Məhkəmə qərarları › İş №2(103)-11355/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11355/2021

24.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11355/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh Məmməd oğlunun nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh Məmməd oğluna qarşı «pul tələbi»nə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-935/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2166,30 manat əsas borc, 108,31 faiz borcu, 500 manat hüquqi yardım xərci və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MTK Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir. Cavabdeh 18.12.2013-cü ildə Bakı şəhəri, Nəsimi rayonu, 787-ci məhəllədə tikiləcək yaşayış binasında mənzillər almaq üçün Kooperativin üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə "xxxx" MTK arasında mənzillərin alqı-satqısına dair müqavilələr bağlanmış və Bakı şəhəri, Xətai prospekti 38 ünvanındakı binada yerləşən 186 və 187 №-li mənzillər həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. 186 №-li mənzilin sahəsi 95 kv.m., 187 №-li mənzilin sahəsi isə 154 kv.m-dir. Hər iki mənzilin ümumi sahəsi 249 kv.m. təşkil edir. "xxxx" MTK ilə İddiaçı MMC arasında bağlanan müqavilələrə əsasən kommunal xidmətlər o cümlədən: giriş-çıxışa və əraziyə nəzarəti həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Lakin Cavabdeh həmin mənzillərə görə 01.06.2018-ci il tarixdən 01.10.2020-ci il tarixədək mövcud olan kommunal borcunu ödəməmişdir. Cavabdehin 186 və 187 №-li mənzillər üçün kommunal borcu 2166,30 təşkil edir. Borcun ödənilməsi üçün cavabdehə şifahi və yazılı formada müraciət olunsa da, cavabdeh borcu ödəməkdən imtina etmiş və bugünədək olan kommunal borcunu ödəməmişdir. Dəfələrlə müxtəlif ünvanlarda yaşadığına görə Cavabdeh məktublar göndərilsə də, o müxtəlif bəhanələrlə məktubu almamış və ya orada yaşamaması barədə poçt qeydiyyatı aparılmışdır. Məcburiyyət qarşısında qalıb pretenziya ünvan 2 ünvanındakı “X1” Şirkətində iş yerində ona təqdim edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 2166,30 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 29 manatı, cəmi 2195,30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, "xxxx" MTK-dan aldığı mənzillərdə yaşamır və İddiaçı MMC-i tərəfindən ona hər-hansısa bir xidmət göstərilmir. İşə baxan birinci instansiya məhkəməsi işin bu hallarını, yəni onunla İddiaçı MMC arasında müqavilənin mövcud olub-olmadığını, adına olan mənzillərdən istifadə edibetmədiyini, bu mənzillərdə ümumiyyətlə kimlərinsə yaşayıb-yaşamadığını araşdırmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. MPM-nin 372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "Hüquq” MTK ilə Cavabdeh arasında bağlanmış 18.12.2003-cü il tarixli müqavilələrdən görünür ki, Cavabdeh "Hüquq” MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllə ünvanında 16 mərtəbəli yaşayış binalarının A blokunun tikintisi başa çatdıqdan sonra blokun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 154 və 95 k/m təşkil edən mənzillərin pay haqqını tam ödəməyi, MTK isə həmin mənzillərin verilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan "Hüquq” MTK-nın üzvlərinin ümumi yığıncağının 28 aprel 2008-ci il tarixli iclas protokolundan görünür ki, həmin iclasda Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərən təşkilatla müqavilə bağlanmasının təmin edilməsi, bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər k/m üçün 0,30-0,50 manatın yığılması qərara alınmışdır. İş materiallarında olan 01.05.2008-ci il tarixli "xxxx" MTK ilə İddiaçı MMC arasında bağlanmış müqavilədən görünür ki, sifarişçi "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu icraçı İddiaçı MMC-yə vermiş, icraçı İddiaçı MMC isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi, bunun müqabilində kommunal haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 01.05.2012-ci il tarixli "xxxx" MTK ilə İddiaçı MMC arasında bağlanmış müqavilədən görünür ki, sifarişçi "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu icraçı İddiaçı MMC-yə vermiş, icraçı İddiaçı MMC isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən icraçı İddiaçı MMC bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər k/m üçün 0,30-0,50 manatın yığılmasını öz üzərinə götürür. İş materiallarından görünür ki, "Hüquq” MTK ilə İddiaçı MMC arasında bağlanmış 01.05.2017-ci il tarixdə eyni məzmunlu daha bir müqavilə imzalanmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 03.07.2020ci il tarixli 121 saylı məktubdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə borcu olması barədə xəbərdarlıq edilmiş, həmin borcun 10 gün müddətində ödənilməsi xahiş edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Həmin məktub 30.09.2020-ci il tarixdə Misirzadə V.A tərəfindən qəbul edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə Bakı şəhəri, Xətai prospekti 38 ünvanındakı binada yerləşən 186 və 187 №- li mənzillər üzrə 2018, 2019 və 2020-ci illər üzrə ümumilikdə 2166,30 manat borcu var. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh 20.10.2003-cü ildə Nəsimi rayonu, 787-ci məhəllədə tikiləcək yaşayış binasında mənzil almaq üçün Kooperativin üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə "Hüquq” Mənzil Tikinti Kooperativi arasında mənzilin alqı-satqısına dair müqavilə bağlanmış, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında sahəsi 154 və 95 k/m təşkil edən 186 və 187 №-li mənzillər 2004-cü ildən cavabdehin istifadəsinə verilmişdir. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh Məmməd oğluna məxsus Bakı şəhəri, Xətai prospekti 38 ünvanında sahəsi 154 və 95 k/m təşkil edən 186 və 187 №-li mənzillər İddiaçı MMC tərəfindən kommunal xidmətlər ilə təmin edilmiş, cavabdeh tərəfindən kommunal xidmətlərə görə xidmət haqqı tam həyata keçirilməmiş, nəticədə 1164,20 manat kommunal borcu yaranmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, 135.2, 136.2, 137.1, 137.4, 137.10, 138.5, 139.1-ci maddələri ilə hüquq normalarını işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehdən kommunal xərclərə görə ödənilməli olan xidmət haqqını tələb etməkdə haqlı olmuşdur. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarı dövlət və ictimai mənzil fondu evlərinə şamil olunur. Özəl mülkiyyətdə olan çoxmənzilli binanın mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqqın miqdarı isə Nazirlər Kabinetinin, yaxud Tarif Şurası tərəfindən müəyyənləşdirilmiş tariflərlə tənzimlənmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29.12.2015-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmələr çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq kommunal xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər. Həmçinin həmin qərarla qərara alınmışdır ki, çoxmənzilli binaların mənzil və digər sahələrinin mülkiyyətçiləri ilə ümumi əmlakın saxlanmasına dair xidmətləri həyata keçirən idarəedici təşkilatlar arasında müqavilə bağlanarkən Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda formalaşdırdığı hüquqi mövqeləri nəzərə alınmalıdır. Məhkəmə kollegiyası, həmçinin, cavabdehdən mənzilinin sahəsinə görə tələb edilən kommunal haqqın miqdarını da ağlabatan hesab edir. Belə ki, cavabdehdən tələb edilən məbləğ (mənzilin hər kvadrat metrinə görə 30 qəpik) "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 saylı Qərarının tələblərinə uyğundur. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin həmin mənzildə yaşayıb-yaşamamasından asılı olmayaraq da, qeyd edilən kommunal ödənişləri ödəmək qanunvericiliyin tələbinə əsasən onun vəzifəsidir. Belə ki, mənzil qanunvericiliyində mənzil-tikinti kooperativinin üzvlərinin çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı ödənişləri və (və ya) haqları mənzil-tikinti kooperativinin idarəetmə orqanının müəyyənləşdirdiyi qaydada ödəməsi nəzərdə tutulmuşdur. Həmçinin, kollegiya qeyd edir ki, cavabdehin iddiaçı ilə müqavilə bağlamadan kommunal haqlardan istifadə etməsi hüquqdan sui-istifadə kimi qəbul edilməlidir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmiş, qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-935/2021 saylı, 15 mart 2021-ci i il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar