Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11373/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı1 və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi Fərid Əhmədovun iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıların qanunsuz həbsi ilə əlaqədar onların hər birinə məhkəmə xərclərinə görə 10.000 manat, əldən çıxmış gəlirə görə 30.000 manat, mənəvi zərərin əvəzi kimi 100.000 manat cavabdehlər tərəfindən müştərək qaydada ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi Fərid Əhmədov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Sabirabad Rayon Məhkəməsinin 16.11.2015-ci il tarixli hökmü ilə İddiaçı1 Cinayət Məcəlləsinin 221.3 və 127.2.3-cü maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək 4 il müddətinə azadlıdan məhrum etmə cəzasına, İddiaçı2 isə Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayətin tördilməsinə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin hökmü Şirvan Apellyasiya Məhkəməsinin 12.02.2018-ci il tarixli qərarı ilə dəyişdirilmiş, İddiaçı1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq 2 il 4 ay müəyyən edilmiş, onun 2 il 4 ay həbsdə saxlanıldığı nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilmişdir. O cümlədən İddiaçı2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq 2 il 4 ay müəyyən edilmiş, onun 2 il 4 ay həbsdə saxlanıldığı nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı Ali Məhkəmənin 15.08.2018-ci il tarixli qərarı ilə dəyişdirilmiş, İddiaçı1 münasibətdə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət iş üzrə icraata əməlində cinayət tərkibi olmadığına görə xitam verilmiş, onun əməli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən 127.1-ci maddəsinə tövsif edilmiş və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməmişdir. O cümlədən İddiaçı2 əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 128-ci maddəyə tövsif edilmiş və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməmişdir. Göründüyü kimi, İddiaçı1 münasibətdə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət iş üzrə icraata əməlində cinayət tərkibi olmadığına görə xitam verilmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 4-cü maddəsinin 1-ci hissəsindən görünür ki, cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarıldıqda vurulmuş ziyanın ödənilməsi hüququ yaranır. Odur ki, İddiaçı1 vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ var. Bundan başqa, İddiaçı1 əməlində əslində 127.2.3-cü maddənin deyil, 127.1-ci maddənin tərkibi olmuş, bu maddənin sanksiyasında maksimun 2 ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Lakin İddiaçı1 həmin həddən 4 ay artıq, yəni 2 il 4 ay həbsdə olmuşdur. Yuxarıda adı çəkilən Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 5-ci bəndinin mənası nəzərə alınarsa, bu hal İddiaçı1 hüquq verir ki, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etsin. İddiaçı2 əməlində əslində 221.3-cü maddənin deyil, 128-ci maddənin tərkibi olmuş, bu maddənin sanksiyasında maksimun 1 ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Lakin İddiaçı2 həmin həddən 1 il 4 ay artır, yəni 2 il 4 ay həbsdə olmuşdur. Yuxarıda adı çəkilən Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 5-ci bəndinin mənası nəzərə alınarsa, bu hal İddiaçı2 hüquq verir ki, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etsin. İddiaçılar məhkəmə xərclərinə və əldən çıxmış gəlirə görə tələb irəli sürsələr də, bu barədə sübut təqdim etməyiblər. Ona görə həmin tələb təmin oluna bilməz. Mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb isə qismən təmin olunmalıdır. Belə ki, iddiaçılar 2 il 4 ay həbsə olublar, bu müddət onların əməlinə görə məsuliyyət müəyyən edən normanın sanksiyasındakı azadlıqdan məhrum etmə cəzasının maksimum həddindən artıqdır. Bundan başqa, İddiaçı1 əməlində Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibi ümumiyyətlə olmadığına baxmayaraq o, həmin maddə ilə cinayət təqibinə məruz qalıb. Nəticədə iddiaçılar mənəvi sarsıntı keçirmiş və iztirab çəkmişlər. Mənəvi zərərin əvəzinin iddiaçıların hər birinə münasibətdə 5.000 manat müəyyən edilməsi ağlabatandır. Azərbaycan Respublikası Dazili İşlər Nazirliyi zərərin əvəzini ödəmək vəzifəsi daşımır. Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 6-cı maddəsindən görünür ki, vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Ona görə də zərərin əvəzi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vəsitəsilə dövlət büdəsinin vəsaiti hesabına ödənilməlidir. Beləliklə, məhkəmə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 1, 5, 6, 7 və 12-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vəsitəsilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 5.000 (beş min) manat kompensasiya İddiaçı2, 5.000 (beş min) manat kompensasiya İddiaçı1 ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11373/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11373/2021
24.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver