Məhkəmə qərarları › İş №2(103)-11637/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11637/2021

21.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11637/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər X5 və Cavabdeh1 qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X15 Xidməti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X15 Xidmətinin 1 saylı Ərazi X15 İdarəsi, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 Bakı filialı və “Azəriqaz” İstehsalat Birliyinin Bakı X14 Departamenti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzildə olan otaqların yerinin layihəyə uyğun bərpa edilməsi, qanunsuz çəkilmiş qaz xəttlərinin və quraşdırılmış istilik sisteminin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-866/2021 saylı, 11 avqust 2021-cü il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5 və Cavabdeh1 qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X15 Xidməti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X15 Xidmətinin 1 saylı Ərazi X15 İdarəsi, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 Bakı filialı və “Azəriqaz” İstehsalat Birliyinin Bakı X14 Departamenti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzildə olan otaqların yerinin layihəyə uyğun bərpa edilməsi, qanunsuz çəkilmiş qaz xəttlərinin və quraşdırılmış istilik sisteminin ləğv edilməsi” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən binada baş verə biləcək yanğın və partlayış təhlükəsinin qarşısının alınması üçün həmin binada yerləşən 48 və 52 saylı mənzillərdə rəsmi icazə olmadan yeri özbaşına dəyişdirilmiş mətbəx və digər otağın, əlavə çəkilmiş daxili və xarici qaz xəttlərinin, qapalı məkanda qanunsuz olaraq quraşdırılmış kombilərin ləğv edilərək, sakinlərin öz vəsaiti hesabına layihədə nəzərdə tutulduğu kimi əvvəlki təhlükəsiz vəziyyətinin bərpa edilməsi barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-866/2021 saylı 11 avqust 2021-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X4 mülkiyyətində olan ünvan 1, 48 saylı mənzildə özbaşına (layihədən kənar və aidiyyəti səlahiyyətli qurumların icazəsi olmadan) çəkilmiş daxili və xarici qaz xəttlərinin ləğv edilməsi, həmin mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi vəzifəsinin cavabdeh X4 üzərinə qoyulması, Cavabdeh1 mülkiyyətində olan ünvan 1, 52 saylı mənzildə özbaşına (layihədən kənar və aidiyyəti səlahiyyətli qurumların icazəsi olmadan) çəkilmiş daxili və xarici qaz xəttləri ləğv edilsin. Həmin mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi vəzifəsi Cavabdeh1 üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər X2 və Cavabdeh1 tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia ərizəsində göstərilən xüsusatları tam və hərtərəfli araşdırmadan, işin həqiqi hallarına səthi yanaşaraq Qətnamə qəbul etmişdir. Belə ki, iddia ərizəsində qeyd olunmuşdur ki, mübahisəli mənzillərdə yataq otağı ilə mətbəxin yerləri dəyişdirilmişdir. Bunun nəticəsində mətbəxin və otağın yerləri dəyişdirilmişdir. Məhkəmə qətnaməsində qazın yerinin dəyişdirilməsinə qiymət verərək qazın layihəyə uyğun şəkildə bərpa edilməsi qeyd olunsa da, otaqların dəyişdirilməsi hissəsinə qiymət verilməmişdir. Bu da öz növbəsində Qətnamənin nəticə etibarı ilə qanunsuz və natamam olmasına dəlalət edir. Belə ki, 48 və 52- ci mənzillərdə mətbəxin yerini dəyişdirilməsi nəticəsində daima səs küy olur. Buda onlara təbii olaraq dincələrkən, istirahət edərkən narahatçılıq yaradır. Bundan başqa müraciəti əsasında FHN-nin X15 əməkdaşları tərəfindən həmin mənzillərdə 03.10.2019 və 10.10.2019 tarixlərdə yanğın texniki müayinə keçirilmiş və qeyd etdiyi faktlar öz təsdiqini tapmış və müvafiq tədbirlərin görülməsi üçün 18.11.2019 tarixli məktubla Azərbaycan Respublikası Energetika Nazirliyinə göndərilmişdir. Texniki baxış nəticəsində qeyd olunan faktlar əsasında Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 Bakı filialı tərəfindən 48 və 52 saylı mənzillərin sahibləri X7 və Cavabdeh1 barəsində İnzibati Xətalar Məcəlləsinin 282.2 maddəsinə əsasən müvafiq olaraq 24.01.20 tarixli inzibati xəta haqqında protokollar tərtib edilmiş və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər verilmişdir. Məhkəmə araşdırmamışdır ki, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 Bakı filialının ziddiyətli və şübhəli təqdimatları əsasında icrası məcburi olan göstərişlərin yerinə yetirilməməsi səbəbindən, sözü gedən 48 və 52-ci mənzilərə qazın verilməsi 3-cü dəfə daha sonra isə dayandırılmış, daha sonra qazın verilməsi bərpa olunmuşdur. Lakin hansı səbəbdən bərpa olunması məlum deyil. Bu halın iş üçün əhəmiyyətli olmasına baxmayaraq Məhkəmə bu hissəyə hüquqi qiymət verməmişdir. Bundan başqa məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi sözü gedən 48 və 52-ci saylı mənzillərdə faktiki olaraq qazdan istifadə sahəsində qanunvericilik tələblərinin pozulması halı (İnzibati Xətalar Məcəlləsinin 279.0.6-cı maddəsi -cərimə 400 manata qədər) aşkarlansa da Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 Bakı filialının rəhbərliyi nədənsə qazdan səmərəli (qənaətlə) istifadə halları üzrə (İnzibati Xətalar Məcəlləsinin 282.2-cərimə 30 manat) İnzibati Xəta protokolları tərtib etmişdir. Məhkəmə həmçinin, otaqların yerinin dəyişdirilməsi məsələsinə qiymət verməmişdir. Belə ki, 48 və 52-ci mənzillərdə mətbəxin yerinin dəyişdirilməsi nəticəsində daima səs küy olur. Bu da onların təbii olaraq, iddiaçıya dincələrkən və istirahət edərkən narahatçılıq yaradır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 1B saylı evin, 50 saylı mənzili İddiaçı, həmin binanın 48 saylı mənzili cavabdeh X5, 52 saylı mənzili isə Cavabdeh1 məxsusdur. İddiaçı cavabdehlər tərəfindən öz mənzillərində rəsmi icazə olmadan, dövlət və sahə standartlarının tələblərini kobud şəkildə pozaraq mənzildaxili və mənzilxarici qaz xətlərinin yerinin özbaşına dəyişdirilməsinə, mənzillərə layihədən kənar qaz xəttinin çəkilməsinə, səlahiyyətli qurumlarla razılaşdırmadan və bu qurumların icazəsi alınmadan qapalı məkanda qanunsuz olaraq istilik sisteminin quraşdırılmasına istinadən aidiyyəti dövlət qurumlarına, o cümlədən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinə şikayət ərizəsi ilə müraciət edərək, bu halların aradan qaldırılmasını xahiş etmişdir. Həmin müraciətlərə əsasən görülmüş tədbirlər çərçivəsində Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1, "Azəriqaz” İstehsalat Birliyinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aidiyyəti struktur qurumlarının əməkdaşları tərəfindən qeyd edilən mənzillərin qaz xəttlərinə və qaz qurğularına baxış keçirilmiş və bu zaman qeyd olunan mənzillərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”nın 2.1-ci bəndinin, 3.4.1 -ci və 3.2.12-ci yarımbəndlərinin tələblərinin pozulması halı aşkar edilmişdir. Bununla bağlı müvafiq aktlar tərtib edilmiş və 48 saylı mənzilin sahibi X9 və 52 saylı mənzilin sahibi Cavabdeh1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.2-ci maddəsinə (Təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulması) əsasən müvafiq olaraq 24.01.2020-ci il tarixli, MN ******* nömrəli və 24.01.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün 28.01.2020-ci il tarixli, 18/20Q-004 nömrəli və 28.01.2020-ci il tarixli, 18/20Q-005 nömrəli icrası məcburi olan göstərişlər verilmişdir. Bundan sonra həmin göstərişlərin icra olunması vəziyyətinin müəyyənləşdirilməsi üçün həmin ünvanlara yenidən baxış keçirilmiş və bu zaman 52 saylı mənzildə qaz xətti üzərində elektromaqnit bağlayıcı klapan və qaz sızmasını, dəm qazını müəyyən etmək üçün detektorun quraşdırıldığı, lakin kombi tipli su qızdırıcısında qazdan istifadə olunması üçün müvafiq qaydada sənədləşmənin aparılmadığı müəyyən edilmişdir (mənzil sahibi göstərişi həmin hissədə Koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər səbəbindən icra edə bilmədiyini və yaxın zamanlarda məsələ ilə bağlı müraciət edəcəyini bildirmişdir). Həmin göstərişin 48 saylı mənzil üzrə icrası vəziyyətini isə yoxlamaq mümkün olmamışdır (mənzilin qapısı açılmamışdır). İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə məhkəmənin müvafiq qərardadının icrası qaydasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02.06.2021-ci il tarixli, 10/892 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 1B saylı evin 52 saylı mənzilinin otaqları texniki pasporta (layihəyə) əsasən 3 saylı mətbəxlə 8 saylı yaşayış otağının yeri dəyişdirilərək otaqların təyinatı dəyişdirilmiş, pilləkən qəfəsi ilə texniki pasportda göstərilən 8 saylı yaşayış otağının hazırda mətbəx kimi istifadə olunan otağın qarşısında yerləşən balkonun daxilində kombi quraşdırılaraq istilik, qaz və otağın daxilində su xətləri çəkildiyi müəyyən olunmuşdur. Eyni zamanda, 52 saylı mənzilin mətbəx və eyvanın arasında olan pəncərə altı arakəsmə, qapı və pəncərələr sökülərək mətbəx və yaşayış otağının sahəsinə əlavə olunmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən 1B saylı evin, 48 saylı mənzilinin sakini mənzilə baxış keçirilməsi üçün buraxılmadığından həmin mənzil üzrə tədqiqat aparılmamışdır. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, R.Allahverdiyev tərəfindən qəbul olunmuş 13.04.2020-ci il tarixli qərara əsasən, ünvan 2 ünvanında yerləşən 47, 48, 49, 51 və 52 saylı mənzillərdə aparılmış təmir-tikinti işlərində cinayət hadisəsi olmadığı üçün cinayət təqibinin başlanması rədd edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən 1B saylı binanın dayanıqlığının və zəlzələyə davamlığının tam təmin olunması üçün 47, 48, 49, 51 və 52 saylı mənzillərdə lahiyə əsasında Tikinti Norma və Qaydalarına uyğun bərpa gücləndirmə işlərinin aparılması ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyətinə təqdimat göndərilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdehlər tərəfindən mətbəxin yerinin dəyişməsi ilə bağlı əsas problem, təhlükə və iddiaçının mənafeyini pozan hal məhz özbaşına qaz xəttinin çəkilməsidir. İstilik sistemi dedikdə isə yalnız kombi tipli avadanlığın özü başa düşülmür. Cavabdehlərin mənzillərində olan kombi tipli avadanlıqların da fəaliyyəti hazırda özbaşına çəkilmiş qaz xətti hesabına təmin edilir. Bununla belə, özbaşına çəkilmiş qaz xəttinin ləğv edilməsi kombi tipli avadanlığı istimarını da qeyri-mümkün edəcəkdir. Qaz xəttləri istisna olmaqla, kombi tipli avadanlığın olması, habelə mətbəxin yerinin dəyişməsi iddiaçını hər hansı qanunla qorunan hüququnu pozmur. Bu səbəbdən məhkəmə bu tələbləri əsasız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Layihəyə uyğun qaz xəttlərinin bərpa edilməsi isə kombi tipli avadanlığın fəaliyyətinin təmin edilməsi üçün layihəyə uyğun qaz xəttinin çəkilməsi zərurətini yaratmış olacaqdır ki, bu halda da cavabdehlər həmin kombi tipli avadanlıqların istismarı üçün nəzərdə tutulmuş qaydalara riayət etmək məcburiyyətində qalacaqlar. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumiprinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmin qərarda qeyd edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasinın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya (27.2.1); bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir (27.2.2). Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli fərmanının 1.4-cü bəndinə əsasən həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki iddia tələblərinin təmin edilməyən hissəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun subyektini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Bundan başqa kollegiya qeyd edir ki, cavabdehlərin mənzilində mətbəxin yerinin dəyişdirilməsinin iddiaçının hüquqlarının pozulması arasında səbəbli-əlaqə mövcud deyil. Belə ki, cavabdehlərin mənzilində mətbəxin yerinin dəyişdirilməsi nəticəsində iddiaçının hər-hansı hüququnun pozulması onun tərəfindən sübuta yetirlməmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbinin təmin edilməyən hissəsi ilə bağlı mübahisə predmetinə dair hər-hansı hüququ və həmin hüquqlarının pozulması müəyyən edilmədiyindən, onun qeyd olunan tələblə məhz cavabdehlərə qarşı məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüququ, olmamışdır. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-866/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar