Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11532/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “əmlakın həbsdən azad edilməsi barədə” iddiasına dair mülki iş Səbail Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli qərardaddan İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Binəqədi Rayon Məhkəməsinin 5(001)-62/2015 nömrəli, 19.02.2015-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş əmlak - Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsindəki (hazırda Aqil Quliyev küçəsi) 13 nömrəli evdə yerləşən 16-17 və 19 nömrəli mənzillər həbsdən azad edilsin. Səbail Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin olunmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində cinayət mühakimə icraatı qaydasında üzərinə həbs qoyulmuş əmlakın həbsdən azad edilməsi barədə tələb irəli sürüb. Birinci instansiya məhkəməsi iddia ərizəsini qəbul etməkdən ona görə imtina edib ki, hökmdən naraza qalan şəxslərin hökmdən şikayət vermək hüququ qanunvericilikdə təsbit olunub, cinayət işi üzrə tərəflər hökmün razılaşmadıqları hissəsindən apellyasiya şikayəti vermək hüququna malikdirlər. Hazırkı iddia ərizəsində göstərilən əmlakın vəziyyətinə hökmlə artıq qiymət verildiyindən iddia ərizəsinə məhkəmədə baxılmalı deyil. Hüquqi əsas kimi Mülki- Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin göstırişinə istinad olunub. Həmin maddəyə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu, düzgün olmayan əsaslandırmadır. Belə ki, İddiaçı cinayət prosesinin iştirakçısı deyil. Cinayət prosesinin iştirakçısı olmayan şəxsin əmlakın həbsdən azad edilməsi barədə tələbinə mülki məhkəmə icraatı qaydasında baxılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 253-cü maddəsinin və Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddələrinin göstərişlərinə görə mümkündür. Ona görə də qərardad ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-11532/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11532/2021
26.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver