Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11385/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2696/2021 saylı, 07 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 27 saylı Notariat Ofisinə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Ağatahir qızına qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Şamaxı rayonu Əngəxaran kəndində yerləşən mərhum həyat yoldaşı X1 adına olmuş qeyri-yaşayış sahəsinin 5/8 hissəsinin miras kimi almaq hüququnun olması, 49/2016 saylı vərəsəlik işində olan 2V-120 nömrə ilə qeyd edilmiş 29 aprel 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə nəzərə alınmadığı üçün etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X2 ilə 15 mart 1965-ci ildə rəsmi nikaha daxil olmuşlar. 18 yanvar 2016-cı il tarixdə həyat yoldaşı vəfat etmişdir. Onun adına Şamaxı rayonunun Əngəxaran kəndində özəlləşdirilən qeyri-yaşayış sahəsinin dövlət reyestrindən çıxarışını isə 14 mart 2014-cü il tarixdə almışlar. Həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsində onlar 2010-cu il tarixdə ikimərtəbəli yaşayış evi tikdirmişlər. Mərhum həyat yoldaşının sağlığında həmin tikdirdikləri yaşayış evinin sənədləşdirilməsi üçün Şamaxı rayon İcra hakimiyyətinə müraciət edib, rəy almışlar ki, yaşayış evinin dövlət reyestrindən çıxarışı olsun. Eləcə də Şamaxı rayonunun Əngəxaran kəndində özəlləşdirilən qeyri-yaşayış sahəsinin A hissəsinin ona miras əmlak kimi almaq hüququnu təsdiq edən, 49/2016 saylı vərəsəlik işində olan 2V-120 nömrə ilə qeyd edilmiş 29 aprel 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə cavabdeh Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən ona verilmişdir. Həmin şəhadətnaməyə əsasən o, Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin 4 saylı Şamaxı rayon ərazi idarəsinə müraciət etmək istədikdə ona izah etdilər ki, Əngəxaran kəndində özəlləşdirilən qeyri-yaşayış sahəsi, mərhum həyat yoldaşı X2 ilə birgə nikah dövründə əldə olunduğuna baxmayaraq, yəni həmin əmlakın yarısına onun mülkiyyət hüququnun olması, 49/2016 saylı vərəsəlik işində olan 2V-120 nömrə ilə qeyd edilmiş 29 aprel 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə nəzərə alınmadığı üçün, ona həmin əmlakın bütövlükdə A hissəsi verilməlidir. Cavabdeh Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən ona verilmiş 49/2016 saylı vərəsəlik işində olan 2V-120 nömrə ilə qeyd edilmiş 29 aprel 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə onun mülkiyyət hüququ nəzərə alınmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2696/2021 saylı, 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, 29 aprel 2017-ci il tarixli reyestrdə 2V- 120 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh3 apelyasiya şikayəti vermiş apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2696/2021 saylı, 07 iyul 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, hakim işi tam, hərtərəfli və obyektiv araşdırmamış, işin hüquqi və faktiki hallarını aydınlaşdırmadan, işə dair əlavə sənədlər, sübutlar və dəlillər tələb etməmiş, iş üçün əhəmiyyətli olan faktlara diqqət yetirməmiş, qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Ağatahir qızı arasında miras əmlakdan bərabər hissədə pay almalı, Azərbaycan Respublikası MM-nin 1159-cu maddəsinin tələblərinə uyğun olaraq, qanuni vərəsələr arasında bərabər şəkildə bölünməsi qanunun tələbidir. Beləliklə də, Bakı şəhəri 27 saylı Notariat Ofisi tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 62-ci maddəsinin və Azərbaycan Respublikasının MM-nin 1243-1-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Hakim qətnamənin iyirminci yeni sətrində miras əmlaka vərəsəlik şəhadətnaməsi ilə Azərbaycan Respublikasının MM-də əqd anlayışını qanunsuz olaraq müqayisə edir, bununla da qanunvericiliyin tələblərini kobud surətdə pozmuş, Azərbaycan Respublikası MPM-nin 242, 244, 252, 253.3 və 360cı maddələrinə istinad etsə də Qətnamədə bu barədə heç bir şərh verməmişdir. Hakim Bakı şəhəri 27 saylı Notariat Ofisi barəsində qanuna müvafiq tədbir görməli, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinin tələblərinə uyğun olaraq xüsusi qərardad çıxarılması barədə prokurorluğa məlumat verməli olduğu halda bunu etməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2696/2021 saylı, 07 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 Ağatahir qızı və Bakı şəhəri 27 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh3 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iş materiallarında olan RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən torpaq sahəsi tam mülkiyyət hüququ əsasında 08.04.2014-cü il tarixdə X1 adına qeydə alınmışdır. Bu müddət isə Əzizə Əhmədovanın İddiaçı ilə birgə nikah dövrünə təsadüf etdiyindən, həmin əmlak birgə nikah dövründə əldə edilmiş hesab edilməlidir. Odur ki, vərəsəlik şəhadətnaməsi veriləndə İddiaçı Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən torpaq sahəsinə birgə nikah dövründə əldə etdiyi pay mütləq nəzərə alınmalı idi. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.3, 1243.3 və 1321-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası Cavabdeh3 apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, 13 avqust 2004-cü il tarixdə verilmiş, AZ-İ № 003042 saylı Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X3 arasında nikah bağlanmış və bu barədə Şamaxı rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1965-ci ilin mart ayının 15 günündə 6 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir.(İ.vər. 4) İş materiallarında olan, 31 may 1971-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu VVADQ şöbəsi tərəfindən verilmiş, AЗБ № 150937 saylı Doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 xx xxxxxx 1966-cı il tarixdə Şamaxı rayonunda anadan olmuşdur və bu barədə Şamaxı rayon VVADQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 1966-cı ilin fevral ayının 27 günündə 31 № ilə qeyd edilmişdir. Atası İddiaçı, anası X4 qızıdır.(İ.vər. 28) İş materiallarında olan, 27 yanvar 2016-cı il tarixdə verilmiş, AZ-İ № 779241 saylı Ölüm haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 18 yanvar 2016-cı il tarixdə Şamaxı rayonunda ölmüşdür və bu barədə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 2016-cı ilin yanvar ayının 27 günündə 78 № ilə qeyd edilmişdir.(İ.vər. 27) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* №-li, 08.04.2014-cü il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şamaxı rayonunun Əngəxaran kəndində 0.5549 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 305.5 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası X1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 165 nömrəli vərəqində qeydiyyata alınmışdır.(İ.vər. 67) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* №-li, 28.02.2018-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şamaxı rayonunun Əngəxaran kəndində 0.5549 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 305.5 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası ¼ hissədə Cavabdeh4 Ağatahir qızının, Cavabdeh3, Cavabdeh2 və İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 165 nömrəli vərəqində qeydiyyata alınmışdır.(İ.vər. 68) İş materiallarında olan, 27.08.2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 18.01.2016 tarixdə ölmüş X1 vərəsələri İddiaçı, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Ağatahir qızı "xxxx" Mənzil Tikinti Kooperativində olan miras əmlakdan 1/4 hissədə pay almalıdır.(İ.vər. 35) İş materiallarında olan, 29.04.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 18.01.2016 tarixdə ölmüş X1 vərəsəsi əri İddiaçı miras əmlak olan Şamaxı rayonunun Əngəxaran kəndində 0.5549 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 305.5 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasıhdan 1/4 hissədə pay almalıdır.(İ.vər. 5; 40) İş materiallarında olan, 29.04.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 18.01.2016 tarixdə ölmüş X1 vərəsəsi Cavabdeh3 miras əmlak olan Şamaxı rayonunun Əngəxaran kəndində 0.5549 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 305.5 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasıhdan 1/4 hissədə pay almalıdır.(İ.vər. 5; 43) İş materiallarında olan, 29.04.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 18.01.2016 tarixdə ölmüş X1 vərəsəsi Cavabdeh2 miras əmlak olan Şamaxı rayonunun Əngəxaran kəndində 0.5549 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 305.5 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasıhdan 1/4 hissədə pay almalıdır.(İ.vər. 42) İş materiallarında olan, 29.04.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 18.01.2016 tarixdə ölmüş X1 vərəsəsi Cavabdeh4 Ağatahir qızı miras əmlak olan Şamaxı rayonunun Əngəxaran kəndində 0.5549 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 305.5 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasıhdan 1/4 hissədə pay almalıdır.(İ.vər. 41) Məhkəmə kollegiyası, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbi üzrə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə dair cavabdehin apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən: 1133.1. Ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1232-ci maddəsinə əsasən, vəsiyyətnamədə göstərişin olmadığı halda onun icrası vəsiyyət üzrə vərəsələrin öhdəsinə qoyulur. Vərəsələr vəsiyyətnamənin icrasını qarşılıqlı razılaşmaya əsasən özlərindən birinə və ya başqa şəxsə etibar edə bilərlər. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən: 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1321-ci maddəsinə əsasən: 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər; 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir; 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər. Mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər. “Azərbaycan Respublikası Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 2-ci bəndinin 3-cü hissəsinə görə notarius ..... vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Həmin Təlimatın 101-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndəsi vasitəsilə qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq, birinci instansiya məhkəməsinə təqdim edilmiş və araşdırılmış sübutları məcmu halda qiymətləndirib belə qərara gəlir ki, mübahisələndirilən vərəsəlik şəhadətnaməsi verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Odur ki, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı gəldiyi bu nəticə ilə razılaşır və apelyatorun vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbi üzrə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə dair apelyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən Cavabdeh3 apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2696/2021 saylı, 07 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-11385/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11385/2021
14.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver