Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1159/2023 03.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş (Açar sözlər: «borcun silinməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3909/2022 saylı, 03 noyabr 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 05 iyun 2008-ci il tarixli, 469 saylı kredit müqaviləsinə əsasən Bank borcluya 06 ay müddətinə, illik 24% ödəmək şərti ilə 11.000 manat məbləğində kredit vermişdir.
2. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli girov haqqında müqaviləyə əsasən eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq İddiaçı ona məxsus olan 16.160 manat dəyərində olan qızıl-zinət əşyalarını girov saxlayana girov kimi təqdim etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi, tutulmuş məbləğin və girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək yekun olaraq məhkəmədən cavabdeh "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 05 iyun 2008-ci il tarixli, 469 nömrəli kredit müqaviləsi üzrə yaranmış 11000 manat əsas borcun və 4935,33 manat faiz borcun, cəmi 15935,33 manat borcun silinməsinə, keçən müddət ərzində qanunsuz olaraq iddiaçının əmək haqqından tutulmuş 1928,94 manatın, iddia ərizəsi üzrə ödənilmiş 138 manat dövlət rüsumu, müvəqqəti təminat tədbiri barədə ərizə üzrə ödənilmiş 13,80 manat, cəmi dövlət rüsumu hesabına ödənilmiş 151,80 manatın və kreditin qaytarılmasının təminatı kimi 460 nömrəli girov müqaviləsinə əsasən girovun qəbul edilməsi aktına əsasən cavabdeh orqanın xeyrinə girov qoyulmuş ümumi dəyəri 16160 manat olan qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiada göstərilir ki, cavabdeh "xxxx" ASC-yə əmək haqqından tutmanın həyata keçirilməsinə razılıq barədə rəsmi ərizə verməmişdir. Cavabdeh Cəmiyyətlə qarşılıqlı şifahi razılaşmaya görə həmin kredit iddiaçının adına rəsmiləşdirilmiş, lakin həmin məbləği faktiki olaraq iddiaçının adından Mətanət adlı qadın götürmüşdür. Götürülmüş kreditin qrafikə uyğun olaraq Mətanət adlı şəxs tərəfindən ödəniləcəyi ilə bağlı cavabdeh bankla ümumi razılıq olduğuna görə kredit götürüldükdən sonra keçən müddətdə iddiaçı banka bir manat belə ödəməmiş və kreditin ödənilməsi ilə bağlı bankla iddiaçı arasında heç bir mübahisə olmamışdır. İddiaçı “Qaz İxrac” idarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsində işləyir. Aylıq əmək haqqını "xxxx" ASC tərəfindən verilmiş kart vasitəsi ilə alır. 2022-ci ilin aprel ayının əmək haqqını və əmək məzuniyyəti pulunu kart vasitəsi ilə çıxaran zaman ümumi hesablanmış 800 manat məbləğin 400 manatı hesabına vurulduğunu bilmişdir. Bu barədə mühasibatlıqdan öyrənəndə bildirilib ki, hesabına 800 manat vəsait köçürmüşlər, əmək haqqı və məzuniyyət pulundan tutmalar Beynəlxaq Bank tərəfindən həyata keçirilib. Bundan sonra bütün bunlara aydınlıq gətirilməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. Müraciətin araşdırılması və qısa müddətdə iddiaçıya cavab veriləcəyi bildirilsə də, müraciət cavabdeh Cəmiyyət tərəfindən araşdırılmamış və müraciət əsasında mübahisənin müsbət həlli ilə bağlı heç bir məlumat verilməmişdir. Ona görə də iddiaçı 05 iyun 2008-ci il tarixli müqavilə üzrə yaranmış borca görə 14 ildən sonra heç bir məhkəmə qərarı və iddiaçının rəsmi razılığı olmadan özbaşına cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının əmək haqqının 50 faizinə yönəldilməsi və tutulmasının həmin Cəmiyyət tərəfindən qanun pozuntusu olması barədə şikayət ərizəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmişdir. Mərkəzi Bank şikayəti cavabdeh Cəmiyyətə göndərmiş, cavabdeh cəmiyyət isə iddiaçıya müraciətlə bağlı konkret olaraq düzgün məlumat verməmişdir və iddiaçının əmək haqqından tutulma bu gün də davam edir. İddiaçı bütün bunları tam qanunsuz və özbaşına hesab edir. Belə ki, qanunvericiliyin tələbinə görə borcalan kredit müqaviləsi üzrə götürdüyü məbləği müqavilədə göstərilən qaydada və müddətdə ödəmədiyi təqdirdə borc verənlə borc alan arasında yaranmış mübahisə məhkəmə vasitəsi ilə həll edilir. Kreditor kreditin kredit götürən tərəfindən qaytarılmamasını bildiyi və bilməli olduğu halda, borc alana qarşı üç il müddətində sonuncuya qarşı borcun və faizlərin tutulması, tutmanın girov əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olmuşdur. Lakin cavabdeh Cəmiyyət qanunla onlara verilmiş həmin hüquqdan istifadə etməmişdir. Ona görə də cavabdeh "xxxx" ASC-nin iddiaçının əmək haqqının 50 faizini tutmağa və tutmanın yaranmış borcun ödənilməsinə yönəltməyə heç bir səlahiyyəti və hüququ yoxdur. Cavabdeh orqan bütün bunları bildiyinə görə iddiaçının əmək haqqının "xxxx" ASC vasitəsi ilə aldığını öyrənəndən sonra, yəni kredit götürüldükdən 14 il sonra özbaşına əmək haqqının 50 faizini tutaraq kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsinə yönəltmişdir. Belə ki, cavabdeh Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının əmək haqqından 430 manat, xx.xx.2022-ci il tarixdə isə 500 manat tutmanı həyata keçirmişdir. Göründüyü kimi Qanunvericilik müxtəlif tələblər üzrə müxtəlif iddia müddətləri müəyyən edir ki, mülki dövriyyənin iştirakçıları məsuliyyətli olsunlar, iddialarını vaxtında qaldırsınlar. Yəni, maraqlı tərəf heç bir məhkəmə qərarı və razılıq olmadan özbaşına, mübahisənin üstündən 14 il keçəndən sonra, keyfinin istədiyi vaxt götürülmüş krediti istədiyi qaydada vətəndaşın əmək haqqından tuta bilməz. Cavabdeh "xxxx" ASC onunla iddiaçı arasında bağlanmış 05 iyun 2008-ci il tarixli 469 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın girov qoyulmuş əmlaka yönəldilməsinə dair mübahisəni keçən müddətdə mübahisələndirmədiyinə və iddia müddətini buraxdığından hazırda həmin tələblə məhkəməyə müraciət etmək üçün heç bir hüquqi əsasları olmadığına görə yaranmış borc silinməli, iddiaçının əmək haqqından tutulmuş məbləğ və girov qoyulmuş 16160 manat məbləğində qızıl-zinət əşyaları geri qaytarılmalıdır. Lakin cavabdeh bütün bunları könüllü etmədiyinə görə ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3909/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) ilə iddia təmin edilməmiş və məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, Mülki Prosessual Məcəllənin 50-ci maddəsinə görə tərəflər iddiaçı və cavabdehdir. İddia müddətinin keçməsi cavabdehin xeyrinə olduğu üçün həmin müddətin tətbiq edilməsi barədə ərizəni adətən o, verir. Lakin öhdəliklərin qarşılıqlı icrası hallarında (Mülki Məcəllənin 441-ci maddəsi) iddia müddətinin tətbiq edilməsi barədə ərizə qarşılıqlı surətdə iddiaçı tərəfindən də verilə bilər. Göründüyü kimi hazırda iddiaçının irəli sürdüyü iddia tələbi ilə bağlı iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur. Belə ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilir ki, məhkəmə işə baxılan zaman tərəflər arasında yaranmış mübahisəni obyektiv araşdırmadan iddianı təmin etməməklə iddiaçı tərəfin maddi vəziyyətini ağırlaşdırmışdır. Götürülmüş kredit üzrə kredit götürən kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyi üçün cavabdeh tərəf girovla təmin edilmiş öhdəliyin icrasını təmin etmək məqsədi ilə iddia müddəti çərçivəsində girov qoyulmuş 16160 manat dəyərində qızıl-zinət əşyalarını açıq hərracdan ixtisaslaşdırılmış təşkilatlar vasitəsi ilə satılması üçün heç bir tədbir görməmişdir. Müqavilənin şərtinə görə, cavabdeh "xxxx" ASC girov qoyulmuş 16610 manat dəyərində qızıl-zinət əşyalarını açıq hərracda satıldıqdan sonra əldə edilmiş vəsait ödəniləcək kreditin məbləğindən az olduğu halda, yaranmış fərqin ödənilməsi üçün girov qoyanın, yəni iddiaçının başqa əmlakından almaq hüququna malikdir. Lakin göründüyü kimi, cavabdeh həmin hərəkətləri etməyərək tutmanı birbaşa iddiaçının əmək haqqına yönəltməklə müqavilənin həmin şərtlərini kobudcasına pozmuşdur. İşə baxan məhkəmə iş üzrə cavabdeh tərəfin kredit müqaviləsi üzrə yaranmış borca görə tutmanı iddia müddəti daxilində girov saxladığı əmlaka, yəni 16160 manat qızıl-zinət əşyalarına yönəltmədən və qanunsuz olaraq özündə saxlamaqla birbaşa iddiaçının əmək haqqına yönəlməsinə münasibət bildirməmiş, buna hüquqi qiymət verməməklə qeyd edilən maddi hüquq normalarının tələblərini pozmuşdur. Cavabdeh tərəf kredit müqaviləsi üzrə öhdəliyin müqavilədə göstərilən müddətdə yerinə yetirilmədiyini bildiyi və kreditin ödənilməsinin təminatı olan girov qoyulmuş qızıl-zinət əşyaları olduğu halda, keçən müddətdə qanunla müəyyən edilmiş qaydada və müddətdə heç bir tədbir görməmiş, girov qoyulmuş əmlakı açıq hərraca çıxarmamış, müqavilənin kredit götürən tərəfindən götürülmüş kredit faizləri ilə ödənilənədək qüvvədə olmasından sui-istifadə etmiş, 14 ildən sonra iddiaçının daimi iş yerinin olduğunu müəyyən edəndən sonra tutmanın iddiaçının əmək haqqına yönəltməklə və girov qoyulmuş qızıl-zinət əşyalarını özündə saxlamaqla müqavilələrin ziddinə əldə edilmiş hüquqlarını həyata keçirmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfin keçən müddət ərzində, yəni 2008-ci ilin sonundan borc barədə məlumatı olmuşdur. Lakin keçən 14 ilə yaxın müddətdə aralarında yaranmış borcu mübahisələndirməmiş, müqavilə üzrə yaranmış borcun ödənilməsi üçün girov müqaviləsinin şərtlərinə uyğun olaraq girov qoyulmuş qızıl-zinət əşyalarının açıq hərrac yolu ilə satılaraq əldə olunmuş vəsaitin borca yönəldilməsi üçün heç bir tədbir görməmişdir. Ona görə də iddiaçı hesab etmişdir ki, cavabdehin 14 ildən sonra hər ay onun əmək haqqının 50 faizini tutaraq aralarında yaranmış kredit borcuna yönəltməsi üçün heç bir hüquqi əsasları yoxdur və bunun üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. İş materiallarından göründüyü kimi, keçən 14 il müddətində cavabdeh tərəfin kredit müqaviləsi üzrə borcun yaranmasından xəbəri olmuş, kreditin təminatı olan girov qoyulmuş qızıl-zinət əşyalarını saxladığı halda, müqavilələr üzrə mükəlləfiyyətli tərəf kimi qanunla ona verilmiş hüquq və səlahiyyətlərdən qanunla müəyyən edilmiş müddətdə istifadə edərək borcun ödənilməsi üçün heç bir tədbir görməmiş, yəni borc ödənilmədiyi halda girov qoyulmuş əmlakın saxlanılmasından imtina edərək həmin girov əmlakın açıq hərrac yolu ilə satılaraq əldə ediləcək vəsatin yaranmış borca yönəldilməsi üçün heç bir hərəkət etməmişdir. Cavabdeh tərəf girov qoyulmuş əmlakı 14 il qanunsuz olaraq özündə saxlamaqla 14 ildən sonra borc üzrə tutmanı iddiaçının əmək haqqına yönəltməklə müqavilə üzrə müqavilə müddətinin kreditin və ona hesablanmış faizlərin tam ödənən anadək qüvvədə olmasından sui-istifadə iddiaçının hüquq və qanuni maraqlarını pozmuşdur. İşə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi iddia tələbini rədd etməklə səhv nəticəyə gəlmiş, işin faktiki halları olan borcun 2008-ci ildən yarandığını bilməsi, girov müqaviləsi üzrə kreditin qaytarılmasının təminatı olan girov qoyulmuş 16160 manat dəyərində qızıl-zinət əşyalarının hazırda cavabdeh tərəfində saxlanıldığı halda, götürülmüş kredit borclu tərəfindən qaytarılmadığına görə öhdəliklərin qarşılıqlı icrası halları yarandığı üçün cavabdeh tərəfindən hansı səbəblərdən müqavilənin şərtlərinə uyğun olaraq, həmin əmlakı əsassız yerə özündə saxlamaqdan imtina edərək açıq hərrac yolu ilə satışa çıxarılaraq əldə olunacaq vəsaitin borcun ödənilməsinə yönəldilməsi üçün heç bir hərəkət etməməsi, keçən 14 il müddətində susqunluq nümayiş etdirməsi, bununla da həmin borcu tələb etmək hüququnu itirməsi, bütün bunlara baxmayaraq 14 ildən sonra girov müqaviləsi üzrə (Girov müqaviləsi 14.2-ci bənd) ona verilmiş hüquqdan sui-istifadə edərək qanunsuz olaraq iddiaçı tərəfin əmək haqqının 50 faizini tutaraq borcun ödənilməsinə yönəltməsi, buna hüququnun olub-olmaması kimi halları aydınlaşdırmamış, qətnamə qəbul edərkən birtərəfli mövqe tutmuşdur. İşə baxan məhkəmə tərəfindən iddianın rədd edilməsi cavabdeh tərəfin keçən 14 il müddətində borcun ödənilməməsindən xəbəri olduğu, kreditin qaytarılmasının təminatı olan girov qızıl-zinət əşyalarını özündə saxladığı halda, borc ödənmədiyi üçün həmin əmlakları saxlamaqdan imtina edərək həmin əmlakın açıq hərrac yolu ilə satışa çıxarılaraq satılması, əldə olunan vəsaitin borca yönəldilməsi üçün heç bir hərəkət etməməsi, susqunluq nümayiş etdirməsi, bununla da həmin borcu tələb etmək hüququnu itirməsi, yalnız 14 ildən sonra qanunsuz olaraq iddiaçının əmək haqqının 50 faizini tutaraq borcun ödənilməsinə yönlətməsi kimi işin yuxarıda qeyd olunan hallarına uyğun gəlmir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda iddia tələbindən qismən, yəni kreditin qaytarılmasının təminatı kimi 460 nömrəli girov müqaviləsinə əsasən girovun qəbul edilməsi aktına əsasən cavabdeh orqanın xeyrinə girov qoyulmuş ümumi dəyəri 16160 manat olan qızıl-zinət əşyalarının geri qaytarılması hissəsindən imtina edərək həmin hissədə iş üzrə icraata xitam verilməsini, qalan hissədə isə apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər.
10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmənin sonuncu iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, mülki işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 378. Öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin qismən ləğv və iddianın qismən təmin edilməsi üçün əsasdır.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. Əvvəla, iddanın keçən müddət ərzində qanunsuz olaraq iddiaçının əmək haqqından tutulmuş 1928,94 manatın qaytarılması hissəsində faktiki əsası (faktiki hallar) tələbin həmin hissədə qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. 19.Belə ki, apellyasiya baxışı zamanı iddiaçı iddia tələbindən qismən, yəni kreditin qaytarılmasının təminatı kimi 460 nömrəli girov müqaviləsinə əsasən girovun qəbul edilməsi aktına əsasən cavabdeh orqanın xeyrinə girov qoyulmuş ümumi dəyəri 16160 manat olan qızıl-zinət əşyalarının geri qaytarılması hissəsindən imtina edərək həmin hissədə iş üzrə icraata xitam verilməsini, qalan hissədə isə apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
20. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1159/2023 saylı, 03 aprel 2023-cü il tarixli qərardadı ilə İddiaçı iddiadan qismən imtinasına dair ərizəsi təmin edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3909/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni kreditin qaytarılmasının təminatı kimi 460 nömrəli girov müqaviləsinə əsasən girovun qəbul edilməsi aktına əsasən cavabdeh orqanın xeyrinə girov qoyulmuş ümumi dəyəri 16160 manat olan qızıl-zinət əşyalarının geri qaytarılmasına dair iddianın rədd olunan hissəsində ləğv edilərək mülki iş üzrə icraata həmin hissədə xitam verilmişdir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli Qərarında qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin. Konstitusiya Məhkəməsi Plenumunun bu qərarda formalaşdırdığı hüquqi mövqeyə görə, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir. Göründüyü kimi, natural öhdəliklərin iki əsas əlaməti mövcuddur: - borclu tərəfindən öhdəliklərin icra edilməməsi halında kreditorun tələbinin məhkəmə müdafiəsi (iddia qaldırmaq hüququ) ilə təmin edilməməsi; - borclu tərəfindən icra edilmişlərin geri tələb edilməsinin yolverilməzliyi. Beləliklə, natural öhdəliyin icrası öhdəliyin mövcudluğu, etibarlılığı və icra edən tərəfin onu tanıması prezumpsiyasını yaradır ki, borclunun həmin öhdəliyin hüquqi təbiətini (artıq iddia ilə təmin olunmamasını) bilmədiyi təqdirdə də icra edilənləri geri istəyə bilməməsi məhz bundan irəli gəlir. Bu hüquq münasibətlərinin məhkəmə tərəfindən araşdırılması qeyri-mümkün olduğundan, həmin prezumpsiya təkzibedilməz xarakter daşıyır. Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Burada o da nəzərə alınmalıdır ki, müddətin keçməsi halından fərqli olaraq, Mülki Məcəllənin 27-ci fəsli ilə nəzərdə tutulmuş bütün digər əsaslarla (məsələn, borcun bağışlanması halında) öhdəliyə xitam verildikdən sonra təqdim edilmiş icranın geri alınması mümkündür. Xitam verildiyi halda öhdəlik artıq mövcud olmadığından, bu halda verilənlər heç bir hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçmiş hesab edilir və onların geri tələb edilməsi mümkündür. Belə ki, Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri).
23. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə hətta Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra da öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Ona görə də tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddətinin başa çatmasından 14 il keçmiş olsa da kredit müqaviləsi üzrə öhdəliklər xitam olunmamışdır. Ona görə də, borcun silinməsinin rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuş və buna görə də şikayət həmin hissədə əsassız olduğundan qətnamə o hissədə ləğv edilə və iddia təmin edilə bilməzdi.
24. Buna baxmayaraq, iddia tələbinin keçən müddət ərzində qanunsuz olaraq iddiaçının əmək haqqından tutulmuş 1928,94 manatın qaytarılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Çünki, həmin hissədə iddianın rədd edilməsi əsassız olmuşdur. Belə ki, apellyasiya baxışı zamanı tərəflərin izahatı və təqdim edilmiş bank hesabından çıxarışdan bəlli oldu ki, əmək haqqından tutulmuş məbləğin bir hissəsi müvəqqəti təminat tədbirinə dair ərizənin təmin edilməsi nəticəsində iddiaçıya qaytarılmış, 930 manat isə qaytarılmamışdır. İlk növbədə qeyd olunur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində yaxud ayrıca bağlanmış hansısa müqavilədə öhdəliklərin icra edilmədiyi yaxud adi halda borcalanın razılığı olmadan onun əmək haqqından akseptsiz qaydada tutulmaların(silinmənin) aparılması, yəni əmək haqqının ödənildiyi hesabdan əmək haqqı məbləğinin yarısının banka ödəniləcəyi razılaşdırılmamışdır. Qeyd olunduğu kimi bu barədə məhkəmə qərarı da mövcud deyildir. Bu cür vəziyyətdə cavabdeh bankın hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Başqa sözlə bank statusundan və texniki imkanlarından istifadə edərək faktiki olaraq iddiaçının mülkiyyəti sayılan əmək haqqına hüquqi əsas olmadan müdaxilə edərək əmək haqqı məbləğinin yarısını öz xeyrinə mədaxil etmişdir. Bu hallar isə yolverilməzdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın mümkün hədləri ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 03/2022 saylı, 14 dekabr 2022-ci il tarixli Qərardadına əsasən, kreditora borclunun əmək haqqının 20 faizindən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərti etibarsızdır. Bu Qərardadda formalaşdırılan hüquqi mövqeyə görə, kreditora borclunun əmək haqqından qanunla müəyyən edilmiş hədlərdən artıq həcmdə akseptsiz qaydada tutmaq hüququ verən əqd və yaxud əqdin buna dair şərti şəxsin konstitusion hüquqlarına, mülki və əmək qanunvericiliyinin əsas prinsiplərinə və şərtlərinə, eyni zamanda dövlətin bu sahədə həyata keçirdiyi siyasətin məqsədlərinə ziddir.
26. Göründüyü kimi, qanunverici tərəflərin mülki hüquqlarını iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri əsasında həyata keçirməsini də, müəyyən qanuni hədlərlə məhdudlaşdırmışdır. Belə ki, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və məhz qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllə, maddə 6.2). Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər (Mülki Məcəllə, maddə 6.3). Demək ki, əmək haqqının yarısının tutulması(silinməsi) müqavilə şərti kimi tərəflər razılaşdırsa belə bu etibarsız sayılır. Çünki, kreditora borclunun əmək haqqından qanunla müəyyən edilmiş hədlərdən artıq həcmdə akseptsiz qaydada tutmaq hüququ verən əqd və yaxud əqdin buna dair şərti iddiaçının konstitusion hüquqlarına, mülki və əmək qanunvericiliyinin əsas prinsiplərinə və şərtlərinə, eyni zamanda dövlətin bu sahədə həyata keçirdiyi siyasətin məqsədlərinə zidd sayılır. Ancaq kreditor bank nəinki bunu nəzərə almamış, hətta kredit yaxud hansısa müqavilədə nəzərdə tutulmasa belə kredit müqaviləsinin müddəti bitdiyi vaxtdan 14 il sonra akseptsiz qaydada iddiaçının əmək haqqının yarsını əsassız və qanunsuz olaraq tutmağa(silməyə) başlamışdır.
27. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli; hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3909/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni keçən müddət ərzində qanunsuz olaraq iddiaçının əmək haqqından tutulmuş 1928,94 manatın qaytarılmasının rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməli; Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 930 (doqquz yüz otuz) manat tutularaq İddiaçı verilməli; Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3909/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni keçən müddət ərzində qanunsuz olaraq iddiaçının əmək haqqından tutulmuş 1928,94 manatın qaytarılmasının rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 930 (doqquz yüz otuz) manat tutularaq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, İddiaçı tərəfindən ona rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən isə kassasiya şikayəti verilə bilməz.