Məhkəmə qərarları › İş №2(103)-11392/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11392/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11392/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh3 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-725/2021 saylı, 08 sentyabr 2021ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı subroqasiya qaydasında sığorta ödənişinə görə 410,80 manat, dövlət rüsumuna görə 20,40 manat olmaqla cəmi 431,20 manatın müştərək qaydada tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-725/2021 saylı, 08 sentyabr 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı "xxxx" apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməsi, eləcə də apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10,40 (on manat qırx qəpik) dövlət rüsumunun cavabdehlərdən tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə baş vermiş sığorta hadisəsi ilə bağlı tərtib edilmiş sığorta aktını,müstəqil ekspert rəyini, hadisə ilə bağlı verilmiş sığorta ödənişini, 78 saylı MKİS tərəfindən tərtib edilmiş aktı və işdə olan digər sənədləri əsaslı sübut kimi qəbul etməmiş, bütün bunların mötəbərliliyinə şübhə ilə yanaşaraq iddia tələbini rədd etmişdir.Halbuki sığorta hadisəsi olmasaydı İddiaçı SŞ 410.80 manat pulu zərərçəkmiş şəxsə ödəməzdi. "İcbari Sığorta Haqqında" Azərbaycan Respublikası Qanununun 36.1.5-ci maddəsinə əsasən su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. BA seriyalı 784223 saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətindən müəyyən olunur ki, X2 məxsus Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsi 41 saylı evin 110 saylı mənzili Atəşgah Sığorta Şirkəti ASC-də daşınmaz əmakın icbari sığortalanması növündə 28.09.2017-ci il tarixdən 27.09.2018-ci il tarixə qədər sığortalanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə; Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 936.6-cı maddələrinə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarlarına istinad edərək qənaətini belə əsaslandırmışdır ki, iddiaçı sığorta hadisəsinin cavabdehlərin təqsiri nəticəsində baş verməsini, yəni zərərin cavabdehlər tərəfindən vurulmasını sübuta yetirə bilmədiyindən iddia tələbləri tam həcmdə əsassızdır, ona görə tə təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla “İcbari sığortalar haqqında” Qanunun 36.1.5-ci maddəsinə əsasən su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Bunu cavabdehlər də mübahisələndirmir. Mübahisələndirilən hal iddiaçının cavabdehlərə qarşı olan iddia tələbinin Mülki Məcəllənin 936.1, 936.2 və 936.5-ci maddələrinin dizpozisiya şərtləri ilə uzlaşması ilə bağlıdır. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası kimi Mülki Məcəllənin 936.1, 936.2 və 936.5-ci maddələri nəzərdən keçirilə bilər. Ancaq faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Belə ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin “ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı” malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Demək, subroqasiya hüququndan istənilən şəxsə qarşı deyil, zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı istifadə edilə bilər, özü də subroqasiya hüququ sığorta ödənişini vermiş sığortaçıya sığorta ödənişi məbləğində keçir. Eyni zamanda sığortaçı subroqasiya hüququndan zərəvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər. Lakin hazırki iş üzrə cavabdehlərin zərərə görə məsuliyyət daşımalı olan şəxslər hesab edilməsi üçün onların təqsiri müəyyən edilməlidir. Onların təqsiri isə müəyyən edilməmişdir. İddiaçının təqdim etdiyi sığorta hadisəsi ilə bağlı tərtib edilmiş sığorta aktı, müstəqil ekspert rəyi, hadisə ilə bağlı verilmiş sığorta ödənişi, 78 saylı MKİS tərəfindən tərtib edilmiş akt cavabdehlərin iddia edilən hüquq pozuntusunun törədilməsində təqsirli olmalarını hər hansı bir formada təsdiq etmir. Deməli, cavabdehlər hər hansı bir mülki hüquq pozuntusu törətmədiyindən yaxud iddiaçının sığorta hadisəsi hesab etdiyi pozuntunu törətməkdə təqsirli olmaları sübuta yetirilmədiyindən mülki hüquqi məsuliyyətə də cəlb edilə bilməzlər. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-725/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar