Məhkəmə qərarları › İş №2(103)-11444/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11444/2021

08.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11444/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X2 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4852/2021 saylı, 03 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.000 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, özünü ona firma direktoru kimi təqdim edən Cavabdeh ona Abşeron rayonu Hökməli qəsəbəsi Atyalı adlanan ərazidə (Sonalı sahəsi) massivində (0,03 ha) torpaq sahəsi verəcəyini bildirərək, ondan müqavilədə nəzərdə tutulan işləri adı ilə 12.000 manat miqdarında pul almışdır. Pulu verməsi barədə onda 20 yanvar 2014-cü il tarixli qəbz mövcuddur. Bir neçə vaxtdan sonra ona Ağır Cinayətlər Məhkəməsindən cavabdehə törətdiyi əmələ görə məhkəmə təhqiqatı aparılır və o, məhkəmə prosesinin vaxtını öyrənərək məhkəməyə getmişdir. Orada öyrənmişdir ki, Cavabdeh onun kimi bir neçə vətəndaşı aldatmışdır. Cavabdeh törətdiyi əmələ görə barəsində məhkəmə hökm çıxarmışdır. Hal-hazırda cavabdeh cəzasını çəkmiş və azadlıqdadır. Ərizədə qeyd olunan ünvanda qeydiyyatdadır. Cavabdehin bütün hərəkətləri ilə ona külli miqdarda ziyan vurmuşdur və o, həmin zərərin ödənilməsini məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4852/2021 saylı, 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, 12.000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi qəbzlərlə cavabdehə verdiyi iddia olunan məbləğdə pul tərəflər arasında 20 yanvar 2014-cü ildə bağlanmış 117 saylı “Göstərilən xidmət üçün sifarişçilərlə bağlanan tikin Müqavilə”nin tərkib hissəsidir. Yəni, iddiaçı həmin pulu cavabdehlə bağladığı bu müqaviləyə əsasən ona ödəmişdir. Qeyd edilən ilkin müqavilənin 1.1-ci bəndinə görə hazırki müqavilənin şərtlərinə əməl etməklə “sifarişçi” ilə “icraçı” arasında “sifarişçinin” gələcək torpaq sahəsinə əsas (ümumi) ana xətdən karbonat təməli olan yol, elektrik, qaz, su, kanalizasiya xətlərinin çəkilməsi xidmətinin göstərilməsinə dair müqavilə bağlanacaq. Müqavilənin 1.2-ci bəndində Abşeron rayonu, Hökməli qəsəbəsi, At yalı adlanan ərazidə fərdi yaşayış evi tikintisi məqsədilə “Sonalı Sahəsi” massivində “55” №-li (0,03 ha) torpaq sahəsi nəzərdə tutulur. Həmin müqavilənin 1.3-cü bəndinə görə hazırki müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan işlərin dəyəri əsas müqavilə ilə 12.000 (on iki) manatdan az olmayaraq müəyyən edilmişdir. Qeyd edilən məbləğ hazırki müqavilə imzalandıqdan sonra “sifarişçi” tərəfindən “icraçı”ya nağd qaydada ödəniləcək. Qeyd edilən müqavilədən görünür ki, həmin müqavilə tərəflər arasında bağlanmış ilkin müqavilədir və həmin müqavilədə İddiaçı “sifarişçi”, Cavabdeh isə “icraçı” qismində iştirak etmişlər. Cavabdeh iddiaçıdan aldığı həmin məbləği ilkin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə sərf etmişdir. Bu fakt Cavabdeh barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli hökmü ilə də müəyyən edilmişdir. Hal-hazırda da həmin yaşayış sahəsində tikinti işləri aparılır, sifarişçilərdən bəziləri fərdi evlərdə yaşayırlar. Eyni zamanda Cavabdeh birinci instansiya məhkəməsində ona qarşı verilmiş bu iddia tələbinə baxılması barədə məlumatsız olmuş və məhkəmədə onun iştirakı təmin edilməmişdir. Ona görə də ona qarşı verilmiş bu əsassız iddiadan müdafiə olunmaq imkanı olmamışdır. Yuxarıda qeyd olunduğu kimi İddiaçı iddia tələbi onun cavabdehlə bağladığı 20 yanvar 2014-cü il tarixli ilkin müqaviləyə əsaslanmışdır. Həmin müqavilənin 4-cü bəndində bağlanılmış bu ilkin müqavilənin müddəti müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh iddiaçının ona ilkin müqaviləyə əsasən ödədiyi pulun müqabilində “Sonalı Sahəsi” adlanan ərazidə müəyyən işləri yerinə yetirmişdir. Yəni tərəflər demək olarki ilkin müqavilə üzrə öhdəliklərini yerinə yetirmişlər. Bundan əlavə, qeyd edildiyi kimi tərəflər arasında bu ilkin müqavilə 20 yanvar 2014-cü ildə bağlanılmışdır və bundan sonra ötən yeddi ilə yaxın müddət ərzində tərəflər arasında nəzərdə tutulmuş əsas müqavilə bağlanmamışdır. İlkin müqavilənin bağlandığı andan bir il müddətində tərəflər arasında Əsas müqavilə bağlanmalı idi. Lakin ötən bu yeddi ilə yaxın müddətdə əsas müqavilə bağlanmamış və iddiaçı tərəfindən də belə bir müqavilənin bağlanması barədə cavabdehə təklif göndərilməmişdir. Belə halda isə tərəflər arasında bağlanmış ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklər xitam verilmiş hesab olunur, iddiaçı tərəf isə qanunla müəyyən edilmiş müddət ərzində həmin ilkin müqaviləni mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi də qanunsuz və əsassız olaraq vaxtı keçmiş iddialardan cavabdehin müdafiə olunmaq hüququnun olmasını nəzərə almamış və buna münasibət bildirməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, tərəflər arasında ilkin müqavilə bağlanmış və hüquqlarını müdafə etdiyi şəxs üzərinə düşən öhdəliyi həyata keçirmişdir, lakin iddiaçı əsas müqaviləni bağlamaq üçün təəbbüs göstərməmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində nəzərdə tutulmuş işlərin hamısı edilmişdir. Hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci isntansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan iddiaçı və cavabdeh arasında 20.01.2014-cü il tarixli müqaviləyə əsasən Abşeron rayonu Hökməli qəsəbəsi Atyalı adlanan ərazidə (Sonalı sahəsi) massivində (0,03 ha) torpaq sahəsinin ayrılması məqsədilə “Sifarişçi (İddiaçı)” tərəfindən “İcraçıya (Cavabdeh)” 12.000 manat ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 12.000 manat ödənilmişdir. İş materiallarına əlavə olunmuş və qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli 1(101)-60/2017 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 162- 1.1, 378.3.2, 192.2.2, 213.2.2, 08.2. 312.2 və 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 162-1.1-cı maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 178.3.2-ci maddəsi ilə 8(səkkiz) il müddətə azadlıqdan ləhrumetmə cəzasına, CM-nin 192.2.2-ci maddəsi ilə 3(üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 213.2.2-ci addəsi ilə 2(iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etməklə 5(beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 2(iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 312.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4cü maddələrinə əsasən təyin olunan əsas cəzalan əsas cəza ilə əlavə cəzanı əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Cavabdeh qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Birinci instansiya məhkəməsi qeyd olunan normalara istinad etməklə belə nəticəyə gəlmişdir ki, İddiaçı cinayət iş üzrə zərər çəkmiş şəxs kimi tanınmış, ona dəymiş ziyan təsbit olunmuşdur. İddiaçı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, iddia təmin edilməli, 12.000 manat məbləğində pul qanunvericiliyə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh ilkin müqaviləyə uyğun olaraq əsas müqavilənin bağlanmamasına eləcə də ilkin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə istinad etsə də tərəflər arasında bağlanmış ilkin müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etməsi müəyyən edilməmişdir və belə olan halda da əsas müqavilə bağlanmamışdır. Digər tərəfdən yuxarıda qeyd olunan cinayət işi üzrə iddiaçı zərər çəkmiş şəxs kimi tanınmaqla ona cavabdeh tərəfindən maddi ziyan dəyməsi öz təsdiqini tapmışdır. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə kollegiya qeyd edir ki, iş materiallarına cavabdehə məhkəmə iclasları barədə bildirişlərin iş materiallarında olan və məhkəməyə məlum olan eləcə də apellyasiya şikayətində göstərilən cavabdehin ünvanına göndərilməsini təsdiq edən reyestr əlavə edilmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş, qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onu ödəmiş şəxsin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4852/2021 saylı, 03 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Fuad Talışinski Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar