Məhkəmə qərarları › İş №2(103)-1136/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1136/2022

19.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1136/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(009)-289/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin, 33 saylı mənzilinin həbsdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı təmin edilmiş, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X26Mamed oğluna məxsus olan Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 5 saylı evin, 33 saylı mənzilinin üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmuşdur. Mənzil üzərinə səhvən həbs qoyulmuşdur. Belə ki, mənzil onun xüsusi mülkiyyətindədir, yuxarıda qeyd olunmuş şəxsə məxsus deyildir. O, CPM-nin 253-cü maddəsinə uyğun olaraq cinayət prosesini həyata keçirən orqana (Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsi) müraciət edərək Mənzilin həbsdən azad edilməsini xahiş etmişdir. Cinayət prosesini həyata keçirən orqan onun müraciətini təmin etməyərək mənzili həbsdən azad etməmişdir. O, bu səbəbdən, yəni cinayət prosesini həyata keçirən orqan mənzilin həbsdən azad edilməsi barədə müraciətinin təmin etməsindən imtina etdiyinə görə, MPM-nin 253-cü maddəsinin müddəalarına müvafiq olaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(009)-289/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə qeyd olunur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2021-ci il tarixli, 2(103)-5032/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(009)-289/2021 saylı qətnаməsinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 2(102)-5913/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.05.2021-ci il tarixli, 2(103)- 5032/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayəti və iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməklə, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində göstərdiyi kimi, ona mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzilinin üzərinə səhvən həbs qoyulması halı öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə iddiaçının bununla bağlı dəlillərinin əsassız olması qənaətinə gəlir və ünvan 1 ünvanında yerləşən mənzilin həbsdən azad edilməsini mümkün hesab etmir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırda Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzilin üzərinə səhvən həbs qoyulması halı öz təsdiqini tapmadığından müvafiq mənzilin üzərindən həbsin götürülməsi ilə bağlı məsələ mülki mühakimə icraatı qaydasında deyil, həmin cinayət işi üzrə cinayət təqibini aparan orqana müraciət etməklə həll edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, mülki işin araşdırılmış halları ilə müəyyən olunur ki, 17 oktyabr 2015-ci il tarixli qərarla bir qrup vəzifəli şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 308.2 və 309.1-ci maddələri ilə cinayət işi başlanmış, 28 noyabr 2016-cı il tarixdə X10 Azərbaycan Respublikasının CM-nin 178.3.1, 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Azərbaycan Respublikasının CM-nin 178.3.1, 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X10 barəsində axtarış elan edilmişdir. 30.11.2017-ci il tarixli qərarla ********* nömrəli cinayət işi X14 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanda yerləşən həyətyanı torpaq sahəsi, 2015-ci il buraxılışlı, ban nömrəsi SAJAA22A7E8V86307 olan “Jaquar XJ” markalı 99-XP958 dövlətqeydiyyat nişanlı, 2014-cü il buraxılışlı, ban nömrəsi WDD2120591A993075 olan “Mercedes Benz E-350” markalı, **-YY-*** dövlət qeydiyyat nişanlı avtomaşınların, həmçinin təqsirləndirilən şəxs X6 məxsus olan ünvan 1, Bakı şəhəri, Səbail rayonu, X16 küçəsi, ev 19, mənzil 11, arvadı Larisa Həsənovanın adına rəsmiləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, X16 küçəsi, ev 19 mənzil 005 a ünvanında yerləşən mənzillərin üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmuşdur. Üzərindən həbsin götürülməsi xahiş edilən mənzillə bağlı isə müəyyən edilmişdir ki, 05 mart 2013-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı Müqaviləsinə əsasən, tam mülkiyyət hüququ ilə X11 adından etibarnamə ilə çıxış edən X12 Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzili X5 satmış, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin, 33 saylı mənzili 12.03.2013-cü il tarixdə X3 adına xüsusi mülkiyyət kimi qeydə alınmış, 04 noyabr 2016-cı ildə mənzil Rüstəm-zadə Şölə Zülfüqar qızının adına alğı-satqı edilmiş, 05 iyun 2017-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı Müqaviləsinə əsasən, tam mülkiyyət hüququ ilə X2 əvəzinə X18 Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzilini İddiaçı 270000 manata satmışdır və Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin 33 saylı mənzili 06.06.2017-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşıb mənzilin üzərinə səhvən həbs qoyulmadığını göstərsə də, yuxarıda qeyd edilənlərdən görünür ki, X10 28.11.2016-cı ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində axtarış elan edilmiş, mənzil isə Şölə adlı şəxsin mülkiyyətinə 04.11.2016-cı ildə keçmiş, Şölə mülkiyyətçi kimi Baba adlı şəxsə mənzillə bağlı etibarnamə vermiş, Baba adlı şəxs isə Şölənin adından 06.06.2017-ci ildə həmin mənzilin alqı-satqısını həyata keçirmişdir. Qeyd edilməlidir ki, üzərinə həbs qoyulmuş əmlak təqsirləndirilən şəxs X6 aidiyyəti olmuş əmlak olsa da, o, cinayət məsuliyyətinə cəlb olunmamışdan əvvəl 04.11.2016-cı ildə Şölə adlı şəxsə satılmış və Elçin Həsənov 28.11.2016-cı ildə cinayət məsuliyyətinə cəlb edilmişdir. Göründüyü kimi, mənzilin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməmişdən 5 aydan da artıq müddət əvvəldən mənzil hazırki iddiaçının mülkiyyətində olmuşdur. Buradan da aydın olur ki, qərar qəbul edilərkən həmin mənzil X6 məxsus olmadığı halda ona məxsus əmlak kimi mənzilin üzərinə həbs qoyulmuşdur. Apelyasiya kollegiyası isə bu xüsuata diqqət etməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. İşə mahiyyəti üzrə baxmış apeliyasiya kollegiyası həmçinin üzərinə həbs qoyulmuş mənzilin özəlləşdirilmə prosedurunun ardıcıllığına da diqqət yetirməmiş, iddiaçının vicdanlı şəkildə mənzili əldə edib dəyərini ödəməsini də nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Bundan başqa apelyasiya kollegiyası qeyd etmişdir ki, əmlakın üzərinə həbs, Bakı şəhəri Səbail rayon məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qərarından da göründüyü kimi, mübahisəli mənzilin cinayət yolu ilə əldə edilmiş maliyyə vəsaitləri hesabına əldə edilməsinə əsaslı şübhələr olduğu üçün qoyulmuşdur. Bundan başqa müəyyən edilir ki, mübahisəli mənzilin üzərinə həbs qoyulsa da, mənzil iddiaçının mülkiyyətinə keçdiyi vaxtdan halhazıradək onun sahibliyində və istifadəsində olmuşdur və bu hüquqlarının həyata keçirilməsində ona hər hansı maneə yaradılmamış, yalnız onun əmlak üzərində sərəncam vermək (əmlakı özgəninkiləşdirmək, ipoteka qoymaq və s.) hüququ məhdudlaşdırılmışdır. Göstərilənlərlə bağlı qeyd edilməlidir ki, hər hansı şübhənin olması araşdırma aparmadan kimsənin mülkiyyət hüququnun pozulması ilə onun mülkiyyətinə müdafilə edilməsinə əsas verə bilməz. Apelyasiya kollegiyasının iddiaçının mülkiyyəti üzərində sərəncam hüququnun məhdudlaşdırılmasının onun mülkiyyət hüququnun pozulmaması hesab etməsi də absurd yanaşmadır. Belə ki, sərəncam hüququ mülkiyyət hüququnun 3 tərtib elementindən biridir və həmin elementlərdən hər hansı birinə müdaxilə və ya pozulması mülkiyyət hüququnun pozulması deməkdir. Nəzərə alınmalıdır ki, hər kəsin mülkiyyət hüququ Konstitusiya ilə qorunmaqdadır və yuxarıda qeyd edilən formada pozuntulara yol verilməsi birbaşa Konstitusiyanın, insan hüquq və azadlıqlarının pozulması hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya işin araşdırılmış hallarını və yuxarı instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, üzərinə həbs qoyulmuş əmlak təqsirləndirilən şəxs X6 aidiyyəti olmuş əmlak olsa da, o, cinayət məsuliyyətinə cəlb olunmamışdan əvvəl 04.11.2016-cı ildə Şölə adlı şəxsə satılmış və Elçin Həsənov 28.11.2016-cı ildə cinayət məsuliyyətinə cəlb edilmişdir. Göründüyü kimi, mənzilin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməmişdən 5 aydan da artıq müddət əvvəldən mənzil hazırki iddiaçının mülkiyyətində olmuşdur. Buradan da aydın olur ki, qərar qəbul edilərkən həmin mənzil X6 məxsus olmadığı halda ona məxsus əmlak kimi mənzilin üzərinə həbs qoyulmuşdur. Birinci instansiya məhkəməsi bu hallara diqqət yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni zamanda, İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Kollegiya həmçinin yuxarı instansiya məhkəməsinin mövqeyinə uyğun olaraq qeyd edir ki, rayon məhkəməsi həbs qoyulmuş mənzilin özəlləşmə prosedurunun ardıcıllığına diqqət yetirməmiş, iddiaçının vicdanlı şəkildə mənzili əldə edib dəyərini ödəməsini də nəzərə almamışdır. Belə ki, MM-nin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “S.H.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.10.2004-cü il tarixli Qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində cəlb olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqarınnın və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.05.2008-ci il tarixli Qərarında qeyd edilir ki, əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçi ilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə dəf olunmasını istisna edir. Vicdanlı sahibin xoşniyyət, ağlabatan ehtiyatlılıq və sayıqlın göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.07.2009-cu il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüquqlarının toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdanlı hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilsin”. Göründüyü kimi, iddiaçı mülkiyyətində olan mənzili vicdanlı olaraq əldə etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Kollegiya qeyd edir ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan, onun sahibliyində və istifadəsində olan əmlak üzərində sərəncam vermək (əmlakı özgəninkiləşdirmək, ipoteka qoymaq və s.) hüququ məhdudlaşdırılmışdır. Göstərilənlərlə bağlı qeyd edilməlidir ki, hər hansı şübhənin olması araşdırma aparmadan kimsənin mülkiyyət hüququnun pozulması ilə onun mülkiyyətinə müdaxilə edilməsinə əsas verə bilməz. Kollegiya hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzil üzərinə həbsin qoyulması, onun həmin əmlak üzərində sərəncam hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir. Sərəncam hüququ mülkiyyət hüququnun 3 tərtib elementindən biridir və həmin elementlərdən hər hansı birinə müdaxilə və ya pozulması mülkiyyət hüququnun pozulması deməkdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, “Loizidu Türkiyəyə qarşı” işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə “müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər” (Loizidou v.Turkey, 28.11.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mülkiyyətin müdafiəsi baxımından iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin, 33 saylı mənzili həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(009)- 289/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 5 saylı evin, 33 saylı mənzili həbsdən azad edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar