Məhkəmə qərarları › İş №2(103)-1159/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1159/2022

26.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1159/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçının İddiaçı iştirakları ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10 avqust 2021-cu il tarixli, 2(004)-4741/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “girov biletinin etibarsız hesab edilməsi və qədim qızıl zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" firması ilə İddiaçı arasında bağlanmış 17 aprel 2015-ci il tarixli, 327115 saylı girov biletinin etibarsız hesab edilməsinə və indiki dəyəri 4500 manat olan, qədim qızılı zinət əşyalarının geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 17 aprel 2015-ci il tarixdə 327115 saylı girov bileti ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında yerləşən, lombard fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-nə indiki dəyəri 4500 manat olan qədim qızıl zinət əşyalarını girov qoyaraq 1177 manat məbləğində faizlə pul götürmüşdür. 12 dekabr 2015-ci il tarixə qədər 525 manat, 12 aprel 2016-cı il tarixə qədər isə 620 manat pul ödəmişdir. 12 may 2016-cı il tarixdə girov qoyduğu qızıl zinət əşyalarını girovluqdan çıxarmaq məqsədi ilə 330 manat ödəmək istəmiş və əlavə olaraq lombard faizinin hesablanmasını xahiş etmişdir. Lakin, lombard fəaliyyəti ilə məşğul olan "xxxx" MMC 23 dekabr 2015-ci il tarixdə Respublikada baş vermiş devolvasiya ilə əlaqədar olaraq İddiaçı əlavə 1600 ABŞ dolları tələb etmişdir. İddiaçı etirazını bildirmiş və sonralar ona məlum olmuşdur ki, "xxxx" MMC saxta sənədlər tərtib edərək ona qarşı dələduzluq etmiş və girov qoyduğu qədim qızıl zinət əşyalarını saxta sənədlər əsasında satmışdır. İddiaçı "xxxx" MMCnin əməkdaşlarının bu əməli barədə Bakı şəhəri, Nizami RPİ-nə rəsmi qaydada şikayət etmiş və Nizami RPİ-nin 4-cü Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X8 29 iyun 2017-ci il tarixdə HK- 1/1159 saylı materiala əsasən “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərar qəbul etmişdir. İddiaçı həmin qərardan Bakı şəhər Nizami rayon prokurorluğuna şikayət edərək Qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Prokurorluğunun 10.10.2017-ci il tarixli, 572Ş-17 saylı Qərarına əsasən "xxxx" MMC-nin əməkdaşlarının əməlləri barədə şikayəti Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Orucov Kənan tərəfindən tam, obyektiv və hərtərəfli araşdırma aparılmadığı səbəbindən əsassız hesab edilərək, Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X6 29 iyun 2017-ci il tarixdə HKl/1159 saylı materiala əsasən qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarı ləğv edilmişdir. Şikayətdə göstərilən xüsusatların hərtərəfli yoxlanılması barədə bir sıra göstərişlər verilərək material qanuni və əsaslı qərar qəbul edilməsi üçün yenidən Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis Bölməsinə qaytarılmışdır. 16.10.2017-ci ildə Bakı şəhər Nizami rayon Prokurorluğu tərəfindən qaytarılan materiallar Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X2 icraatına daxil olmuşdur. Bütün olanlara baxmayaraq, Bakı şəhər Nizami RPİ-nin 24-cü Polis Bölməsi tərəfindən araşdırma qeyri-obyektiv, səthi və natamam aparılmış, iddiaçının əvəzinə edilmiş imzalar Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməmiş, xətşünaslıq ekspertizasının rəyi alınmamış və cinayət işinin başlanması üçün bütün zəruri hərəkətlərin yerinə yetirilmədiyi halda, Nizami RPİ-nin 24-cü Pol Bölməsinin təhqiqatçısı, polis kapitanı X3 16.10.2017-ci tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” yeni Qərar qəbul etmişdir. Nizami RPİ-nin 24-cü Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X3 16.10.2017-ci il tarixdə “Cinayət işinin başlamasının rədd edilməsi barədə” yeni Qərarı 2 aprel 2021-ci il tarixdə rəsmi qaydada İddiaçı təqdim edilmiş və İddiaçı həmin qərardan Məhkəmə Nəzarəti Qaydasında Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət etmiş, lakin Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli, 6(007)-13/2021 saylı qərarı ilə İddiaçı şikayəti təmin edilməmiş, əsas kimi İddiaçı ilə "xxxx" MMC arasındakı münasibətlərin mülk xarakterli olması bildirilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10 avqust 2021-cu il tarixli, 2(004)-4741/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10 avqust 2021-cu il tarixli, 2(004)-4741/2021 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəməyə xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət versə də, vəsatəti təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10 avqust 2021-cu il tarixli, 2(004)- 4741/2021 saylı, qətnaməsinin ləğv olunması, iddianın təmin edilməsini xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq bildirdi ki, cavabdeh tərəfindən ona qızılları girov qoyması müqavilində pul verilmişdir. O, pullarını ödəmiş, lakin bununla bağlı sübut təqdim edə bilmir. Cavabdeh "xxxx" MMC-ə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iddiaçının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ünvanlanmış 22.05.2017-ci il tarixli, 17-0090-01-01-034801 nömrəli məktuba əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən görünür ki, İddiaçı şikayət ərizəsi mülki iddialı hesab edilmiş, ərizə əsasında cinayət tərkibi olmaması, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. 29 iyun 2017-ci il tarixli qərara əsasən görünür ki, İddiaçı şikayət ərizəsi mülki iddialı hesab edilmiş, ərizə əsasında cinayət tərkibi olmaması, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. 09.06.2016-cı il tarixli, 563-ş-16 nömrəli məktuba əsasən X1 müraciəti araşdırılıb qanuni qərar qəbul edilməsi üçün Nizami RPİ-nə göndərilmişdir. 05.06.2017-ci il tarixli, 740-ş-17 nömrəli məktuba əsasən görünür ki, 30.05.2017- ci il tarixli, 04-3334 nömrəli məktuba əsasən X1 ərizəsi Nizami rayon prokurorluğuna göndərilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhər prokurorluğuna göndərilmişdir. 29.06.2017-ci il tarixli məktuba əsasən görünür ki, Nizami RPİ 24-cü Polis Bölməsi tərəfindən X1 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti tərəflərə göndərilmişdir. İş materiallarında olan ərizəyə əsasən görünür ki, İddiaçı 17.11.2015-ci il tarixdə 328822 saylı girov bileti ilə lombarda qoyduğu girov əşyalarının 2 ay müddətinə ardıcıl olaraq faizlərini ödəmədiyi halda lombard tərəfindən ona heç bir xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etmədiyini, girov qoyduğu əşyaların sahibi olduğunu, girovların çıxarılması, götürülmüş ssuda üzrə faiz məbləğinin ödənilməsi və girovun çıxarılması müddətləri və qaydalarının izah edilməsini öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş qaydalar haqqında çıxarışa əsasən görünür ki, lombard birinci ay hesablaşmanı aylıq aparır, sonrakı aylar üçün isə hesablaşmalar ongünlüklər üzrə aparılır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 6(007)-16/2020 saylı, 04.06.2020-ci il tarixli qərarına əsasən görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 16.10.2017-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş şikayət ərizəsi müddət ötürülməklə verildiyindən geri qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AFƏ 328822 nömrəli girov biletinə əsasən görünür ki, girov 17 noyabr 2015-ci il tarixdə qəbul edilmişdir. Girovun qiyməti 1134,20 manat (1060 ABŞ dolları) müəyyən edilmişdir. Girovun çıxarılması vaxtı 17 dekabr 2015-ci il tarixi kimi müəyyən edilmişdir. Ssuda məbləği 1070,00 manatdır (1000 ABŞ dolları). Girov verilən əşyalar komplekt 27 almas, 2 ədəd sep klondan və sırqadan ibarətdir. İddiaçı girov verən qismində, "xxxx" Firması isə girov qəbul edən qismində iştirak etmişdir. İş materiallarında olan məlumatlandırma xarakterli çıxarışa əsasən görünür ki, lombard tərəfindən kreditlər 1 ay müddətindən 3 ay müddətinədək verilir. Lombard tərəfindən verilmiş kredit müqavilədə götərilmiş müddətə qaytarılmadıqda girovqoyana əvvəlcədən xəbərdarlıq edilməklə əlavə (10 günədək) vaxt verilir. Əlavə verilmiş vaxt müddətində kredit qaytarılmazsa, girov lombardın mülkiyyətinə keçir. Bu halda Lombard tərəfindən girov satışa çıxarılır və müqavilədə nəzərdə tutulan qiymətlə birinci olaraq girov qoyana təklif olunur. Girovverən müqavilədə göstərilən vaxt müddətində və ona əlavə edilmiş vaxt ərzində qaytarmazsa və ya ümumiyyətlə Lombarda gəlməzsə bu halda girovverən həmin əmlakı geri tələb etmək və girovun satışında iştirak etmək hüquqlarından məhrum olunur. Belə olan təqdirdə girov istənilən hüquqi və fiziki şəxslərə bazar qiymətlərinə uyğun satılır. Bakı şəhəri Nizami rayon Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanmış 10 oktyabr 2017ci il tarixli məktuba əsasən görünür ki, 10 oktyabr 2017-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş, material qanuni və əsaslı qərar qəbul edilməsi üçün Nizami RPİ-nin 24-cü PB-nə qaytarılmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 300, 302.1, 302.2, 302.7, 302.8-ci maddələrinə, Girov Haqqında Azərbaycan Respublikası Qanununun 1, 3, 4, 5,6,11, 55-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, iddiaçı, cavabdeh "xxxx" MMC-nin saxta sənədlər düzəltdiyini, devolvasiyanı bəhanə edərək İddiaçı əlavə 1600 ABŞ dolları tələb etməsini, saxta sənədlər əsasında qədim qızıl zinət əşyalarının satılmasını əsas gətirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, iddia tələbinin əsaslandığı hallarla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdehin saxta sənədlər düzəltməsi, devolvasiyanı bəhanə edərək İddiaçı əlavə 1600 ABŞ dolları tələb etməsi, qızıl-zinət əşyalarının saxta sənədlər əsasında satılması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmır. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Eyni zamanda, girov biletində girovun çıxarılması vaxtının 17 dekabr 2015-ci il kimi qeyd edilməsinə baxmayaraq, iddiaçı öz ərizəsində 12 may 2016-cı il tarixədək ödəniş etdiyini qeyd etmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı lombarddan pul aldığını etiraf etsə də, pulun geri qaytarılması ilə bağlı heç bir sübut təqdim etməmiş, hətta apellyasiya mərhələsində də, belə bir sübutunun olmadığını qeyd etmişdir. Göründüyü kimi, tərəflər arasında razılıq əldə edilən zaman, iddiaçı qaydalara əsasən Respublikada manatın məzənnəsinin dəyişməsini nəzərə alaraq, Lombard riskini azaltmaq və sığortalamaq üçün verilən və qəbul edilən ssudanın hesabatını öz dəyərini daha sabit saxlayan ABŞ dollarının birja kursuna müvafiq olaraq manatla aparılmasını qəbul etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən bir neçə dəfə müraciət edilməsinə baxmayaraq, ərizə mülki iddialı hesab edilmiş, ərizə əsasında toplanmış materiallarda cinayət tərkibi olmaması müəyyənləşdirilərək cinayət işinin başlanması rədd edilmişdir. Girov bileti və müəyyənləşdirilmiş qaydalar iddiaçı tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Kollegiya apellyatorun ekspertiza keçirilməsi ilə bağlı birinci instansiya məhkəməsinə vəsatət verməsi, həmin vəsatətin təmin edilməməsi, buna görə də, yenidən ekspertiza keçirilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iş materialları ilə iddiaçının birinci instansiya məhkəməsinə vəsatət verməsi müəyyən edilmir. Digər tərəfdən apellyasiya mərhələsində ekspertiza təyin edilməsi ilə bağlı verilmiş vəsatət MPM-nin 372.2-ci maddəsinə əsasən yeni sübut toplamağa yönəlmiş hərəkət kimi qəbul edilməlidir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10 avqust 2021-cu il tarixli, 2(004)-4741/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar