Məhkəmə qərarları › İş №2(103)-1137/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1137/2024

22.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1137/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X1 Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququnun itirilməsi, işə cavabdehin iştirakı olmadan baxılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 1 saylı mənzil Bakı şəhər Binəqədi rayonu X3 xx.xx.1992-ci il tarixli qərarı əsasında xx.xx.1992-ci il tarixli orderlə İddiaçı və onun oğlu Cavabdeh verilmişdir.

2. Həmin mənzil 17 may 1992-ci il tarixdə Şuşa şəhərindən məcburi köçkün düşmüş şəxslər tərəfindən zəbt olunmuş, mənzildə nə İddiaçı, nə də Cavabdeh ümumiyyətlə yaşamamışlar.

3. Cavabdeh xx.xx.1996-cı il tarixdə yazdığı ərizəsində mənzilin özəlləşdirilməsinə etiraz etmədiyini bildirmiş, mənzil xx.xx.1996-cı il tarixdə İddiaçı adına ilkin qeydiyyata alınmışdır.

4. İddiaçı adına sözügedən mənzillə bağlı tərtib edilmiş xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi xx.xx.2022-ci il tarixli çıxarışla əvəz olunmuşdur.

5. Cavabdeh İddiaçı oğludur (övladlığıdır) və 2005-ci ildən ünvan 1 saylı mənzilində pasport qeydiyyatındadır.

6. Cavabdeh mülkiyyətində yaşayış sahəsi yoxdur və o, hazırkı iş üzrə qəbul olunan qətnamənin icrası qaydasında 2022-ci ilin noyabr ayında ünvan 1 saylı mənzilindən pasport qeydiyyatından çıxarılmışdır.

7. Cavabdeh hazırkı iş üzrə qəbul olunan qətnamənin icrası qaydasında ünvan 1 saylı mənzilindən pasport qeydiyyatından çıxarıldıqdan sonra, İddiaçı mənzili xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında qardaşı X5 bağışlamış, mənzil xx.xx.2022-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır.

8. Həmin mənzildə hazırda da Şuşa şəhərindən məcburi köçkün düşmüş şəxslər yaşayırlar.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin ünvan 1 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 saylı mənzilini 1992-ci ildə almışdır. Cavabdeh oğludur və 2005-ci ildən həmin mənzildə qeydiyyatdadır. Mənzil mülkiyyətində olsa da, Şuşa şəhərindən məcburi köçkünlər həmin mənzildə məskunlaşmış, mənzili zəbt etmişlər. Nəticədə nə özü, nə də cavabdeh həmin mənzildə yaşamamış, məcburiyyətdən özbaşına tikilidə yaşamışlar. Sonradan həmin tikilini cavabdeh ondan xəbərsiz satmış, əldə etdiyi vəsaiti pis vərdişlərinə sərf etmişdir. Hazırda qardaşının himayəsindədir, cavabdeh isə Xırdalan şəhərində qardaşına məxsus evdə yaşayır.

11. Cavabdehə qeydiyyatda olduğu ünvan üzrə, yəni ünvan 1 saylı mənzilinə göndərilmiş bildirişlər ona çatdırılmadığından, o, məhkəmə iclasında iştirak etməmişdir.

12. Birinci instansiya məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmış, lakin o, həmin mənzildə yaşamamış, başqa yaşayış yeri olduğundan, mübahisəli mənzilə hər hansı ehtiyacı qalmamışdır.

14. Mövqeyini əsaslandırarkən məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152-ci, 228.2-ci, 228.5-ci, 262.2-ci, 262.6-cı maddələrinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına istinad etmişdir.

15. Həmin qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etmədiyi, mübahisəsi gedən mənzildə yaşamadığı iddia tələbindən aydın olduğu halda, bildirişləri həmin mənzilə göndərib işə iştirakı olmadan baxdığı, nə özünün, nə də anasının mənzildə heç vaxt yaşamadıqları, əslində 80 yaşı olan anasının deyil, mənzili ələ keçirmək istəyən dayısının bu iddianı qaldırdığı, özünə məxsus yaşayış yerinin olmadığı, qətnamənin mövcudluğundan şəxsiyyət vəsiqəsinin qüvvədən düşdüyünü bildiyi zaman məlumat əldə etdiyi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

17. İşə baxılmasının vaxtı (yeri) barədə dəfələrlə məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu, mənzilin artıq iddiaçının qardaşının mülkiyyətinə keçdiyini, nə iddiaçının, nə də cavabdehin mənzildə heç vaxt yaşamadıqlarını, bunun səbəbinin mənzilin 1992-ci ildən məcburi köçkünlər tərəfindən zəbt edildiyi olduğunu bildirmişdir.

18. İddiaçının nümayəndəsi (vəkili) həmçinin bildirmişdir ki, mənzil hazırda da məcburi köçkünlərin istifadəsindədir və mənzilin yeni mülkiyyətçisi olan Qulu Quliyev onların mənzildən çıxarılması ilə bağlı iddia qaldıracaqdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

19. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.

21. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

25. Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.

26. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

27. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

28. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

29. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

33. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır.

37. Maddə 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir.

38. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

39. Maddə 387.2.2. İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

Apellyasiya baxışının həddi

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

42. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin bir dəlili də məhkəmə prosesləri barədə məlumatlandırılmamış olmasıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol veribvermədiyinin araşdırılmasını zəruri edir.

43. İş materiallarında cavabdehin məhkəmə prosesi barədə məlumatlandırılmış olduğuna dair heç bir sübut yoxdur. Belə ki, iddia ərizəsində onun mübahisəsi gedən mənzildə yaşamadığı açıq-aydın göstərilsə də, məhkləmə bildirişləri həmin mənzilə göndərilmiş, geri qaytarılan bildirişlərdə “cavabdeh bu ünvanda yaşamır” qeydinin aparılmasına baxmayaraq, məhkəmə onun məlumatlandırılması üçün heç bir təşəbbüs göstərməyərək cavabdehin iştirakı olmadan işə baxılmasını Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”.

45. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.

46. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

47. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

48. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

49. İşin hallarından göründüyü kimi, ünvan 1 saylı mənzili xx.xx.1992-ci il tarixli orderlə İddiaçı və onun oğlu Cavabdeh ayrılmış, lakin mənzilin Şuşa şəhərindən məcburi köçkün düşmüş şəxslər tərəfindən zəbt olunması səbəbindən onlar həmin mənzildə ümumiyyətlə yaşamamışlar.

50. Mənzilin tərəflərin istifadəsinə verildiyi zaman qüvvədə olan qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirmişdir (§ 27, 28).

51. Hazırkı işlə bağlı isə müəyyən olunan odur ki, cavabdehin uzun illərdir mənzildə yaşamamasının səbəbi mənzilin məhz məcburi köçkünlər tərəfindən zəbt edilməsi olmuş, cavabdehin orada yaşamaması onun iradəsi xaricində olan səbəbdən qaynaqlanmışdır.

52. Bu hal o deməkdir ki, cavabdehin mənzildə yaşamaması özü-özlüyündə onun sözügedən yaşayış sahəsinə ehtiyacının aradan qalxdığına dəlalət etmir və mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar yoxdur.

53. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...Məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz”.

54. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin təmin olunması üçün qanuni əsas mövcud deyildir.

55. Kollegiya, prosessual qanunvericiliyin tələbinə (§ 36, 37) əsasən icrada dönüş məsələsinə də münasibət bildirərək hesab edir ki, Cavabdeh ünvan 1 saylı mənzilinə pasport qeydiyyatı bərpa olunmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5285/2022 saylı iş üzrə 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbi təmin edilməsin. İddia ərizəsinin, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5285/2022 saylı iş üzrə 14 sentyabr 2022-ci il tarixli qətnaməsinin icrasında geri dönüş olunsun və Cavabdeh ünvan 1 saylı mənzilinə pasport qeydiyyatı bərpa edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar