Məhkəmə qərarları › İş №2(103)-1154/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1154/2021

03.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1154/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı, Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-869/2021 saylı, 02 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 ASC qarşı Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin satılması ilə bağlı hərracın yekunları barədə 21.01.2020-ci il tarixli, 03/1 saylı protokolun etibarsız hesab edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-869/2021 saylı, 02 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh2 ASC apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır. Buna görə də qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi D.Əliyeva apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, rayon məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, belə ki, hərracın keçirilməsi barədə bildiriş ona çatdırılmamış, onun hərracda iştirak etmək imkanı təmin olunmamışdır. Bu səbəbdən, şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: MH seriyalı, ******* saylı DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDRX çıxarışından görünür ki, Bakı şəhəri,Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı 31,5 k/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına 03.06.2009-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeyd edilmişdir. Səbail rayon İcra və probasiya şöbəsi tərəfindən “xxxx” MMC-yə ünvanlanmış 15.10.2019-cu il tarixli, 81228/19- 16-15 saylı məktubda icra sənədinə əsasən borclu İddiaçı 16.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 16.01.2018-ci il tarixə banka yaranan 42.585,82 ABŞ dolları əsas, 23.949,86 ABŞ dolları faiz, 597,56 ABŞ dolları cərimə, ümumilikdə 67.133,24 ABŞ dolları (Mərkəzi Bankın ödəniş gününə olan məzənnə ilə) borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutularaq “xxxx” İKB ASC-nə ödənilməlidir. Tutma İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilə və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan Binəqədi şossesi, 23 ünvanında yerləşən, 179, 2 kv/m ümumi, 154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməlidir. Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilə və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan Binəqədi şossesi, 23 ünvanında yerləşən, 179, 2 kv/m ümumi, 154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksi açıq hərracdan satılsın, əldə olunan vəsait hesabına borc məbləği “xxxx” İKB ASC-nə ödənilməlidir. Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin ilkin satış qiyməti 85.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan Binəqədi şossesi, 23 ünvanında yerləşən, 179, 2 kv/m ümumi, 154 kv/m əsas, 25,2 kv/m köməkçi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiyməti 55000 manat müəyyən olunmalıdır. İcra sənədində göstərilən əmlakların hərrac yolu ilə satışının təmin olunması xahiş olunur. “xxxx” MMC-nin Səbail rayon İcra Şöbəsinə, “xxxx” İKB ASC -yə, İddiaçı ünvanlanmış 15 noyabr 2019-cu il tarixli, 1061 saylı bildirişindən aydın olur ki, Səbail rayon İcra şöbəsinin 15.10.2019-cu il tarixli sifarişli məktubuna əsasən, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin ilkin satış qiyməti 85.000 manata satılması üçün açıq hərrac 11 dekabr 2019-cu il tarixə, saat 11:00-a təyin edilmişdir. Əmlak haqqında məlumat “Birja yenilikləri” və “Market” qəzetlərinin 15.11.19-cu il tarixli nəşrlərində Lot 573/19 nömrə ilə Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzillə bağlı açıq hərracın 11 dekabr 2019-cu il tarixdə keçiriləcəyi qeyd edilmişdir. “xxxx” MMC-nin Səbail rayon İcra Şöbəsinə, “xxxx” İKB ASC -yə, İddiaçı ünvanlanmış 13 dekabr 2019-cu il tarixli, 1203 saylı bildirişindən aydın olur ki, Səbail rayon İcra şöbəsinin 15.10.2019-cu il tarixli sifarişli məktubuna əsasən, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzil təkrar hərraca 72250 manata satılması üçün açıq hərrac 25 dekabr 2019-cu il tarixə, saat 11:00-a təyin edilmişdir. Əmlak haqqında məlumat “Birja yenilikləri” və “Market” qəzetlərinin 13.12.19-cu il tarixli nəşrlərində Lot 573/19/1/2 nömrəsi ilə dərc olunmuşdur. Mülki işdə olan 21.01.2020-ci il tarixli, Y-03/1 saylı protokoldan və alğı-satqı müqaviləsindən görünür ki, keçirilən iki hərrac baş tutmadığına görə Səbail rayon İcra şöbəsinin 15.10.2019-cu il tarixli sifarişli məktubuna əsasən, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv/m ümumi, 20 kv/m yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzili 54188 manata ipoteka saxlayan “Yello Bank” (“xxxx” İKB ASC) aldı. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki,“İpoteka haqqında” Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın keçirilməsi ilə bağlı ipoteka saxlayana və ipoteka qoyana göndərilən bildirişdə əks olunan məlumatlar, habelə bildirişin verilmə müddəti “İpoteka haqqında” Qanunun 42-ci maddəsi ilə tənzimlənir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. “İpoteka haqqında” Qanunun 43.7-43.9-cu maddəsinə əsasən Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qeyd edilən normalardan göründüyü kimi, qanunverici təşkil edilmiş hərracda eləcə də ipoteka saxlayan və ipoteka qoyanın alıcı qismində iştirak etmək imkanını təmin etməklə, bu imkanın reallaşdırılması və hərracda iştirakla bağlı digər hüquqlardan istifadə edə bilmələri üçün onlara hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilməsini təsdiq etmə üsulu ilə bildirişlərin göndərilməsi kimi məcburi qayda nəzərdə tutmuşdur. Mülki iş materiallarında olan bildirişlərdən görünür ki, “xxxx” MMC tərəfindən İddiaçı bildirişlər göndərilmiş, qapı bağlı olduğundan geri qayıtmışdır. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, “xxxx” MMC artıq birinci bildiriş qapı bağlı olduğu üçün geri qayıtdığından ipoteka qoyanı məlumatlandırmaq üçün bildirişi ipoteka qoyana çatdırılması üçün Mənzil Kommunal Təsərrüfat Birliyinə təqdim edə bilərdi. Yuxarıda qeyd edilənlərə əsasən, ipoteka qoyan İddiaçı hərracın keçirilməsinə dair bildiriş çatdırılmadığından və onun hərracda iştirak etmək imkanı təmin olunmadığından rayon məhkəməsi hazırkı iddia tələbinin təmin ediləsi ilə bağlı iş üzrə düzgün nəticəyə gəlmişdir. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Beləliklə, kollegiya qeyd edir ki, rayon məhkəməsi hazırkı iş üzrə düzgün nəticəyə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-869/2021 saylı, 02 oktyabr 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar