Məhkəmə qərarları › İş №2(103)-114/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-114/2022

02.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-114/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(001)-73/2020 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin və evin naturada bölünməsi” tələbi barədə iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1nin yerləşdiyi ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 3/5 hissədə naturada bölünərək (69,64 kv.m olan evinin yerləşdiyi hissə istisna olmaqla) ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 və onun altındakı 0,12 ha olan torpaq sahəsi paylı mülkiyyət olmaqla 3/5 hissədə ona, 1/5 hissədə Cavabdeh2 və 1/5 hissədə Cavabdeh1 məxsusdur. Həmin torpaq sahəsində Cavabdeh1 öz ailəsilə yaşayır. Dəfələrlə cavabdehlərə torpaq sahəsinin bölgüsü üçün müraciət etsə də, bu heç bir nəticə verməmişdir. Halbuki, torpaq sahəsinin naturada bölgüsü texniki cəhətdən mümkündür. Torpaq sahəsinin hər iki tərəfdən yola çıxışı olmaqla bölgü üçün əlverişli yerdə yerləşir. Torpaq sahəsinin ən uzun tərəfinin 34,54 metr, eninin 33,22 metr təşkil etməsini nəzərə alaraq torpaq sahəsinin 3 mülkiyyətçi arasında bölünməsi çox əlverişlidir. Torpaq sahəsi 2 tərəfdən yola paralel şəkildə yerləşdiyindən, 3 mülkiyyətçinin olması nəzərə alınarsa, hər bir mülkiyyətçiyə yola baxan hissədən torpaq sahəsi düşür. Real bölgünün mümkün olmasına baxmayaraq, cavabdehlər onun payının verilməsi tələbinə məhəl qoymamışlar. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1nin yerləşdiyi ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 3/5 hissədə naturada bölünərək (69,64 kv.m olan evinin yerləşdiyi hissə istisna olmaqla) ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(001)-73/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı 3/5 hissə, Məmmədov Cahmaz Cəlal oğluna 1/5 hissə və Cavabdeh2 1/5 hissə olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20030 saylı 16 mart 2020-ci il tarixli rəyinə əlavə olunmuş sxemdə göstərilmiş qaydada naturada ayrılması, dövlət rüsumu olaraq ödənilmiş 10 manat məbləğində pulun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pulun iddiaçıdan alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülməsi qət edilmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili X1 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(001)-73/2020 saylı qətnaməsinin ləğv olunaraq, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnamə ilə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur və ona görə də sözügedən məhkəmə aktı qanunsuz və əsassızdır. İşin faktiki halları ondan ibarətdir ki, ünvan 1nin yerləşdiyi ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi 3/5 hissədə İddiaçı, 1/5 hissədə Cavabdeh1 və 1/5 hissədə isə Cavabdeh2 məxsus olmaqla adları çəkilən şəxslərin ümumi paylı mülkiyyətindədir. Sözügedən torpaq sahəsi üzərində 353 saylı bağ evi yerləşir. İddiaçı bu evdə yaşamır, həmin evi istifadə etmir və iddia ərizəsində də bağ evinin onun sahibliyində və istifadəsində olmadığını qeyd etmişdir. Məhz buna görə də o, məhkəməyə müraciət edərkən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 353 saylı bağ evinin yerləşdiyi hissəsi istisna olmaqa 3/5 hissədə naturada ayrılaraq ona verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər isə torpaq sahəsinin mülkiyyətçilərin paylarına mütənasib hissədə naturada bölünməsinə etiraz etməmiş, lakin bölgü aparılarkən torpaq sahəsinin bağ evinin yerləşdiyi hissəsinin Cavabdeh2 aid 1/5 hissəyə düşməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Mülki işə baxılarkən bir neçə dəfə ekspertiza keçirilmişdir (məhkəmə tikinti- texniki ekspertizası, əlavə məhkəmə tikinti-texniki ekspertizası və təkrar məhkəmə tikinti-texniki ekspertizası). Məhkəmə isə qətnamə qəbul edərkən sonuncu-16.03.2020-ci il tarixli ekspert rəyinə əlavə edilmiş sxemə istinad etmiş və naturada bölgünün həmin sxemdə göstərilmiş qaydada aparılmasını qət etmişdir. Bu sxemə əsasən isə 353 saylı bağ evi 0,12 ha torpaq sahəsinin iddiaçı X8 aid olan 3/5 hissəsinə düşmüşdür. Hesab olunur ki, məhkəmə tərəfindən dəfələrlə ekspertiza keçirilməsinə baxmayaraq, məhkəmənin səthi araşdırma aparması, ekspert qarşısında qoyulan sualların düzgün və iddia tələbinə uyğun olmaması və beləliklə ekspertizaların düzgün keçirilməməsi belə bir qanunsuz və tərəflərin mənafeyinə, hətta iddiaçının tələbinə uyğun olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, tərəflərə daha əvvəldən də məlum idi ki, Binəqədi rayonu, Goradil kəndində yerləşən 353 saylı bağ evinin İnşaat Norma və Qaydalarının müvafiq müddəalarına əsasən, naturada bölgüsü mümkün deyil. Bu ekspert rəyləri ilə də təsdiq olunmuşdur. Bununla belə, ümumiyyətlə, İddiaçı iddia tələbində sözügedən bağ evinin naturada bölgüsünü tələb etməmişdir. O, iddia ərizəsində bağ evinin onun sahibliyində və istifadəsində olmadığını göstərərək naturada bölgü aparılarkən həmin bağ evinin torpaq sahəsinin ona məxsus 3/5 hissəsinin ərazisinə düşməməsini xahiş etmişdir. Bu baxımdan düzgün, iddiaçının tələbinə və tərəflərin mənafelərinə uyğun nəticəyə gəlmək üçün ekspert qarşısında “ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 353 saylı bağ evinin yerləşdiyi hissəsi istisna olmaqa 3/5 hissədə naturada ümumi paydan ayrılması mümkündürmü” sualı qoyulmalı və araşdırma bu istiqamətdə aparılmalı idi. Göstərilən formada, yəni 353 saylı bağ evinin yerləşdiyi hissə cavabdehlərə məxsus 1/5 hissəyə aid edilməklə 0,12 ha olan torpaq sahəsinin naturada bölgüsünün aparılması mümkündür. Mülki iş üzrə birinci instansiya məhkəməsində aparılan araşdırmalar zamanı dəfələrlə bu xüsusatlar məhkəmənin diqqətinə çatdırılmış, cavabdehlər tərəfindən məhz bu sual ətrafında ekspertizanın keçirilməsi məhkəmədən xahiş olunmuşdur. Halbuki, ekspertizaların heç birində iş üçün əhəmiyyətli olan bu hal üzrə araşdırma aparılmamışdır. Belə ki, 03.12.2018-ci il tarixli, 19313 saylı ekspert rəyində qeyd edilmişdir ki, “...fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsinin isə fərdi yaşayış evi nəzərə alınmadan, Seriya RX № ******* saylı çıxarışa əsasən payçıların payına uyğun olaraq üç hissəyə ayrılması isə mümkündür... ”. Daha sonra məhkəmənin 06.03.2019-cu il tarixli qərardadı ilə 03.12.2018-ci il tarixli, 19313 saylı ekspert rəyinin tam olmaması və tədqiqat obyektlərinə aid əlavə sualların meydana çıxması əsas gətirilərək əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həmin ekspertiza nəticəsində əldə edilmiş 8498 saylı, 03.05.2019-cu il tarixli ekspert rəyində göstərilmişdir ki, “ ... fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsinin isə fərdi yaşayış evi nəzərə alınmadan, Seriya RX № ******* saylı çıxarışa əsasən payçıların payına uyğun olaraq İddiaçı payına düşən 3/5 hissəsinin və cavabdehlərin ümumi birgə payına, düşən 2/5 hissəsinin naturada ayrılması isə mümkündür... ”.03.12.2018-ci il tarixli, 19313 saylı ekspert rəyi ilə 03.05.2019-cu il tarixli, 8498 saylı ekspert rəyi müqayisə edildikdə, əlavə məhkəmə tikinti-texniki ekspertizası ilə ilkin məhkəmə tikinti-texniki ekspertizası zamanı yol verilən hansı natamamlıqların aradan qaldırılmasını bəlli etmək mümkün deyil. Başqa sözlə əlavə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinin iş üçün heç bir əhəmiyyəti olmamışdır. Daha sonra yeni halların meydana çıxması əsas gətirilərək məhkəmənin 10.07.2019-cu il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir və həmin ekspertizanın nəticəsində əldə edilmiş 20030 saylı, 16.03.2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, “ ... ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı payına düşən 3/5 hissəsinin, cavabdehlər Cavabdeh1 payına düşən 1/5 hissəsinin, Cavabdeh2 payına düşən 1/5 hissəsinin naturada ayrılması Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir...”. Göründüyü kimi təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi nəticəsində də əvvəlki ekspertizalardan fərqli nəticələrə gəlinməmiş, ən önəmlisi isə, yenə də “ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 353 saylı bağ evinin yerləşdiyi hissəsi istisna olmaqa 3/5 hissədə naturada ümumi paydan ayrılması mümkündürmü” sualı üzrə ekspertiza keçirilməmişdir. Hətta 10.07.2019-cu il tarixli qərardadla təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, torpaq sahəsinə yerində baxış keçirilməsi ünvana üçün hər hansı ekspert gəlməmiş, təkrar məhkəmə tikinti-texniki ekspertizası elə ilkin ekspertiza keçirilərkən ekspertə təqdim edilmiş sənədlər əsasında həyata keçirilmişdir. Keçirilən məhkəmə tikinti-texniki ekspertizalarının nəticələrinin mülki iş üzrə yetərsizliyinin yeganə səbəbi ekspert qarşısında düzgün və iddia tələbinə uyğun sualın qoyulmaması olmuşdur. Nəzərə almaq lazımdır ki, ekspert qarşısında qoyulan suallar məhz iddia tələbinin - mübahisənin həllinə yönəlməlidir. Halbuki, işə baxan məhkəmə buna əməl etməmiş və ona görə də iş materiallarında olan ekspert rəyləri ilə mübahisə öz həllini tapmamışdır. Odur ki, 20030 saylı, 16.03.2020-ci il tarixli ekspert rəyinə əlavə edilmiş sxemdə göstərilən bölgü iddiaçının tələbinə, mülki iş üzrə tərəflərin isə mənafeyinə uyğun deyil. Mülki mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə həmin rəy mötəbər, bu rəyə əlavə edilmiş sxemə istinad edilməklə qəbul edilmiş məhkəmə qətnaməsi isə qanuni ola bilməz. Daha sonra birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz olmasını göstərən digər dəlil isə odur ki, məhkəmə qətnamə qəbul edərkən iddia tələbindən kənara çıxmış və bununla da digər bir prosessual pozuntuya yol vermişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, İddiaçı ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin 353 saylı bağ evinin yerləşdiyi hissəsi istisna olmaqa 3/5 hissədə naturada ayrılaraq ona verilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmənin qəbul etdiyi qətnaməyə əsasən 353 saylı bağ evi torpaq sahəsinin məhz iddiaçıya aid 3/5 hissəsinə düşmüşdür. Qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmə ancaq verilmiş tələblər həddində qətnamə çıxarmalı, yalnız qanunda göstərilən müstəsna hallarda bu hədlərdən kənara çıxmalıdır. Lakin hazırki mülki iş üzrə hakim iddia tələbindən kənara çıxsa da, bunun qanuni əsasını və hansı müstəsna haldan irəli gələrək etdiyini qətnamədə göstərməmiş və bu mövqeyini əsasladırmamışdır. Bununla məhkəmə, həmçinin, tərəflərin əsaslandırılmış qərar almaq hüququnu pozmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 və evin yerləşdiyi 0,12 ha torpaq sahəsinin 3/5 hissəsi İddiaçı, 1/5 hissəsi Cavabdeh1 və 1/5 hissəsi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 112 nömrəli reyestr kitabının, 11294 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş materiallarına əlavə olunmuş 19313 saylı 03 dekabr 2018-ci il tarixli rəyindən görünür ki, tədqiq olunan bağ evinin faktiki vəziyyətinə görə, fərdi yaşayış evinin yaşayış otağının bir, payçıların isə üç nəfər olduğunu və evin tərkibində olan kommunal xidmətli sahələrin (mətbəx, dəhliz və s.) yeganə olduğuna görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun qaydada bölünməsi texniki cəhətdən mümkün deyil. Fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsinin isə fərdi yaşayış evi nəzərə alınmadan, Seriya RX, № ******* saylı çıxarışa əsasən payçıların payına uyğun olaraq üç hissəyə ayrılması isə mümkündür. Məhkəmə mülki iş üzrə keçirilmiş tikinti-texniki ekspertizasının rəyi tam olmadığından və tədqiqat obyektlərinə dair əlavə suallar meydana çıxdığından məhkəmənin 06 mart 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş materiallarına əlavə olunmuş 8498 saylı, 03 may 2019-cu il tarixli rəyindən görünür ki, tədqiq olunan bağ evinin faktiki vəziyyətinə görə fərdi yaşayış evinin yaşayış otağının bir, payçıların isə üç nəfər olduğunu və evin tərkibində olan kommunal xidmətli sahələrin (mətbəx, dəhliz və s.) yeganə olduğuna görə, X6 2.08.01.89*-nun 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun qaydada bölünməsi texniki cəhətdən mümkün deyil. Fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsinin isə fərdi yaşayış evi nəzərə alınmadan, Seriya RX, № ******* saylı çıxarışa əsasən payçıların payına uyğun olaraq İddiaçı payına düşən 3/5 hissənin və cavabdehlərin ümumi birgə payına düşən 2/5 hissənin naturada ayrılması isə mümkündür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tədqiqat obyektlərinə dair yeni hallar meydana çıxdığından, mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi xahiş olunduğundan məhkəmənin 10 iyul 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş materiallarına əlavə olunmuş 20030 saylı, 16 mart 2020-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı payına düşən 3/5 hissənin, cavabdehlər Cavabdeh1 payına düşən 1/5 hissənin, Cavabdeh2 payına düşən 1/5 hissənin naturada ayrılması Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyinə istinad edərək, qeyd etmişdir ki, belə olan halda aydın olur ki, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin payçıların paylarına uyğun surətdə naturada bölünməsi texniki cəhətdən mümkündür. Sxem rəyə əlavə edilmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi tərəflər arasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20030 saylı, 16 mart 2020-ci il tarixli rəyinə əlavə edilmiş sxemə uyğun naturada ayrılmalıdır. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır, hesab edir ki, bu nəticə işin hallarına uyğun geyildir. Belə ki, kollegiya qeyd edir ki, məhkəmə MPM-nin 218.3-cü maddəsinə əsasən verilmiş tələb daxilində işə baxır. İddiaçının tələbi çıxarışa əsasən ünvan 1nin yerləşdiyi ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 3/5 hissədə naturada bölünərək (69,64 kv.m olan evinin yerləşdiyi hissə istisna olmaqla) ona verilməsindən ibarətdir. Belə ki, iddiaçı paylı mülkiyyətçilərin hər birinin mülkiyyətinə daxil olan 69,64 kv.m olan evin yerləşdiyi hissə istisna olmaqla, torpaq sahəsindən 3/5 hissədə payının naturada bölünməsini xahiş edir. Ekspertizanın 20030 saylı, 16 mart 2020-ci il tarixli rəyində isə iddiaçının 3/5 hissədə torpaq sahəsi naturada ayrılarkən, mülkiyyətçilərin hər birinin mülkiyyətinə daxil olan 69,64 kv.m ev iddiaçıya ayrılan torpaq sahəsinə düşməklə, digər mülkiyyətçilərin hüquqlarını pozmuş olur. Buna görə də, məhkəmə kollegiyasının 23.09.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmaqla, iddiaçının tələbi həcmində ekspert qarşısında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinin 353 saylı bağ evinin yerləşdiyi hissəsi (69.64 kv.m olan evinin yerləşdiyi hissə) istisna olmaqa 3/5 hissədə İddiaçı payının naturada ayrılmasının mümkünlüyü ilə bağlı sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5500 saylı, 10 yanvar 2022-ci il tarixli rəyinə əsasən Binəqədi rayonu, Goradil kəndi, 353 saylı bağ evi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsindən (353 saylı bağ evinin yerləşdiyi sahə (69,64 kv.m olan evin yerləşdiyi hissə) istisna olmaqla) İddiaçı payına düşən 3/5 hissəsinin ayrılması Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə müvafiq olaraq təxniki cəhətdən mümkün deyildir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. MM-nin 220.2-ci maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-nin 220.3-cü maddəsinin tələbinə görə isə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və ya şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Hazırki halda kollegiya hesab edir ki, məhkəmə iddiaçının verdiyi tələb daxilində işə baxdığından, iddiaçının tələbi daxilində onun 3/5 hissədə payının naturada ayrılması mümkün deyildir. Buna görə də, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının tədqiqatı dəyəri olan 300 manat iddiaçıdan alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Götərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(001)- 73/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının tədqiqatı dəyəri olan 300 (üç yüz) manat İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar