Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11518/2019 21.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdeh1 MTK-nın nümayəndələri X4 və X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Bakı şəhəri Cavabdeh2nə və Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “sökülmüş evin tikilib bərpa edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(009)-979/2018 saylı qətnaməsindən Cavabdeh1 MTK və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Bakı şəhəri Cavabdeh2nə və Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən mənzillərə zorla daxil olunması, çoxmənzilli yaşayış binasının və mənzillərin sökülüb dağıdılması və məhv edilməsinin onun pis rəftara məruz qalması, mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, maddi zərərə görə 130.330 manat, mənəvi zərərə görə 50.000 manatın cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması, eyni zamanda 8 ay müddətində ödədiyi 4.000 manat məbləğində kirayə haqqının cavabdehdən tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli Seriya RX № ******* saylı Çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən 2 otaqlı mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Son bir il ərzində Cavabdeh1 MMC onların binasının yerləşdiyi torpaq sahəsində kommersiya məqsədləri çoxmərtəbəli ev tikdirmək niyyətinə düşərək ona və ailəsinə qarşı psixi və fiziki təzyiqlər etməklə onları sıxışdırıb zorla mənzillərindən çıxartmaq istəmişlər. Bir il ərzində cavabdeh onların gecəgündüzlərini kabusa çevirmiş, mülkiyyətində olan əmlakdan sərbəst istifadə etməyə imkan verməmiş, mütəmadi olaraq mənzilini uçurub məhv edəcəyi ilə hədələyib onu və ailəsini daimə təşviş içində saxlamışdır. Cavabdeh ondan tələb etmişdir ki, mülkiyyətində olan mənzildən könüllü imtina edib, onların təklif etdiyi əlverişsiz şərtlər ilə müqavilə bağlayıb mənzilini onlara təhvil versin. Cavabdehin aşkar qanunsuz tələblərindən imtina etdiyi üçün ona və ailə üzvlərinə qarşı görünməmiş təzyiqlər edilmiş və onlar hədə-qorxulara, psixi və fiziki iztirablara məruz qalaraq daim sarsıntı içində yaşamışlar. Cavabdeh onları mənzildən zorla çıxarmaq üçün yaşadıqları binanı tədricən söküb dağıtmağa başlamışdır. Onların etdikləri bu özbaşnalıqları barədə dəfələrlə müxtəlif dövlət orqanlarına şikayət etmişlər, lakin şikayətlərinə baxılmamışdır. Cavabdehin qanunsuz əməllərinin qarşısı alınmamışdır. Bunun məntiqi nəticəsi olaraq xx xxxxxx 2017-ci il tarixdə saat 21:00-24:00 radələrində cavabdehin adamları tərəfindən onların mənzilinə quldurcasına basqın edilmiş, qaranlıq və yağışlı hava şəraitində o və ailə üzvləri mənzildən zorla çıxarılaraq bayıra atılmışlar, mənzildə olan əşyaları cavabdeh tərəfindən dağıdılmış və yük maşınına yüklənərək başqa yerlərə daşınmışdır. Bundan sonra cavabdeh gətirdiyi ağır texnikanı işə salıb binanı uçurub tamamilə məhv etmişdir. Yəni heç bir qanuni əsas olmadan cavabdehin adamları onun iradəsinə zidd olaraq, zor tətbiq etməklə qanunsuz mənzilinə soxulmuşlar, onu və ailə üzvlərini zorla bayıra atmışlar, yaşadıqları binanı və mənzili tamamilə məhv etmişlər və bu hərəktləri ilə insan və vətəndaşların konstitusiya hüquq və azadlıqları əleyhinə olan Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinəyət əməllərini törətmişlər. 2-ci cavabdehin və digər inzibati orqanların (xüsusilə də polisin) dəstəyi ilə 1-ci cavabdeh binanın digər mülkiyyətçi və sakinlərinə müxtəlif cür təzyiqlər göstərmiş, onları əlverişsiz şərtlərlə müqavilələr bağlamağa vadar etmişlər ki, həmin müqavilələrə əsasən o və digər mənzil mülkiyyətçiləri öz daşınmaz əmlakından imtina etməli, sonra isə 1-ci cavabdehin hər ay ödəməli olacağı son dərəcə aşağı kirayə haqqı məbləğləri ilə kifayətlənməli idilər. Bu zaman nəzərə alınmamışdır ki, 1) binanın sökülməsi üçün heç bir dövlət ehtiyacı mövcud deyildir və bu hərəkətlər aşkar qanunsuzluqdur; 2) əmlakından məhrum edilən mənzil mülkiyyətçiləri üçün heç bir seçim yeri qoyulmamış- onlara mənzillərin dəyərinə görə ödəniş təklif olunmamış, alternativsiz olaraq yalnız və yalnız gələcəkdə onların binasının yerində tikiləcək yeni binada uyğun sahəli mənzillər, yeni bina inşa ediləcəyi müddətdə isə cüzi kirayə haqqı təklif edilmişdir. Bir məsələ də xüsusi əhəmiyyət kəsb edir - mənzil mülkiyyətçilərinə təklif olunan müqavilədə yeni bina inşa etdirilməsi üçün öz vəsaiti olmayan 1-ci cavabdehin öhdəliklərinin icrasının dövlət təminatları yoxdur, bu müqavilədə heç bir dövlət orqanı iştirak etmir. Bu, maliyyə mənbələri şəffaf olmayan 1-ci cavabdehin bu sahədə problemləri yaranacağı halda ona gətirib çıxara bilərdi ki, o, mənzilini itirmiş mülkiyyətçilərin nə kirayə haqqını ödəyər, nə də ki, yeni binanı inşa edə bilər. Nəticədə isə mənzilsiz mülkiyyətçilər qaldıqları mənzilin kirayə haqqını ödəmək imkanından belə məhrum olar. 2-ci cavabdeh bu kimi hallarda mülkiyyətçilər qarşısında heç bir öhdəlik daşımayacaq. İnzibati orqanların dəstəyindən ruhlanan 1-ci cavabdeh onun və digər mülkiyyətçilərin yaşadıqları binanı heç bir qanuni əsas olmadan tədricən söküb dağıtmışlar və hərəkətləri ilə binanı qəza vəziyyətinə salmışlar, xx xxxxxx 2018-ci il tarixdə gecə saat 21:00-24:00 radələrindən 2-ci və 3-cü cavabdehin iştirakı ilə uçurub məhv etmişlər. Cavabdehlər bu qanunsuzluqları elə tərzdə etmişlər ki, bina doğrudan da qəza vəziyyətinə salınmışdır. O binanın mənzil mülkiyyətçilərinin əksəriyyəti cavabdehlərin şərtləri ilə razılaşmır. Evi uçurub ona və digər mülkiyyətçiləri zorla bayıra atmışlar, 3 aydan artıq müddətdir ki, ailəsi şəxsi vəsaiti hesabına kirayə mənzildə yaşayır. Hazırkı iş üzrə dövlət ehtiyacının mövcudluğu birmənalı istisna olunur. Belə ki, nə bu barədə Nazirlər Kabinetinin qərarı yoxdur, nədəki formal baxımdan ehtiyac özü mövcud deyil. Lakin cavabdehlər, hətta əmlakın dövlət ehtiyacları üçün alındığı zaman mülkiyyətçiyə ödənilməli olan kompensasiya qaydaları ilə nəzərdə tutulan minimum tələblərə belə əməl etmək istəmir. Cavabdehlərin onların evin guya qəza vəziyyətində olması barədə bildirdikləri tam uydurmadır, belə olmasa idi, onlar Mənzil Məcəlləsinin 28-ci maddəsinə uyğun olaraq müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idilər - onlar isə nə məhkəmənin evin qəza vəziyyətində olmasına dair qərar əldə etmişlər, nədəki bu barədə ümumiyyətlə iddia vermişlər. Onlar tamamilə əks mövqe tutub özləri binanı qəza vəziyyətinə salmışlar və ağır texnikanın köməyi ilə uçurub yerlə-yeksən etmişlər. Bir daha qeyd edir ki, mülkiyyətçiyə məxsus mənzil dövlət ehtiyacları üçün alınmamışdır və mülkiyyətçilər, yəni o və digər mülkiyyətçilər istənilən məbləğə ona məxsus olan mənzili sata bilərlər. Lakin ən azından qanunun analogiyasını tətbiq edərək ona həmin mənzilin bazar qiymətinin 20 faiz miqdarında kompensasiya və 10 faiz miqdarında çətinliklə bağlı kompensasiya ödənilməlidir. Mənzillərinin bazar dəyəri barədə “MBA” Consulting Groupun verdiyi rəylərə görə onun mənzilinin bazar dəyəri 101.000 manat müəyyən edilmişdir. Dövlət ehtiyacının olmadığı halda, iddiaçı öz əmlakına istədiyi qiyməti müəyyən edə bilər. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Baş vermiş özbaşınalıqlar və zorakılıq ərizəçilərin əsəb-sinir sistemimə ciddi mənfi təsir etmiş, onlar mənəvi sarsıntı keçirmişlər. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(009)-979/2018 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, dəymiş maddi ziyana görə 90.000 manat, səkkiz aylıq dövr üçün aylıq 400 manat kirayə haqqının əvəzi, cəmi 3.200 manat, mənəvi ziyanın əvəzi olaraq 1.000 manat, ümumilikdə 94.200 manatın Cavabdeh1 MTKdan İddiaçı xeyrinə tutulması, ekspertiza tədqiqatlarının dəyəri olan 250 manat məbləğində pulun 100 manat hissəsinin İddiaçı, 150 manat hissəsinin isə Cavabdeh1 MTK-dan tutulub, “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən iddiaçı və Cavabdeh1 MTK tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. Cavabdeh1 MTK-nın apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi, maddi ziyana görə 65.000 manat, səkkiz aylıq dövr üçün aylıq 342 manat kirayə haqqının əvəzi, cəmi 2.736 manat, ümumilikdə 67.736 manatın cavabdeh MTK-dan tutulması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə iş materiallarında olan 2 ekspert rəyi ilə müəyyən olunmuş məbləğlərdən orta qiymət götürülərək, kompensasiyanın 90.000 manat, eləcə də iddiaçıya kirayə haqqına görə aylıq 400 manat əsas götürülərək 8 ay üçün 3.200 manat ödənilməsi qənaətinə gəlmişdir. Əgər məhkəmə həqiqətən də mənzilin orta qiymətini müəyyən etmək niyyətində olubsa, belə olan halda səhv nəticəyə gəlmişdir. Belə ki, mütəxəssis rəyi ilə mənzilin dəyəri 101.000 manat, ekspert rəyi ilə isə 65.000 manat müəyyən edilibsə, mənzilin orta qiyməti 90.000 manat deyil, (101.000+65.000)/2=83.000 manat təşkil edir. Həmin ərazidə mənzillərin kirayə haqları 400 manat deyil, 342 manat təşkil edir. Mənəvi ziyanın əvəzi olaraq 1.000 manat ödənilməsi hissəsi ilə bağlı iddiaçı tərəfindən mənəvi sarsıntı və ya iztirablar keçirtdiyi sübuta yetirilmədiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsi bu hissədə də əsassızdır. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən təyin edilmiş “X5”nin qiymətləndirmə rəyinin qeyri-obyektiv olması məhkəmədə tam təsdiq edilmmişdir, cavabdehin nümayəndəsinin özü etiraf etmişdir ki, ekspertin müəyyən etdiyi qiymətə ətraf ərazidə oxşar vəziyyətdə olan mənzilin alınması qeyri-mümkündür. Vətəndaşların mülkiyyətində olan daşınmaz əmlak dövlət ehtiyacları üçün alındığı hallarda mülkiyyətçilərə əmlakın bazar dəyərinin 20% həcmində kompensasiya ödənilir. Əmlakının iradəsinə zidd olaraq əlindən alındığını nəzərə alaraq, bərqərar olmuş işgüzar adətə görə, habelə analogiya üzrə əmlakının dəyərinin 20% miqdarında ona kompensasiya ödənilməlidir. Bu isə 20.200 manat təşkil edir. Cavabdehin törətdiyi delikt nəticəsində o və ailə üzvləri yaşayış sahəsiz qalmış və buna görə öz vəsaitləri hesabına kirayə mənzil tutub orada yaşayırlar. Qiymətləndirmə aparmış ekspertlərin rəyinə görə həmin ərazidə oxşar mənzillərin kirayə haqqı 400 manat təşkil edir, onlar 10 aydan artıqdır ki, kirayədə yaşayır və kirayə haqqının əvəzi kimi cavabdehlərdən 4.000 manat pul tutulmalı və ona ödənilməlidir. Bundan əlavə cavabdehlərin törətdikləri mülki delikt nəticəsində o və ailə üzvləri ciddi psixoloji sarsıntılar keçirmiş, uzun müddət depressiya vəziyyətində yaşayıb, psixi əzablara məruz qalmışlar. Məhkəmənin mənəvi ziyan kimi müəyyən etdiyi məbləğ törədilən əməlin həyasızlıq dərəcəsinə, məruz qaldıqları psixi sarsıntıların ağırlıq dərəcəsinə, habelə cavabdehlərin maddi vəziyyətinə qeyri-adekvatdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh “xxxxxxxxxxxxxxxxxx” MTK-nın apellyasiya şikayəti qismən təmin edilməklə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(009)-979/2018 saylı qətnaməsi maddi zərərin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi maddi zərərin tutulması hissəsində qismən təmin edilmiş, dəymiş maddi zəzərə görə 75.450 manatın cavabdeh “xxxxxxxxxxxxxxxxxx” MTK-dan İddiaçı xeyrinə tutulması, iddia tələbinin maddi zərərin məbləği ilə bağlı qalan hissədə təmin edilməməsi, qətnamənin 94.200 manat cəmi məbləğin tutulması hissəsində dəyişdirilməsi, cəmi məbləğ 79.650 manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissələrdə- 3200 manat kirayə haqqının, 1000 manat mənəvi zərərin və ekspertiza tədqiqatları dəyərinin tutulması hissələrində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş apellyasiya qaydasında yenidən baxılması üçün qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili öz apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. İddiaçı həmçinin göstərdi ki, iddia tələbində göstərilən kirayə məbləği iddia qaldırılan müddətə hesablanmışdır. Artıq iki ildir ki, kirayə pulunu öz hesablarına verirlər. MTK tərəfindən mənzili söküldükdən sonra ailəsi ilə birgə yalnız bir ünvanda - Səbail rayonu, 20-ci sahədə ayda 300 manat ödəməklə kirayədə yaşayır. Yeni mənzil istəmir, iddia tələbinin tam təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh MTK-nın nümayəndələri öz apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Həmçinin göstərdilər ki, “xxxxxxx” MMC-nin rəyi həqiqəti əks etdirmir. İddiaçıya sökülmüş mənzilin yerində tikilən binadan dəfələrlə mənzil təklif edilsə də, iddiaçı razılaşmamışdır. İddiaçı mənzilin dəyərini və 20% artıq tələb edir. Yalnız sökülmüş mənzilin əvəzinə yeni mənzil verdikdə 20% artım tətbiq edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə digər cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Məhkəmə kollegiyasımənzilin dəyərinin müəyyən edilməsi, kirayədə yaşamanın müddəti nəzərə alınmaqla məbləğin hesablanması və mənəvi zərərə görə kompensasiyanın məbləğinin müəyyən edilməsində apelyasiya instansiyası məhkəməsinin səhvə yol verməsi ilə razılaşır. Hesab edir ki, qeyd olunan mənzilin real bazar dəyəri (yəni oxşar şəraitli mənzil almaq üçün tələb olunan məbləğ), kirayə yaşamaq üçün sərf olunan məbləğ, mülkiyyət hüququna müdaxilə ilə bağlı iddiaçının məruz qaldığı mənəvi sarsıntılar baxımından ədalətli şəkildə dəyərləndirilməlidir”. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. İş materialları ilə aşağıdakılar müəyyən edilir: AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində ümumi sahəsi 50.3 kv olan 1 saylı evin, 6 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Azərbaycan Respublikası “xxxxxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin xx xxxxxx 2017-ci il tarixli, MB 10-875 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsi, 1 nömrəli yaşayış binasında yerləşən 2 otaqlı, 6 saylı mənzilinin xx xxxxxx 2017-cı il tarixinə bazar dəyəri 101.000 manat təşkil edir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” DLİ-nun mütəxəssisləri tərəfindən tərtib edilmiş xx xxx 2016-cı il tarixli “ünvan 2 ünvanda yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında” aktdan görünür ki, sözügedən ünvanda yerləşən bina XX əsrin əvvəllərində inşa olunmuşdur. Bina 2 mərtəbəli, 12 mənzillidir, tikili planda düzbucaqlı formalı olub, 38x18mdir binanın xarici və daxili yükdaşıyan divarları 40 sm qalınlığında əhəng daşından hörülmüşdür. Mərtəbəarası örtükləri pilləkəndəndir. Dam örtüyü çardaq tipli olmaqla, ağac konstruksiyaları üzərində asbest-sement vərəqələrlə üzlənmişdir. Binaya keçirilən vizual texniki baxış zamanı onun uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Yükdaşıyan divarlarda çoxsaylı müxtəlif istiqamətli bir və iki tərəfli çatlar boyuna və eninə divar birləşmələrində aralanmalar yaranmışdır. Xarici və daxili divarlarda əhəng daşlarında və suvaqlarda aşınmalar, hörgüarası məhlullara əllə toxunduqda ovulub tökülməsi müşahidə olunmuş, mənzillərin daxili divarlarında su sızmanın və rütubətin izləri müşahidə olunmuşdur. Binada sakinlər tərəfindən əlavə artırmalar inşa edilmişdir. Binada fiziki aşınmaya ən çox məruz qalan hissələr-dam konstruksiyaları, eyvanlar və ağac materiallarından olan mərtəbəarası örtüklərdir. Eyvanlarda armaturun mühafizə qatının aşılaraq tökülməsi armaturların ciddi korroziyaya uğramasına səbəb olmuşdur. Mərtəbəarası örtükləri ağac materiallarından olan konstruksiyaları yararsız vəziyyətdədirlər və hər an dağılma təhlükəsi mövcuddur. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Bina ümumiyyətlə mövcud tikinti norma və qaydalarına şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış binasının mövcud vəziyyəti texniki cəhətdən qəzalıdır, istismar üçün təhlükəlidir. Burada təmir-bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Cavabdeh2 Başçısının xx xxxxxxxx 2016-cı il tarixli 120 №-li Sərəncamından görünür ki, “Bakı şəhərinin rayonlarında, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 saylı qərarı rəhbər tutularaq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Səbail rayonu, Tofiq Məmmədov küçəsi 1 və 3 ünvanda yerləşən 1-2 mərtəbəli yaşayış binasının uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olması barədə tərtib olunmuş xx xxx 2016-cı il tarixli aktı və Cavabdeh1 MMC-nin xx.xx.2016-cı il tarixli, 01/16 saylı müraciəti nəzərə alınaraq qərara alınır: 1. Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Tofiq Məmmədov küçəsi 1 və 3 ünvanda yerləşən 1-2 mərtəbəli yaşayış binasının söküntüsü Cavabdeh1 MMC tərəfindən yerinə yetirilsin və həmin kooperativə sahəsi 0.54 ha olan ərazi çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilsin. 2. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada manzillərin ayrılması Cavabdeh1 MMC-nin vəsaiti hesabına həyata keçirilsin. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş əmlakın qiymətləndirilməsi üzrə “X8” MMC-nin xx.xx.2018-ci il tarixli, ƏEM/M 107-556/18 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsi, 1 saylı evin (hazırda sökülmüş) 6 saylı mənzilin təmirli vəziyyətdə mənzilinin xx xxx 2018-ci il tarixinə bazar dəyəri 65.000 manat müəyyən edilmişdir. Eləcə də, həmin ərazidə yerləşən 2 otaqlı orta təmirli mənzillərin orta aylıq kirayə dəyəri xx xxx 2018-ci il tarixinə 300 manat müəyyən edilmişdir. Hazırkı mübahisə İddiaçı məxsus mənzilə münasibətdə onun mülkiyyət hüququnun müdafiəsindən yaranmışdır. İddiaçının fikrincə ona məxsus mənzil cavabdehlər tərəfindən qanunsuz olaraq sökülmüş, bu da ona əhəmiyyətli dərəcədə ziyan vurulmasına gətirib çıxarmışdır. Hüquqi dövlətdə və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Azərbaycan Respublikası Konstitusiyası 13 və 29-cu mad.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətşizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin qanuni əsası kimi MM-nin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfındən müəyyən edilməlidir. Odur ki, hazırkı iş üzrə araşdırma predmetini cavabdeh(lər)in delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsi, 1 saylı evin, 6 saylı, 2 otaqlı mənzili onun razılığı və ya digər qanuni əsas olmadan xx xxxxxx 2017-ci il tarixdə axşam saatlarında sökülmüş və həmin mənzilin, eləcə də həmin binada yerləşən digər mənzillərin söküntüsü Cavabdeh1 MMC tərəfındən həyata keçirilmişdir. Cavabdehlər tərəfindən iddiaçının mənzilinin yerləşdiyi binanın sökülməsi əsası kimi həmin binanın qəzalı vəziyyətdə olması göstərilmişdir. Halbuki qəzalı vəziyyətdə olan binaların sökülməsi aşağıdakı qaydalara riayət edilməklə həyata keçirilə bilər. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.3-cü maddəsinə əsasən mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Mənzil Məcəlləsinin 28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Yuxarıda qeyd olunan hallar hazırki işə baxılarkən müəyyən olunmamışdır. Cavabdeh1 MMC-nin təqsirlə əhatə olunan yuxarıda qeyd olunan əməli hüquqa zidd olmaqla, iddiaçının mülkiyyət hüququna qanunsuz və əsassız müdaxilə təşkil etmiş və iddiaçının maddi ziyan çəkməsi ilə nəticələnmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh1 MMC İddiaçı qarşısında delikt normaları çərçivəsində məsuliyyət daşıyır. Avropa Məhkəməsinin presedent hüququna əsasən mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfındən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfındən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Cavabdeh1 MMC tərəfındən həyata keçirilmiş söküntü işləri nəticəsində İddiaçı mülkiyyət hüququ pozulmuş, iddiaçının öz mənzili barəsində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam imkanı tam aradan qaldırılmışdır. Bununla yanaşı, bu pozuntunun qanunçuluğun tələbinə cavab verməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməsi, eləcə də mütənasib olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. O da nəzərə alınmalıdır ki, müdafiəsinə və toxunulmazlığına dövlət tərəfındən təminat verilən mülkiyyət hüququ nəinki əmlak üzərində sərbəst şəkildə sərəncam verməyi, həmçinin ondan sərbəst və maneəsiz, habelə öz maraqlarına uyğun şəkildə istifadə etməyi də ehtiva edir. MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. MM-nin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Birinci instansiya məhkəməsi iddianın maddi zərər kimi mənzilin dəyərinə görə 101.000 manat məbləğində pul tələbinə dair hissəsini araşdıraraq, iş materiallarında olan əmlakın qiymətləndirilməsinə dair “xxxxxxx” MMC Konsaltiq və Qiymətləndirmə Şirkətinin rəyini, həmin şirkətin direktoru Nüsrət İbrahimovun mütəxəssis fikrini, eyni zamanda “X8” MMC-nin rəyini nəzərə alıb belə qənaətə gəlmişdir ki, sökülmüş mənzilin yerləşdiyi əraziyə və layihəyə uyğun bazar qiymətləri arasında ziddiyətlər olduğundan, iddiaçıya məxsus olmuş və sökülmüş mənzilin dəyəri müəyyənləşdirilərkən 2 ziddiyyətli ekspert rəyi ilə müəyyən olunmuş məbləğlərdən orta qiymət götürülərək, kompensasiyanın 90.000 manat müəyyən edilməsi daha ədalətli olardı. Əvvəlki apellyasiya baxışı zamanı Kollegiya tərəfindən qiymətləndirmə ekspertizası təyin edilmiş, əmlakın qiymətləndirilməsi üzrə “xxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 02/1801 saylı rəyi ilə ünvan 3 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan, ümumi sahəsi 50,3 kv.m təşkil edən 2 otaqlı mənzilin təmirli vəziyyətdə 2017-ci ilin noyabr ayına bazar qiyməti 58.000 manat, 2019-cu ilin yanvar ayına bazar qiyməti 62.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin maddi zərər kimi mənzilin dəyəri ilə bağlı hissəsində 101.000 və 65.000 qiymətlərin orta qiyməti kimi 90.000 manat kompensasiya məbləğinin müəyyən edilməsi barədə gəldiyi nəticə yalnışdır. Məhkəmə əsassız olaraq, 2 ekspert rəyi ilə müəyyən olunmuş məbləğlərdən orta qiymət götürərək maddi zərərin məbləğini 90.000 müəyyən etmişdir. İddia tələbinin bu hissəsi ilə bağlı Kollegiya qeyd edir ki, iş materiallarında olan “xxxxxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin xx xxxxxx 2017-ci il tarixli, MB 10- 875 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsi, 1 nömrəli yaşayış binasında yerləşən 2 otaqlı, 6 saylı mənzilinin xx xxxxxx 2017-cı il tarixinə bazar dəyəri 101.000 manat təşkil edir. Kollegiya bu rəyə əsaslanaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməklə, cavabdehdən iddiaçının xeyrinə 101.000 manat maddi zərər tutulmalıdır. Belə ki, Kollegiya bu barədə gəldiyi nəticəni onunla əsaslandırır ki, “xxxxxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən əmlakın bazar dəyərinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə sözügedən mənzilə baxış keçirilməklə həyata keçirilmişdir, yəni həmin qiymətləndirmə rəyi mənzil sökülməmişdən qabaq real vəziyyətdə mənzil mövcud olarkən baxış keçirilməklə həyata keçirilmiş qiymətləndirmə üzrə verilmiş rəydir. Birinci instansiya məhkəməsi tərəfindən, həmçinin əvvəlki apellyasiya baxışı zamanı qiymətləndirmə ekspertizaları həyata keçirilərkən isə artıq həmin mənzil sökülmüş, real vəziyyətdə mövcud olmamışdır. Hazırda sökülmüş mənzilin yerləşdiyi ərazi üzrə baxış keçirilməklə, həmin ərazidə olan digər yaşayış evləri ilə oxşarlıq, uyğunluq və digər amillər nəzərə alınaraq qiymətləndirmə həyata keçirilmiş və rəy verilmişdir. Belə olan halda Kollegiya hesab edir ki, mübahisə predmeti olan mənzilin mövcudluğu halında baxış keçirilməklə müəyyən edilmiş məbləğ əsas götürülməli və iddiaçıya həmin məbləğdə (101.000 manat) maddi zərər ödənilməlidir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.4.-cü madəsinə əsasən, çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış və 10 ildən artıq müddətdə yaşayan şəxsin alınan yaşayış sahəsi üçün iddiaçıya ödəniləcək ümumi məbləğinin 10 faiz miqdarında kompensasiya müəyyən edilmişdir. “Mülki Məcəlləyə dəyişikliklər və əlavələr edilməsi barədə” 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli № 689 saylı Fərmanının 2.3-cü maddəsinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. İddiaçı eyni zamanda sadalananlara əsaslanaraq qanunun analogiyasını tətbiq edərək mənzilin bazar qiymətinin 20 faiz miqdarında kompensasiya və 10 faiz miqdarında çətinliklə bağlı kompensasiya ödənilməsini tələb etmişdir. İddia tələbinin bu hissəsi ilə bağlı Kollegiya qeyd edir ki, hazırda mübahisəli evin dövlət ehtiyacları ilə bağlı alınmadığı aşkardır, hazırkı iş üzrə iddia tələbinin əsasını cavabdeh(lər)in delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması təşkil edir, belə olan halda evin sökülməsi məhz qəzalı olması səbəbindən baş verdiyindən və həmin evin mənzilləri dövlət ehtiyacları ilə bağlı alınmadığından, mənzilin dəyərinə əlavə faiz hesablanaraq ödənilməsindən söhbət gedə bilməz. Beləliklə, iddiaçının kompensasiya ödənilməsi ilə bağlı tələbi əsassızdır, ona görə də iddia tələbi bu hissədə təmin edilməməlidir. İddiaçının kirayə haqqı ilə bağlı tələbinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi “xxxxxxx” MMC Konsaltiq və Qiymətləndirmə Şirkətinin direktoru N.İbrahimovun mütəxəssis fikrini nəzərə alaraq hesab etmişdir ki, iddianın 8 ay müddəti üçün 4.000 manat kirayə haqqı əvəzinin cavabdehdən tutulması hissəsi qismən təmin edilməli və iddiaçının müvəqqəti kirayə qaldığına görə aylıq kirayə haqqı 400 manat əsas götürülməli və 8 ay üçün 3.200 manat pul vəsaiti Cavabdeh1 MMC-dən tutulub iddiaçıya ödənilməlidir. Halbuki, iddiaçının özünün izahatından aydın olmuşdur ki, mənzili söküldükdən sonra o, ailəsi ilə birgə Səbail rayonu, 20-ci sahədə ayda 300 manat ödəməklə kirayədə yaşayır. Yəni, iddiaçı 8 ay kirayədə yaşaması üçün cəmi 2.400 manat kirayə haqqı ödəmişdir. Belə olan halda bu məqsədlə cavabdehdən hər ay üçün 400 manat yaxud da cavabdehin təklif etdiyi məbləğdə - 342 manat kirayə haqqı tutulması iddiaçının əsassız olaraq cavabdehin hesabına varlanmasına gətirib çıxara bilər. Ona görə də Kollegiya hesab edir ki, 8 aylıq kirayə haqqı olaraq 2.400 manat tutulmalıdır. Kirayə haqqının qalan hissəsi ilə bağlı iddiaçı müstəqil iddia qaldıra bilər. Kollegiya mənəvi zərərlə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu xx xxxxxx 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 2-ci bəndində göstərmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya"nın müddəaları və X7 Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Göründüyü kimi, Cavabdeh1 MMC tərəfındən aparılmış söküntü işləri nəticəsində iddiaçının mülkiyyətində olan mənzilindən məhrum olması və iddiaçının bu məhrumiyyətin kompensasiya edilməsi üçün müvafiq qurumlara müraciət etməyə məcbur qalması, eləcə də vurulmuş zərərin uzun müddət ərzində cavabdeh tərəfındən aradan qaldırılmaması faktları özü-özlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu xx xxxxxx 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 10-cu bəndində göstərmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında göstərmişdir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə İddiaçı mənzilindən məhrum olduğunu və bu məhrumiyyətin aradan qaldırılması məqsədilə işlərin görüldüyü müddət ərzində onun keçirdiyi mənəvi iztirab və sarsıntıları, dəymiş maddi zərərin ümumi məbləğini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb, hesab etmişdir ki, Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 1.000 manat məbləğində pul tutulması məqsədəmüvafiqdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mənəvi zərərin məbləği ağlabatan və ədalətli deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx xxxx 2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi, şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər və iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmək yükünü daşımır. Cavabdeh MTK-nın hərəkətləri nəticəsində iddiaçının mülkiyyətindəki mənzilə olan hüquqları (sahiblik, istifadə və sərəncam) məhdudlaşdırılmış, iddiaçının öz mənzili barəsində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam imkanı tam aradan qaldırılmışdır. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulmasını ağlabatan və ədalətli hesab etməyib, bu məqsədlə Cavabdeh1 MTK-dan xeyrinə mənəvi zərərin əvəzi kimi 3.000 manat məbləğində pulun tutulmasının yetərli olması qənaətinə gəlir. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Cavabdeh2 Başçısının xx xxxxxxxx 2016-cı il tarixli, 120 №-li Sərəncamına əsasən Səbail rayonu, Tofiq Məmmədov küçəsi 1 ünvanda yerləşən 1-2 mərtəbəli yaşayış binasının söküntüsü Cavabdeh1 MMC tərəfindən yerinə yetirilməsi qərara alındığından hazırki iddia üzrə cavabdehliyi birbaşa Cavabdeh1 MMC daşıyır. Cavabdehlər Cavabdeh2 və Səbail rayon Polis İdarəsi tərəfindən İddiaçı qarşı mülki hüquq pozuntusu (delikt) törətməsi faktı aşkar edilmədiyindən, iddia tələbi həmin cavabdehlərdən müştərək qaydada tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 401, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 MTK-nın apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(009)-979/2018 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Dəymiş maddi zəzərə görə 101.000 manat, səkkiz aylıq dövr üçün aylıq 300 manat kirayə haqqının əvəzi, cəmi 2.400 manat, mənəvi ziyanın əvəzi olaraq 3.000 manat, ümumilikdə 106.400 manat Cavabdeh1 MTK-dan İddiaçı xeyrinə tutulsun. Ekspertiza tədqiqatlarının dəyəri olan 250 manat məbləğində pulun 100 manat hissəsi İddiaçı, 150 manat hissəsi isə Cavabdeh1 MTK-dan tutulub, “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN **********, Bank:Günay Bank ASC, H/n AZ30GUNA********************, M/h AZ25NABZ********************, Kod 505594, SWİFT: GÜAAZ22, VÖEN **********) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-11518/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11518/2019
21.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver