Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1158/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(001)-6966/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən “K@TV1” əmtəə nişani ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 23,70 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı olmaqla, ümumilikdə 194,10 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə MMC ilə "xxxx" hüquq firması arasında 15 may 2008-ci il, 15 mart 2011-ci il, 01 aprel 2014-cü il, 29 mart 2015-ci il və 04 yanvar 2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 6 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, 05 sentyabr 2011-ci il tarixdə həmin ünvanda yaşayan Fərmanova Bəyimxanım ilə MMC arasında «K@TV1» xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən mənzil Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01 noyabr 2011-ci il tarixinədək etmiş və həmin ünvan 07 dekabr 2011-ci il tarixdə 11,10 manat borc ilə şəbəkədən ayrılmışdır. 24 fevral 2015-ci il tarixdə "xxxx" hüquq firmasının və «K@TV1» kabel televiziyasının əməkdaşları Rabitə Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, mənzil sakini özünü təqdim etməkdən imtina etmiş bu barədə 0462 K saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvan kabel şəbəkəsindən ayrıldığı 07 dekabr 2011-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 24 fevral 2012-ci il tarixə qədər olan müddət 79 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 23,70 manat təşkil edir. İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəyir. Dəymiş zərərin əvəzinin tələbinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu çatdırılmış, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İlkin Əliyev) 14 oktyabr 2021-ci il tarixli, 2(001)-6966/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia ərizəsinin təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini - iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddia müddətinin keçməməsini və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 18.02.2021-ci il tarixli arayışdan görünür ki, X2 ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi Mənzil-Kommunal Təsərrüfatı İdarəsi 6 saylı MKS tərəfindən verilən 01 may 2012-ci il tarixli arayışa əsasən, ünvan 5al rayonu, F.Ağayev küçəsi, 559 saylı məhəllə, ev «A», 45 saylı mənzil Cavabdeh məxsusdur. İşdə olan İddiaçı MMC «K@TV1»-in əməkdaşı X3, "xxxx" hüquq firmasının əməkdaşı X4 və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı Sabir Məmmədov tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 0462K saylı, 24 fevral 2012-ci il tarixli aktın surətinə əsasən ünvan 5al rayonu, F.Ağayev küçəsi, 559A, 45 saylı mənzil ünvanında «KATV 1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Həmin aktda, aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısının döyüldüyü, qapının açılmadığı qeyd edilmişdir. İşdə olan İddiaçı MMC-nin («K@TV1») 19 iyul 2019-cu il tarixli arayışına əsasən İddiaçı MMC ilə ünvan 5al rayonu, F.Ağayev küçəsi, ev 45 ünvanında yaşayan Fərmanova Bəyimxanım arasında bağlanmış «K@TV1» kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən, 05 sentyabr 2011-ci il tarixdə bu ünvan «K@TV1» Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, 01 noyabr 2011-ci il tarixinədək son ödəmə edilmiş, 07 dekabr 2011-ci il tarixdə isə 11,10 manat borc ilə şəbəkədən ayrılmışdır. İşdə olan "xxxx" ASC tərəfindən verilən arayışa əsassən əsasən İddiaçı MMC tərəfindən göstərilən hüquqi xidmətə görə "xxxx" MMC-yə 150 manat məbləğində pul ödənilmişdir. İşdə olan 23 iyun 2021-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı MMC tərəfindən qaldırılmış iddia üçün 20 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən - iddiaçı tərəfindən sübutetmə yükünün həyata keçirilə bilməməsinə, cavabdeh tərəfindən iddia olunan deliktin törədilməsinin müəyyən olunmamsına və s. əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, ilkin olaraq qeyd edir ki, iddiaçı kabel şəbəkəsinə qanunsuz qoşulmanın məhz cavabdehin təqsirli hərəkətləri (delikt və s.) nəticəsinda baş verməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, iddiaçının məhkəmə təqdim etdiyi sənədlərdən görünür ki, xidmət müqaviləsi bilavasitə cavabdehlə deyil, digər şəxslə (Fərmanova Bəyimxanım adlı şəxslə) bağlanmış, sonradan qanunsuz qoşulma ilə bağlı tərtib edilmiş aktda isə cavabdehin iştirakı göstərilməmişdir. Belə olan halda isə, iddiaçının iddia tələbinin əsası kimi təqdim etdiyi akt mötəbər sübut kimi qəbul edilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, həmin akt 9 il bundan əvvəl tərtib olunmuş və keçən müddət ərzində hər hansı tələb irəli sürülməmişdir. Qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən qanunsuz qoşulmanın aşkar edilməsinə dair 0462 saylı, 24 fevral 2012-ci il tarixli akt iddiaçının özü və ona hüquq xidməti göstərən şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş sənəddir. Həmin aktın tərtib olunmasında mənzil kommunal istismar sahəsinin əməkdaşının, binanın komendantının və ya hal şahidi kimi qonşuların iştirakı təmin edilməmişdir. Belə olan halda isə iddiaçı tərəfindən təqdim edilmiş qeyd olunan akt cavabdehin qeyri-hüquqi əməl törətməsini (kabel şəbəkəsinə qanunsuz qoşulmasını) təsdiqləyən mötəbər (həqiqətə uyğun) sübut sayıla bilməz. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında müayinə olunmuş videogörüntü də cavabdehin qanunsuz qoşulma hərəkətini törətdiyini sübut etmir. Beləliklə, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır. İddia qeyd edilən hissədə əsassız olduğundan qalan hissələrdə də («hüquqi xidmətlərin göstərilməsi və binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının cavabdehdən tutulması» hissələrdə) təmin oluna bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(001)-6966/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(001)-6966/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1158/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1158/2022
25.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver