Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11549/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-1951/2021 saylı iş üzrə qəbul etdiyi 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə 15300 manat məbləğində maddi ziyan, 50000 manat məbləğində əlavə mənəvi təzminat olmaqla, cəmi 65300 manat məbləğində ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdır ki, o, hazırda müvəqqəti qeydiyyatda olduğu və faktiki olaraq yaşadığı ünvan 1 ünvanında 1993-cü ildən bəri məcburi köçkün olaraq yaşayır. 05.04.2018-ci il tarixində özünü hər kəsə iş adamı, vəkil olaraq tanıdan hazırki iddia ərizəsi üzrə cavabdeh şəxs qismində cəlb edilmiş Cavabdeh yuxarıda qeyd etdiyi ünvanda yerləşən mənzilinin qapısını qıraraq daxil olmuş və mənzilini talan etmişdir. Cavabdeh həmin tarixdən bir gün əvvəl, yəni 04.04.2018-ci il tarixində onun inzibati həbs edilməyi barədə məlikəmə qərarı çıxartdırmış və onu həbs etdirərək onun yaşayış ünvanına qanunsuz olaraq daxil olmuşdur. Cavabdehin mənzilinə daxil olarkən ona vurduğu maddi ziyanla bağlı siyahı aşağıdakı kimidir: nağd pul-5000 manat, təndir-400 manat, toyuq 29 ədəd-290 manat, yataq dəsti (2 nəfərlik)-1500 manat, yataq dəsti (uşaq üçün) 2ədəd-450 manat, kostyum 1 dəst-700 manat, stul 4 ədəd-120 manat, su çəni 1 ədəd-150 manat, su matoru 1 ədəd (yeni)-45 manat, rakvin- 1ədəd-120 manat, ariston 1 ədəd-180 manat, toyuq hini və qəfəslər-1500 manat, yemək qazanı 2ədəd-80 manat, mis (qırıntı) 60 kq-300 manat, aliminum (qırıntı) 50 kq-150 manat, ev qapıları 2ədəd-500 manat, hamam qapısı200 manat, televizor (Sony)-300 manat, ayaqqabı (yeni)-35 manat, divan-400 manat, tozsoran-120 manat, su hamam kanalizasiya-2000 manat, sərinkeş-60 manat, tərəzi-50 manat, xalça (4x3 ölçüdə)-500 manat, elektrik sobası (arı markalı)-150 manat. Bütün bu olan hadisələrlə bağlı içərisində foto və video çəkilişlər olan diski də iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim edir. Həmin görüntülərdən də görünür ki, cavabdeh onun yaşayış sahəsinə qanunsuz olaraq girmiş və özünü bir növ həmin ərazinin sahibi kimi aparmışdır. Bütün bu olanlarla bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmiş və məsələ ilə bağlı izahat vermişdir, lakin qanuni müraciətləri cavabsız qalmışdır. Cavabdeh qeyri-qanuni hərəkətinin nəticəsində o, maddi və mənəvi zərər çəkmişdir. Buna görə də hesab edir ki, Cavabdeh ona qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə ona 15300 manat məbləğində maddi ziyan, 50000 manat məbləğində əlavə mənəvi təzminat olmaqla, cəmi 65300 manat məbləğində ziyan (zərər) dəymişdir. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-1951/2021 saylı iş üzrə qəbul etdiyi 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinə uyğun uyğun yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlilləri ilə əsaslandırılmış, həmçinin göstərilmişdir ki, 28.10.2013 tarixli 04L000004618 nömrəli Kredit Müqaviləsi üzrə “Access Bank"-dan 3000 azn olan kredit götürmüşdür. Bundan əlavə də 5000 manat pulu da var idi və alimenti ödəməsi ilə bağlı gecikmələri olsa da, sonradan hissə-hissə ödəmişdir. Bununla bağlı cavabdehin gətirdiyi arqumentləri əsassız hesab edir. Belə ki, cavabdeh həqiqətən onun əşyalarını yaşadığı zirzəmidən aparan zaman 5000 manat pulunu da mənimsəmişdir. Həmçinin bildirmək istəyir ki, ünvan 2 ünvanında müvəqqəti olaraq məskunlaşmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edərək izahatında əlavə olaraq bildirdi ki, 1993-cü ildən bəri məcburi köçkün olaraq ünvan 1 ünvanında yaşayır, cavabdeh onun barəsində inzibati qaydada həbs edilməsi barədə qərar qəbul edilməsinə nail olduqdan sonra qanunsuz olaraq onun evinə daxil olmuş və ona maddi ziyan vurmuşdur, bu barədə aidiyyatı orqanlara müracit etmişdir, lakin nəticəsi olmamışdır. . Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan AR Qaçqınların və X4 Üzrə Dövlət Komitəsinin 25.05.2018-ci il tarixli, 02/685 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X4 Üzrə Dövlət Komitəsində olan məlumata əsasən məcburi köçkün İddiaçı 2012-ci ilədək ünvan 3 ünvanında, daha sonra Səbail rayonu Ə.Nəzərov 1-də müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatının 15-2011 saylı, 01.07.2009-cu il tarixli arayışından görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Məktəbli küçəsi, ev 14, mənzil 12-də qeydiyyatdan keçmişdir, Ə.Nəzərov küçəsi 1-də (yarımzirzəmidə) yaşayır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən 06.02.2009-cu il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində istifadədə olan 0.08312 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın yarımzirzəmisində 243.5 kv.m ümumi, 243.5 kv.m əsas sahədən ibarət qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ ilə X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Səbail rayon məhkəmə icraçıları şöbəsinin məhkəmə icraçısı Ə.Hacıbalayevin icraata başlamaq haqqında 01.02.2010-cu il tarixli qərarından görünür ki, Səbail rayon Məhkəməsinin 2(009)-204/2009 saylı, 10.02.2009-cu il tarixli icra sənədinə əsasən İddiaçı və X2 ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanda yerləşən 243,5 kv.m. qeyriyaşayış sahəsindən çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçının hər hansı hüquqlarının pozulması halı müəyyən olunmamış, məhkəmə iclasında iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulmasını təsdiq edən hər hansı sübutları təqdim etməmişdir. İddiaçının cavabdeh tərəfindən ona qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə 15300 manat məbləğində maddi ziyan, 50000 manat məbləğində əlavə mənəvi təzminatın olmaqla, cəmi 65300 manat ziyanın ödənilməli olduğuna dair tələbinin qanuni əsasının (Mülki Məcəllənin 1096-cı maddəsinin) dispozisiya şərtləri mövcud olmadığına görə həmin əsasın hüquqi nəticəsi də, yəni tələb etmək hüququ da yaranmamışdır. Belə ki, cavabdeh iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkətə və ya hərəkətsizliyə yol verməmişdir və beləliklə də, hazırki iddia tələbi üzrə iddiaçı müvafiq subyekti hüquqa malik deyildir. İddia tələbinin dəymiş maddi ziyanın ödənilməsi hissəsi təmin edilmədiyindən, müvafıq olaraq, tələbin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi də təmin olunmamalıdır, belə ki, həmin tələb digər tələbdən birbaşa asılıdır və məhz onun mövcudluğu halında məhkəmə tərəfındən qiymətləndirilərək münasibət bildirilə bilər. İddiaçı iddia tələbində cavabdehin əsassız və qanunsuz hərəkətləri səbəbindən maddi və mənəvi ziyanla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin – iddiaçının maddi ziyan tələb etmək barədə subyektiv hüquqa malik olmamasına dair əsaslandırması ilə razılaşmasa da, aşağıdakılara əsasən yekunda iddianın rədd edilməsi nəticəsinə gəldiyindən qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gəlir. Belə ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülkiprosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). İş materiallarından göründüyü kimi iddiaçı hazırki tələbində Cavabdeh qismində cəlb etməklə sonuncudan ona dəymiş maddi və mənəvi ziyanı tələb edir. İddia tələbinin sübut olunmaması isə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması nəticəsinə gəlməyə əsas vermir. Bununla yanaşı qeyd edilməlidir ki, iddia tələbi iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək barədə subyetiv hüquqa malik olmaması əsası ilə deyil, iddia tələbi öz təsdiqini tapmadığından təmin edilməməlidir. Belə ki, iddiaçının maddi ziyan tələbi ilə bağlı kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası müqavilə hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə isə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, iddiaçının ona cavabdehin qanunsuz hərəkəti nəticəsində zərər vurulduğunu sübut edə bilməmişdir. Belə ki, cavabdehin iddiaçının mənzilinə qanunsuz daxil olaraq mənzilini talan etməsi və iddia ərizəsində adını çəkdiyi əşyaların cavabdeh tərəfindən götürülməsi və ya zədələnməsinin təsdiq edilməsi barədə iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin dəymiş maddi ziyanın ödənilməsi hissəsi təmin edilmədiyindən, müvafiq olaraq, tələbin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində də rədd edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, mənəvi zərərin ödənilməsi üçün cavabdehin qanunsuz hərəkətinin, eləcə də həmin hərəkətlə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi arasında səbəbli əlaqənin sübut edilməsi yükü mülki-prosessual qanunvericiliyin tələbinə əsasən məhz iddiaçının üzərinə düşsə də iddiaçı bu barədə də mötəbər sübutlar təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-1951/2021 saylı iş üzrə qəbul etdiyi 13 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-11549/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11549/2021
15.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver