Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1149/2020 31.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 (bundan sonra – MMC) və MMC-nin direktoru Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış binasından sahəsi 98,05 kv.m ibarət 2 otaqlı mənzilin ona (iddiaçıya) təhvil verilməsi vəzifəsinin cavabdeh MMC-nin üzərinə qoyulması, habelə cavabdehlərin hərəkətləri nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 5.000 manat, mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun hər iki cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildə övladı üçün ünvan 2 ünvanda yüksək mərtəbəli yaşayış binası inşa edən cavabdeh MMC-nin direktoru (eyni zamanda iş üzrə ikinci cavabdeh) Cavabdeh2la tanış olmuş, ona qeyd edilən binadan bir otaqlı mənzil almaq istədiyini bildirmişdir. Cavabdeh2 iddiaçıya binanın 21 mərtəbəli olacağını, tikintinin isə bir il müddətinə başa çatacağını bildirmiş və iddiaçıya binanın 5-ci mərtəbəsində sahəsi 63 kv.m olan bir otaqlı 33 №-li mənzili almasını təklif etmişdir. İddiaçı, Cavabdeh2 ilə birlikdə mənzilə baxmış, mənzili bəyənmişdir. İddiaçı ilə Cavabdeh2 mənzilin dəyərini 50.600 manata razılaşdırmışlar. Bununla bağlı olaraq Cavabdeh2 MMCnin təmsilçi olaraq iddiaçı ilə xx.xx.2016-cı il tarixdə, MMC-nin ofisində, müqavilə bağlamış və iddiaçı 50.600 manat məbləğində pulu MMC-yə ödəmişdir. Ödənişi təsdiq edən “xxxx” və müqavilənin bir nüsxəsi MMC-nin möhürü ilə təsdiq edilmiş və Cavabdeh2 tərəfindən iddiaçıya təqdim edilmişdir. Bundan bir müddət sonra iddiaçı, həmin binada aldığı bir otaqlı mənzili iki otaqlı mənzil ilə dəyişmək qərarına gəlmiş və bu barədə Cavabdeh2 müraciət etmiş və onlar razılığa gəlmişlər. Bununla bağlı iddiaçı ərizə yazaraq əvvəllər aldığı birotaqlı mənzili MMC-yə qaytarmış, xx.xx.2017-ci il tarixdə isə qeyd edilən ünvanda inşa edilən binanın 18-ci mərtəbəsində sahəsi 98.05 kv.m olan, 2 otaqlı, 121 №-li mənzil barəsində MMC ilə iddiaçı arşında “Alğı-satqı müqaviləsi” bağlamışdır. Müqavilə şərtlərinə görə, iddiaçı mənzilin dəyəri olan 78.000 manat pulu MMC-yə ödəməli, MMC isə mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən bilavasitə iddiaçıya verməli idi. İddiaçı, mənzilin dəyərini (qiymət fərqini) MMC-yə ödəmiş və bu barədə MMC tərəfindən ona “Maliyyə arayışı” verilmişdir. Binanın tikintisi başa çatandan sonra iddiaçı müqavilədə nəzərdə tutulan mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi üçün MMC-nin direktoru Cavabdeh2 və sonuncunu müvəqqəti əvəz edən oğlu A.Cəfərova müraciət etmişdir. Lakin həmin şəxslər iddiaçıya 121 №-li mənzili təhvil verməkdən imtina etmiş, əvəzində isə binanın mansardasında yerləşən mənzil göstərmişlər. Halbuki, hamı üçün bəlli olan haldır ki, mənzil və mansarda eyni məna daşımır. Binanın layihəsində də bunlar ayrı-ayrı sahələr kimi nəzərdə tutulmuşdur. Bu hərəkətləri ilə MMC-nin direktoru Cavabdeh2 əvvəlcədən məqsədi iddiaçını aldatmaq olmuş, ya da o, həmin mənzili artıq başqasına satmışdır. Çünki bu kimi hallara yol verdiyi üçün Cavabdeh2 cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı müqavilədə qeyd olunan mənzilin ona təhvil verilməsini məhkəmə qaydasında xahiş edir. Bundan başqa, cavabdeh MMC və Cavabdeh2 müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə, iddiaçının övladı ailəsi ilə birlikdə bir ildən artıqdır ki, Bakı şəhərində ayrı-ayrı ünvanlarda kirayədə qalır. Kirayə haqqını isə iddiaçı ödəyir. Bununla da iddiaçıya maddi və mənəvi zərər vurulmuşdur ki, iddiaçı bu zərəri müvafiq olaraq 5.000 manat və 10.000 manat məbləğində qiymətləndirir və həmin məbləğin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş edir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, ünvan 1 ünvanında yerləşən yaşayış binasından ümumi sahəsi 98,05 kv.m. olan iki otaqlı 121 №-li mənzilinin iddiaçıya təhvil verilməsi vəzifəsinin MMC-nin üzərinə qoyulmasını, iddianın qalan hissədə təmin edilməməsini, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat və iddianın verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunu təşkil edən 30 manat məbləğində pulun cavabdeh MMC-yə aid edilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnaməni maddi və prosessual hüquq normaları pozmaqla qəbul etdiyinə görə qanunsuz və əsassızdır. Belə ki, qeyd edilən qətnamə ilə iddiaçıya təhvil verilməsi qət edilmiş 121 №-li mənzil əslində binanın mansardasında yerləşən sahədir, mansarda isə yaşayış sahəsi deyil. Bu hal iş üzrə aparılmış ekspertiza tədqiqatı nəticəsində də təsdiq edilmişdir. İddiaçı isə məhz yaşayış sahəsinin alınması barədə MMC ilə müqavilə bağlamışdır. Bundan başqa, mənzilin alınması barədə razılığa gələn zaman MMC-nin direktoru binanın tikintisinin bir il müddətində başa çatdırılması barədə iddiaçıya məlumat vermişdir. Bu halın tərəflər arasında bağlanmış müqavilədə qeyd edilməməsi, binanın uzun müddət tikilməsi demək deyildir və bu hal cavabdehləri iddiaçıya vurulmuş maddi və mənəvi zərərin ödənilməsi vəzifəsindən azad etmir. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, Cavabdeh2 və cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak etməmiş, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “xxxx” və MMC tərəfindən iddiaçıya verilmiş “xxxx” görünür ki, MMC, iddia ərizəsində qeyd edilən ünvanda inşa edilmiş yaşayış binasının 18-ci mərtəbəsindəki 98,05 kv.metrdən ibarət iki otaqlı 121 №-li mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə alıcının (iddiaçının) özünə verməyi, alıcı isə mənzilin ümumi dəyəri olan 78.000 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən həmin məbləğ iddiaçı tərəfindən MMC-yə ödənilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, qeyd edilən ünvanında nəzərdə tutulan 1 girişli 18 mərtəbəli + mansarda (bir hissəsi- yaşayış sahəsi, digər hissəsi – qeyri-yaşayış sahəsi), 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla, yaşayış binasının işçi layihəsi müvafiq dövlət qurumu ilə razılaşdırılmışdır. Həmin layihədə həmçinin mansarda mərtəbəsində 2 ədəd 3 otaqlı mənzilin yerləşdirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 18365 №-li ekspert rəyində göstərilmişdir ki, iddia ərizəsində qeyd edilən ünvanda MMC tərəfindən inşa edilmiş çox mərtəbəli yaşayış binasında yerləşən mübahisəli, yəni 121 №-li mənzil binanın çardaq hissəsində yerləşdiyi üçün həmin sahə mansarda hesab olunur. Qeyd olunanlara əsasən Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı və MMC arasında 121 №-li mənzilə dair müqavilə bağlandığına və iddiaçı həmin mənzilin dəyərini MMC-yə tam ödədiyinə görə iddiaçıya məhz 121 №-li mənzil təhvil verilməlidir. Rayon Məhkəməsinin yuxarıda göstərilən mövqeyi ilə qismən razılaşan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, əsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mübahisəli mənzilin alğı-satqısı ilə bağlı tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt Mülki Məcəllənin qüvvədə olmuş 178.8-ci maddəsinin mənasına görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8.). Qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən ünvanda cavabdeh MMC-nin inşa etdiyi binada ümumi sahəsi 98,05 kv.m ibarət iki otaqlı mənzilin alınması barədə tərəflər razılığa gəlmiş, iddiaçı mənzilin dəyərini təşkil edən 78.000 manat məbləğində pulu MMC-yə ödəmişdir. Belə olan halda, mənzilin iddiaçıya təhvil verilməsi barədə MMC, müqavilə üzrə üzərinə götürdüyü, lakin bu günədək yerinə yetirmədiyi öhdəliyi icra etməlidir. Məhkəmə, iddiaçıya təhvil verilməli olan mənzilin fərdiləşdrilməsi (mənzilin yerləşdiyi mərtəbə və mənzilin sıra nömrəsi) ilə bağlı aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 404-cü maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1.). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2.). İddiaçı tərəfin məhkəmələrə verdiyi yazılı və şifahi izahatlarından müəyyən edilir ki, iddiaçının niyyəti övladı üçün cavabdeh MMC-nin inşa etdiyi binanın yaşayış mərtəbəsindən mənzil alması olmuşdur. İddiaçı ilə MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “xxxx” də görünür ki, müqavilə tərəfləri mənzilin alğı-satqısı barədə razılığa gəlmişlər. Həmin müqavilədə mənzilin nömrəsi “121”, mərtəbəsi isə “18” qeyd olunsa da, mənzilin məhz mansardada yerləşməsi barədə hər hansı qeyd yoxdur. Bundan başqa, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işdə olan xx.xx.2019cu il tarixli məktubundan da görünür ki, MMC-nin inşa edəcəyi yaşayış binasının işçi layihəsində mansarda mərtəbəsində 2 ədəd 3 otaqlı mənzilin yerləşdirilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, MMC-nin özü tərəfindən müvafiq dövlət qurumları ilə razılaşdırılmış işçi layihədə binanın mansardında xx.xx.2017-ci il tarixli müqavilədə qeyd olunduğu kimi iki otaqlı mənzilin yerlədirlməsi nəzərdə tutulmamışdır. Belə olan halda müəyyən edilir ki, iddiaçı ilə yanaşı MMC-də müqavilə bağlandığı zaman binanın məhz yaşayış mərtəbəsində yerləşdirilmiş sahəsi 98,05 kv.m olan iki otaqlı mənzilin iddiaçıya satılmasına razılıq vermişdir. Göstərilənlərə əsasən Məhkəmə, hesab edir ki, müzakirə olunan hissədə Rayon Məhkəməsi mənzilin iddiaçıya təhvil verilməsi barədə iş üzrə düzgün nəticəyə gəlsə də, həmin mənzilin məhz yaşayış binasının 18-ci mərtəbəsində və 121 nömrə altında olmasını müəyyən etməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə əsaslıdır. Bunlardan başqa, Məhkəmə hesab edir ki, maddi və mənəvi zərərin əvəzinin cavabdehlərdən tutulması barədə iddiaçının tələbi əsassızdır; həmin tələbi təmin etməyən Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, mülki qanunvericiliyin tələblərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM; maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM; maddə 76.2.). İddiaçı bildirir ki, övladı üçün alınması nəzərdə tutulmuş mübahisəli mənzilin gec təhvil verilməsi ilə bağlı qızı müxtəlif ünvanlarda kirayədə yaşamaq, o isə həmin kirayə haqqını ödəmək məcburiyyətində qalmışdır. Bunun nəticəsində ona həm mənəvi, həm maddi ziyan dəymişdir. Mübahisəli mənzilin alğı-satqısı barədə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədə mənzilin MMC tərəfindən iddiaçıya konkret olaraq hansı müddətdə təhvil verilməli olması göstərilməmiş, həmin şərt tərəflər arasında müqavilədə razılaşdırılmamışdır. Digər tərəfdən, iddiaçının qızının kirayədə qalması və bunun məhz mübahisəli mənzilin gec təhvil verilməsi ilə bağlı olmasını təsdiq edən sübutları iddiaçı tərəf məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, müzakirə olunan hissədə iddianı təmin etməyən Rayon Məhkəməsinin mövqeyi əsaslı, iddiaçının apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Beləliklə, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi mənzilin iddiaçıya təhvil verilməsi, habelə zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələblərinə düzgün qiymət versə də, cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilməli olan mənzilin fərqilləşdirilməsi hissəsində iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri həmin hissədə formal mülahizə xarakteri daşımır. Qalan hissədə apellyasiya şikayəti əsassızdır. Odur ki, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə və MPM-nin 385-ci maddəsinin tələblərinə əsaslanaraq Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni iddiaçıya təhvil verilməli olan mənzilin nömrəsi və mənzilin mərtəbəsinin müəyyən edilməsi hissəsində ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni Cavabdeh1 tərəfindən İddiaçı təhvil verilməli olan mənzilin nömrəsi və mənzilin mərtəbəsinin müəyyən edilməsi hissəsində ləğv edilsin. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qalan hissədə, yəni “ünvan 1 ünvanında yerləşən yaşayış binasından ümumi sahəsi 98,05 kv.m. olan iki otaqlı mənzilinin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat və iddianın verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunu təşkil edən 30 manat məbləğində pulun Cavabdeh1nə aid edilməsi” hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-1149/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1149/2020
31.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver