki, araşdırma zamanı Cavabdeh2 təhqiqat orqanına verdiyi izahatda göstərmişdir ki, sənədsiz olan və ünvan 1 saylı binanın arxasında yerləşən torpaq sahəsinin alğı-satqısına görə o, iddiaçıdan 24.000 manat məbləğində pul almışdır. Həmin torpaq sahəsində tikintiyə icazə verilmədiyindən iddiaçı, ona verdiyi pulu geri tələb etmiş, lakin o, həmin pulu ehtiyacları üçün xərclədiyindən pulu iddiaçıya qaytara bilməmişdir. Həmin qərardan həmçinin görünür ki, Cavabdeh1 təhqiqat orqanına verdiyi izahatda, iddia ərizəsində göstərilən və yuxarıda qeyd edilmiş halları təsdiq etmişdir. Qeyd edilən məlumatlar iş üzrə tərəflərin məhkəmələrə yazılı və şifahi qaydada verdikləri məlumatlarda da öz əksini tapmışdır. Göstərilənlərə əsasən işin halları kimi müəyyən edilir ki, Cavabdeh2 özünə məxsus olmayan torpaq sahəsini iddiaçıya sataraq, iddiaçıya məxsus 24.000 manat məbləğində pulu qanunsuz olaraq ələ keçirmişdir. Onların arasında torpağın alğı-satqısı ilə əlaqədar bağlanmış 11.08.2018-ci il tarixli müqavilə uydurma (əhəmiyyətsiz) əqdir. Məhkəmə işin müəyyən edilmiş hallarını nəzərə alaraq apellyasiya baxışının predmetini təşkil edən mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 111-ci maddəsinin görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məcəllənin 337.3-ci maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məcəllənin 1092.1-ci maddəsinə görə, əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən maddi hüquq normalarının işin müəyyən edilmiş hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, Cavabdeh2 24.000 manat məbləğində pulu iddiaçıya ödəməlidir və Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmuşdur. Məhkəmə, göstərilən nəticəni nəzərə alaraq və MPM-nin 119-cu maddəsinin tələbindən çıxış edərək hesab edir ki, Rayon Məhkəməsi iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçının ödəndiyi dövlət rüsumunu həmçinin Cavabdeh2 aid etməkdə də, haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmetini təşkil edən nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 07 may 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11331/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11331/2021
10.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver