Məhkəmə qərarları › İş №2(103)-11418/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11418/2021

10.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11418/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər “X1 Klinikasi” MMC-yə, həmin Klinikanın sahibi Cavabdeh2 və Klinikanın baş həkimi Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə” ilk iddiasına, cavabdeh Klinikanın iddiaçıya qarşı “işgüzar nüfuza vurulmuş zərərin əvəzinin aradan qaldırılması tələbi barədə” qarşılıqlı iddiasına, Cavabdeh1 iddiaçıya qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi və sair tələbi barədə” qarşılıqlı iddiasına dair 2(004)-188/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 sentyabr 2021-ci il tarixli qətnamədən iddiaçı və cavabdeh Klinika tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hazırki 2(004)-188/2021 №-li (apellyasiya icraatında №: 2(103)-11418/2021) işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 23.09.2021-ci il tarixli qətnamə ilə hər 3 iddianin təmin edilməməsini qət etmişdir. İddiaçı və cavabdeh Klinika həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı ərizə ilə Məhkəməyə müraciət edərək ilk iddiadan imtina etdiyini bildirmiş və qətnamənin ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh Klinika da ərizə ilə Məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyi bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçının “iddiadan imtina barədə” ərizəsini araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-nin 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. İddiadan imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilk iddianın həll edilməsi hissəsində MPM-nin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli və ilk iddia üzrə işin icraatına xitam verilməlidir. Məhkəmə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Klinika tərəfindən verilmiş “apellyasiya şikayətindən imtina barədə” ərizəni araşdıraraq qeyd edir ki, MPM 369-cu maddəsinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur (maddə 369.1.). Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər (maddə 369.2.). Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər (maddə 369.3.). Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir (maddə 369.4.). Göründüyü kimi MPM-nin 369.3-cü maddəsi apellyasiya şikayətindən imtinanı iddia tələbindən imtinaya, apellyasiya şikayətinin etiraf edilməsini isə iddia tələbinin etiraf edilməsinə bərabər tutur. Belə olan halda, Məhkəmə, MPM-nin “İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi” adlı 52-ci maddəsinə nəzər salmağı vacib bilir və qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir (maddə 52.5.). Məhkəmə bildirir ki, cavabdeh Klinikanın apellyasiya şikayətindən imtinası yazılı formada ifadə edilmişdir; imtina qanuna zidd deyil; imtina hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul olunmalı və cavabdeh Klinikaya münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 369 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ:

1. İddiaçı iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 sentyabr 2021-ci il tarixli qətnamə qismən, yəni “İddiaçı Cavabdeh1 və başqalarına qarşı irəli sürdüyü “maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə” ilk iddiasının təmin edilməməsi” hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardadın bu hissəsindən, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

2. Cavabdeh “X1 Klinikasi” MMC-nin apellyasiya şikayətindən imtinası qəbul edilsin və MMC-yə aid hissədə apellyasiya icraatına xitam verilsin. Qərardadın bu hissəsi dərhal qüvvəyə minir. Qərardadın bu hissəsindən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar