Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11375/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh - ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə Əliyeva (Rəhimova) Gülnarə Elman qızının "xxxx" MMC-nə və ləğv prosesindəki Cavabdeh2 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın yekunları üzrə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsindən ləğv prosesindəki Cavabdeh2 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə 02 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Əliyeva (Rəhimova) Gülnarə Elman qızı "xxxx" MMC-yə və ləğv prosesindəki "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 11.317 №-li 24.05.2011-ci il tarixli hesabatın və hərracın yekunları barədə Y-835 saylı 15.03.2012-ci il tarixli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 ASC (bank) ilə aralarında bağlanmış 03.03.2005-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan 18 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə 9000 manat krediti götürmüş, kreditin təminatı kimi ona məxsus Bakı şəhəri, Günəşli qəsəbəsi, “V” yaşayış massivi, 19 saylı evin 41 saylı mənzili girov qoyulmuşdur. Kredit borcunun bir hissəsini ödəsə də, qalan hissəsini ödəyə bilmədiyi üçün bank Suraxanı Rayon Məhkəməsində ona qarşı iddia qaldırmış, həmin məhkəmənin 15.12.2006-cı il tarixli qətnaməsi ilə ondan əsas faiz borcu kimi cəmi 8166,19 ABŞ dollarının, dəbbə pulu və hüquqi yardıma görə 2358 ABŞ dollarının və 19,80 manat dövlət rüsumunun alınıb banka ödənilməsi, ipotekaya qoyulmuş Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi 19 saylı evin 41 saylı mənzilinə tutma yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq tələbin əldə edilən məbləğ hesabına ödənilməsi qət edilmişdir. Qətnamə əsasında verilmiş icra sənədi üzrə Suraxanı rayon icra şöbəsi mənzilinin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə 17/73-09 saylı 06.01.2011-ci il tarixli sifariş məktubu göndərmiş, mənzili 45 000 manat məbləğində qiymətləndirilmiş, icra şöbəsi "xxxx" MMC-yə əmlakın açıq hərracdan satışının təşkil edilməsi barədə sifariş vermiş, həmin MMC “Həracın yekunları barədə” Y-835 saylı 15.03.2012- ci il tarixli protokol tərtib edərək mənzilin son satış qiymətini 28 688 manat müəyyən etməklə banka satmışdır. Hesab edir ki, “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” 11.317 №-li 24.05.2011-ci il tarixli hesabat və "xxxx" MMC-nin “Hərracın yekunları barədə” Y-835 saylı 15.03.2012-ci il tarixli Protokolu qanunsuz və etibarsızdır. Belə ki, hərracın keçirməsi barədə məlumatlandırılmamış, hərrac xəbəri olmadan keçirilmiş, 2019-cu ilin dekabr ayında Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi 19 saylı evin 41 saylı mənzilinin 28 688 manata banka satıldığı ona məlum olmuşdur. Bundan sonra ərizə ilə “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-yə müraciət edərək “Hərracın yekunları barədə” Y-835 saylı 15.03.2012-ci il tarixli Protokolun surətinin təqdim edilməsini xahiş etmiş, həmin sənədlər 26.02.2020-ci il tarixdə ona təqdim olunmuşdur. Hərrac sənədləri ilə tanış olarkən məlum olmuşdur ki, "xxxx" MMC ona 18.07.2011-ci il tarixli və 22.08.2011-ci il tarixli bildirişlər onun rəsmi qeydiyyata alındığı ünvana deyil, ipoteka predmeti olan mənzilə göndərmişdir. Halbuki o, həmin mənzildə heç vaxt yaşamamışdır və bu gün də yaşamır. Həmin mənzildə 1993-cü ildən mənzilini zəbt edib orada məskunlaşmış Şuşa rayonundan məcburi köçkün X2 və onun ailə üzvləri yaşayır. Hərracın keçirilməsini təşkil edən cavabdeh MMC hüquq normalarının tələblərinə əməl etməmiş, hərracın keçirilmə vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi barədə onu məlumatlandırmamış, hərracı gizli keçirərək onunla mübahisəli tərəf olan Cavabdeh2 ASC tərəfindən mənzilin alınmasına nail olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Günəşli qəsəbəsi, “V” yaşayış massivi, 19 saylı evin 41 saylı mənzilinin 28 688 manata "xxxx" ASC-yə satılması haqqında "xxxx" MMC tərəfindən 15 mart 2012-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə Y-835 saylı protokolun bağlandığı andan etibarsız hesab edilməsi və həmin hərracın nəticələrinin ləğv olunması, "xxxx" MMC tərəfindən verilmiş 15 mart 2012-ci il tarixli hərracın yekunları barədə Y-835 saylı protokol əsasında Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “V” yaşayış massivi 19 saylı evin 41 saylı mənzilinin Cavabdeh2 ASC-nin mülkiyyətinə keçməsi barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
4. Birinci instansiya məhkəməsi qənaətini belə əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən hərrac keçirilərkən iddiaçıya hərracın vaxtı və yeri barədə rəsmi bildirişlər göndərilsə də, həmin bildirişlər ona çatdırılmamış və hərrac onun iştirakı olmadan həyata keçirilmişdir. Məhkəmə qeyd etmişdir ki, icra sənədinin verilməsinə əsas olmuş Suraxanı rayon Məhkəməsinin 18.12.2006-cı il tarixli qətnaməsi çıxarılarkən Gülnarə Rəhimova məhkəmə iclasında iştirak etməmiş, beləliklə nə qətnamənin qəbul edilməsindən, nə də hərracın keçirilməsindən xəbəri olmamışdır. Halbuki, qanunvericilik hərrac təşkilatının üzərinə hərrac keçirilməsi barədə ipoteka qoyana bildiriş verilməsi vəzifəsini qoyur və ipoteka qoyanın hərracda iştirak etmək hüququnun məhdudlaşdırılması, həmin əmlakı əldə etmək hüququndan məhrum edir. İş materiallarından görünür ki, həm sifarişçi olan icra şöbəsi, həm hərrac təşkilatı ipoteka qoyanın məhkəmə qətnaməsindən və hərracın keçirilməsindən məlumatı olmamasını bilmiş, buna baxmayaraq hərrac keçirilmiş və əmlak özgəninkiləşdirilmişdir. Məhkəmə həmçinin vurğulamışdır ki, ipoteka predmeti olan və iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın hərrac baş tutmamış elan edildikdən sonra hərac təşkilatı tərəfindən banka satılması və əmlakın bank tərəfindən əldə edilməsi ilə bağlı “İpoteka haqqında” Qanunun tələbləri pozulmuşdur. Belə ki, həmin qanunun 43.8ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İş materiallarından görünür ki, 20.09.2011-ci il tarixə təyin edilmiş təkrar hərrac alıcı olmadığı üçün həmin tarixdə baş tutmamış elan edilsə də, ipoteka predmeti yalnız 15.03.2012-ci il tarixdə tələbkar Cavabdeh2 ASC-yə satılmışdır. Halbuki Qanunun yuxarıda göstərilən tələbinə əsasən ipoteka saxlayan həmin əmlakı 30 gün müddətində, yəni 20.10.2011-ci il tarixədək əldə edə bilərdi. Lakin baxmayaraq ki, təkrar hərrac 20.09.2011-ci il tarixdə baş tutmamış elan edilmişdir, ipoteka saxlayan əmlakı 6 aydan sonra əldə etmişdir. Məhkəmə həm də qeyd etmişdir ki, mənzil 28 688 manata satılsa da, borc çıxıldıqdan sonra yerdə qalan məbləğin ipoteka qoyana qaytarılması müəyyən olunmur. Yəni mənzil banka 28 688 manata satılsa da, iddiaçının bank qarşısında borcu cəmi 8000-8500 manat təşkil edir. Bu səbəbdən həmin borc məbləği mənzilin satış qiymətindən çıxıldıqdan sonra yerdə qalan məbləğ bank tərəfindən iddiaçıya qaytarılmalı idi. Lakin bank bu vəsaiti qaytarmamaqla faktiki olaraq əsassız varlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hərracın yekunları barədə protokol etibarlı əqd hesab edilə bilməz və bu səbəbdən də bağlandığı andan etibarsız hesab edilməlidir.
b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
5. Bakı Apelyasiya Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsi apelyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmış, iddiaçının izahatına istinad edərək, kreditin "xxxx" ASC-dən götürüldüyünü, 7-8 ay ödəniş etdiklərini, sonra həmin bankı tapa bilmədiklərini, sonradan kredit tələbinin hazırkı banka güzəşt olunduğunu, ipotekada olan əmlak 1993-cü ildən qaçqınlar tərəfindən zəbt olunduğu üçün 2019-cu ildə Qaçqın və X3 üzrə Komitəyə qaçqınların mənziliindən çıxarılması üçün müracət etdiyini, onların isə məhkəmədə iddia qaldırmasını tövsiyə etdiklərini, məhkəməyə müraciət edəndə mənzilin hərracdan satılmasından xəbər tutduqlarını bildirdiyini vurğulamışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh2 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apelyasiya baxışına qaytarılmışdır.
8. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...İşə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası işin hallarını tam, araşdırmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Çünki iş materiallarında olan iddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış (səh 127) 01.03.2005ci il tarixli ərizədən görünür ki, o, ona 9000 ABŞ dolları məbləğində kredit verilməsini xahiş edərkən, ünvanı kimi ünvan evin 41 saylı mənzilini göstərmiş, həmin ərizədə qeyd edilən ünvanda yaşamasını bildirmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.04.2019-cu il tarixli qətnaməsində iddiaçı göstərmişdir ki, ipoteka predmeti olan ev 1993-cü ilin əvvəllərindən məcburi köçkünlər tərəfindən zəbt edilmişdir. Həmçinin həmin qətnamədən aydın olur ki, o, mənzilə dair qeydiyyat vəsiqəsinin kserosurətini məhkəməyə sübut təqdim etmişdir. Çünki iddiaçının mülkiyyətində olmuş ipoteka predmeti ipoteka ilə yüklü edilən zaman iddiaçı sənədlərin əslini banka təhvil vermişdir. Bu fakt ipoteka müqaviləsinin 4.3-cü bəndində də öz təsdiqini tapmışdır. Bundan əlavə, iddiaçı ilə bank arasında bağlanmış ipoteka müqaviləsinin 4.4 və 5-ci bəndlərindən aydın olur ki, iddiaçı ipoteka müqaviləsini imzalayarkən bank qarşısında olan kredit öhdəliyini vaxtında və lazımınca icra etmədiyi halda borcun ipoteka predmetinə yönəldilməsi qaydası və halı ilə də tanış edilmiş və bundan sonra o, ipoteka müqaviləsini imzalamışdır. Lakin o, bankdan 03.05.2005-ci il tarixdə 18 ay müddətinə götürmüş olduğu 9000 ABŞ dollarından borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edildiyi 18.12.2006-cı il tarixinədək cüzi məbləğdə ödəniş etmişdir ki, onun qətnamənin qəbul edildiyi tarixə 8166.19 ABŞ dolları məbləğində ödənilməmiş əsas kredit borcu qalmışdır. Göstərilən xüsusiatlar ümumiləşdirildikdə isə aydın olur ki, iddiaçı kredit götürdüyü zamandan banka cüzi ödəniş etməklə, yəni öhdəliyini tam icra etməməklə ipoteka predmetinin taleyinin həmin zamandan keçən uzun müddət ərzində hansı qaydada həll ediləcəyi barədə məlumatlı olmuş, hətta o, məcburi köçkünlərin mülkiyyətində olmuş ipoteka predmetindən çıxarılmasını tələb etdiyi zaman da mənzillə bağlı hüquqlarının məhdudlaşmasını bilərək məhkəməyə sübut kimi mənzilin qeydiyyat vəsiqəsinin kserosurətini təqdim etmişdir. Bütün bu qeyd edilən xüsuslatlar isə iddiaçının ipoteka predmeti ilə bağlı keçirilmiş hərrac barədə məlumatlı olmasını göstəricisi və təsdiqi anlamına gəlir”.
d) Təkrar apellyasiya baxışı zamanı verilən izahatlar
9. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Ali Məhkəmənin qərarında göstərilənlərə istinadla apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı Əliyeva (Rəhimova) Gülnarə Elman qızı isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
10. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
11. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
12. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
13. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.
14. Maddə 43. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini qismən təmin etmiş olsa da o, qətnamədən şikayət verməmiş, əksinə qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Bu baxımdan, hazırki halda apellyasiya baxışının həddini qətnamənin yalnız iddia tələbinin təmin olunan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
21. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
22. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan və işin hallarını (faktiki və hüquqi) təkrarən sadalamağa zərurət görməyən məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
23. Bu qənaətə gələrlən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2159/2020 saylı iş üzrə 04 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Bakı şəhəri, Günəşli qəsəbəsi, “V” yaşayış massivi, 19 saylı evin 41 saylı mənzilinin 28 688 manata "xxxx" ASC-yə satılması haqqında "xxxx" MMC tərəfindən 15 mart 2012-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə Y-835 saylı protokolun bağlandığı andan etibarsız hesab edilməsi və həmin hərracın nəticələrinin ləğv olunması, "xxxx" MMC tərəfindən verilmiş 15 mart 2012-ci il tarixli hərracın yekunları barədə Y-835 saylı protokol əsasında Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “V” yaşayış massivi 19 saylı evin 41 saylı mənzilinin Cavabdeh2 ASC-nin mülkiyyətinə keçməsi barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” hissəsində ləğv olunsun. İddia tələbi həmin hissədə də təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev