Məhkəmə qərarları › İş №2(103)-11403/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11403/2021

10.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11403/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddaçı İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 69/2021 saylı, 15 sentyabr 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdehin etibarnamə əsasında nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat olan Cavabdeh ASC-nin işçiləri üzündən ona vurulmuş maddi ziyan hesab etdiyi 10000 manat məbləğin, mülkündəki tikililərə dəymiş ziyanla bağlı ona vurulmuş mənəvi ziyan hesab etdiyi 5000 manat pulun cavabdeh təşkilatdan alınıb onun xeyrinə verilməsi, məhkəməyə ödədiyi məhkəmə xərci olan 30 manat məbləğində dövlət rüsumunun cavabdeh təşkilatdan alınıb, onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-69/2021 saylı, 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 8084 (səkkiz min səksən dörd) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehin etibarnamə əsasında nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.2-ci maddəinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Mülki işin materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-69/2021 saylı, 15 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin etibarnamə əsasında nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinə Cavabdeh ASC tərəfindən Nümayəndə məhkəmə aktlarından şikayət vermək kimi digər prosessual hüquqların təsbit edildiyi etibarnamə əlavə olunsa da, apellyasiya şikayətini imzalayan şəxs Nümayəndə əsas iş yerinin Cavabdeh ASC-də olan əmək müqaviləsi bildirişi şikayətə əlavə olunmamışdır. Həmçinin, Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəmə tərəfindən Nümayəndə hazırki iş yeri barədə sorğu edilmiş və sonuncunun hazırda "xxxx" MMC-də hüquqşünas vəzifəsində işlədiyini müəyyən edilmişdir. Belə olan halda sonuncunun apellyasiya şikayətini imzalmaq üçün hüquqları olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə verilmiş apellyasiya şikayəti mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-69/2021 saylı, 15 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar