Məhkəmə qərarları › İş №2(103)-1162/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1162/2023

30.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1162/2023 30.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ”Sahil-D Kompani” MMC-yə qarşı (X24, X25, X13, X32, X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) mülki iş üzrə (Açar sözlər: mənzil mülkiyyətçilərin hüquqlarının tanınması və qeyri-yaşayış sahəsinin bağlanması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi (qanuni təmsilçisi) X9, vəkil və nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3040/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan AR Ədliyyə Nazirliyi X2 reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, məhəllə 1156 , mənzil 23 (yeni qaydalarla: AZ1025, ünvan 1 ünvanında fəaliyyət göstərən İddiaçı 05/1427-14 qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir.

2. İş materiallarında olan ARƏMDK yanında DƏDRX-nin çıxarışından görünür ki , Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156 ünvanında yerləşən ümumi sahəsi 772 kv.m X19 mülkiyyətindədir.

3. . İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki , mülki iş üzrə şahid qismində çıxış iştirak edən X28 ünvan 3 ünvanında yaşayır.

4. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki , mülki iş üzrə şahid qismində çıxış iştirak edən X6 ünvan 4 ünvanında yaşayır.

5. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki , mülki iş üzrə şahid qismində çıxış iştirak edən X39 ünvan 5 ünvanında yaşayır.

6. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki , mülki iş üzrə şahid qismində çıxış iştirak edən X20 ünvan 6 ünvanında yaşayır.

7. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 21 saylı müqaviləyə və eyni tarixli maliyyə arayışına əsasən, X1 Səbadil Qəşəm qızına Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156, 3 saylı yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 81,53 kv/m-dən ibarət olan qeyri-yaşayış sahəsini 95 000 manat qarşılığında verməyi öhdəsinə götürür.

8. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 24 saylı müqaviləyə və eyni tarixli maliyyə arayışına əsasən, X3 Cavanşir Murad oğluna Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156, 2 saylı yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 226,0 kv/m-dən ibarət olan qeyri-yaşayış sahəsini 140 000 manat qarşılığında verməyi öhdəsinə götürür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzil mülkiyyətçilərinin hüquqlarının tanınması və qeyri-yaşayış sahələrinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi , məhəllə 1156-da yerləşən 24 mərtəbəli yaşayış binasının 2-ci, 3-cü, və 4-cü binalarının kollektiv mülkiyyətə məxsus texniki zirzəmidə heç bir hüquqi sənədi olmadan qeyri-qanuni fəaliyyət göstərən kommersiya obyektləri hesab edilən 2 ədəd avtoyuma məntəqəsi, 1 ədəd idman zalı (fitnes klub) 1 ədəd çilingər sexi, 1 ədəd avtokimyəvi təmizləmə sexi, 1 ədəd avtosöküntü sexinin fəaliyyətlərinin dayandırılması və həmin qeyri-qanuni kommersiya obyektlərinin bağlanması, Bakı şəhəri Xətai rayonu , Fəzail Bayramov küçəsi , məhəllə 1156-da yerləşən yaşayış binalarının texniki zirzəmisi kollektiv mülkiyyət hesab edilməklə kollektiv mənzil mülkiyyətçilərinin hüquqlarının tanınması Cavabdeh MMC tərəfindən icazə verilmiş və qeyri-qanuni satılmış texniki zirzəmidə fəaliyyət göstərən kommersiya obyektlərində quraşdırılmış bütün avadanlıqlar, aparılmış hörgü və tikintilərin (sanuzerlərin) cavabdehin hesabına sökülməsi , zirzəmi əvvəlki vəziyyətə qaytarılmaqla orada yerləşən, texniki avadanlıq və qurğuların akt əsasında İddiaçı MMMC-nin idarəçiliyinə verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “Sahil-D Kompani“ MMC tərəfindən inşa olunmuş Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156 ünvanında yerləşən 4 ədəd 24 mərtəbəli yaşayış binası AR Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sənədləşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istismarına icazə verilmişdir. Bundan əlavə Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binalarının mənzil mülkiyyətçiləri (sakinləri) Cavabdeh MMC-nin qanunsuz idarəetmə fəaliyyətinə xitam verilməsi məqsədilə 2022-ci ilin yanvar ayında İddiaçı təsis etmiş və AR Ədliyyə Nazirliyinin Qeydiyyat Notariat Baş İdarəsində cəmiyyət 28 yanvar 2022-ci il tarixli , 1122-MM9-0230 qeydiyyat nömrəsi ilə rəsmi olaraq qeyri-kommersiya hüquqi şəxsi kimi qeydiyyata alınmaqla hüquqi şəxs statusu əldə etmiş, ona 1122-MM9- 0230 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Mənzil mülkiyyətçilərinin qanunvericiliklə ümumi birgə mülkiyyəti hesab edilən binanın texniki zirzəmisi Cavabdeh MMC tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə və mənzil mülkiyyətçiləri ilə razılaşdırılmadan qanunsuz olaraq ayrı-ayrı şəxslərə saxta müqavilələr və maliyyə arayışları ilə satılmışdır. Belə ki , cavabdeh "xxxx" MMC-nin icraçı direktor Ədilağa Hüseynov öz şəxsi imzası ilə qanunsuz saxta sənədlərlə Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156 ünvanında yerləşən 24 mərtəbəli yaşayış binasının 2-ci, 3-cü və 4- cü binalarının texniki zirzəmisini müxtəlif şəxslərə hər hansı bir hüquqi əsası olmadan satmış , orada 2 ədəd avtoyuma məntəqəsinin, 1 ədəd avto kimyəvi təmizləmə sexinin və 1 ədəd avto söküntü sexinin qanunsuz olaraq fəaliyyət göstərməsinə imkan yaratmışdır. Cavabdeh MMC-nin fəaliyyətində kobud hüquq pozuntuları olduğundan onun rəhbər şəxslərinin və təsisçilərinin əməllərində cinayət tərkibi olduğundan hüquqi şəxsin fəaliyyəti 2016-cı ilin tarixində vergi orqanı tərəfindən dayandırılmış , 2015-ci il tarixində cinayət əməlləri törədən Cavabdeh MMC-nin qanuni təmsilçisi Məzahir Cəfərov tərəfindən bir mənzilin birdən çox şəxslərə satılması halları müəyyən edilmiş, həmin şəxs intihar etdikdən sonra AR Baş Prokurorluğunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən Cavabdeh MMC-nin səlahiyyətli şəxslərində mövcud olan hüquqi şəxsə məxsus möhürlər təkrarən bu kimi cinayətlərin törədilməməsi məqsədilə 2017-ci ilin noyabr ayında götürülmüşdür. Lakin buna baxmayaraq, kollektiv mülkiyyətə məxsus olan binanın texniki zirzəmisi saxta sənədlər əsasında digər şəxslərə satmışdır. Mənzil mülkiyyətçiləri istər İddiaçı MMMC təsis edildikdən sonra istərsə də , ondan əvvəl Cavabdeh MMC-nin rəhbərliyinə və təsisçilərinə dəfələrcə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156 ünvanında yerləşən 24 mərtəbəli yaşayış binasının 2-ci , 3-cü və 4-cü binalarının texniki zirzəmisində fəaliyyət göstərən 2 ədəd avtoyuma məntəqəsinin , 1 ədəd idman zalının (fitnes klubu) 1 ədəd çilingər sexinin, 1 ədəd avtokimyəvi təmizləmə sexinin, 1 ədəd avtosöküntü sexinin qanunsuz fəaliyyətlərinin dayandırılmasını tələb etmiş, mənzil qanunvericiliyinin tələblərinə əsasən binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərin ümumi paylı mülkiyyət hüququ ilə mənzil mülkiyyətçilərinə məxsus olması nəzərinə çatdırılmaqla qanunsuzluqlara son qoyulması tələb olunmuş lakin Cavabdeh MMC-nin səlahiyyətli şəxsləri bu hallara məhəl qoymamış, qanunvericiliyin tələblərini eyni zamanda çoxmərtəbəli binanın mənzil mülkiyyətçilərinin ali hüququ olan mülkiyyət hüquqlarını kobud şəkildə pozmaqla gəlir əldə etmək niyyətilə saxta müqavilə və maliyyə arayışlarıyla binanın texniki zirzəmisini müxtəlif şəxslərə satmış və orada qanunsuz fəaliyyət göstərmələrinə zəmin yaratmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Daha sonra İddiaçı MMMC tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi və azaldılması barədə məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X30 (Fitnes Lab – fitnes klubu) mülkiyyətçi X32 arasında (mülkiyyət sənədləri məhkəməyə təqdim edildikdən sonra bu hal aydın olub) icarə müqaviləsi bağlandığından iddia tələbi dəqiqləşdirilməli və azaldılmalıdır. Buna görə də Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156 ünvanında yerləşən 4 ədəd 462 mənzilli 24 mərtəbəli 1-ci , 2-ci, 3-cü və 4-cü yaşayış binalarının (yeni Yeryomenko küçəsi bina 32, 34, 36 və 38-ci) texniki zirzəmisi ümumi paylı əmlak hesab edilməklə kollektiv mülkiyyətə məxsus olmaqla bina sakinlərinin hüquqlarının tanınması, 2-ci və 3-cü binaların texniki zirzəmisində fəaliyyət göstərən “Carbeauty” palirovka və avtoyuma məntəqəsinin bağlanması və cavabdehdən 100 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən cavabdeh ”Sahil-D Kompani” MMC-nin nümayəndəsi X15 iddia ərizəsinə qəbul etməmiş, iş üzrə cəlb edilmiş 3-cü şəxslərlə qanunvericiliyə uyğun müqavilə bağlandığını göstərmişdir. Digər tərəfdən, nümayəndə qeyd etmişdir ki, hazırkı iş üzrə İddiaçı dövlət qeydiyyatına alınması məsələsi inzibati məhkəmədə mübahisələndirilir. İddiaçın qeydiyyata alınmasında qanun pozuntularına yol verilmişdir. Buna görə də, qeyd olunan məhkəmə araşdırması bitənədək hazırkı iş üzrə icraatın dayandırılmalı olmasını qeyd etmişdir. Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156 ünvanında yerləşən binaların zirzəmilərində ”Sahil-D Kompani” MMC tərəfindən sakinlər üçün yaranmış hər hansı maneələr mövcud deyil.

13. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X11 nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, təsmil etdiyi şəxslə Cavabdeh MMC arasında müqavilə mövcuddur. Bu müqavilə qüvvədə olduğu halda iddiaçı həmin sənədin saxta olduğunu iddia edə bilməz. İddia tələbinin subyektiv hüquqa məxsus olmayan şəxs tərəfindən verilməsinə baxmayaraq, icraata qəbul edilmişdir. Digər tərəfdən aidiyyət qaydaları pozularaq qanunsuz olaraq rayon məhkəməsinə iddia ərizəsi verilmişdir. Bu səbəbdən məhkəmədən qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında şahid qismində dindirilən X21 qeyd etmişdir ki, təqribən 2017-2019-cu il tarixindən Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində Cavabdeh MMC-də yaşayır. Artıq bir neçə aydır ki, texniki zirzəmidən istifadə etmir və bildirir ki, istifadə etdiyi dönəmlərdə polirovka, yağdəyişmə məntəqələri zirzəmidə fəaliyyət göstərmiş lakin, zirzəmidə avtoyuma məntəqəsi yoxdur. Bundan başqa əlavə etmişdir ki, lift zirzəmiyə düşmür.

15. Məhkəmə iclasında şahid qismində dindirilən X28 qeyd etmişdir ki, Cavabdeh MMC bugünədək idarəçilik səlahiyyətlərini "xxxx" MMMC-yə verməmişdir. O, 27 yanvar 2022-ci il tarixdə yaradılan adıçəkilən cəmiyyətin üzvüdür. 2016-cı il tarixdən o Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsindəki binada yaşayır və bu müddət ərzində daha dəqiq desək, 2020-ci ilin sonlarından polirovka məntəqəsi mövcud olmuş sonradan həmin yer avtoyuma məntəqəsi kimi fəaliyyətini davam etdirmişdir. Həmin ərazidə yerləşən 1-ci bina, 72-ci mənzilin sakinidir və tələb edir ki , Cavabdeh MMC bütün göstərilən yerləri "xxxx" MMMC-nin ixtiyarına verməlidir. “Carbeauty “ kimi tanınan məntəqə 3-cü binanın giriş hissəsində yerləşir.

16. Məhkəmə iclasında şahid qismində dindirilən X20 qeyd etmişdir ki, o da digər şahidlər kimi qeyd edilən ünvanda yaşayır. Əsas mübahisə zirzəmi ərazisi ilə bağlıdır. Belə ki, zirzəmidə yerləşən obyektlərə bina sakini olmayan müxtəlif şəxslər girib-çıxır. Binanın elektrik şitləri, 4 ədəd nasos və s. texniki avadanlığları da məhz zirzəmidə yerləşir. Lift zirzəmiyə düşmür. Bundan başqa bildirir ki, İddiaçı MMMC-nin bir müddət sədri vəzifəsində olmuş sonra bundan imtina etmişdir. Onun həmin zirzəmidə qaraj sahəsi olmamışdır.

17. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirmişdir ki, qeyd olunan ərazidə yerləşən 3-cü bina, 6- cı mərtəbənin mülkiyyətçisidir. Fitnes zalı ona maneçilik törədir. Bundan başqa zirzəmidə avtoyuma məntəqəsi, yağdəyişmə məntəqəsi və polirovka yeri var. Liftin zirzəmiyə düşməməsi əsas problemi təşkil edir. Ərazidə qarajı vardır və polirovka yerinin ona maneçiliyi yoxdur.

18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3040/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) İddiaçı MMMC-nin Cavabdeh-yə qarşı “mənzil mülkiyyətçilərin hüquqlarının tanınması və qeyri-yaşayış sahəsinin bağlanması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-ci maddəsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 152.5, 157.4, 157.8, 165.1 və 227.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 50, 51, 54, 77.1 və 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

20. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili X10 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2017-ci il tarixli 21 saylı və xx.xx.2013cü il tarixli 24 saylı müqavilələr sözügedən normanın tələblərinə riayət edilməyərək məhkəmənin baxış iclasında məhkəməyə təqdim edilmişdir. Normanın tələbindən də göründüyü kimi, üçüncü şəxslər tərəfindən həmin sübutların məhkəmə hazırlıq iclasında təqdim edilməmə səbəbləri əsaslandırılmamışdır. Məhkəmə qanunvericiliyi pozmaqla təqdim edilmiş sənədlərə hüquqi qiymət vermiş və yekunda səhv nəticəyə gəlmişdir. Məhkəmə Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156-cı məhəllədə yerləşən yaşayış binalarının texniki zirzəmisini sakinlərin mülkiyyəti kimi qəbul etsə də, xx.xx.2017ci il tarixli, 21 saylı müqavilə ilə həmin zirzəminin bir hissəsinin Cavabdeh MMC-nin direktoru Adilağa Hüseynov tərəfindən satılmasına heç bir hüquqi qiymət verməmişdir. Belə ki, Cavabdeh MMC-nindirektoru Adilağa Hüseynov, ona və direktoru olduğu hüquqi şəxsə məxsus olmayan daşınmaz əmlakı üçüncü şəxslərə sataraq cinayət əməli törətmişdir. Məhkəmənin bu fakta diqqət yetirməməsi və bununla bağlı xüsusi qərardad çıxarmaması Adilağa Hüseynovu gələcəkdə də belə əməllər törətməyə həvəsləndirəcək və cəzasızlıq mühitindən ən çox əziyyət çəkən Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156-cı məhəllədə yerləşən yaşayış binalarının 1500-dən artıq sakini olacaq. Xatırlatmaq yerinə düşər ki, bu əməl Adilağa Hüseynovun ilk belə əməli deyil və X18 ünvan 7 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 15-ci mərtəbəsində yerləşən 61 nömrəli mənzili iki nəfərə satdığı üçün Nərimanov rayon Məhkəməsininxx.xx.2020-ci il tarixli, 1(005)-24/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 308.1, 313-cü və digər maddələri ilə təqsirli bilinmiş və məhkum edilmişdir. Göründüyü kimi, işdə məhkəmə Adilağa Hüseynovun cinayət xarakterli əməllərini görmüş ancaq etinasız şahid kimi qalmışdır ki, bu da Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə ziddiyyət təşkil edir. Məhkəmənin yol veridiyi prosessual pozuntu işin obyektiv araşdırılmasına böyük zərbə vurmuş və yekunda səhv nəticəyə gəlməsinə səbəb olmuşdur. Məhkəmə gəldiyi nəticədə bütün faktiki hallarıaydınlaşdırmamışdır. Qətnamədə texniki zirzəmiyə Cavabdeh MMC tərəfindənhər hansı müdaxilə və maneə olmadığı qeyd edilsə də məhkəmə yerli baxışa getməmiş və sübutları yerində tədqiq etməmişdir. Sübutlar yerində tədqiq edilsə Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi1156 ünvanında yerləşən çoxmənzilli yaşayış binalarının 1500dən artıq sakinin həyat və sağlamlığına vurulan ziyan müəyyən edilərdi və daha əsaslı qətnamə qəbul edilmiş olardı. Bununla yanaşı, məhkəmə şahid ifadələrini də olduğu kimi, qətnamədə əks etdirməmişdir. Belə ki, şahidlər tamamilə fərqli izahatlar verdiyi halda məhkəmə qətnaməsində tamamilə fərqli izahatlarla rastlaşmışdılar. Şahidlər məhkəmədən avtoyuma məntəqəsinin, polirovka və texniki zirzəmidə yerləşən digər kommersiya obyektlərinin bağlanmasını məhkəmədən xahiş etsələrdə məhkəmə izahatları özünə sərf edən kimi dəyişdirmiş, qətnaməni əsaslandırmaq üçün fərqli izahatları qətnamədə qeyd edərək yalnışlığa yol vermişdir. Eyni zamanda, texniki zirzəmidə fəaliyyət göstərən kommersiya obyektləri gələcəkdə quraşdırılacaq liftin texniki zirzəmiyə düşməsinin qarşısını alacaq. Belə ki, avtoyuma məntəqəsi, polirovka və digər kommersiya obyektləri liftin texniki zirzəmiyə düşməsinə imkan vermir və məhkəmə də yerli baxış edərək bu faktlara münasibət bildirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

23. Məhkəmə kollegiyasının iştirak edən İddiaçı nümayəndəsi (qanuni təmsilçisi) X26 və iddiaçının vəkil və nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh ”Sahil-D Kompani” MMC məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X24, X25, X13, X32, X14 isə məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyden edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:

25. Maddə 35.1 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

26. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

27. Maddə 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

28. Maddə 157.8 mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

29. Maddə 152.5 mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 165.1 sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.

31. Maddə 227.1 yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3040/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır

44. Hazırkı iddia ərizəsi üzrə iddiaçı "xxxx" MMMC-nin tələbi 2 hissədən ibarətdir.  Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156 ünvanında yerləşən 4 ədəd 462 mənzilli 24 mərtəbəli 1-ci , 2-ci, 3-cü və 4-cü yaşayış binalarının (yeni Yeryomenko küçəsi bina 32, 34, 36 və 38-ci) texniki zirzəmisi ümumi paylı əmlak hesab edilməklə kollektiv mülkiyyətə məxsus olmaqla bina sakinlərinin hüquqlarının tanınması  2-ci və 3-cü binaların texniki zirzəmisində fəaliyyət göstərən “Carbeauty” polirovka və avtoyuma məntəqəsinin bağlanması

45. Məhkəmə kollegiyası qeyd edir ki, «texniki zirzəmisi ümumi paylı əmlak hesab edilməklə kollektiv mülkiyyətə məxsus olmaqla bina sakinlərinin hüquqlarının tanınması» barədə iddiaçıların tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-ci maddəsi təşkil edir.

46. Yuxarıda qeyd olunan normalarının məzumuna görə, “yaşayış binasının tərkib hissəsi mülkiyyətçiləri” deyildikdə yaşayış sahəsinin mülkiyyətçiləri nəzərdə tutulur. Mülki Məcəllənin 227.1-ci maddəsində istifadə olunan “yaşayış binası” və “mənzilə xidmət edən” kimi ifadələr onu təsdiq edir ki, bu qayda ilə binada yaşayan şəxslərin mənafeləri müdafiə olunur.

47. Göründüyü kimi Cavabdeh MMC-nin cavabdeh qismində göstərildiyi iddia üzrə Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156 ünvanında yerləşən 1-ci , 2-ci, 3-cü və 4-cü yaşayış binalarının qeyri-yaşayış sahələrinə sakinlərin hüquqlarının məhkəmə qətnaməsi əsasında tanınmasına zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-ci maddəsinin tələbi baxımından çoxmənzilli binanın ümumi əmlakı olan sahəyə, yəni zirzəmiyə bütün paylı mülkiyyətçilərin hüquqları mövcuddur, zirzəmi çoxmənzilli binanın ümumi əmlakı olan sahədir. İddiaçı bu hüquqa hər hansı müdaxilə olunmasını və ya Cavabdeh MMC tərəfindən hansı maneə yaradılmasını göstərməmiş, qanunda nəzərdə tutulmuş, mövcud olan hüququn məhkəmə qətnaməsi ilə tanınması tələbini irəli sürmüşdür. İddiaçının bu tələbi isə Cavabdeh MMCyə yönlənmişdir. Belə olan halda, mövcud olan hüququn məhkəmə qətnaməsi ilə tanınmasında iddiaçının hüquqi marağının nədən ibarət olması aydın deyil. Buna görə də, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə rədd olunmalıdır.

48. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur.

49. Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir.

50. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

51. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. . Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.

52. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156 ünvanında yerləşən 4 ədəd 462 mənzilli 24 mərtəbəli 1-ci , 2-ci, 3-cü və 4-cü yaşayış binalarının texniki zirzəmiləri çoxmənzilli binanın paylı mülkiyyətçilərinin ümumi əmlakı olduğundan, cavabdeh tərəfindən iddiaçının hər hansı hüququnun pozulması müəyyən edilmədiyindən, pozulmamış hüququn bərpası və onun məhkəmə müdafiəsi də mümkün deyildir.

53. Məhkəmə həmçinin «2-ci və 3-cü binaların texniki zirzəmisində fəaliyyət göstərən “Carbeauty” palirovka və avtoyuma məntəqəsinin bağlanması» hissəsində iddia tələbini əsassız hesab etməkdə də haqlı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, texniki zirzəmisində fəaliyyət göstərən “Carbeauty” palirovka və avtoyuma məntəqələrinin bağlanması tələbini irəli sürən iddiaçı həmin tələbini, iş üzrə 3-cü şəxslərə qarşı deyil, Cavabdeh MMC-yə qarşı yönəltmişdir. Halbuki həmin qeyriyaşayış sahələrinə dair Cavabdeh MMC ilə müvafiq müqavilələr bağlanmış, iş üzrə 3-cü şəxslər X24, X25 və digərləri MMC-yə pay haqqını ödəmişdir. Həmin müqavilələr mövcud olduğu halda, Carbeauty” palirovka və avtoyuma məntəqəsinin bağlanması barədə iddiaçının tələbi təmin oluna bilməz.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

56. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

57. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçın özünə aid edilməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3040/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçın özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar